“Yalançı dostların sayı çoxdur”
Nurlan Rüstəmov: “Həyatımı
teatra bağlamışam”
“İnsanlığa daha çox inanıram, insanlara
inanmaq bir az çətindir. Çünki
gözləmədiyin adamdan gözləmədiyin
hərəkətlə qarşılaşa bilərsən. O hərəkətlə
ki, sən heç vaxt düşünməzsən, bunu sənə qarşı edər. Amma edirlər. Ona görə
də insanlığa inanıram”. “Üç
nöqtə” qəzetinin qonağı aktyor
Nurlan Rüstəmovdur.
-Bir
anlıq təsəvvür edək ki, Nurlan gözəgörünməzdir.
Bu anda gedəcəyiniz ilk yer hara olar?
-Gözəgörünməz olmaq
xarakter məsələsidir.
Mən belə düşünürəm.
Həqiqətən də, Nurlanın
xarakterində gözəgörünməzlik
var. Bu sırf insanlardan
ayrı düşmək,
kənarda qalmaq kimi yozulmasın. Suala istək aspektindən yanaşsam, mən o halda gözəgörünməz
olmaq istəyərəm
ki, hansısa bir tamaşanı oynadığım zaman gözəgörünməz olum
və özümü
tamaşaçıların arasından izləyim.
-Nəyi unutmaq istəyirsiniz?
-Hər bir insanın
həyatında unutmaq
istədiyi xoşagəlməz
məqamlar var. Düzdür,
hər bir uğursuzluqdan insan dərs alır, özü üçün
nəticələr çıxarır,
amma yenə də unutmaq istədiyim bəzi uğursuzluqlarım var. Bax
o pərt olduğum anları unutmaq istəyərəm. Demirəm ki,
çox olub, amma müəyyən qədər olub. Bir də həyat enişli-yoxuşludur, uğursuzluqlarla
da üz-üzə qalmalıyıq.
-Deməli, yaşadıqlarınız
sizə təcrübə
verir?
-Təcrübəm daha çox xarakterimdən asılıdır. Belə bir
deyim var, həyatda olan şeylərin 5 faizi hadisələrdən, 95 faizi
isə bizim ona verdiyimiz reaksiyalardan asılıdır.
Bir az
öncə qeyd etdim, uğursuzluqlardan insan dərs alır. Eləcə də yaşadıqlarımızdan
biz nələrsə qazanırıq.
Ona görə də verdiyimiz o reaksiyalar nəticəsində bizim təcrübəmiz zənginləşir.
-Həyat, doğrudanmı,
“2 vur 2 bərabərdir
4” kimidir?
-Artıq 13 ildir ki, teatrda çalışıram.
Sənətimiz sırf insanları,
onların psixologiyasını
öyrənməklə bağlıdır.
Olduqca maraqlı prosesdir. Biz teatrda özümüzü
ifadə edirik, bu müddətdə isə “2 vur 2-ni 5” edə bilirik. Hətta 6-da edə bilirik. Müxtəlif janrlarda tamaşalarımız
var. Bu tamaşalar nəyin
nəticəsidir? O “2 vur 2 bərabərdir 4” aksiomundan kənara çıxmağın.
-Niyə məhz pantomima?
-Uşaqlıqdan belə bir xasiyyətim var, ünsiyyətə meyilli olmamaq. Amma ünsiyyət qurduğum adamlarla çox yaxın dostam. Ümumiyyətlə, mənim bədən
dili ilə ifadə etmək imkanlarım daha genişdir. Teatrımızda sözlü tamaşalarımızın
olmasına baxmayaraq bədən dili ilə ifadə olunan tamaşalarımız
üstünlük təşkil
edir. Bədii rəhbərimizin bir cümləsi var: “Söz yarandı, ona görə ki, yalan danışaq,
bədən dili isə heç vaxt aldatmır”. Həqiqətən də, bədən
üzvləri ilə yalan danışmaq olmur, amma söz
vasitəsilə rahat şəkildə olur.
