“Çalışıram, özümə qalib gəlim”

 

Zülfiyyə Məmmədova: “Ən böyük müəllimim özüməm”

 

“Mənim üçün 4-cü divar, həqiqətən, mövcud deyil. Tamaşaçıları, onların nəfəslərini hiss etməmək mümkün deyil. Bir dəfə N saylı hərbi hissədə “Şanlı Vətən” tamaşasını oynayanda göz yaşlarımı saxlaya bilmədim. Neçə cərgə o tərəfdə oturan hərbçilər belə mənim gözümün yaşını görmüşdü. Yəni nəyi deyirəm? Tamaşaçılar bizi hiss etdiyi kimi, biz də tamaşaçıları hiss edirik”. “Üç nöqtə” qəzetinin qonağı gənc və istedadlı aktrisa Zülfiyyə Məmmədovadır.

 

-Səhnədə olanda tamaşaçıların gözünü axtarırsınız?

-Bəli, çünki insan gözlərə baxanda o gözlərdən bir enerji alır və hansı dərəcədə oynadığı o baxışlardan hiss olunur. Bəzən elə olur ki, hansısa tamaşaçının gözünə baxanda hiss edirsən ki, o, ürəyində səninlə söhbət eləyir. Yaxud da tamaşaçı aktyor və ya aktrisaya baxır, beynində nə zamansa yaşadıqlarını canlandırır.

 

-Deməli, 4-cü divar sizin üçün mövcud deyil?

-Mənim üçün 4-cü divar, həqiqətən, mövcud deyil. Tamaşaçıları, onların nəfəslərini hiss etməmək mümkün deyil. Bir dəfə N saylı hərbi hissədə “Şanlı Vətən” tamaşasını oynayanda göz yaşlarımı saxlaya bilmədim. Neçə cərgə o tərəfdə oturan hərbçilər belə mənim gözümün yaşını görmüşdü. Yəni nəyi deyirəm? Tamaşaçılar bizi hiss etdiyi kimi, biz də tamaşaçıları hiss edirik

 

-Həyatda məğlub olduğunuz anlar çox olub?

-Bilirsiniz, mən heç vaxt heç bir hadisədə qarşımdakı insanı günahlandırmıram. Əgər mənimlə kobud rəftar olunursa, deməli, günahkar mən özüməm. Həmçinin, səhvim də varsa, demək, günahkar mənəm. Səhvlərimdən dərs çıxarmağa çalışıram. Ən böyük müəllimim özüməm, ən böyük düşmənim də, dostum da özüməm. Özümü özüm qədər başa düşən insan yoxdur.

 

-İradəli insansınız?

-Bəli. Hətta o qədər güclü iradəyə malikəm ki, lazım gələrsə, kimisə həyatımdan çıxara da bilərəm. Amma özümdən uzaqlaşdırdığım insanla düşmən olmuram. Bu dəqiqə menim beynimdə kodlaşdırılmış hansısa bir düşmənim yoxdur. Var elə insanlar ki, bəli, bilirəm, ondan uzaq durmaq lazımdır, amma onlarla düşmən olmuram. Sadəcə uzaqlaşıram həmin kəslərdən.

 

-Olub ki, nəyəsə biganə yanaşasınız, amma sonra o biganə yanaşdığınız məqam sizə əzab versin?

-Xeyr, yoxdur. Mən, ümumiyyətlə, soyuqqanlı insan deyiləm. Nəyəsə biganə qala bilmərəm. Düzdür, bir az öncə dedim ki, insanları həyatımdan çıxara bilirəm, bu başqa bir şeydir. Kimisə özümdən uzaqlaşdırana qədər müəyyən proseslər baş verir. Bu biganəlik deyil. Bir şey də var, əgər görsəm ki, uzaq tutduğum insan çətin durumdadır, yenə də ondan köməyimi əsirgəmərəm.

 

-Nə düşünürsünüz, bu dünyaya hansı missiyaları yerinə yetirmək üçün gəlmisiniz?

