“Çox şanslı bir xanımam”
Xuraman
Şuşalı: “Bugünkü gündə həm xına
aparıcılığı, həm müğənnilik edən,
həm də sırf özünün dekor şirkəti olan
müğənni mənəm”
30 ilə yaxın müddətdir ki, professional səhnədədir. Kiçik
yaşlarında “Bənövşə” uşaq xorunun solisti
olub. Deyir ki, əsas istəyi “Əməkdar
artist” fəxri adını almaqdır. Həm toylara, həm
də xına mərasimlərinə gedir: “Təkəbbürlülük
kimi olmasın, amma xına mərasimlərini aparmaqda
özümə rəqib görmürəm. Bugünkü
gündə həm xına aparıcılığı, həm
müğənnilik edən, həm də sırf
özünün dekor şirkəti olan müğənni mənəm.
Həm də mən digərlərindən fərqli
olaraq məclisləri əvvəldən ta axıra kimi
aparıram. Həmçinin dekor şirkətinə
böyük miqdarda yatırım etmişəm. Mənim şirkətimdə olan çiçəklər,
dekorlar heç bir müğənnidə yoxdur. Çünki digər müğənnilər
bütün bu ləvazimatları kirayə götürürlər.
Məndə isə özümündür.
Allah hamının ruzisini versin”.
Bu
sözləri bizimlə söhbətində “Üç nöqtə”
qəzetinin qonağı xına mərasimlərinin
aparıcısı, müğənni Xuraman Şuşalı
dedi.
- Söhbətə elə indiki fəaliyyətinizdən
başlayaq. İşləriniz necə gedir?
- Şükür Allaha, işlərim öz axarı,
yolu ilə gedir. Hər şey qaydasındadır. İşləyirik, fəaliyyətimizi davam etdiririk.
- 30 ilə yaxındır ki,
professional səhnədəsiniz. Bu illər ərzində
Xuraman Şuşalı istədiyi mərhələyə
çata bilibmi? Yəni, istədiyi
şeyləri əldə edə bilibmi?
- Əslində uşaq yaşlarımdan “Bənövşə”
uşaq xorunun solisti olmuşam. 1999-cu ilə qədər
Azərbaycan Televiziya və Radiosunun solisti olmağıma
baxmayaraq, bu gün heç bir televiziyada
çalışmıram. “Əməkdar
artist” fəxri adını almağı çox istərdim.
Bu mənim üçün böyük bir
şərəf olardı. Əslində bəzi
kanallar hicabda olduğuma görə verilişlərə belə
dəvət etmirlər. Hələ ki, istədiyim
bir çox yerlərə çata bilməmişəm. Xeyirlisi olsun. Allah canımıza,
ailəmizə, sevdiklərimizə dəyməsin. Şükür Allaha gözəl ailəm,
övladlarım var. Sevilən xanımam, sevilən anayam, sevilən
həyat yoldaşıyam.
- Xına mərasimlərini
aparmağı ilk dəfə siz dəb halına salsanız
da, bu gün artıq xeyli sayda bu işlə məşğul
olanlar var. Necə düşünürsünüz, sizə
çata bilirlərmi?
- Xına
mərasimlərini aparmağa 2013-cü ildən sonra, yəni
hicaba keçdikdən sonra başladım. Və
bugünkü gündə həm xına aparıcılığı,
həm müğənnilik edən, həm də sırf
özünün dekor şirkəti olan müğənni mənəm.
Həm də mən digərlərindən fərqli
olaraq məclisləri əvvəldən ta axıra kimi
aparıram.
- Belə çıxır ki,
başladığınız bu işdə özünüzə
rəqib görmürsünüz?
- Təkəbbürlülük
kimi olmasın, amma xına mərasimlərini aparmaqda
özümə rəqib görmürəm. Çünki bu
dekor şirkətinə böyük miqdarda yatırım
etmişəm. Mənim şirkətimdə olan
çiçəklər, dekorlar heç bir müğənnidə
yoxdur. Çünki digər müğənnilər
bütün bu ləvazimatları kirayə götürürlər,
məndə isə öz şirkətimindir. Allah təki hamının ruzisini versin.
- Xınayaxdı biznesində sizə
dəstək olən biriləri varmı, yoxsa
özünüz təksiniz?
- Bu
işdə mənə dəstək olan şəxs
bacımdır. O, mənim dizaynerimdir. Biz bərabər
şəkildə dizaynlar düşünürük. Çox gözəl bir işçi kollektivim var, əl
qabiliyyətləri çox gözəldir. Sırf peşəkar komandam var.
