“Məni qadın taleləri maraqlandırır”-
Əməkdar incəsənət
xadimi
Mehriban Ələkbərzadə:
“Ətrafımda az adam var”
“Çətinliyin cüzi
məqamlarını söyləyəcəm. Məşq prosesi
zamanı sən böyük kollektivi idarə edirsən. Kollektivi idarə etmək böyük enerji tələb edir. Onları idarə etmək üçün dəmir dözm lazımdır.
Mən öz dilimdə danışıram,
hər kəsin dilin axtaran adam deyiləm. İşimə hörmət edirlər
ki, mənə dözürlər. Bilirsiniz,
kişi rejissora münasibət başqadır, qadın rejissora isə başqa. Qadın rejissora münasibət
yoxlayıcı olur.
Sən kollektivdə inandırıcı
təəssürat yaratmasan,
oradakı insanlar səninlə yola davam etməyəcəklər”.
“Üç nöqtə”
qəzetinin bu dəfəki qonağı
Əməkdar incəsənət
xadimi, rejissor Mehriban Ələkbərzadədir.
-Mehriban xanım, uşaqlığınızla bağlı
nə deyə bilərsiniz?
-1965-ci il avqust
ayının 5-də Gəncə
şəhərində dünyaya
göz açmışam.
Bir neçə ay sonra valideynlərim Sumqayıta
köçüb. Burada 17 saylı
orta məktəbdə
oxumuşam. Uşaqlıqda həddən artıq mütaliə ilə məşğul olurdum.
Atam ədəbiyyatı sevirdi.
Bədii
ədəbiyyata olan maraq atamdan mənə
keçib. Atam Səməd
Vurğun yaradıcılığını
əzbər bilirdi.
Teatr dünyası da ona yad deyildi. Atamla dost idik. Anaya deyilməli olan
sözləri mən atama söyləyirdim.
-Niyə ananıza deyil, atanıza deyirdiniz?
-Anam böyük oğlunu daha çox istəyirdi. Bütün diqqəti qardaşıma göstərirdi. Onu orta məktəbdən gətirib
tez musiqi məktəbinə aparırdı.
Atam da bütün qayğını
mənə göstərirdi.
Onunla nəfəs alırdım.
Amma elə mərhələ gəlir ki, ata ilə dostluq
münasibətində fasilə
olur. Anamı sonralar çox
istədim. O, xəstə
yatdı. Xəstələnəndə anladım ki,
ona lazımam. Öz-özümə dedim ki, onsuz necə yaşamışam?
O zaman onun sevgisini də gördüm, öz sevgimi də ona verdim. İndi
bir şeyi bilirəm, dünyada ana sevgisindən gözəl heç nə yox imiş.
-Rejissor olmaq istəyi nə zaman yarandı?
-Məktəb illərində
oxuduğum əsərlərin
filminə, tamaşasına
baxırdım. Fikirləşirdim ki, bu əsəri
başqa cür də ekranlaşdırmaq və ya səhnəyə
qoymaq olar. Amma onda rejissorluq nədir, anlamırdım.
Məktəbi bitirdiyim
il sənədlərimi
heç bir yerə vermədim. Sonrakı il
rejissorluq ixtisasına
qəbul oldum. Atam rejissor olmağımı istəmirdi. Ona görə də universitetə daxil olduqdan sonra bunu atama dedim.
Peşə seçimim atamın
ürəyincə olmasa
da, etiraz da etmədi.
Universiteti qurtarandan sonra
təyinatımı Lənkəran
Dövlət Dram Teatrına
verdilər.
-Gəlin, elə bu teatrdakı fəaliyyətiniz haqqında
danışaq...
-Bu sənət ocağında
Şıxəli Qurbanovun
“Sənsiz”, Bəxtiyar
Vahabzadənin “Yağışdan
sonra”, Stanislav Stratiyevin “Avtobus”, “Çarəsiz sərnişinlər”
əsərlərinə quruluş vermişəm. Bir şeyi qeyd
etməliyəm ki, Lənkəran Dövlət
Dram Teatrnda çox işlək və istedadlı aktyorlar vardı. Bu teatr
mənim üçün
böyük təcrübə
oldu. 1990-cı ildə Lənkərandan Bakıya gəldim. Elə həmin ildən fəaliyyətimi Bakıda
davam etdirdim.
-Bəs Bakıda
hansı teatrda çalışdınız?
