“İncəsənətdə baş verən
hadisələr gizlin qalmır”
Zülfiyyə
Qurbanova: “Yoluma daş hörənlər
çox olub”
“Yoluma daş hörənlər çox olub. Təzə vaxtlarımda düşünürdüm ki, axı mən heç kimə heç nə etməmişəm, bəs mənə qarşı niyə belə edirlər ? O vaxtlar çox tez kövrəlirdim, amma indi belə halları normal qəbul edirəm və artıq bərkimişəm”. “Üç nöqtə” qəzetinin qonağı gənc və istedadlı aktrisa Zülfiyyə Qurbanovadır.
-İlk sualı belə başlayım. Səhnə və çəkiliş meydançası elə bir yerdir ki...
-Elə bir yerdir ki, orada aktyor və
aktrisanın bütün istedadı üzə
çıxır. İstər səhnədə, istərsə
də çəkiliş meydançasında sənin ortaya
qoyduğun bacarıq bütün incəliyi ilə əks
olunur. Yəni burada söz yox, fakt danışır.
-Çəkiliş
meydançasında olanda nə hisslər keçirirsiniz?
-Səmimi etiraf edəcəm, təzə-təzə
çəkiləndə qəribə bir həyəcan
vardı. Düzdür, indi də həyəcan olur, amma əvvəlki
illərimlə müqayisədə azdır. Həyəcan
daha çox teatr səhnəsində olur.
-Ünvansız qatarın sərnişini olmusunuz?
-Olmuşam. Belə qatarı ya yolun yarısında saxladıb düşmüşəm, ya da istəmədiyim dayanacaqda enmişəm. Demirəm ki, ünvansız qatarın sərnişini çox olmuşam, amma bu yaşıma qədər belə qatarda da yola çıxmışam. Təəssüf edirəm, bu qatarı niyə tərk etdiyimi söyləyə bilməyəcəm. Bir onu deyirəm ki, iş həyatımda da, şəxsi həyatımda da bu qatarda olmuşam.
-Həyatınız iki hissədən ibarətdir, aktrisalıq və şəxsi həyat. Hansı sizdə üstünlük təşkil edir?
-Etiraf edirəm ki, aktrisalıq şəxsi həyatımdan
daha üstündür. Şəxsi həyat deyəndə
dostlarla, tanışlarla olan münasibəti nəzərdə
tutmuram. Mənim bir zəngə yanımda olacaq, eynilə mənim
də yanlarında olacağım dostlarım var. Şəxsi
həyat dedikdə mən qadın kimi xoşbəxtliyi nəzərdə
tuturam ki, hazırda aktrisalıq şəxsi həyatı geridə
qoyub.
-Rolları
mükəmməl oynayırsınız, bəs həyatda necə?
-Yaxın ətrafım bilir ki, mən düz
danışan insanam, yalan demirəm. İndiyə kimi bir dəfə
də olsun, həyatda kiməsə qarşı və ya nə
üçünsə oynamamışam. Bəlkə də,
oynasaydım, daha tez tanınardım, daha çox uğurlar əldə
edərdim. Kaş ki oynamaq xarakterimdə olardı. Normal həyatda
bir də görürsən, sıradan biri elə oynayır
ki, heç aktyor, aktirsa onun kimi bacarmaz (gülür).
-Bəs o
rol oynayan insanların içini görə bilirsiniz?
-Rolunu
aşırı dərəcədə oynayanda bəli. Amma bəziləri də var ki, elə oynayırlar,
heç hiss edə bilmirəm. Ta ki, o insan mənə
qarşı pislik edənə qədər. Elə
ki, maskasını çıxardır, onda oynadığını
bilirəm.
-Tənhalığı
sevirsiniz?
-Qətiyyən
sevmirəm. Düzdür, tək qalıram bəzən.
İnsanlardan və ya həyatdan yüklənib
otağıma çəkildiyim anlar olur, amma ümumilikdə
tənhalığı sevmirəm. Mən
insan nəfəsi sevən adamam. Həmişə istəmişəm,
evdə çoxlu qonaqlar olsun, ev
qaynasın, ətrafım geniş olsun.
-Qırmızı
işıqla çox üz-üzə qalmısınız?