-Yaşam qanunlarınız
nədir?
-Həyatımın üçdə
iki hissəsini mən teatrda oluram. Teatrda aktyoram, evdə
isə bir övladam, atayam. İnsanlıq və həyat
haqqında nə düşünürəmsə, teatrda onu göstərirəm.
Mənə elə gəlir
ki, həyat qanunlarım da elə teatrda formalaşır. Teatr məni
insan kimi yetişdirir, insanları tanıyan insan kimi yetişdirir.
-Hər şeyi düzgün edim, ya düzgün şeyləri edim?
-Belə fikirləşirəm
ki, çox şey tərbiyədən,
dünyagörüşündən, oxuduqlarımızdan asılıdır.
Bunlar bizi nəyin düz olub-olmamağına
istiqamətləndirir. İndiyə
qədər heç kimi incitməmişəm.
Kimisə də bilməyərəkdən
incitmişəmsə, üzr
istəmişəm. Üzr istəməyin
özü bir dəyərdir. Çalışıram ki, hər şeyi
düzgün edim.
-Səhvlərinizi doğrularınız
sanırsınız?
-Əsl aktyor bilir nəyi necə etmək lazımdır. Peşəkar aktyoru həvəskarlardan
fərqləndirən cəhətlərdən
biri də budur. Səhv edərkən düşünürəm
ki, bunları niyə etdim, məni buna nə vadar etdi?
Bu suallarla üz-üzə
qalıram. İndinin özündə
belə səhvlərim
olur. Çünki mən hələ
öyrənirəm. Səhvlərimi analiz etməyi bacaran insanam. Ona görə təhlil edirəm ki, onları bir daha təkrar etməyim. Səhvlərim olanda onların
heç birini heç bir əsasda doğrularım saymıram.
-Varlığı ilə içinizdə yer edən insanlar çoxdurmu?
-İndiki dövrdə
yalançı dostların
sayı çoxdur. Buna görə
də çox az dostum
var. Mənə yaxın
olan insanlar mənim iş yoldaşlarımdır, ailəmdir
ki, fikirlərimi onlarla bölüşürəm.
Ən yaxın olanlar onlardır. Onlarla yanaşı digər
dostlarım da var. Ürəyimdə olan, sözün əsl mənasında dəyər
verdiyim insanlar həddindən artıq azdır. Bu da
ondan irəli gəlir ki, mən insanları tanıyıram. Biz-aktyorlar insanı görəndə onun gülərkən necə
güləcəyini, ağlayarkən
necə ağlayacağını
və digər məqamları təyin edirik.
-Fikrinizcə, insanlar daha çox qiymət verməyi bacarır, ya yox?
-Əlimizdə olan
dəyərli şeyləri
dərk etməliyik. Mənə elə
gəlir, ətrafımda
olan insanlar da mənim kimi
əlində olanların
dəyərini bilir və qiymətləndirir.
-Özünüzü anlaya
bilirsiniz?
-Özümü anlamaq çox çətindir. Həddindən artıq çox
çətindir. Hərdən elə qəribə tamaşalar hazırlanır
ki, orada canlandırdığım obrazı
özümün oynadığını
dərk edə bilmirəm. Yaxud hərdən elə
bir tamaşa hazırlayıram ki, düşünürəm, bu
mənim beynimin məhsuludur? Özümü
teatrda bir aktyor kimi anlayıram,
evdə bir insan kimi də
anlayıram, amma dünyada kim
olduğunu anlamaq çox çətindir.
-İnsanlar sizi tez-tez başa düşürlər?
-Qarşındakı insanla
onun səni anlayacağı dildə danışmaq lazımdır.
Əgər mən bir insanla məni başa düşməyəcək,
anlamayacaq dildə danışacamsa, ondan heç cavab belə gözləməyə
dəyməz. Axı o, məni
anlamır. Ona görə
hansı cavabı gözləyim? Buna görə də çalışıram, hər
bir insanla məni anlayacağı dildə ünsiyyət qurum.
