“Qəlbim uşaqlıqdan aktrisa
olmaqla döyünürdü”
Lətifə Əliyeva:
“Qardaşım rəhmətə gedəndə hörüklərimi
qardaşım oturan skamyaya bağlamışdım ki...”
Nə atası,
nə də anası aktrisa olmasını istəməyib. Atası deyib
ki, mənim qızım ya müəllimə olacaq, ya da tibb
bacısı. Elə buna
görə də sənədlərini atası
ilə birlikdə aparıb APİ-yə (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) veriblər.
Lakin atası qayıdandan sonra müsahibimiz sənədlərini götürüb
Teatr İnstitutuna verib və ora
daxil olub. Həmsöhbətim instituta daxil
olmasını möcüzə
adlandırır. Deyir ki,
kənddə yaşayan
bir qızın gəlib instituta daxil olması çətin məsələ
idi. Uşaq yaşlarından aktrisalığa marağı
olub. Nadinc olduğu üçün
Züleyxa adlı müəlliməsi tez-tez
deyirmiş ki, ay qız artistlik etmə. Müəlliminin bu sözü
müsahibimizin beyninə
həkk olub, düşünüb ki, yəqin ki artistlik
elə onun canında var. Ömrünün
53 ilini teatra, sənətinə həsr
edib.
“Üç nöqtə”
qəzetinin qonağı
xalq artisti, Gənc Tamaşaçılar
Teatrının aktrisası
Lətifə Əliyevadır. Lətifə xanımla keçmiş illərdən söhbət
açdıq.
“Qəlbim uşaqlıqdan aktrisa olmaqla döyünürdü”
Müsahibim Lətifə Cahandar qızı Əliyeva
1944-cü ilin iyul ayının 1-də Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. Deyir ki, uşaqlıq illəri səkkizinci sinfə qədər kənddə keçib: “Ailədə məndən
dörd yaş böyük bir qardaşım var idi, evin böyük
qızı isə mən idim. Səkkiz illik məktəbi oxumuşam, qəlbim uşaqlıdan artist olmaqla
döyünürdü. Biz məktəbdə oxuyan vaxtı kəndimizə kino, teatrlar gəlirdi. “Ögey ana”, “Uzaq sahillərdə” və s. filmlər, müxtəlif əsərlərdən
səhnələr oynayırdılar.
O vaxtı bütün
rayonlara, kəndlərə
gedirdilər. Musiqili Komediya
teatrından Nəsibə
Zeynalova, Lütfəli
Abdullayev və digər aktyorlar bizim kəndə gəliblər. Elə o vaxtdan
məndə teatra, kinoya çox böyük maraq yaranmışdı. Çox nadinc
qız olmuşam, Züleyxa adlı müəlliməm həmişə
deyirdi ki, ay qız artistlik etmə. Bu sözü
demək olar ki, mənə tez-tez deyirdi. Həmin vaxtı üçüncü-dördüncü
sinifdə oxuyurdum.
Müəlliməmin bu sözü
sanki beynimə daxil olmuşdu. Düşünürdüm ki, yəqin
ki, artistlik elə canımda, qanımda var. Beləcə
artistliyə köklənə-köklənə
gəlib səkkizinci sinfə qədər çıxdım”.
“Dedim yox, nə ərə
getmək, mən o məktəbə getmək
istəyirəm”
Müsahibimizin atası yazıçı
imiş, altı kitabı çapdan çıxıb və bir neçə əl yazması indinin özündə də qalır. Bundan əlavə sandıq ədəbiyyatı, hekayələri
var. Deyir ki, atasının bəzi əsərləri çap
olundu, bəziləri isə atası rəhmətə getdiyi üçün yarımçıq
qaldı: “Buna görə
də atam tez-tez Bakıya gəlirdi. O vaxtı atamın partiya məktəbindən Sofiya
İsakovna Yakubova adında bir tanışı vardı,
bir yerdə oxuyublar, işləyiblər.
Həmin
qadın Montin qəsəbəsində “uçiliş”in
(indiki peşə məktəbi) direktoru idi. Atam kitabının çapı
ilə bağlı Bakıya gələndə,
Sofiya İsakova atama deyib ki,
Cahandar müəllim,
sizin kənddə səkkizinci sinfi bitirən oğlan, qız uşaqları varsa, gəlib bizim sənət məktəbində oxusunlar,
yemək də, paltar da veririk.
Bu hadisədən sonra atam kitabla
bağlı işlərini
bitirib evə qayıtmışdı. Rəhmətlik anam (Allah bütün ölənlərə rəhmət
eləsin) samovar çayı
qoymuşdu, qəşəng
də süfrə açmışdı. Hamımız ailəlikcə samovarın
başına yığışmışdıq.
Atam gəldi, samovarın ətrafında çay içə-içə bu
hadisəni anama danışanda eşitdim.
Bu hadisələr avqust ayının əvvəlində olmuşdu.
Həmin
vaxtı səkkizinci sinfi bitirmişdim. Atamın anama dediklərini eşitdim, Bakıya gəlib peşə məktəbində oxumaq istədim. Anamdan xahiş etdim
ki, məni həmin sənət məktəbinə göndərsinlər.
