Gürcüstan azərbaycanlıları
ana dilindən uzaqlaşdıran məqam
Kamran Əsədov:
“Gürcüstanda Azərbaycan dilində universitetin olması
olduqca müsbət addımdır”
Bir
millətin ən böyük sərmayəsi onun sahib
olduğu tarixi, mədəniyyəti və dəyərləridir.
Bunları qoruyub saxlayan və gələcək nəsillərə
köçürən vasitə isə təhsildir. Təhsil
dövlətin, cəmiyyətin inkişafı prosesində ən
əsas faktordur. Yaxşı təhsil görmüş, hər
sahədə yetişdirilmiş mütəxəssislər bu dəyərlərə
sahib çıxa bilir və ölkəsinin, dövlətinin
nüfuzunu daim dünyada yüksəkdə tutur.
İnkişaf etmiş ölkələr ən böyük sərmayələrini
təhsilin inkişafına yönəldirlər. Bu mənada
inkişaf etməkdə olan Azərbaycan təhsil sisteminin
inteqrasiyası, xarici ölkələrdə
yaşayan azərbaycanlıların öz dillərində təhsil
almaları ilə bağlı əngəllər və onun həlli
yollarına nəzər yetirəcəyik. İlk növbədə
Gürcüstan azərbaycanlılarının öz ana dilində
təhsil almaları və təhsil müəssisələrində
kadr çatışmazlığı ilə bağlı
problemlərə toxunacağıq.
Təhsil
eksperti Kamran Əsədov “Üç Nöqtə”yə
bu və ya digər məsələlərlə bağlı
müsahibə verib. Versus.Az həmin müsahibəni təqdim
edir.
“Bu
rəqəmlər Azərbaycandilli kadr probleminin həlli
üçün yetərli deyil”
-
Kamran müəllim, məlumdur ki, Gürcüstanda yaşayan
azərbaycanlılar orada çoxluq təşkil edən ən
böyük etnik azlıq hesab edilir. Azərbaycanlı gənclərin
Gürcüstanın ali təhsil müəssisələrinə
qəbulu necə aparılır və bu Azərbaycandilli kadr
probleminin həllində nə dərəcədə rol oynaya
bilir?
-
Qeyd edim ki, Gürcüstanda artıq 10 ildir ki, milli
azlıqlarla bağlı "4+1" dövlət proqramı
hazırlanıb. Bu proqrama əsasən, orta məktəbi Azərbaycan
dilində bitirən şagirdlər ana dillərində imtahan
verərək Gürcüstan universitetlərinə qəbul
ola bilir. Bir il kurs keçərək yaşadığı
ölkənin dilini öyrənir və sonrakı təhsillərini
gürcücə davam etdirirlər. Qeyd edim ki, azərbaycanlılar
2019-cu ildə Gürcüstanın ali məktəblərinə
milli azlıqlar üçün nəzərdə tutulmuş
“1+4” proqramı üzrə qəbul olunanlar arasında birinci
yerdədirlər.
Azərbaycanlı
gənclərin 253 nəfəri Gürcüstan Texniki
Universitetinin, 235-i İvane Cavaxişvili adına Tbilisi Dövlət
Universitetinin, 192-si isə İlya Dövlət Universitetinin
hazırlıq kursuna qəbul olunub.
Daha
49 gənc soydaşımız Gürcüstan Tibb
Universitetinin, 34-ü Suxumi Dövlət Universitetinin, 6-sı
İ.Qoqebaşvili adına Telavi Dövlət Universitetinin, 5-i
A.Tsereteli adına Kutaisi Dövlət Universitetinin, 5-i
D.Ağmaşanebeli adına Gürcüstan Milli Müdafiə
Akademiyasının, 3-ü Avroregional Təhsil Universitetinin,
3-ü Ş.Rustaveli adına Batumi Dövlət Universitetinin tələbələridir.
Amma bu rəqəmlər olduqca azdır. Nəzərə alsaq
ki, Gürcüstanda 500 minə qədər azərbaycanlı
yaşayır, bu rəqəmlər Azərbaycandilli kadr
probleminin həlli üçün yetərli deyil.
- Gürcüstanda orta məktəblərdə
əksər halarda azərbaycanlıların gürcü dilinə
maraq göstərmədiyi və bu üzdən dili bilməmələri
qeyd olunur. Niyə azərbaycanlı şagirdləri
gürcü dilini öyrənə bilmirlər?
“Gürcü dilinə həftədə
cəmi beş dərs saatı ayrılıb”
-
Gürcüstandakı azərbaycanlılar – dörd milyondan az
əhalisi olan ölkənin 300 minə yaxın sakinidir. Azərbaycanlı
icma əsasən Kvemo Kartli regionunda kompakt şəkildə
yaşayır – özlərinə məxsus həyatlarıyla,
ölkə əhalisinin böyük hissəsinin diqqətindən
kənarda, gürcü cəmiyyətindən faktiki təcrid
olunmuş vəziyyətdə yaşayırlar.
