Hər
şey Vətən üçündür, təki Vətən
sağ olsun!
Bu vətən,
İrəli
atılıb sellərcəsinə,
köksündən
vurulub tam ərcəsinə.
Bir
gül bağçasına girərcəsinə,
bu
qara torpağa girənlərindir.
“Mən
dayanmayacağam, axıradək gedəcəyəm, şəhid
qardaşlarımın qisasını alacağam. Arxada qala bilmərəm
və yalnız irəli getməliyəm. Dözməlisiniz,
dözümlü olun. Ya general kimi, ya da şəhid kimi
qayıdacağam. Hər ikisinə hazır olun!”.
Bu
sözləri Fariz Rəhimov atası Zahir Rəhimovla
danışarkən deyib. Zahir Rəhimovun sözlərinə
görə, oğlu fiziki cəhətdən sağlam idi, hərbi
xidmətdə kəşfiyyatçılar üçün nəzərdə
tutulan kursu bitirmişdi.
“Vətən
müharibəsində də kəşfiyyatçı kimi həmişə
öndə oldu, düşmən qüvvələri barədə
dəqiq məlumatlar əldə etdi. Bəzən olub ki,
kiçik qruplarla düşmən arxasına keçib,
onlarla qarşılaşıblar, çevikliyi, cəsarətləri
nəticəsində düşmənləri məhv ediblər.
Topladıqları kəşfiyyat məlumatları bir sıra
uğurlu əməliyyatların keçirilməsində
mühüm rol oynayıb. Bəli, mənim oğlum Fariz cəsarətli
idi, mərd, qorxmaz xarakterinə görə hörmət
qazanmışdı, intiqam alacağına əmin
etmişdi”,- Zahir Rəhimov deyir.
“Fariz
anadan qəhrəman doğulmuşdu”
Fariz
Zahir oğlu Rəhimov 20 sentyabr 2001-ci ildə Qəbələ
rayonunun Əmirvan kəndində anadan olub. Əmirvan kənd
orta məktəbində 9-cu sinfə qədər təhsil
alıb. Sonra sənədlərini 12 saylı Bakı Peşə
Liseyinə verib və bu liseyə qəbul olunub. 2017-ci ildə
həmin təhsil müəssisəsindən Geniş Profilli Dəzgahçı
dərəcəsi ilə məzun olub.
2019-cu
ildə həqiqi hərbi xidmətə
çağırılan Fariz Rəhimov Qusarda N saylı hərbi
hissədə xidmət edib. Xidmət müddətində hərbi
hissənin kəşfiyyat qrupuna qoşulub. Bunun
üçün xüsusi hazırlıq keçib. Bu zaman kəşfiyyatçılara
zəruri olan maskalanma, müxtəlif silahlardan istifadə, əlbəyaxa
döyüş, kəşfiyyat
tapşırıqlarını yerinə yetirmə
üsullarını, mina sahələrinin aşkar olunması
və keçidin açılması, minaaxtaranın işə
salınması və istifadə qaydalarını öyrənib.
Vətən
müharibəsinin ilk günündən Füzuli istiqamətində
ən ağır döyüşlərdə iştirak edib.
Döyüşlərdə
kəşfiyyatçı kimi fərqlənib və komandirin
verdiyi tapşırıqlarını həmişə
uğurla yerinə yetirib. Düşmən barədə məlumat
toplamaq məqsədilə kəşfiyyata çıxıb,
lazım olan məlumatlarla qayıdıb. Bu məlumatlar
düşmənə qarşı uğurlu əməliyyatların
həyata keçirilməsinə imkan verib.
Qələbə
inamı ilə döyüşə atılan əsgərlərimiz
bir-birinin ardınca yüksəklikləri, kəndləri
düşməndən azad ediblər. Saatlarla davam edən
döyüşlərdə onlarla düşmən əsgəri
məhv edilib. Bu döyüşlərdə Farizin
döyüş dostları arasında yaralanan, şəhid
olanlar olub. Dəfələrlə həyatını təhlükəyə
ataraq, döyüşçü yoldaşlarını atəş
xəttindən çıxarıb. İlkin yardım göstərərək,
hospitala göndərib.
Füzuli
istiqamətində düşmən postlarını alarkən
dəfələrlə sağ qalan erməni əsgərlərinin
mövqelərini tərk edib qaçdığının
şahidi olub.
Bu
barədə atası Zahir Rəhimov danışır:
“Mən
Birinci Qarabağ müharibəsinin
iştirakçısıyam. Odun-alovun içindən
çıxmışam. Hər bir çətinliyi
görmüşəm. Qəhrəmanları da
görmüşəm, qorxaqları da, vətənpərvərləri
də, satqınları da. Fariz anadan qəhrəman
doğulmuşdu, bu onun canında vardı. Hər dəfə
döyüşə gedəndə elə bil ki toya gedirdi.