-İlk olaraq bunu deyim, anam bu dünyaya gəlməyimi istəməyib. Biləndə ki, övladı olacaq (qız, oğlan fərqi yoxdur) anam istəməyib. Əməliyyatdan sağ çıxma təhlükəsinə görə anam bu qərarda olub. Amma bütün bunlara baxmayaraq dünyaya gəlmişəm. Mən doğulmamışdan 3 gün əvvəl atam ağır qəza keçirib və komaya düşüb. Həkimlər 1 faiz sağ qalma şansının olduğunu deyiblər. Mən dünyaya gələndən bir neçə saat sonra atam ayılıb. Atam ölən gününə qədər deyirdi ki, mən Zülfiyyə ilə yaşıdam. Mən o şanslı insanlardanam ki, atam bütün işlərimdə mənə arxa-dayaq olub.

 

-Nələrisə zamanın öhdəsinə çox buraxırsınız?

-Bəzən bizim gücümüzdə olmayan hadisələr olur ki, onlarla  mübarizə apara bilmirik. Ya gücümüz yetmir, ya da imkanlarımız çatmır. Ya da istəyirik, alınmır. O halda axınına buraxıram, nə olacaqsa, olsun. Çünki nə yazılıbsa, o da baş verəcək.

 

-Güclü aktrisa, yoxsa güclü qadın?

-Güclü qadınam. Düzdür, özümü güclü aktrisa hesab edirəm, amma insanı formalaşdıran xarakteridir. Əgər xarakterim zəif olarsa, mən güclü aktirsa ola bilmərəm. Bilmirəm, nədənsə mənim bəxtimə həmişə güclü obrazları canlandırmaq düşüb.

 

-Ömrünüzdən gedən illər. Heyif, yaxud yaxşı ki, mən bunları yaşadım?

-Yaxşı ki, mən bu illəri yaşamışam. Özü də bütün çətinlikləri ilə birlikdə. Həyatın bu nöqtəsinə qədər necə gəlmişəmsə, mənə çox xoşdur. Bundan sonrasını isə deyə bilmərəm. Bu günüm üçün Allaha min şükür.

 

-Nəyə heyifsilənirsiniz?

-Heyifsiləndiyim bir şey yoxdur. Qəti surətdə nəyəsə görə heyifsilənmirəm. Heç bir çətinlik elə-belə olmur. Hər bir çətinliyin gec və ya tez müjdəsi var. Dünya şöhrətli rejissorlarda belə bir də görürsən ki, bir neçə film uğursuz olur, amma sonra elə bir film çəkir ki, Oskara layiq görülür.

 

-Fikrinizcə, insanı nələr bədbəxt edə bilər?

-İnsanı bilirsiniz nə bədbəxt edir? Onun xarakterinin zəifliyi. Zəif xarakterli insan özünü bədbəxt edir. Beyin bizi idarə edir, ona görə də o bir az işləməlidir. Əgər işləmirsə, deməli, onun xarab maşın motorundan heç bir fərqi yoxdur.

 

-Ürək, yoxsa ağıl?

-Bu vəziyyətdən asılıdır. Vəziyyət hansının daha çox xeyrinədirsə, o da üstünlük təşkil etməlidir. Normal insan vəziyyəti analiz edib nəticə çıxara bilir. Düzdür, çox zaman insanı hisslər idarə edir, amma vəziyyətə uyğun davranmaq lazımdır. Tutaq ki, mən subay xanımam və məni narkoman da sevir, ağıllı bir insan da. Mən isə narkomanı sevirəm, ağıllı insanı deyil. Burada mən ürəyi dinləməli deyiləm. Ağılla hərəkət etməliyəm ki, uduzmayım. Ürəyi dinləyib narkomanı seçsəm, demək ki, mənim də sonum yoxdur.

 

-Nəfis elə bir amildir ki, onunla savaşmaq çox çətindir. Heç sizə qalib gəlib yolunuzdan döndərib o nəfis?

-Xatırlamıram, olmayıb. Nəfsimə sahib çıxan insanam, bacardığım qədər. Bura həm maddi cəhətlər, həm də mənəvi cəhətlər daxildir. İllərdir ki, çörək yemirəm. Əvvəllər kilolu olmuşam, lakin arıqlamaq üçün çörək yemədim və bugün belə çörək yemirəm. Çox olub, getmişəm dükana, təzə bişmiş çörəyin və ya hansısa bir şirniyyatın qoxusunu duymuşam, amma özümə “olmaz” demişəm. Bu nədir? Nəfsə qalib gəlmək deməkdir.

 

-Mövcud “mən”iniz və daxili “mən”iniz, bunlardan hansı o birinə qalib gəlir?

