“Vətənə
və bayrağa and olsun”
Döyüşçü
xatirələri
Dəstəyi
qaldıran anası oldu. Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Xətai rayon İdarəsindən idi.
-
Xahiş edirik Xələfov Həmid Ramiz oğlu sabah saat
09:00-da Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti
Xətai rayon İdarəsinin Səfərbərlik şöbəsinə
gəlsin.
Həmin
gün sevincindən sabaha qədər yata bilməmişdi Həmid...
Çünki, sabahdan o, Vətəni qorumaq,
torpaqlarımızı düşmən tapdağından xilas
etmək, özündən sonra gələcək nəsilə
bütöv bir Vətən miras qıymaq kimi şərəfli
bir iş üçün yola çıxacaqdı.
Görünür bu sevgini onda parçalanmış Vətənimiz,
işğal altında olan torpaqlarımız, Xocalı fəryadımız,
adını kitablarda oxuduğu Qarabağımız bir də
milli-mənəvi dəyərlərimiz
aşılamışdı...
Xələfov
Həmid Ramiz oğlu 1995-ci il yanvarın 3-də Bakı şəhərində
anadan olub. Milli Aviasiya Akademiyasını bitirib və həmin
il hərbi xidmətə çağırılıb. 2018-ci
ildə hərbi xidmətini başa vurduqdan sonra "Azərbaycan
Hava Yolları" Şirkətinin Təhlükəsizlik Xidmətində
çalışıb.
Xələfov
Həmidin dediklərindən:
"Sentyabrın
21-də məni və onlarla başqa
çağırışçını Quru
Qoşunları tərkibində Bakıda “N” saylı hərbi
hissədə təlimə çağırdılar. Ayın
26-da isə bizi Füzuli rayonu yaxınlığındakı
təmas xəttinə gətirdilər. Artıq komandanlıq
bizi ermənilərin təmas xəttində atəşkəsi
tez-tez pozmaları barədə məlumatlandırmışdı
və hər an müharibəyə hazır
olmağımızı bildirmişdi.
Biz
sabaha qədər səngərdə mövqelərimizi
möhkəmləndirdik. Səhər açılana yaxın
ermənilər iriçaplı plemyotlarla və ağır
texnikalarla bizim mövqelərimizi atəşə tutdular.
Komandir bizə hücum əmri verən kimi özümlə
apardığım bayrağı qoruyucu jiletin altından
çıxarıb öpdüm və yenidən ürəyimin
üstünə qoydum, “Vətənə və Bayrağa and
olsun!” – deyib, silaha sarıldım.
Döyüş
dostlarımla birlikdə düşmənin atəş nöqtələrini
susdurmağa çalışırdıq. Avtomat, plemyot səsləri,
mərmi partlayışları adi hal almışdı.
Artıq Vətən müharibəsində tarix
yazmağın zamanı çatmışdı. Bu şərəfli
yolda bir məqsəd var idi – düşmənə
sarsıdıcı zərbələr endirmək, 30 ilə
yaxın işğal altında olan torpaqlarımızı azad
etmək, gələcək nəsillərə bütöv bir
Vətən miras qoymaq. Bu yolda hamımız canımızdan,
qanımızdan keçməyə hazır idik...
Elə
ilk gündən döyüş dostlarımla birlikdə mənfur
düşmənə sarsıdıcı zərbələr
endirdik. Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd
Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl
rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini
işğaldan azad etdik. Hamımızda döyüş əhval-ruhiyyəsi
yüksək idi.
Yuxarı
Əbdürrəhmanlı kəndi uğrunda gedən
ağır döyüşlərdə yaralandım. Yaram
yüngül olduğu üçün onu özüm
sarıyıb yenidən döyüşə qatıldım.
Elə bu vaxt dəhşətli bir partlayış səsi
eşidildi. Düşmən tərəfindən atılan top
mərmisi yaxınlıqda olan tankımızın üzərinə
düşmüşdü..."
Həmid
yaşarmış gözlərini ovcunun arxası ilə silib
nəzərlərini bir nöqtəyə zillədi. Onun
baxışlarında müharibənin dəhşətlərini,
ağrı-acısını, bir də bu
ağrı-acının içərisindən boylanan sevinci –
torpaq sevgisini, Vətən sevgisini görmək mümkün
idi.
Tankın
yandığını görən Həmid bir an belə
fikirləşmədən səngərdən
çıxıb özünü güllə
yağışı altında tanka çatdırır.
İki nəfər yaralını alovun içərisindən
çıxarıb sürünə-sürünə təhlükəsiz
yerə gətirir. Yaralı əsgər çətinliklə
də olsa Həmidə deyir: “Bilirdim ki, gələcəksən!”
Yaralıları hospitala göndərdikdən sonra Həmid
yenidən silaha sarılır, ağr döyüşlərdə
dostlarına dayaq olur, sipər olur.
Cəbrayıl
uğrunda gedən qanlı döyüşlərin birində
Həmid ayağından ağır yaralanır. Huşsuz vəziyyətdə
olan Həmidi bu dəfə dostları güllə
yağışı altından çıxarıb hospitala
göndərirlər. Ağcabədi hospitalında gözlərini
açan Həmid aldığı qəlpə yarasına
baxmayaraq təkidlə geri dönməsini, dostlarının
yanında olmasını tələb edir. Ancaq həkimlər
bunun mümkünsüz olduğunu deyirlər.
Ayağının birini itirmək təhlükəsi
olduğunu görən həkimlər onu təcili Bakıya -
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərirlər...
Artıq
Həmid dörd dəfə əməliyyat olunub. Həkimlər
növbəti əməliyyatda ayağının tam bərpa
olunacağını söyləyiblər.
İndi
Şuşanın, ata-baba ocağı olan Ağdamın və
digər rayonların işğaldan azad olunmasında
iştirak edə bilmədiyindən təəssüflənən
Həmid, yeganə təsəllini Cəbrayıl uğrunda gedən
ağır döyüşlərdə yoldaşlarına dayaq
olmasında və iki döyüşçü dostunun həyatını
xilas etməsində, iki ananın sevincinə səbəb
olmasında görür.
Həmid
hələ uşaq yaşlarında atasını itirib. Evin tək
oğlu olmasına baxmayaraq Vətən sevgisi, Torpaq sevgisi,
Bayraq sevgisi onu düşmənlə ölüm-dirim
savaşına gətirib. Bu savaşdan qalib çıxmaq
üçün minlərlə döyüşçü
kimi o da Vətən və Bayraq andı içib.
Tez
sağal Həmid, sənin başladığın
döyüşü Azərbaycanın Müzəffər
Ordusu, igid əsgərləri canı, qanı bahasına
başa çatdırdı. Əsirlikdə olan
Şuşamızı, Xarı bülbülümüzü, sənət
beşiyimizi – Qarabağımızı işğaldan azad
etdi. Bu azadlıqda sənin və minlərlə sənin kimi qəhrəman
qazilərimizin də öz payı var. Bu gün sizin kimi qəhrəmanlar
Ermənistana və bütün dünyaya sübut etdi ki,
“Qarabağ Azərbaycandır!”
Rasim Mədəd
Üç nöqtə.-
2021.- 3 dekabr. S. 10.