Düşünürəm ki, işimizin, əziyyətimizin
qarşılığında yaxşı qonararlar ödənilsə
lap gözəl işlər ərsəyə gətirə bilərəm.
Lakin bəzi restoranlar var ki, buna imkan vermirlər
və bir çox şirkətlər də var ki, adamın
yolunu bağlayırlar.
- Bəs xına məclislərindən
əlavə məşğul olduğunuz iş varmı?
- Bəli,
həmçinin toylara gedirəm. Həm
kişilərdən, həm də qadınlardan ibarət
ansamblım var. Seçimi isə müştərinin istəyinə
buraxıram. Çünki müştərilərin
istəyi, seçimi fərqli olur. Elə
müştərilərimiz olur ki, yalnız xanımlardan ibarət
ansambl istəyir. Ansamblda olan musiqiçilərin
hamısı öz işinin peşəkarıdır, yüksək
səviyyədə işlər nümayiş etdirirlər.
Şükürlər olsun, komandamız o qədər
böyükdür ki, şirkətimizdə hətta ofisiant
xanımlarımız da var.
- Həm yaradıcılıqla məşğul
olur, həm efirlərə çıxır, həm məclislərə
gedir, həm də 4 uşağa baxırsınız. Bu qədər işə necə yetişirsiniz?
- Əslində bu qədər işə çətinliklə,
canımı fəda etməklə yetişirəm. Gücü
verən Allahdır. Hər zaman Allahdan
güc istəyirəm. Hər işi
çatdırmağa çalışıram. Əgər bu yükü boynuma
götürmüşəmsə, sona kimi
çatdırmalıyam. Kənardan bəzi
insanlara asan görünsə də, əslində çox
çətin bir yükdür. Əgər
bir yükün altına girirsə, kənardan heç kimdən
kömək gözləməyəcəksən. Əgər bir işi öhdənə
götürdünsə, güclü olmalı və bunu təkbaşına
yerinə yetirməyə çalışmalısan. Əgər kimdənsə kömək gözləyəcəksənsə
o zaman zəif olacaqsan. Mən də
zamanında bütün yaxınlarımdan kömək
gözləmişəm. Və artıq elə
bir gün gəldi ki, heç kimdən kömək gözləməyəcəyimi
anladım. Belə olanda adam həqiqətən
çox güclü olur.
- Ev işlərinizdə, yaxud uşaqlara
baxmağınızda kömək edən biri varmı?
- Həyat
yoldaşım sağ olsun, mənə çox dəstək
olur. Qarşılıqlı bir-birimizi
anlayırıq və yardım edirik. Mən
evdə olmayanda, yaxud əlimdə başqa işim olanda
uşaqların yeməyini verir. Şükürlər
olsun, bir-birimizə çox dəstəyik. Ev işlərini
çatdıra bilməyəndə yardıma adam
gəlir. Həmçinin bacım da,
qardaşım da, gəlinimiz də mənə dəstək
olur. Amma bütün bunlara baxmayaraq,
düşünürəm ki, işləri insanın
özü çatdırmalıdır.
- Həyat yoldaşınız da mədəniyyət
sahəsinin adamıdır. Bu cəhətdən də
anlaşmağınız asan olar yəqin ki...
- Bəli,
həyat yoldaşım da Mədəniyyət və İncəsənət
Universitetinin rejissorluq fakültəsini bitiribdir. Yoldaşım tələbə olarkən televiziyada
çalışıb. Çox gözək
anlaşırıq. Bəzən olur ki,
oturub hansısa filmi, kinonu analiz edirik. Bir-birimizlə
çox gözəl həmsöhbətik. Hər ikimiz də nəsə işimiz olanda
bir-birimizi başa düşürük. Toya,
yaxud xınaya gedəndə elə olur ki, gec gəlirəm.
Həyat yoldaşım bunu problem etmir, məni
anlayır. Həmçinin eyni
anlayışı da ona qarşı mən göstərirəm.
Şükür Allaha çox imanlı bir həyat
yoldaşım var. Bütün xanımlara arzu edərəm
ki, qarşılarına həyat yoldaşım kimi
düzgün, dürüst, imanlı, zəhmətkeş,
halal bir insan çıxsın. Yəqin
ki, bu sarıdan çox şanslı bir xanımam.
- Bəs həyat
yoldaşınızla tanışlığınız necə
olub?