-Çox vaxtlarda mövcud olan “mən” daha üstün olur. Daxili “mən”lə daha çox tək qalanda söhbət edirəm. Evə gəlirəm və bütün günümü beynimdə analiz etməyə başlayıram. Özümlə həddindən çox söhbət edirəm. Bu məndə uşaqlıqdan belədir. Bacım olmayıb deyə, özümlə söhbət eləmişəm. Bəzən səsli formada da özümlə söhbət edə bilərəm. Bu dəqiqə sizinlə necə danışırıqsa, bax elə.

 

-Böyüdükcə anladım ki,...

-Özün güclü olmasan, valideyn sənə kömək edə bilməz. Nəinki valideyn, heç kəs kömək edə bilməz. Belə bir deyim var, quyuya su tökməklə quyu dolmaz. Gərək quyunun özündə ola. Böyüdükcə bunu anladım.

 

-Sənətdə qeyri-obyektiv münasibətlərlə, maneələrlə rastlaşmısınız?

-Xeyr, əksinə, gözləmədiyim yerdə, gözləmədiyim insanların diqqətini görmüşəm. Ümumən mən elə bir insanam ki, beynimi heç bir zaman neqativ nələrləsə yormuram. Heç bir vaxt da özümə belə mənfi şeyləri yaxın buraxmaram.

 

-Zülfiyyə xanım tamaşaçı sevgisini nə ilə qazanmağa çalışır?

-Yəqin, özümü nəsə ilə doğrulduram, tamaşaçı mənim oyunumda nəsə görür, təsirlənir. Tamaşaçı mənə baxır, öz həyatına aid nəyisə görür, mənim obrazımda özünü tapır və məni özünə doğma bilir.

 

-Ətrafdakı insanların fikrinə çox önəm verirsiniz?

-Seçilmiş insanlar var ki, mən onlardan məsləhət ala, fikirlərini öyrənə bilərəm. Amma nəticədə yenə də götür-qoy edib öz bildiyimi edirəm. Bu seçilmiş insanlar anamdır, sənət yoldaşlarımdan bir neçəsidir. Onlardan soruşuram ki, bunu necə etsək, düzgün olar?

 

-Allahla aranızda olan sirləriniz çoxdur?

-Bəli. Sizə bir şey deyim, insanın içində nə çəkdiyini Allahdan başqa kimsə bilmir. İnsan tam şəkildə hər kəsə açıq ola bilməz. Nəyisə ən yaxın dostundan belə gizlədir. Bu hamıda belədir. Hər kəsin gizlətdiyi hansısa nüans olur.

 

-Sədaqət hissi nədir sizin üçün və özünüz sədaqətlisiniz?

-Sədaqət hissi o deməkdir ki, küsülü olduğun insanın ən çətin anında yanında olursan. Sədaqət bax bu deməkdir. Özümü sədaqətli insan hesab edirəm. Bunu məni tanıyarlar bilir. Mənə pislik edən insanların nə zamansa köməyə ehtiyacı olarsa, o zaman köməyimi əsirgəmərəm.

 

-Hansı hiss sizin üçün müqəddəsdir?

-Etibarlılıq. Ən gözəl hissdir etibarlı olmaq. Vay o günə ki, kimsə kiminsə etibarını yanıltsın. Söhbət xəyanətdən getmir. Heç söhbət kişi-qadın xəyanətindən də getmir. Bəzən olur ki, xəyanət etmir, amma etibarlı deyil. Bəzən də olur ki, etibarlıdır, lakin xəyanət edir.

 

-Uzaqda olan arzularınız çoxdur?

-Ümumiyyətlə, çox böyük arzular qurmuram. Gücüm çatdığı müəyyən çərçivələrə daxil arzular qururam. Düz edirəm, yaxud səhv, bunu söyləyə bilmərəm. Elə arzular qururam ki, fantastik olmasın. Elə arzular olsun ki, onları reallaşdırmağa gücüm çatsın.

 

-Sonda belə bir sual verim, həyat fəlsəfəniz nədir?

-Hötenin belə fikri var, ən güclü insan özünə qalib gəlmiş insandır. Çalışıram, özümə qalib gəlim.

 

Rövşən Tahir

 

Üç nöqtə.- 2020.- 29 fevral.- S.12