"Sırf şahmata
görə həyatda
bəzi səhvlər
etmişəm"
Zeynəb Məmmədyarova
"Ermənilərlə
görüşdən əvvəlki gecə
qızlarımız yatmadılar"
Müstəqil Azərbaycanın
ilk qadın qrossmeysteri, şahmat üzrə gənclər
arasında Avropa və dünya çempionu Zeynəb Məmmədyarovanın
“Report”un suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim
edir.
"Pandemiya dövründə yalnız şahmat geriləmədi"
- Məlum səbəblərə
görə onlayn turnirlər keçirilir. Bunun
şahmatçı üçün nə
effekti var?
- Biz şahmatçılar onsuz da bütün günü onlayn şahmat oynayırıq. Bu, elə bir idman növüdür ki, internetdə asanlıqla məşğul ola bilirik. Eyni zamanda, dünyanın ən nəhəng şahmatçıları - Maqnus Karlsen, qardaşım Şəhriyar Məmmədyarov və digərləri onlayn şəkildə bir-biriləri ilə məsləhətləşir, dərslər keçirlər. Şahmat internet üzərindən də inkişaf etmiş idman növü olduğundan, bizim inkişafımıza təkan verir. Canlı yarışlar olmasa belə, qoymur ki, geriləyək. Müsahibələrdə də bildirildi ki, pandemiya dövründə geri düşməyən yeganə idman növü şahmat oldu. Düzdür, canlı yarışlar daha maraqlı keçir, gözəl xatirələr qalır. Amma onlayn görüşlərdə də yetərincə iştirak etmişik.
- Bundan əvvəl hansında iştirak etmisiniz?
- Bizdə hər həftə “lichess.org”da,
“chess.com”da onlayn yarışlar olur. Yüksək
səviyyəli turnirlər
olmasa da, iştirak edirik. Azərbaycan şahmatçılarına
iki dəfə onlayn seans
da verdim. Uşaqlar hamısı sevinirdilər
ki, Zeynəb üzərində qələbə
qazandıq.
- Keyfiyyət olaraq nə kimi fərqlər var?
- Təbii ki, bu baxımdan canlı oyun daha gözəldir. Nə qədər evdə oturub şahmat oynamaq olar? Bayıra çıxa bilmədiyimizə
görə bu ərəfədə məşqlərimiz
çox oldu. Bu da inkişaf
baxımından daha yaxşı təsir etdi. Mənə elə gəlir
ki, bu dövrdən
sonra canlı şahmat turnirlərində
daha yaxşı nəticələr göstərəcəyik.
"Son vaxtlar gürcülərə uduzmağımız
yadıma gəlmir"
- Son olaraq, 26 may
- Gürcüstanın Müstəqillik
Günü və 28
may - Azərbaycanın Respublika
Gününə həsr
edilmiş şahmat üzrə internet üzərindən
İpək Yolu Kubokunda iştirak etdiniz. Deyəsən, son vaxtlar qonşu ölkədə qadın şahmatı daha güclü inkişaf edib...
- Təkcə son vaxtlar deyil, həmişə belə olub. Qadın şahmatının təməlini
elə gürcüstanlı
Nona Qaprindaşvili qoyub.
İndi də onun yolunu
Nana Dzaqnidze davam etdirir. Düzdür, Gürcüstanda qadın şahmatı güclüdür, amma son
zamanlar Azərbaycanın
qadın şahmatı
da xeyli inkişaf edib. Bu, nəticələrdə də özünü göstərir. Rəqabət artdıqca, qızlarımızın
şahmat səviyyəsi
də qalxır.
Çox
sevindirici haldır.
Son illərdə gürcülərlə yarışlarda
uduzmuruq. Hətta udduğumuz
yarışlar da olur. Çox yaxşı nəticələrimiz
olur.
- Olimpiadada gürcü şahmatçılarla
qarşılaşmışdınız?
- Həm olimpiadada. Həm də Avropa çempionatında hər il
üz-üzə gəlirik.
Son vaxtlar onlara
uduzmağımız yadıma
gəlmir.
- Sonuncu dueldə hesab necə oldu?