Bir dəfə
telefonda danışarkən soruşdum:
–
Qorxmursan?
Dedi:
-
Yox, nədən qorxacağam.
O
insanda qorxu deyilən şey yox idi.
-
İtin nəyindən qorxmalıyam”, - deyirdi. İt deyirdi, -
erməni demirdi”.
Ölüm
qaşla-göz arasında olub, qalib isə Fariz idi
Fariz
Rəhimov Füzuli və Cəbrayılda bir çox kəndin
azad edilməsində iştirak etdi. Bu döyüşlərdən
biri çox ağır keçdi. Farizin də olduğu dəstə
strateji cəhətdən əhəmiyyətli olan erməni
postunu düşməndən azad etməli və orada möhkəmlənməli
idi. Gecə hücum əməliyyatı həyata keçirilsə
də posta yaxınlaşmaq mümkün olmur, çünki
düşmən tərəfi gecə kamerasının köməyi
ilə MAXE-lərimizi əvvəlcədən aşkar edib
müxtəlif çaplı silahlardan atəşə tuturlar.
Nəinki əsgərlərimizin irəliləməsinə, hətta
başlarını qaldırmağa imkan vermirlər. Dəstənin
komandiri iki əsgəri çağırıb
tapşırıq verir:
– Dəstədən
aralanın, cinahdan posta yaxınlaşın, biz burada
onların diqqətini yayındıracağıq.
Komandir
əsgərlərinə geri çəkilmə
görüntüsü yaratmağı tapşırır və
tapşırıq uğurla yerinə yetirilir.
Tapşırıq alan iki əsgərimiz isə çox diqqətlə
ətrafı nəzərdən keçirərək, ehtiyatla
irəliləyir və hərbiçilərimizin
hücuma keçməsinə imkan verməyən düşmənin
atəş nöqtəsinə yaxınlaşırlar. Postdakı
erməni əsgərləri cinahdan hücuma məruz
qalırlar. Səngərdə çaxnaşma
düşür, bundan istifadə edən digər dəstə
hücuma keçib postu ermənilərdən təmizləyir.
Bu döyüşdə Fariz Rəhimov öndə olub, səngərdə
gözlənilmədən düşmənlə
qarşılaşıb və ondan tez tərpənərək,
atəş açıb. Ölüm qaşla-göz
arasında olub, qalib isə Fariz idi.
Əsgərlərimiz
kömək gələnədək posta möhkəmlənirlər
ki, düşmənin əks-hücumunun
qarşısını alsınlar. Az sonra əks-hücum
başlayıb, ona minaatanlardan dəstək verilib, lakin istəklərinə
nail ola bilməyiblər. Mövqelərimizin intensiv atəşə
tutulması nəticəsində yaralananlar, şəhid olanlar
olub. Fariz Rəhimov bu döyüşdə ən yaxın
dostlarını itirib, onların intiqamını
alacağına bir daha əmin edib.
Atası
Zahir Rəhimovla danışanda sevinclə deyib:
–
İtlər böyük itkilərlə geri çəkilirlər.
Qələbə yaxındadır.
–
Ehtiyatlı ol! Açıqlığa çıxma,
özünü qoru, - atası deyib.
– Ata
döyüşdə əsgərin yadına ölümmü
düşür?.. Bizim vəzifəmiz
tapşırığı uğurla və vaxtında yerinə
yetirməkdir.
“Vətənə məhz Fariz kimi, igid,
qorxmaz və sadiq oğullar lazımdır”
Fariz
Füzuli-Cəbrayıl istiqamətində, daha sonra Zəngilan
və Qubadlının kəndlərinin azad olunmasında
iştirak etdi. Ən ağır döyüşlər Hadrut
istiqamətində baş verdi. Düşmən tərəfi
bu istiqamətdə böyük qüvvə
toplamışdı və Hadrutu Qarabağın qapısı,
açarı adlandırırdı. Möhkəmləndirilmiş
müdafiə istehkamları, çoxsaylı hərbi texnika və
canlı qüvvə - onlarda özlərinə inam
yaratmışdı, amma sonrakı döyüşlər
göstərdi ki, Azərbaycan ordusu qarşıya qoyduğu məqsədə
çatmaq üçün hər cür maneəni dəf etmək
gücündədir, Döyüşlərdən əvvəl
Farizin də iştirakı ilə güclü kəşfiyyat
əməliyyatları həyata keçirildi. Düşmənin
mövqeləri, hərbi texnika və canlı qüvvələri
və onların yerləşdiyi ərazilər barəsində
dəqiq məlumatlar əldə edildi və bu məlumatlar əsasında
ordumuzun bölmələri düşmənə atəş zərbələri
endirərək onun hərəkət fəaliyyətini tam məhdudlaşdırdı
və aktivliyinin qarşısını qətiyyətlə
aldı. Görülən tədbirlər nəticəsində
düşmən qoşunları arasında idarəetmə və
qarşılıqlı əlaqə itdi, bölmələri
arasında nizamsızlıq yarandı, şəxsi heyətinin
intizamı pozuldu. Hadrut ətrafında bütün əhəmiyyətli
yüksəklikləri azad edildi. Döyüş mövqelərinin
tərk edilməsi kütləvi hal aldı. Bu
döyüşlərdə Farız Rəhimovun cəsarəti
komandiri tərəfindən yüksək qiymətləndirildi.