Anam razı olmadı, dedi ki, sənin valideynlərin, ailən var, kimsəsiz deyilsən, böyük qızsan, ərə getmək vaxtındır. Dedim yox, nə
ərə getmək, mən o məktəbə
getmək istəyirəm.
“Valideynlərim axırda razılıq verdilər”
Müsahibimizin atası qızının
Bakıda peşə məktəbində oxumaq istəməsini eşidəndə
təbii ki razılıq verməyib. Deyib ki, mənim qızım uzaq başı onuncu sinfə qədər orta məktəbi oxuyacaq, buranı bitirib ya tibb
bacısı olacaq, ya da APİ-də (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) müəllim olacaq, bu barədə başqa söhbət ola bilməz:
“Amma mən Bakıya gəlmək istəyirdim, valideynlərimi
o qədər dəng
etdim ki, axırda razılıq verdilər. Onların razılıq verməsində
qardaşımın da
rolu az
olmadı. Belə ki, həmin
vaxtı qardaşım
Xarici Dillər Universitetinin rus dili fakültəsinə daxil olmuşdu. Anam atama dedi
ki, onsuz qardaşı da Bakıda olacaq, ona həyan olar. Alınarsa qalıb oxuyar,
alınmaz da geri qayıdar. Atamla Bakıya yola düşdük, gəlib
peşə məktəbinə
gəldik. Vəziyyət elə gətirdi ki, qalmalı oldum. Qardaşım dedi ki, qoy
qalsın, gözüm
üstündə olacaq.
Mətbəələrdə operator (mətn yazan)
olacaq. Atam da böyük
qardaşımın xətrini
çox istəyirdi, razılaşdı”.
“Qardaşım rəhmətə gedəndə
hörüklərimi qardaşım
oturan skamyaya bağlamışdım ki...”
Aktrisa peşə
məktəbini bitirdikdən
sonra atası ilə birlikdə sənədlərini aparıb
APİ-yə veriblər. Lakin atası gedəndən sonra sənədlərini götürüb Teatr İnstitutunda dram-kino aktyorluğu şöbəsinə
verib və ora daxil olub:
“Bir kənd qızının bura daxil olması sadəcə bir möcüzə idi. Müəllimlərim, böyük aktyorlar
Müxlis Cənizadə,
Rza Təhmasib idi. İşləyənlərin hamısı axşam
şöbəsinə daxil
olurdu, mən də onlardan biri idim. İşləməyə məcbur idim,
qardaşım da oxuyurdu, mən də, vəziyyət maddi çəhətdən
çətin idi.
Bir az
keçəndən sonra
qardaşım qəflətən
rəhmətə getdi,
çox gənc idi, cəmi 23 yaşı vardı. Bundan çox böyük stress keçirdim.
Uzun saçlarım, hörüklərim
var idi. Qardaşım rəhmətə gedəndə hörüklərimi
qardaşım oturan skamyaya bağlamışdım
ki, məni ondan ayırmasınlar.
Polislər məni ordan
güclə çıxardılar,
həmin vaxtı çox böyük travma keçirdim, beynim pozulmuşdu. Bir neçə ay yatdım, sanki heçə nə anlamırdım”.
“Ömrümün
52 ilini bu teatra həsr etmişəm”
Müəyyən dövrdən sonra teatr sahəsində işləməli olduğunu bildirən L.Əliyeva deyir ki, işdən çıxıb Gənc Tamaşaçılar Teatrına gəlib: “Ömrümün 52 ilini bu teatra həsr etmişəm. Cürbəcür rollar oynamışam, kinolarda çəkilmişəm, televiziya həyatım oldu. Televiziyada ilk dəfə 1966-cı ildə Alberto Moravianın “Tufan” dramatik əsərində çıxış etdim. Respublikanın əməkdar artisti Vidadi Əliyev də mənim sevgilimi oynayırdı. Həmin tamaşa çox gözəl alındı. Beləliklə, taleyimi teatra bağladım. Bəzi aktyorlar olur ki, nazlanırlar. Amma məndə elə şey yoxdur. Bir neçə gün əvvəl möhtərəm prezidentimiz tərəfindən mənə xalq artisti fəxri adı verildi. Prezidentimizə, teatrımızın müdiriyyətinə, Mədəniyyət Nazirliyinə və uca Rəbbimə minnətdaram. Birinci xanımımız hamımızın mənəvi anasıdır, hər birimizin qayğısını çəkir. Mənə bu fəxri adı verdikləri üçün öz təşəkkürümü bildirirəm”.
“Onlar
mənim hər şeyimdir”
Xalq artisti 1963-cü ildə ailə həyatı qurub və iki oğul övladı dünyaya gəlib: “Hazırda yoldaşım dünyasını dəyişib, Allah rəhmət eləsin. Oğlumun biri hüquq-mühafizə orqanında işləyir, o biri isə müharibə veteranıdır, Qarabağ uğrunda gedən döyüşlərdə ayağından yüngül xəsarət alıb. Həmin hadisənin həyəcanı və qorxusu məndə psixoloji travmalar yaratmışdı. 5-6 nəvələrim var, onlar mənim hər şeyimdir”.
Könül
Üç nöqtə.-2020.- 6
fevral.- S.12.