“Aktyorsan da, kimsən ki?”

 

Ramin Hacıyev: “Özümü ulduz kimi hiss etməmişəm”

 

“Allahın nəzarətində hamımız bərabərik. Namaz qılanda fərqi yoxdur kim olursan, ol, hamı Allahın qarşısında əyilir və eyni olur. Demirəm, həmişə amma bəzi hallarda həyatımda nələrisə tarazlaşdırıram”. “Üç nöqtə” qəzetinin qonağı “Əməkdar mədəniyyət işçisi”, rejissor Ramin Hacıyevdir.

 

-Çox mülayim insana oxşayırsınız. Bu mülayimlik sizə mane olmur ki, insanlarla ünsiyyətdə?

-Xeyr. Bu mənə verilən tərbiyənin nəticəsidir ki, ondan irəli gəlir. Valideynlərim həmişə deyib ki, böyüklə, kiçiklə mülayim davran. Troleybusda (Ona görə troleybus deyirəm ki, o vaxtlar bu nəqliyyat vasitəsi vardı) həmişə yer vermişəm, ayaq üstə durmuşam. Anam həmişə deyirdi ki, başqa böyüklərə hörmət etməyən heç vaxt öz valideyninə də hörmət edə bilməz.

 

-Bu mülayimlinizdən sui-istifadə edənlər olurmu?

-Bilmirəm. Mənə elə gəlir ki, hər bir insana qarşı münasibət o insanın özündən asılı olur. Əgər sui-istifadə halı varsa, bu mülayimlik edən insanın nöqsanıdır ki, həmin şəxsi yanına, ətrafına buraxıb. Ya da bu mülayimlik edən insanın müsbət cəhətidir ki, hər kəsə qarşı səmimidir.

 

-İnsanın ən böyük müdrikliyi...

-Fikrimcə, müdriklik yaş dolduqca gəlir. Cavan bir insan deyə bilməz ki, mən müdrikəm və yaxud da müdrik olacam. Tam xatırlamıram, belə bir deyim var, həyatı boyu ağlı olan insan yaşlaşanda müdrik olur. Amma ağlı ilə hərəkət etməyib düzgün həyat sürməyən insanın yaşlaşanda hansı müdrikliyindən danışmaq olar axı?

 

-Uşaqlıq arzunuzla hazırkı sənətiniz arasında bir bağlılıq var?

-Var. Uşaqlıq deməzdim, gənclik arzuları adlandırardım bunları. Uşaqlıqda insanın onlarla arzusu olur. Uşaq gah həkim olmaq istəyir, gah pilot, gah da hüquqşünas. İnsan özü qavrayanda artıq bilir ki, nə olmaq istəyir. Valideynlərim özümü dərk edəndən mənə deyiblər ki, qarşına bir məqsəd qoy və o məqsədlə irəlilə. Onlar mənə günümün belə məqsədlə idarə olunmasını öyrədiblər. Ona görə də nəyəsə başlamazdan öncə qarşıma məqsəd qoyuram.

 

-Bu günə kimi nəyi etmədiyinizə görə peşmansınız?

-Hələ ki, elə bir şey yoxdur. Mənə həmişə deyirlər ki, niyə film çəkmirsən? Amma heç buna görə də peşman deyiləm. Bu günə kimi Azərbaycanda baxılan 10 serialın rejissoru, bunlardan isə 5-6-sının müəllifi olmuşam. Film çəkməməyimin səbəbi odur ki, mən istədiyim filmə tamaşaçı baxmayacaq. İstəyərəm, komediya janrında film çəkim. Amma bayağı olmasın. Demirəm, indiki komedik filmlərin hamısı bayağıdır, lakin əksəriyyəti bayağıdır.

 

-Hazırda sizin severək izlədiyiniz bir serial var?

-Hazırda yoxdur. Düzdür, bütün seriallara baxıram və bunu özümə borc bilirəm ki, görüm, nə baş verir, necə olacaq? Mənim sevərək baxdığım serial “Muhteşem Yüzyıl” olub. Bu serial Azərbaycan incəsənətində serial sektoru üçün dərs vəsaitidir. Tam məsuliyyəti ilə deyirəm, operator üçün, rejissor üçün, qrimyor üçün və digərləri üçün dərs vəsaitidir.

 

-“Oskar” almaq üçün çox işləmək lazımdır?

-Bu sualı Rüstəm müəllimdən soruşsanız, daha yaxşı olardı. Mən “Oskar”a namizəd olan rejissorlardan deyiləm. Bu sualı İlqar Nəcəfə ünvanlasanız, daha doğru olar. Çünki onun filmləri dəfələrlə festivallarda yer tutub. Mən “Oskar” üçün işləmirəm, mən televiziya tamaşaçısı üçün işləyirəm.

 

-Hansı zəifliyinizi özünüzə bağışlamırsınız?

-Düzünü deyəcəm, həmişə istəmişəm, rəhbər xarakterinə dair bəzi məqamlar məndə də olsun, amma bacarmıram. Mən serialda komandanın rəhbəriyəm. Bəzi anlar olur ki, aktyorlardan hansısa biri gəlir ki, olar bu gün bir az tez gedim? “Xeyr” deyə bilmirəm və bunlar mənim işimə təsir edir. Nəticədə isə yenə də mən ürəyiyumşaqlığımın əziyyətini çəkirəm.

 

-İnsanları bəzən məsafədə saxlamaq çox gözəldir. Nə həddini aşan olur, nə də səni sıxan. Məsafədə saxladığınız insanlar çoxdur?