- Həmişə 2:2 olur (gülür). Nana Dzaqnidze yaxın rəfiqəmdir. Səhv
etmirəmsə, 2014-cü ildəki
olimpiadada qara fiqurlarla Dzaqnidzeyə qalib gəldim və yekunda 2,5:1,5 hesabı ilə qələbə qazandıq. Həmin yarışda erməniləri
də məğlub etmişdik. Ondan sonra federasiyamızın
vitse-prezidenti Mahir Məmmədov bizə çox gözəl hədiyyələr vermişdi.
Özü çox sevinirdi.
Qafqazın ən güclü
qadın şahmatçıları
olmuşduq. Dzaqnidze
ilə görüşdən
sonra gürcülərin
kapitanı Nino Qurieli mənə yaxınlaşıb
dedi ki, komandanın uduzması onun günahı olub. 2002-ci ildə
Bakıda gənclər
(20 yaşadək) şahmatçılar
arasındakı Avropa
çempionatında da
reytinqinin yüksək
olmasına baxmayaraq, Dzagnidzeyə qalib gəlmişdim. O, həmişə
məni güclü rəqib sayıb. Qureli
2004-cü ildəki yarışdan
sonra demişdi ki, Dzaqnidze mənimlə
oynamaq istəmir.
Bilirdi ki, oyunu alınmayacaq.
Növbəti il Avropa çempionatında Nana yenə
mənimlə qarşılaşmadı.
Birinci lövhədə çıxış
edirdim. Həmin vaxt Bela Xotenaşvili ilə oynadım. Onu da qara fiqurlarla uddum. Yəni, gürcülərə qarşı
nəticələrimiz hər
zaman yaxşı olub. Düzdür, Çin şahmatçıları
qədər olmasalar da, gürcülər bir çox turnirin favoriti olublar. Onlarda ənənə var.
"Ermənilərlə
görüşdən əvvəlki
gecə qızlarımız yatmadılar"
- Ötən il Batumidəki
Avropa çempionatında
3-cü yer tutdunuz. Sizə elə gəlmirmi ki, favorit sayılmadığınız
və üzərinizdə
təzyiq hiss etmədiyiniz
üçün bu nəticəyə imza atdınız?
- Biz onsuz da son illərdə
“5-liy”ə yaxın yerlər
tuturuq. Artıq bütün dünya
bilir ki, Azərbaycanda qadın şahmatı ildən-ilə
inkişaf edir. Bəlkə də 1-2-ci yerlər üçün favorit saymırlar. Amma Almaniya
şahmatçıları ilə 3-4-cü yerləri
bölüşdürdüyümüz turnir də olub. Olimpiadada qadın şahmatçılarımızın
nəticələri kişilərdən
daha yaxşı olur. Avropa çempionatında isə kişilər 3 qat qalibdirlər. Buna sözümüz yoxdur.
- Avropa çempionatında
həlledici məqam hansı oldu: Nə vaxt başa
düşdünüz ki,
artıq medal qazana bilərsiniz?
- Sonuncu turda ermənilərlə
oynayırdıq. Qızlarımızda həyəcan var idi. Hətta zarafat da edirdilər ki, həyəcandan oynamaq istəmirlər. Mən həm
təcrübəli komanda
üzvü, həm böyük bacıları
olaraq onlara hirsləndim. Dedim ki, heç biriniz oynamırsınızsa,
buraya niyə gəlmisiniz? Vaxt olub ki, ermənilərlə qarşılaşanda
federasiya təklif edib ki, oynamaya
bilərsən. Çünki lövhədə yer tuturdum. O vaxt erməni şahmatçılar
bizdən güclü
idilər. Bildirdilər ki, uduzsan, həm medal gedəcək,
həm də komanda yer tuta
bilməyəcək. O illərdə Ümumdünya
Şahmat Olimpiadasında
lövhədə qazanılan
medal belə Azərbaycan
üçün böyük
nəticə sayılırdı.
Onda federasiya rəhbərliyinə dedim
ki, heç vaxt belə şey ola
bilməz, mən mütləq oynayacağam
və udacağam. Qızlara başa saldım ki, mən o vaxt, bax, belə
şahmatçı olmuşam.
“Mən oynamıram”
demək olmaz. Onları psixoloji olaraq özlərinə gətirdim.