Döyüşdən
sonra komandiri bölüyün zabitlərinə deyib:
-
Yaşının az olmasına baxmayaraq Fariz böyük
şücaət göstərdi. Onun kimi igid əsgərə
hələ çox ehtiyacımız var. Vətənə məhz
Fariz kimi, igid, qorxmaz və sadiq oğullar lazımdır.
Döyüşçülərimizin
qəhrəmanlıqları, vətən sevgi ilə azad etdikləri
Hadrut isə erməni tərəfi üçün
böyük mənəvi zərbə oldu. Azərbaycan ordusu
onu nəzarətə götürməklə Füzuli və
Cəbrayıl rayonlarını müdafiə edən erməni
qüvvələrini mühasirəyə düşmək və
mövqelərini itirmək riski ilə üzbəüz qoydu.
Eyni zamanda Ordumuz üçün Dağlıq Qarabağın
mərkəzinə –Şuşa və Xankəndi şəhərlərinə
yol açıldı.
Hadrut
döyüşlərindən sonra atası Zahir Rəhimovla
danışanda hər şeyin yaxşı olduğunu bildirib:
- Mən
yaxşıyam, siz necəsiniz? Dözümlü olun. Ya general
kimi, ya da şəhid kimi qayıdacağam. Hər ikisinə
hazır olun. Düşmən arxasına baxmadan
qaçır, tezliklə Şuşadayıq. Hər şey Vətən
üçündür, təki Vətən sağ olsun!
“Kişi itdən qorxmaz, möhkəm
olun!”
Fariz
Rəhimov MAXE və zabitlərdən ibarət bölükdə
xidmət edən yeganə əsgər olub. Zabit və MAXE-lərlə
sonrakı döyüşlərdə iştirak edib və ən
öndə vuruşanlardan olub. Əməliyyatlara başlamadan
əvvəl döyüş yoldaşlarına deyərmiş:
“Kişi itdən qorxmaz, möhkəm olun!”.
Qorxmazlığına
və mərd hərəkətlərinə görə
bölükdə bütün zabit və MAXE yoldaşları
onu hörmətlə "Ləzgi Əmi"- deyə
çağırıblar. Bunu qüruru ilə, cəsarəti
ilə qazanmışdı.
Şuşa
uğrunda döyüşlərdə bir daha Vətənə
sadiq, torpağına bağlı əsgər olduğunu
göstərdi. Günlərlə çiynində yük,
silahla gizli yollarla Şuşa şəhərinə doğru
döyüş yoldaşları ilə irəlilədi, ac
qaldı, susuz qaldı, lakin ruhdan düşmədi.
Şuşa ətrafında döyüşlərdə
iştirak etdi, düşmənə Ermənistandan hərbi dəstəyin
qarşısını almaq üçün Laçın dəhlizində
vuruşdu.
Laçın
dəhlizi nəzarət altına alındıqdan,
işğalçıların silah və lojistik dəstək
yolları kəslidiktən sonra erməni hərbi hissələrinin
Şuşada uzun müddət müqavimət göstərməsi
qeyri-mümkün idi. Bir sözlə, dəhlizin nəzarətə
götürülməsi Şuşa azad edilməsində
önəmli rol oynadı. Fariz Rəhimov və
döyüş dostları digər hərbi dəstələrlə
birlikdə qarşıya qoyulan tapşırığı
uğurla həyata keçirdilər. Yolun hər iki tərəfində
onlarla, yüzlərlə düşmən cəsədlərinin
videoları da bunu deməyə əsas verir. Fariz Rəhimov bu
döşlərin birində az qala həlak olacaqdı.
Düşmən tərəfinin minaatanları dəfələrlə
onların olduğu ərazini atəş altında
saxlamağa çalışdı. Hətta mərmilərdən
biri Farizin yaxınlığına düşdü.