-Olub. Sənətdə yolumu kəsənlərlə də
rastlaşmışam. Hansısa bir proyekt
olub, bilmişəm ki, mənim adımı istəyiblər,
lakin kimlərsə deyib, Zülfiyyə gəlməsin. İncəsənət elə bir sahədir ki, orada
baş verən hadisələr heç vaxt gizlin qalmır.
Yoluma daş hörənlər çox olub.
Təzə vaxtlarımda düşünürdüm ki,
axı mən heç kimə heç nə etməmişəm,
bəs mənə qarşı niyə belə edirlər
? O vaxtlar çox tez kövrəlirdim, amma indi belə
halları normal qəbul edirəm və artıq bərkimişəm.
Özümə qarşı haqsızlıqla
rastlaşanda adi qəbul edirəm. Mən bir də bu
cümləyə inanıram: “Allah hər kəsin ürəyinə
görə verir”. Kim pislik edirsə, inanın, nə
vaxtsa o pisliklə üz-üzə qalacaq.
-Sizin
üçün nə labüddür?
-Labüdlük
məkana və yerə görə dəyişir. Ancaq suala cavab olaraq deyirəm ki, Allah heç bir
zaman ağlımı əlimdən almasın, incəsənəti
özümün düzgün bildiyi kimi davam etdirim. Aldığım təhsili işimə layiqli şəkildə
tətbiq edim. Mən işimdən
heç vaxt sui-istifadə etməmişəm, istifadə edən
insan olmamışam. Elementar bir nümunə
deyim, mən heç bir zaman seriala gəlir mənbəyi kimi
baxmamışam. Teatrda olduğu kimi seriala
da ciddi yanaşmışam. Şəxsi həyatımla
bağlı da mənim üçün düzgünlük
labüddür. Həyatımı
düzgün səmtə yönəldim, hər kəsin
yanında alnıaçıq olum.
-Səhnə
mənim doğmamdır, kino isə...
-Elə o
da mənim doğmamdır. Son illərdə
film, serial sektoru o qədər inkişaf edib ki,
özümü onlardan ayrı təsəvvür edə bilmirəm.
Teatr elədir ki, orada mən
tamaşaçı ilə canlı ünsiyyətdə oluram
və hansısa bir səhvi düzəltmək imkanım
yoxdur. Səhv etdiyim təqdirdə isə
vəziyyətdən çıxa bilmək imkanım var. Amma
bu çəkiliş meydançasında belə deyil, orada dəfələrlə
nəyisə çəkmək olur. Suala
belə cavab verim, hər ikisi mənim həyat tərzimdir, ona
görə də hər ikisi də mənim doğmamdır.
-İnsanın vicdanı susanda ətrafımızda nə
baş verir?
-Hamı
kor olur, kar olur. Heç kim heç nəyi
görmür, heç nəyi eşitmir. Başımıza
o qədər belə hadisələr gəlib. Sənə qarşı haqsızlıq ediblər,
hamı özünü karlığa, korluğa və
lallığa qoyub. Bu vicdanın
susmasıdır. Ona görə də həyatda
kimdənsə nəsə gözləmirəm. Müəyyən yaşa gələndən sonra
insan anlayır ki, artıq tək mübarizə
aparmalıdır və heç kimdən heç nə
gözləməməlidir. Belə bir cümlə var:
“Sənin xoşbəxtliyini özümünkündən
çox istəyirəm”. Bu cümlənin səmimiyyətinə
heç bir zaman inanmamışam. İnsanın
uğurunu özündən daha çox istəyən valideynləri
ola bilər. O da, gərək, doğru
valideynlər olsun. Hər valideyndən getmir
söhbət. Bu cümlə mənə
söyləniləndə demirəm ki, yalan deyirlər, sadəcə
fikirləşirəm ki, özündən sonra mənim
xoşbəxtliyimi də istəyir.
-Hansı
hissiniz var ki, onu ifadə etmək üçün söz
qıtlığı yaşayarsınız?
-Çox
hisslərim var. Bu sualı da vicdanla bağlayım. Mənə
qarşı kimsə vicdansızlıq edəndə söz
tapa bilmirəm ki, deyim, insan necə vicdansız ola bilər axı ?! Mənim söz
ehtiyacım genişdir, daima mütaliə edirəm, amma yenə
də buna baxmayaraq mən bu kimi hallarda söz tapıb söyləyə
bilmirəm.