Apardığımız
araşdırmalar göstərir ki, yerli məktəblədə
üç əsas çatışmazlıq var:
Gürcü
dili tədrisinin aşağı səviyyədə olması;
Ümumi
təhsilin aşağı səviyyədə olması;
Gürcü
məktəbində təhsil çox vaxt problemin həlli
deyil, yeni problemlərin yaradılmasıdır.
Misal
üçün Kvemo Kartlidə ümumilikdə 78 məktəb
var. Onlardan 58-i qeyri-gürcü məktəbidir.
Uşaqlar burada əsasən Azərbaycan və ya rus dilində
təhsil alır.
Qeyri-gürcü məktəblərində
gürcü dili birinci sinifdən tədris olunur. Amma
şagirdlərin əksəriyyəti məktəbi
gürcü dilində elementar ifadələri öyrənmədən
bitirirlər.
Birincisi,
gürcü dilinə həftədə cəmi beş dərs
saatı ayrılıb. Bu informasiya uşaqların niyə məktəbi
gürcü dilində kəlmə kəsmədən bitirdiklərini
anlamaq üçün yetərli ola bilərdi.
Amma ikinci səbəb
də var – dərslik problemi. Dərsliklər keyfiyyətsiz
hazırlanıb, amma hətta onlar da tapılmır.
Araşdırmalarımız göstərir ki, uşaqlar bir
neçə il davamlı olaraq kitabları bir-birinə ötürürlər
və yeni şagirdlər artıq oxunmaz hala gələn
kitablardan istifadə etməli olurlar. Amma, hətta bu iki səbəb
də ən əsas problem deyil. Ən böyük çətinlik
yerli spesifik tələblərə cavab verməyən
pedaqoqlardır.
“Gürcüstanda Azərbaycan dilində
universitetin olması olduqca müsbət addımdır”
- Dediyiniz “spesifik tələblər”ə cavab verən
pedaqoqların hazırlanması hansı məqsədləri
qarşıya qoyur?
- Bu durum, Azərbaycan dilində
ayrıca universitetə ehtiyacın olduğunu ortaya qoyur. Təəssüflər
olsun ki, getdikcə daha çox azərbaycanlı valideynlər
uşaqlarını gürcü məktəblərinə
qoyur ki, gələcəkdə övladı ali təhsil almaq,
yaxşı iş tapmaq, siyasətçi, nazir ola bilmək
şansı qazansın. Bu da dogma dilimizin itib batmasına
aparır.
- Əslində Gürcüstanda Azərbaycan
Pedaqoji Universitetinin yaradılması ideyası var. Sizcə bu,
mövcud problemlərin həllində hansı rolu oynaya bilər?
- Bütün bu problemlərin həlli
üçün Gürcüstanda Azərbaycan dilində
universitetin olması olduqca müsbət addımdır. Bu azərbaycandilli
kadrların yetişməsinə, Azərbaycan məktəblərinin
kadra olan ehtiyacının aradan qalxmasına gətirib
çıxaracaq.
- Kamran müəllim, dərsliklərin
azlığı ilə bağlı fikir bildirdiniz. Bu da məlumdur
ki, soydaşlarımızın Azərbaycan dilində dərsliklərlə
təmin olunması üçün burdan Gürcüstanda
olan orta məktəblərimizə dərs vəsaitləri
göndərilirdi. Bu proses ana dili ilə bağlı önə
çəkilən mövcud problemlərin həllinə nə
dərəcədə kömək edə bildi?
- İlk növbədə
qeyd edim ki, Gürcüstandakı soydaşlarımızın
Azərbaycan dilində dərsliklərlə təmin
olunmasının əsası 1994-cü ildə ulu öndər
Heydər Əliyev tərəfindən qoyulub. Bu gün ölkə
Prezidenti İlham Əliyev də bu işə xüsusi diqqət
göstərir. Dövlətimizin
başçısının xüsusi
tapşırığına əsasən Təhsil Nazirliyi
Gürcüstanda yaşayan azərbaycanlıların təhsil
problemlərini diqqətlə öyrənib və onların dərsliklərlə
təminatı istiqamətində mühüm addımlar
atır. 1994-cü ildən bu günədək Gürcüstandakı
soydaşlarımıza I-XI sinif şagirdləri
üçün 550 minədək müxtəlif adda dərs vəsaiti
göndərilib.
