“Oynadığım hər bir roluma ayrıca sevgim var”

 

Asya Atakişiyeva: “Uşaq tamaşalarında oynamaq, uşaqlar qarşısında çıxış etmək mənim üçün həqiqətən bir zövqdür”

 

Uşaq tamaşalarında oynamaqdan, onların qarşısında çıxış etməkdən xüsusi zövq alır. Deyir ki, istər uşaqlar, istərsə də böyüklər üçün olan tamaşalarda oynadığı hər bir rol onun üçün böyük məna kəsb edir:

 

“Rolları təklif edirlər, mən də baxıram, içimdən keçirib oynayıram. Əgər hansısa bir rolu bəyənməsəm onu oynamaram. Mənim üçün əsas əhəmiyyət kəsb edən məsələ çəkiləcəyim rolun ürəyimcə olması, onu bəyənməyimdir. Oynadığım bütün rollarımı sevirəm. Hər bir roluma ayrıca sevgim var. Bu günə qədər 50-dən çox rolum olub. Hal-hazırda çoxunu oynayıram və heç birini ayıra bilmirəm.”

 

“Üç nöqtə” qəzetinin qonağı Gənc Tamaşaçılar Teatrının gənc aktrisası Asya Atakişiyevadır.

 

- Sizi adətən müsbət xarakterli rollarda görürük. Fikrinizcə, üzünüzdəki  məsumluq, saflıq sizin mənfi rollara çəkilməyinizə maneədirmi?

- Düzünü desəm, bilmirəm. Bəlkə də elədir (Gülür). Rolları təklif edirlər, mən də baxıram, içimdən keçirib oynayıram. Əgər hansısa bir rolu bəyənməsəm onu oynamaram. Fəliyyətim ərzində bircə dəfə mənfi rol oynamışam. Amma təəssüf ki, həmin serial çox tez bitdi və mən sonda yenə müsbət obraz oldum.

 

- Bəs mənfi rollara çəkilmək istəyərdinizmi?

- Mənim üçün əsas əhəmiyyət kəsb edən məsələ çəkiləcəyim rolun ürəyimcə olması, onu bəyənməyimdir. İstəməkdən çox, məncə maraqlı olardı. Çünki aktyor və aktrisa özünü istər mənfi, istərsə də müsbət rollarda sınamalıdır.

 

- Sənətə gəlməyinizdə ailəniz dəstək oldumu?

- Bəli, ailəm incəsənəti, sənəti qiymətləndirir. Onlar mənə heç zaman mane olmuyublar, əksində hər zaman yanımda olaraq dəstək olublar. Ümumiyyətlə, bir şeyi deyim ki, insanın ailəsinin ona arxa-dayaq, dəstək olması çox vacib məsələdir.

 

- Hər bir aktrisanın arzusu Leyli  olmaqdır. Gənc yaşınızda siz Leyli obrazını canlandırdınız. Çətinlikləri oldumu?

- Mən Juliyettanı oynayanda fikirləşirdim ki, çətindir. Amma Leylini tanıyandan sonra, həmin rolu oynayandan sonra çox, lap çox çətin olduğunu gördüm. Çox çətinliklər oldu, çox işlədim və bütün zəhmətlərimin nəticəsində Leyli oldum. Bunu mən yox, həmkarlarım, tamaşaçılar deyir. Hər tamaşadan sonra mənə çoxsaylı mesajlar gəlir. Tamaşadan sonra teatrda aşağıda tamaşaçılar məni gözləyir, öz fikirlərini deyirlər. Bu məni çox sevindirir, bundan fərəh hissi duyuram.

 

- Sizi tanıyandan eyni imicdə görürük.

- Dəyişikliklər adətən tamaşalarda olur. Amma elə bir rol gözləyirəm, ona uyğun şəkildə dəyişim. Əslində indi bir az dəyişmişəm (gülür). Amma hələ oynayacağım rolun tam olaraq necə olacağını bilmirəm. Ona uyğun olaraq dəyişə bilərəm.

 

- Sizin üçün rolun böyüyü kiçiyi varmı?

- Uşaq tamaşalarında oynamaq, uşaqlar qarşısında çıxış etmək mənim üçün həqiqətən bir zövqdür. Hər zaman formada qalırıq. Oynadığım hər bir rol mənim üçün böyük məna kəsb edir, istər uşaqlar üçün, istərsə də böyüklər üçün olan tamaşalar.

 

- Fəaliyyətə başladığınız gündən bəri Gənc Tamaşaçılar Teatrında çalışırsınız. Heç başqa teatrda çalışmaq istəmisinizmi?

-  Hal-hazırda teatrdan ayrılmaq kimi bir fikrim yoxdur. Amma bəlkə gələcəkdə fikrim dəyişər, kim bilir (gülür).

 

- Hər bir teatrın daxilində bir qruplaşma var. Maraqlıdır Asya hansı qruplaşmanın tərkibindədir?

- Bizim teatrda hər kəs öz işi ilə məşğul olur. Mən də həmçinin.

 

- Rejissorluq ixtisası üzrə təhsil alsannız da teatra gələndən sonra aktrisa olmusunuz. Aktrisa sənəti sizi daha çox özünə cəlb etdi, ya necə?