Vaxtında qayanın arxasına uzanması onun həyatını
xilas etdi. Döyüş dostları bu hadisədən sonra
zarafatla – “sənə ölüm yoxdur!” demişdilər.
O,
Şuşanın düşməndən azad edilməsi
uğrunda döyüşlərdə iştirak etdi,
bölüyü ilə birlikdə erməniləri pusquya
saldı, onlarla düşmən cəsədi döyüş
meydanında qaldı.
Fariz
Rəhimovun son döyüşü 2020-ci ilin 7 noyabr tarixində
Şuşa uğrunda gedən döyüşlərdə oldu
və həmin döyüşdə qəhrəmancasına
şəhid oldu.
Azərbaycan
Prezidenti İlham Əliyev, Ermənistan Respublikası Baş
naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti
Vladimir Putin tərəfindən imzalanmış üçtərəfli
atəşkəs bəyanatının imzalanmasına cəmi
3 gün qalmışdı. Cəmi 3 gün!
“Xatirələrin sevinci də, kədəri
də acı olur”
Olur da düşərsəm hilal
uğruna,
Bağrına daş bas da
ağlama
Şəhidlik
əsdadlarımdan yadigar mənə,
Ağıtlar yakma anam, ağlama
anam.
Mənim
üçün ağlama.
Mən bu Vətənin şəhidiyəm.
Fariz
Rəhimovun 19 yaşı vardı, iki bacının bir
qardaşı idi. 19 ilə bir ömür
sığdırmışdı. 19 ildə millətinə, Vətəninə
sadiq övlad kimi yetişdi, cəsarəti ilə, mərdliyi
ilə seçildi. Bu günkü qələbədə onun
da payı var. Ondan isə ailəsinə, qohumlarına,
dost-tanışlarına xatirələr qaldı. Bu xatirələrin
sevinci də, kədəri də acı olur.
Nəzrin
Zəkərlinin onunla bağlı xatirələri də
bununla bağlıdır:
“Bir
zamanlar bizim məhəlləmiz kəndin ən çox
uşaqlı, xoşbəxt məhəlləsi idi. Biz
yağış yağanda addım atmaq mümkün olmayan,
dizə qədər palçıqlı məhəlləyə
səninlə nə oyunlar, xatirələr
sığdırmışıq. Kartof qızartmasından
tutmuş, sup bişirməyə qədər, gec saatlarınadək
gizlən-qaç oynayıb, bir-birimizin paltarlarını
geyinib gizlənməyə qədər. Hasarda oturub Bəhram əmigilin
balaca televizorunda “Klon”a maraqla baxdığımızı
heç unutmaqmı olar. Novruz bayramında kəndin ən
hündür tonqalı bizim məhəllədə olsun deyə,
səninlə birlikdə oğlanlar meşədən əziyyətlə
odun toplayıb gətirər, biz qızlar da Araz müəllimin
çəpərini dağıdıb - məktəbdə
danlanacağımıza baxmayaraq - bura bizim məhəlləmizdir,
heç kim bura ayaq basa bilməz deyib, odundan qılınclar
düzəldib digər məhəllənin uşaqları ilə
dalaşmağa qədər səninlə bir uşaqlıq
dövrü yaşadıq.
İndi
məhəlləmiz nə palçıqlıdır, nə də
ki, böyüklərimiz səsimizdən şikayət edəcək
qədər səs-küylü. Çünki o təbəssümlü
uşaqlar böyüyüb artıq. Kaş ki, yenə o
vaxtlardakı kimi dalaşıb barışaydıq, kaş ki
yenə təzə bir oyun kəşf edəndə həftələrlə
onu oynayırdıq, kaş ki yenə ayaqlarımız
palçıq içində olardı, kaş yenə
Qızılgül nənə çox səs-küy
salırıq deyə bizi qovaydı, oradan gələrdik bizim
evin qarşısına. Mənim baba-nənəm qovardı
bizi, sonra axırda gedərdik sevimli Ofelya bibimizin
qapısına. Kaş Saday baba yenə bizə nar verəydi.
Amma indi biz sənin 40 günlüyünün şahidi oluruq.
Axı adamın dili gəlmir bunu deməyə. Deyəsən
xatirələrin sevinci də, kədəri də acı olur.
Sən bunu bizə öyrətdin, Fariz!. Sən həmişə
qəlbimizdəsən, üzündəki, gözlərindəki
təbəssümlə, oynadığimiz o oyunlarda qalacaqsan qəlbimizdə,
körpə şəhid!”.
Pünhan Əfəndiyev
Üç nöqtə.-2020.-24
dekabr. S.8-9.