Görüşdən əvvəlki gecə
qızlarımız yatmadılar.
Qarşılaşmaya ciddi hazırlaşdılar.
Biz özümüz də onlar üçün
çox gözəl sürprizlər hazırlamışdıq.
Çox
qəribə hisslər
idi. Hər gün içimiz
titrəyirdi. Ermənilərdən güclü komandalarla daha rahat oynamışdıq.
Ermənilərlə qarşılaşmaq çox fərqli bir şeydir. Üzərimizdə həddindən artıq
təzyiq olur. Elə hiss yaranır ki, bunlara uduzmaq
ayıbdır. Düşünürsən
ki, bunlar heç bir işdə bizdən yuxarıda ola
bilməzlər, heç
buna layiq də deyillər. Bu səbəbdən, həddindən artıq məsuliyyətlə oynayırdıq.
Sonuncu dəfə ermənilərə
2006-cı ildə Almaniyanın
Drezden şəhərindəki
Olimpiadada uduzmuşuq.
Ondan sonra ya udmuşuq,
ya da heç-heçə
etmişik. Avropa çempionatında
sonuncu oyunumuz idi. Ona görə bilmirdik
ki, alınacaq, ya yox. Onlardan 1 xal öndə olduğumuz üçün
bizi heç-heçə
də qane edirdi. Amma udduq. Allah hər zaman bizim tərəfimizdədir.
- Mükafatınız nə oldu?
- Bürünc medal (gülür).
Federasiya
rəhbərliyi tərəfindən
hər birimizə 15
min manat pul mükafatı verildi.
Müstəqillik dövründə qadın şahmatının
komanda şəklində
ilk böyük uğuru
olduğundan, dövlətimizdən
də təbrik olacağını gözləyirdik.
Amma olmadı. Bu, o demək deyil ki, həvəsdən düşmüşük. Əksinə,
daha yaxşı nəticələr əldə
etməliyik ki, o təbriki qazanaq.
- İlin
yekununda hər hansı mükafat verilmədi?
- İdman Araşdırmalar
Mərkəzinə təşəkkür
edirik ki, bizi ilin komandası
seçdi. Həmçinin,
hər il
olduğu kimi, 2019-cu ilin yekununda da bir şahmatçımıza
mənzil verildi. Qadın şahmatında qazandığımız uğura
görə bu il məşqçi
Anar Allahverdiyevlə yanaşı, Xanım Balacayevaya da mənzil verildi.
"Şəhriyarın
özü də elə səhvlər edib"
- Əvvəllər
Şəhriyar Məmmədyarova
mənzil verilib. Siz özünüz
necə, mənzil almısınız?
-
2004-cü ildə Prezident
İlham Əliyev mənə mənzil hədiyyə etmişdi. O
vaxt idmançılara
təzəcə evlər
verilməyə başlanmışdı.
Mənə də Səməd
Vurğun küçəsində
yerləşən yeni
tikilidən çox gözəl mənzil bağışlanmışdı. Daha sonra qardaşıma da verildi.
- Bəs bacınız
Türkan Məmmədyarovaya
necə? O da yeniyetmələr arasında
Avropa çempionu olub...
- Bacıma da mənzilin hədiyyə olunacağı gözlənilir.
Çünki onun da böyük nəticələri var. Yeni-yeni
nəticə qazananlara
ev verilməkdədir.
Bacım
Avropa çempionu və üç övlad anası olsa da, hələ
mənzil almayıb.
Bizdə
belədir ki, dünya və Avropa çempionatında yer tutanlara mənzil
verilir. Bacım hələ ki
növbədədir (gülür).
Ümid edirəm ki, ona da verilər.
- Bakıda yox, məhz Sumqayıtda yaşamağınızın
səbəbi nədir?
- Mən həmişə valideynlərimlə yaşamışam.
İldə bir neçə dəfə beynəlxalq yarışlara
gedirdim, Azərbaycanda
az olurdum.
Ona görə də övladlarıma mütəmadi
olaraq valideynlərim baxır. Belə rahatdır. Çünki ya uşağa
baxmalı, ya da yarışlarda iştirak etməli idim.
Namiq Musayev
Üç nöqtə.-
2020.- 4 iyun.- S.15.