-Çoxluğun səhvi ya sizin düzünüz?
-Əslində öz
düzündən imtina
edib, onu ikinci plana atmaq
həddindən artıq
çətindir. Çünki təkəbbürü içində sındırmalısan
və öyrənməlisən.
Mənim
üçün çox
çətin olsa da, “mən”imi içimdə boğub öz düzümü ikinci plana ata
bilirəm. Düzdür, onu itirmirəm, amma ikinci planda
saxlayıram.
-Doğrunu deyib insanlar tərəfindən
çoxmu cəza almısınız?
Doğrunu bildiyim halda çox zaman özümdə gizlədirəm,
ifadə etmirəm. Söhbət teatrdan getmir, həyatdan gedir. Həyatda doğru bildiklərimi ifadə etmirəm.
-Həyatda sizi təəccübləndirəcək bir şey var
indiki vaxtda ?
-İnsanlar. Mənim bütün işim
insanları öyrənmək
olduğundan məni də yalnız onlar təəccübləndirə
bilər. Ümumiyyətlə, insanların reaksiyaları
o qədər fərqlidir
ki, onları öyrənib qurtarmaq olmur. Yəni biz desək ki,
filankəs bizi təəccübləndirə bilməz,
bu doğru olmaz. Ondan ötrü ki, həmin adam
elə reaksiya verər, elə hərəkət edər ki, həqiqətən də, təəccüblə
qarşılayarsan.
-Verilənə şükür
edirsiniz, ya daha çox şey istəyirsiniz?
-Bayaqda dedim,
çalışmaq lazımdır ki, əldə
olan şeylərin dəyərini biləsən.
Bu baxımdan şükür
etməyi bacaran insanam.
Heç kimdən heç
nə istəmirəm, çalışıram istədiklərimə
özüm nail olum. Suala belə cavab verim, şükür
etməyi bacarıram, lakin başqa
şeylərə doğru da
addımlayıram.
-Hazırkı Nurlan
olmaq üçün
qurbanlar vermisiniz?
-Bir şeyi qazanmaq
istəyirsənsə, mütləq
digər şeyi itirməlisən. Bu mənə görə belədir. 13 ildir, həyatımı teatra bağlamışam.
Orada əldə etdiklərimə havadan
nail olmamışam, illərimi
vermişəm. Nə yaxşı
ki də, vermişəm. Verdiyim illərə
görə isə qətiyyən peşman deyiləm.
-Baş verən hansısa bir şey sizi kimdənsə
qoparanda nə baş verir?
-Hər şeyi analiz edirəm. Düşünürəm, bu
ayrılıq niyə
baş verdi,
hansı səbəblərə
görə oldu? Bu düşüncələr xəyal uydurmağa qədər gedib çıxa bilər.
Ki, biz bir də görüşsək,
necə, hansı formada görüşəcəyik?
Biz harada rastlaşa,
harada rastlaşmaya bilərik?
-Xasiyyətinizdə sevdiyiniz
və sevmədiyiniz nələr var?
-Qəribə də olsa, xasiyyətimdə həm sevdiyim, həm də sevmədiyim bir şey var. Belə eşitmişəm ki, mən yol gedəndə
insanlar mənə yaxınlaşmaqdan çəkinirlər.
Elə bilirlər ki, xaraktercə ciddi biriyəm. Amma qətiyyən belə
deyil, mülayim insanam.
-İnsanlara inanırsız,
yoxsa insanlığa?
-İnsanlığa daha çox inanıram, insanlara inanmaq bir az çətindir. Çünki gözləmədiyin adamdan gözləmədiyin hərəkətlə qarşılaşa bilərsən. O hərəkətlə ki, sən heç vaxt düşünməzsən, bunu sənə qarşı edər. Amma edirlər. Ona görə də insanlığa inanıram.
Rövşən
Tahir
Üç nöqtə.- 2020.- 22
fevral.- S.12.