-Səhnədə
yüz xarakterləri yaradan bir insan həyatda bir xarekterdə
yaşayır. Çətin deyil?
-Xeyr. Həyatda mənim əhvalım dəyişə bilər,
amma xarakterim əsla. Mən elə həmin
Zülfiyyə Qurbanovayam. İnsanın
xarakteri formalaşır, amma tam şəkildə dəyişmir.
Müxtəlif xarakterləri
canlandırmağımın xarakterimə təsiri olur, desəm,
yanlış olar.
-Zülfiyyə Qurbanova nəyi ilə örnək
olmağa çalışır?
-Heç
nə ilə. Özüm kimi oluram, bu mənə
bəs edir. Ümumiyyətlə, insan
özünü bu həyatda doğru, dürüst
formalaşdırsa, bu hər şeyə dəyər. Mən nəyimləsə örnək olmağı
qarşıma məqsəd qoymamışam və ya kiməsə
deyə bilmərəm ki, mənim bu davranışımdan
özünə örnək götür. Bu
fikrimi örnək kimi qəbul etməsinlər, mənim istəyim
kimi qəbul etsinlər, istəyərəm, bütün
qızlar təhsil alsın. Fərqi yoxdur,
hansı sahədə olursa, olsun, amma yetər ki, təhsil
alsınlar. Təhsil almasalar belə,
çörək qazana bilmək üçün bir peşəni
öyrənsinlər. Qadın heç kimə
möhtac olmasın, istəyirəm.
-İncəsənətdə sizə düşmən
olan hansısa bir şəxs var?
-İncəsənətdə mənim düşmənim
yoxdur. O ki,
kimsə deyir, filankəs mənim düşmənimdir,
söyləyirəm ki, o sənin düşmənin deyil, sadəcə
keçici olaraq münasibətlər tutmur. İnsanın
dil ilə həll edə bilməyəcəyi bir şey yoxdur.
Pis münasibətdə olan iki insan süfrə arxasında
otursun, onlara bir saat heç kim dəyməsin, görün
onlar necə yumşalırlar ?!
-Hansı
ifadəni heç bəyənmirsiniz və nəyə görə?
-Bir az öncə bir cümlə işlətdim: “Sənin
xoşbəxtliyini öz xoşbətliyimdən çox istəyirəm”.
Bu cümlə qulağıma süni gələn
cümlədir. Səbəblərini izah
etdim və o səbəblərə görə də bu ifadəni
sevmirəm. Kimsə kiminsə xoşbəxtliyini
özü ilə bərabər istəyər, amma
özündən çox mənə bir az
qəribə gəlir. Yaşadığım həyat
mənə göstərib ki, heç bir halda kimsə kimisə
özündən çox istəmir.
-Bəs
yaşadığınız həyat sizə ən
böyük hansı dərsi verib?
-Hər kəsə
inan, lakin yoxla. Bu dərsi verib. Bacım bir cümlə demişdi, bu cümləni
çox bəyənmişdim, insan heç vaxt təcrübələrdən
nəticə çıxarmır. Əgər
insan nəticə çıxarsaydı, eyni səhvləri etməzdi.
Çox az adam nəticə
çıxarır. Amma istisnalar da var, onlar isə
qaydanı pozmur.
-Əziyyətlə, yoxsa bir səylə əldə
olunan uğur?
-Mən həmişə
əziyyətlə uğurlara nail olmuşam. Sanki,
mənim qismətimə yazılıb ki, sən hər bir
şeyi əziyyətlə əldə edəcəksən.
Başqasının bir göz qırpımına nail
olduğuna mən elə çətinliklərlə nail
olmuşam ki. Kaş ki bir səylə əldə
edərdim, lakin bu mümkün olmadığı
üçün əziyyəti seçirəm.
-Müsahibəmizə
burada üç nöqtə qoyub sizinlə
sağollaşıram. Üç nöqtəni
ona görə qoyuram ki, gələn dəfə yenə də
qonağımız olasınız. Elə
bax bu məkanda-“Azərkitab” Kitab Mərkəzində. Dəvətimizi qəbul etdiyiniz üçün təşəkkür
edirəm.
-Siz sağolun.
Rövşən
Tahir
Üç nöqtə.- 2020.- 11
fevral.- S.12.