- Əslində rejissorluğu seçməyimə səbəb əmim olub. Düşünürdüm ki, bu sənətdə onun davamçısı mən olacam. Universitetdə oxuduğum zamanlarda “Rejissor olacağam, tamaşalar hazırlayacağam” - kimi arzularım var idi. Hətta o illərdə bir diplom tamaşası da hazırlamışdım. Amma sonralar və indinin özündə də rejissor olmaq iddiasında deyiləm. Gələcəyi isə bilmək olmaz. Ola bilər, təcrübə qazandıqca tamaşa hazırlamaq həvəsinə də düşərəm. Rejissor olmaq üçün çox oxumaq, çox bilmək lazımdır. Rejissor hökmlü olmalıdır, aktyor onun baxışından belə çəkinməlidir. Hüseynağa müəllim aktyorların üstünə qışqırmazdı, danlamazdı, sadəcə bir baxışı hamımıza kifayət edərdi. Hərdən düşünürdük ki, belə baxmaqdansa yaxşısı budur bizi döyüb-söysün.

 

- Bu sahənin adamları deyirlər ki, gəliri az olsa da, sənətə olan sevgi hər şeyin öhdəsindən gəlir. Bəs siz necə düşünürsünüz?

- Mən də bu sahənin adamı olduğuma görə elə düşünürəm. Amma gərək sənət olsun.

 

- Necə düşünürsünüz, bu gün yaşlı nəslin nümayəndələri gənc aktyorlara dəstək olurlarmı?

- Əlbəttə, olurlar. Bilirsiniz necədir, bu sənəti sevib gələn, onun üçün canını qoyan hər bir gənc nəsə bir nailiyyət əldə edir. Bu sənət bir az peşəkarlıq, bir az da əziyyət tələb edir. Rejissor görür ki, sən bu obrazı yaratmaq üçün dəridən qabıqdan çıxırsan sənə başqa bir rolu həvalə edir.

 

- Özünüzün ən sevdiyiniz rollarınız hansılar olub?

- Oynadığım bütün rollarımı sevirəm. Hər bir roluma ayrıca sevgim var. Bu günə qədər 50-dən çox rolum olub. Hal-hazırda çoxunu oynayıram və heç birini ayıra bilmirəm.

 

- Özünüzü daha çox hansı obrazlarda görürsünüz? 

- Ümumiyyətlə, mən özümü hər bir rolda görə bilərəm. Rolun önəmi yoxdur, mənfi də ola bilər, müsbət də. Əsas məsələ odur ki, o obraz mənə xoş gəlsin.

 

- Bəzən yaşlı nəslin nümayəndələri ilə gənc sənətçilər arasında gərginliklərin şahidi oluruq. Siz  bu kimi hallarla rastlaşmısınızmı?

-  Gənc Tamaşaçılar Teatrında mənə dəstək olan böyük sənətkarlarımız olub. Onların məsləhətini dinləməyə çalışmışam. Çəkiliş meydançasında da elə sənətkarlar olub ki, onlardan nəsə öyrənmişəm. Normal haldır ki, böyük sənətkarların özlərinə aid kaprizləri olur. Bunu çəkiliş meydançasında, teatrda görmək olar. Amma onu da qeyd edim ki, bu kaprizi etməyə də haqları var. Çünki illərini sənətə, səhnəyə həsr edən sənətkarın kaprizinin olması qəbulolunandır.

 

- Aktyorların adətən mono-tamaşa oynamaq arzuları olur. Sizin də belə bir arzunuz varmı?

- Mono tamaşa arzum yox, fikrim var, amma hələki indi yox. Mono tamaşa oynamaq üçün hələ mənim qarşıda uzun illərim var.

 

- Bu gün yaşıdlarınız olan gənc aktyor və aktrisaların fəaliyyətini bəyənirsinizmi?

- Bəli, bəyəndiyim aktyor və aktrisalar var. Amma əsas məsələ tamaşaçıların bizi bəyənməyidir. Yaşıdım olan-olmayan hər kəsə öz işində uğurlar arzu edirəm.

 

- Bəzən rejissorlarla aktyorlar arasında problemlər yaşandığının şahidi oluruq. Sizin rejissorlarla probleminiz yaranıbmı?

- Bu günə qədər heç bir rejissorla problem yaşamamışam. Bütün rejissorların sənətini yüksək qiymətləndirirəm. Hər bir rejissorun öz dəst-xətti var, mən də onlara uyğunlaşmağa çalışıram.

 

- Aktrisa olaraq daima gözəl və baxımlı qalmaq üçün nə edirsiniz?

- Hər bir xanım işindən, peşəsindən asılı olmayaraq, baxımlı olmağı bacarmalıdır. Aktrisalar daha artıq çalışırlar ki, gözəl və baxımlı olsunlar. Çünki biz tamaşaçi önünə çıxırıq, istər teatr səhnəsindən, istərsə də ekrandan. Xüsusi nələrsə etmirəm. Dəriyə və saçlara daha çox qulluq etmək lazımdır. Amma buna elə də vaxt olmur. Formada qalmaq üçün mütləq idmanla məşğul oluram. Ara-sıra dietlərdən də istifadə edirəm.

 

- Qarşıda hansı planlarınız var?

- Hazırda tətilə çıxdığımıza görə istirahətə gedirəm. Bir müddət dincələcəyik. Yeni mövsümdə yeni işlərlə tamaşaçıların qarşısında olacağıq inşallah. Bəzi şeylər düşünürəm, amma hələ əvvəlcədən danışmayım. Tətildən tam enerji ilə qayıdıb, bir qərar verib işləmək fikrim var.

 

Könül Oruc

Üç nöqtə .- 2020.- 28 iyul – S.12.