Xatırladım
ki, Gürcüstanda rəsmi rəqəmlərə görə
350 mindən çox, qeyri-rəsmi məlumatlara görə isə
yarım milyona yaxın azərbaycanlı yaşayır.
Vacib bir məsələni
qeyd edim ki, Azərbaycan tərəfi Gürcüstandakı
soydaşlarımızı dərsliklə təmin etsə də,
son illərdə qonşu dövlətdəki təhsil
islahatlarından xəbərsizlik ortaya
anlaşılmazlığı çıxarıb. Bu işin
öyrənilməsində Təhsil Nazirliyinin Beynəlxalq
Əlaqələr şöbəsi xüsusi rola malik
olmalıdır.
- Bir çox
ekspertlər Gürcüstanda ilbəil Azərbaycan məktəblərinin
sayının azalması, ANA dilinin ölmək üzrə
olmasından həyacanla yazırlar. Gələcəkdə bu
prosesin daha da ciddi fəsadlar yaratmaması üçün
hansı addımlar atılır?
- Lakin qeyd etdiyim kimi, Azərbaycan tərəfindən
göndərilən dərsliklər Gürcüstanın təhsil
standartlarına və stategiyasına uyğun deyil. Birincisi
onlarda artıq təhsil 12 illikdir. Bundan başqa
Gürcüstan tərəfindən dərslikər üzrə
müəyyən edilmiş meyarlar Azərbaycan tərəfindən
yerinə yetirilmir. Onlarda hər bir sinif üçün dərsliklərdə
müəyən olunmuş məlumat, informasiya
ağırlığı var. Amma Azərbaycan Təhsil
Nazirliyi tərəfindən göndərilən dərsliklər
o normalara cavab vermir.
Azərbaycan tərəfi
eyni ilə bizim öz şagirdlərimiz üçün nəşr
etdiyi dərslikləri gürcü dilinə tərcümə
edib ora yollayır. Həmin dərsliklər orda heç bir əhəmiyyətə
malik deyil. Çünki bizim göndərdiyimiz kitablarla
ordakı şagirdlərin əldə etdikləri
informasiyanın heç bir əhəmiyyəti yoxdur.
Təhsil
nazirliyinin beynəlxalq əlaqələr şöbəsi və
dərslik şöbəsi Azərbaycanlıların kompakt
yaşdıqları ölkələrədə olmalı,
onların təhsil standartlarını öyrənib ona
uyğun olaraq dərslikləri çap edib göndərməlidir
ki, o şadirdlər üçün faydalı olsun.
Çünki bizim
kitablardakı informasoiyalar onların təhsil sitemində
yararlı deyil.
“Problem Azərbaycan təhsil sistemində
Gürcüstandakı azərbaycanlılara qarşı
yaradılan süni problemlərdir”
- Gürcüstanda
Azərbaycan məktəblərində Azərbaycan dilində
fənləri tədris edən peşəkar kadrlara çox
böyük ehtiyac var. Verilən xəbərlərə
görə, yaşlı müəllimlərə 2 il ərzində
alacaqları maaş məbləğində pul verilərək
işdən çıxarılır. Onların yerini dolduracaq
cavan kadrlar isə demək olar ki, yoxdur. Xüsusilə Azərbaycan
dili və ədəbiyyatından məlumatsız gənclər
yetişir. Səbəb nədir, vəziyyəti bu həddə
gətirən səbəblər nədir?
- Təəsüflər
olsun ki, bu gün Gürcüstan universitetlərində Azərbaycan
dilli məktəbləri üçün müəllim
hazırlayan fakültələr yoxdur. Əgər olsa, orda
yaşayan azərbaycanlı ziyalılar həmvətənlərimiz
üçün daha yararlı dərsliklər
hazırlayarlar.
Xoşagəlməz
digər hal da odur ki, Azərbaycan təhsil müəssisələrinə
Gürcüstan azərbaycanlıları qəbul ola bilmirlər.
Bunun bir səbəbi fərqli tədris proqramı olsa da, əsas
problem Azərbaycan təhsil sistemində
Gürcüstandakı azərbaycanlılara qarşı
yaradılan süni problemlərdir. Dünyada qəbul
olunmuş beynəlxalq qanunlar var ki, xarici ölkə vətəndaşları
başqa ölkə universitetlərinə qəbul imtahanı
verməyərək müsahibə yolu ilə tələbə
adını qazanırlar. Lakin Gürcüstandan gələn
azərbaycanlılar xarici ölkə vətəndaşı
kimi dəyərləndirilmir və qəbul imtahanlarına cəlb
edilirlər. Onlara yalnız ödənişli əsaslarla təhsil
almaq hüququ verilir ki, bu da doğru deyil.
T.Qafarlı
Üç nöqtə. -2020. – 29 fevral.
–S.14