- Həyat
yoldaşım keçmiş “ANS” telekanalında
çalışırdı. Mənim
haqqımda film çəkilişində olub, bir-birimizi orda
tanımışıq. O da mənim ailəmi həmin
çəkiliş ərəfəsində tanıyıb.
Bundan iki il sonra, 2010-cu ildə biz ailə həyatı
qurmuşuq. Bir-birimizin qisməti idik.
- Əvvəlki illərdən
fərqli olaraq müasir dövrdə 4 uşaqlı ailələrə
nadir hallarda rast gəlinir. Deyəsən,
uşaqları çox sevirsiniz...
- Bəli,
uşaqları hədsiz dərəcədə çox sevirəm.
Düzdür, məndə hamiləlik prosesi
çox çətin olur. Amma
düşünürəm ki, Allah bunu mənə bəxş
edibsə, dünyaya gətirmək lazımdır. Çünki içimdə Allah qorxusu var. Əgər
bu payı rəbbim bizə nəsib edibsə, deməli belə
olmalı imiş. Ona görə də
xanımlarımıza məsləhət görərdim ki,
övladlarını tələf etməsinlər, onlara həyat
versinlər.
- Övladlarınızın tərbiyəsinə
yetərincə vaxt ayıra bilirsinizmi? Onlara
lazım olan ana qayğısını göstərməyə
vaxtınız olurmu?
- Mən
də, yoldaşım da övladımıza lazımi
qayğını, sevgini göstərmək üçün
çalışırıq. Amma bu aralar fikrimdə
var ki, özümdən əlavə uşaqlar
üçün bir müəllimə ayırım. Həmin
müəllimə sırf uşaqların davranışı, tərbiyəsi
və s. ilə məşğul olsun. Çünki
uşaqların həddindən çox sualları olur. Ona görə istəyirəm ki, müəllimə
savadlı olsun ki, uşaqların inkişafına müsbət
təsir göstərsin. Planımda bu var.
Çünki uşağı zamanında düzgün yönəltmək
lazımdır.
- Xuraman Şuşalını
xoşbəxt edən şeylər nələrdir?
- Əgər övladlarım sağlamdırsa, bu məni
xoşbəxt edir. Əslində insan çox unutqandır.
Hər anımıza şükür edərək
xoşbəxt olmalıyıq. Hər bir
halımızda xoşbəxtliyi axtarıb tapmalıyıq.
Həyat yoldaşımın sevgisi,
qayğısı, diqqəti və övladlarım məni
xoşbəxt edir. Nə qədər
çox şükür edəriksə, o qədər
çox xoşbəxt olarıq.
- Sizcə bu gün Azərbaycan səhnəsində
hansı janrda ifaçı az yetişir?
-
Düşünürəm ki, əsl estrada,
caz ifaçılarımız azlıq təşkil edir. Ümumiyyətlə, müğənni hər janrda
oxumağı bacarmalıdır. Mənim
repertuarımda demək olar ki, bütün janrlarda mahnılar
mövcuddur.
- Mütaliə ilə aranız necədir?
-
Mütaliə etməyi çox sevirəm. İşlərimdən
imkan tapdıqca kitablar oxuyuram.
- Bəs uşaqlarınız necə?
-
Uşaqlarıma da mütaliə etməyi məsləhət
görürəm. Uşaqlarım çox
istedadlıdır. Özləri
üçün “youtube” səhifəsi açmaq istəyirlər.
Bu işdə anaları olaraq təbii ki, onlara dəstək
olacam. Səhifələrində əyləncəli
və professional videoroliklər olacaq. Uşaqlarım
balaca olsalar da indidən məqsədləri
böyükdür. Dünyada tanınmaq
istəyirlər. Buna görə də
xarici dil öyrənirlər. Rus dilini demək
olar ki, tam şəkildə bilirlər. İngilis
və ərəb dillərini isə öyrənəcəklər.
Düşünürəm ki, valideynlər daima
övladlarına dəstək olmalı, onların məqsəd
və istəklərinin həyata keçməsi
üçün əlindən gələni əsirgəməməlidir.
- Qarşıda nə kimi yenilikləriniz
var?
- Qarşıda bir çox işlərim var. Yeni mahnılarım və həmçinin yaz aylarında yeni klipim olacaq. Demək olar ki, dayanmırıq, daima iş başındayıq.
Könül Oruc
Üç nöqtə.- 2020.- 1
fevral.- S.12.