-Mən Bakıya
qayıtdıqdan sonra
Həsənağa Turabovun
dəvəti ilə Akademik Milli Dram Teatrında çalışdım. Əvvəcə
rejissor assistenti kimi, bir müddət sonra isə rejissor kimi fəaliyyət
göstərdim. Səhnəyə qoyduğum ilk tamaşa “Qeys, Leyli” oldu.
O vaxta qədər gördüyümüz “Leyli
və Məcnun”larda motiv eyni idi.
Tamaşada rolları yaşı
30 və ya 40-ı keçmiş insanlar canlandırırdı və
daha çox tamaşa Operanın səhnəsində qoyulurdu.
Bilirsiniz,
16-18 yaşda ölümlə
həyat çarpışır,
sevginin də ən gözəl yaşı məhz budur. Düşünürdüm ki, Qeys və Leylini məhz gənc yaşda olanlar oynamalıdır. Bədii Şuranı
inandırdım. Həsənağa Turabov inanırdı mənə. İlqar və
Sevincin üzündə
sevgi həsrəti vardı.
-“Qeys, Leyli” tamaşası ilə hansı mesajı vermək istəyirdiniz?
-İnsanların seçiminə
mane olmaq olmaz. Bu amil tamaşada bir sosial mesaj
idi. Tamaşa boyu iki gənc qovuşa bilmir. Lakin onların sevgisi
elə yüksəlir
ki, artıq orada insani deyil,
ilahi eşq var.
-Qadın rejissor olmaq asandır, ya kişi?
-Çətinliyin cüzi məqamlarını söyləyəcəm.
Məşq prosesi zamanı
sən böyük kollektivi idarə edirsən. Kollektivi idarə etmək
böyük enerji tələb edir. Onları idarə etmək üçün dəmir dözm lazımdır.
Mən öz dilimdə danışıram,
hər kəsin dilin axtaran adam deyiləm. İşimə hörmət edirlər
ki, mənə dözürlər. Bilirsiniz,
kişi rejissora münasibət başqadır, qadın rejissora isə başqa. Qadın rejissora münasibət
yoxlayıcı olur.
Sən kollektivdə inandırıcı
təəssürat yaratmasan,
oradakı insanlar səninlə yola davam etməyəcəklər.
-Belə bir ifadə
var ki, kişilər
ağıllı qadınları
sevmirlər. Mehriban xanım necə
fikirləşir?
-Təbii ki, sevmirlər. Həm də qorxurlar.
Halbuki, qorxulu heç nə yoxdur. Məsələn, özümdən
deyim, ola
bilər ki, mən qəlizəm, maksimalistəm, amma mən qadınam. Məndə hardasa bir zəriflik
var. Ona görə də məndən qorxmamalıdırlar. Tamaşalara qalanda
özümü orada
da 100 faiz ifadə edirəm. Tələbələrimlə belə müəllim
kimi deyil, gələcəyin rejissorları
kimi, kolleqam kimi rəftar edirəm. Aldıqlarımı 5 gün onlara
verirəm, 6-cı gün
istəyirəm.
-Sizi sevənlər çoxdur, ya sevməyənlər?
-Məni sevməyən ətrafımda deyil. Demək olar ki, ətrafımda az adam
var. Doğma bildiyim
1-2 nəfər var. “Doğma”
ifadəsi məhduddur
məndə. Məni istəməyən
insanın yanımda nə işi var axı?
-Hər bir rejissorun
əsərlərində diqqət
çəkmək istədiyi
məqamlar var. Kənardan dəmir kimi möhkəm və hətta bir qədər də sərt görünən Mehriban Ələkbərzadə
quruluş verdiyi tamaşalarda əsasən
nəyə diqqət edir ? Onu maraqlandıran nədir?
-Məni qadın taleləri maraqlandırır,
bir də dünya faciəsi. Filmlərimin
99 faiz qəhrəmanları
kişilərdir, teatrda
isə qadınlar.
Əslində seçim etmirəm,
mənim üçün
insan var, şəxsiyyət var. Bəlkə
də, mən qadın olduğum üçün onların
taleyi məni daha çox narahat edir.
-Belə bir sual
verim, Mehriban xanım özünü ömrünün hansı
fəslində hiss edir?
-Sizə deyim ki, qarlı havanı çox sevirəm. Amma, məncə, payızdayam.
Qocalmaqdan qaçmıram, qorxmuram, lakin bircə şaxta, boran olmasın.
-Vaxt ayırdığınız
üçün təşəkkür
edirəm.
-Mən sizə minnətdaram. Sənət nümayəndələrini qiymətləndirirsiniz, onları
xatırlayırsınız. Çox sağolun.
Rövşən Tahir
Üç nöqtə .-2020.- 11
iyul –S.12.