-Mən insanları heç vaxt məsafədə saxlamıram. Niyə saxlayım axı? Göydən düşmüşəm məgər mən? Yadıma gəlmir ki, kimdənsə uzaqlaşım, kiminləsə məsafə saxlayım. Özümü heç vaxt ulduz kimi hiss etməmişəm, etmərəm də. Belə şeyləri sevmirəm. Bəzi incəsənət nümayəndələri efirə çıxıb özlərini ulduz sayırlar. Başlayırlar ki, mən metroya minmirəm. Soruşan lazımdır, kimsən sən? Metroya minəndən belə artıqsan? Bizim xaricdə Fəxrəddin Manafovdan başqa filmlərə çəkilən bir aktyorumuz yoxdur. Bəlkə də var, mən bilmirəm. Sözümü nəyə gətirirəm, biz dünya miqyasında olan bir aktyor deyilik ki, özümüzü göylə aparaq. Aktyorsan da, kimsən ki? 1900-cü illər olsaydı, deyərdik ki, mütrüfsən də. Belədir də. Biz iki dənə serial çəkirik, artıq bizdən yoxdur. Bu cür olmaq lazım deyil.

 

-Sizə bir vərəq versəm ki, bu vərəqin üzərinə ürəyinizdən keçənləri yazın. Nə yazarsınız?

-Geniş mövzudur. Bilmirəm, həmin an kefim necə ola bilər? Yəqin ki, Azərbaycanın xəritəsini çəkərəm. Özü də Türkmənçay müqaviləsinə qədər olan xəritəni. Mənə elə gəlir ki, onu çəkmək istəyərəm.

 

-Bərabərlik qanunu sizin həyatınızda necədir?

-Allahın nəzarətində hamımız bərabərik. Namaz qılanda fərqi yoxdur kim olursan, ol, hamı Allahın qarşısında əyilir və eyni olur. Demirəm, həmişə amma bəzi hallarda həyatımda nələrisə tarazlaşdırıram.

 

-Deyirlər, ağ rəng ləkələri əks etdirir, qara rəng isə gizlədir? Sizin fikrinizcə, necədir?

 -Harasa qar yağanda bütün ləkələr gizlənir. Elə deyil? Qar yağanda hər şey gizlənir-zir-zibil, töküntü və s. Niyə gizlətmir o zaman? Fikrimcə, sən rəngləri necə görmək istəyirsən, elədir. Məsələ təqdimatdadır. Sən necə təqdim edəcəksən, eləcə də görünəcək.

 

-Uğursuzluğa necə reaksiya verirsiniz?

-Bu barədə pessimistəm. Bəzi dostlar var ki, səhnədə zarafat edir və alınmayanda çalışırlar, alınsın. Amma mən KVN oynayanda zarafatım alınmayanda pis olurdum, sanki, ölürdüm. Belə mübariz adamam, lakin bəzi şeylərdə pessimistəm. Məsələn, 3 ildir “Xalxın evi” serialı reytinqdə birinci yerdədir, ancaq “Ay yay, yay” serialı isə reytinqlərdə oynayır, onunla birlikdə mən də qalxıb-düşürəm. Yəni onun reytinqdə hansı yerdə olması mənə də təsir edir.

 

-Nəyi özünüzə bağışlamarsınız?

-Bilmirəm. Elə bir şey yoxdur ki, onu özümə bağışlamayım. Düzdür, səhvlərim də olub. Səhvsiz insan yoxdur. Səhvsiz bir Allahdır.

 

-İnsan burulğana düşsə, nə etməlidir?

-Suda burulğana düşəndə bilirəm, nə etmək lazımdır. Nəfəs alıb, aşağı düşüb, ayağını açıb, başqa istiqamətə özünü çıxarmaq lazımdır. Həyatdakı burulğana düşəndə də, yəqin ki, eyni şeyi etmək lazımdır. Dərindən nəfəs alıb başqa istiqamətə yön almalısan. Çünki burulğan səni aparacaq. Ona görə də istiqaməti dəyişməlisən.

 

-Sizi sevən çoxdur, ya sevməyən?

-Mənə elə gəlir ki, sevən çoxdur. Demirəm ki, sevməyən yoxdur. Mən ideal deyiləm ki, söyləyim, hamı məni sevir. Amma mənə görə, çox adam sevir. Çünki mən insanları sevirəm. Sevmədiyim insan nadir hallarda olar. Bunlarda Vətənini, anasını sevməyən insanlardır ki, mən də onları sevmirəm.

 

-İnsanlara nəyə hazır olamağı tövsiyyə edərdiniz?

-Ölümə. Bilmirik, ölüm nə zaman gələcək. Özümü ölümə kökləmirəm, amma hər zaman hazır olmalıyıq. Ölümdən o qədər də qorxmuram. Sadəcə istəmirəm ki, ağrılar içində vəfat edim və ya övladlarıma əziyyət verim.

 

-Nədən təəccüblənirsiniz?

-Mənə gördüklərim dərs verib, ona görə də nümunələrlə danışıram. Mənim bir tanışım vardı, həbsxanada yatıb çıxmışdı. O, deyirdi ki, mən orada hər cür insanları gördüm, atasını öldürən, qızını zorlayan və s. Ona görə də bu həyatda heç nə mənim üçün təəccüblü deyil.

 

-Həyatınızı bir film təsvir etsəniz, onun janrı nə olar və adı?

-Çox maraqlı sualdır. İnanmıram, bu suala kimsə bədahətən cavab verə bilər. Düşünüm, cavablayıram (2-3 dəqiqə fikirləşir). Yəqin ki, melodrama olar və adı isə “43-ə qədər bu idi”.

 

Rövşən Tahir

 

Üç nöqtə.-2020.-18 fevral.-S.12