"Sırf şahmata görə həyatda
bəzi səhvlər etmişəm"
Zeynəb Məmmədyarova "Ermənilərlə
görüşdən əvvəlki
gecə qızlarımız yatmadılar"
Əvvəli ötən
sayımızda
Müstəqil Azərbaycanın
ilk qadın qrossmeysteri, şahmat üzrə gənclər
arasında Avropa və dünya çempionu Zeynəb Məmmədyarovanın
müsahibəsi
- Keçmiş həyat
yoldaşınız Ülfət Tanrıverdiyev sizin onu məhkəməyə
verərək, mənzili öz adınıza keçirmək
istədiyinizi bildirib. Belə iddialara münasibətiniz
necədir?
- Onunla
ailə həyatı qurandan sonra Sumqayıtda yeni tikilidə
kreditlə mənzil götürmüşdük. Bu krediti hər ikimiz evlilik işləyərək
ödədik. Açığı,
şahmat üçün həyatımda çox şeylərdən
keçmişəm. Ümumiyyətlə,
həyatımda baş verənləri, sadəlövh
olmağımı, çoxbilmiş olmamağımı
sırf şahmatla bağlayıram. Çünki
gözümüzü açandan şahmat
görmüşük. Hər zaman təmiz
mübarizə aparmışıq. Evə
qohumlarımız gəlmirdi, telefon xətti yox idi ki, kiminləsə
danışaq. Heç vaxt rəfiqəm
olmayıb. İşim-gücüm
yalnız şahmatla məşğuliyyətdən ibarət
olub. Dedi-qodu, qeybət bilməmişik.
Heç bir hiyləgərlikdən xəbərimiz
olmayıb, ancaq şahmatı bilmişik. Ona
görə də böyük nəticələrimiz olub.
Sırf bu oyuna qapandığım üçün
həyatda bəzi səhvlər etmişəm. Düzgün seçimlər etməmişəm.
Bunun üçün həyatı daha dərindən
anlamaq lazım idi. Lakin mənim həyat təcrübəm
az idi. Hər kəsi
özüm kimi bilmişəm.
- Bəs Şəhriyardan məsləhətlər
almırdınız?
- Şəhriyarın özü də elə səhvlər
edib (gülür). Yalnız bacımın ailə həyatı
ilk dəfədən uğurlu alınıb. Bilirsiniz, mən çox gözəl, sevgi dolu ailədə
böyümüşəm. Ailə
üzvlərimiz həddindən çox fədakar olublar.
Kişi işi, qadın işi kimi
ayrıseçkilik olmayıb. Hamı
işlərin yaxşı getməyi naminə bir-birinə
kömək edib. Düşünürəm
ki, uğur qazanmaq üçün insana bu cür ailə
lazımdır. İndiki zamanda qadın da pul qazanır, kişi də. Ailənin işi
necə yaxşı gedirsə, elə də etmək
lazımdır. Ömür qısadır,
xoş günlər yaşamaq üçündür. Niyə övladım pis ab-havada böyüməlidir?
Niyə mənim kimi xoşbəxt ailədə
böyüməsin? İstərdim ki, onlar
da mənim kimi deyib-gülən, pozitiv düşüncəli
insanlar olsunlar. Kənardan baxanlar deyə
bilərlər ki, Zeynəbin həyatı çox çətin
olub. Amma bu gün keçmişdəki
çətinliklərimi geridə buraxaraq, həyatımda yeni
və uğurlu səhifə açmışam. Axır ki, düzgün seçim etmişəm.
Axı bədbəxt insan xoşbəxt övlad yetişdirə
bilməz!
"Mən onu heç bir məhkəməyə
verməmişəm"
- Ev mübahisəsi nədən yarandı?
- Ülfətlə
ayrılanda ev haqqında heç bir
söhbət olmamışdı. O, ABŞ-a getmişdi, mən
isə övladlarımla bu evdə yaşayırdım. Bir gün yarışda olanda mənə Sumqayıt
məhkəməsindən zəng etdilər ki, eviniz
bölünüb. Bildirdim ki, axı mən
heç bir məhkəməyə baş vurmamışam.
Söylədilər ki, bölgü Ülfətin
müraciəti əsasında aparılıb. Ümumiyyətlə, bu məhkəmədən xəbərim
olmayıb. Mənə hər şey bitəndən
sonra deyiblər. Xəbəri biləndən sonra Ülfətə
təklif etdim ki, sən öz 50 faizini oğluna ver, mən də
öz payımı qızıma verim ki, mənzil
övladlarımıza qalsın. Lakin o, təklifimlə
nədənsə razılaşmadı. Nəticədə
mən Sumqayıt şəhər Apellyasiya Məhkəməsinə
müraciət etməli oldum. Övladlarıma
da mən baxıram, onların da məsuliyyəti öz üzərimdədir.
Ona görə də evin 2/3-nin mənə və
övladlarıma verilməsinə dair qərar
çıxarıldı. Çünki o,
aliment də ödəmirdi. Hazırda evin iki
kupçası var: 2/3 hissəsi mənə, 1/3 hissəsi ona
aiddir.
- Mətbuatda yazılanlara əsasən,
siz Ülfət Tanrıverdiyevdən Bakının Yasamal rayon
Məhkəməsinə şikayət edərək,
yığılıb qalan aliment borclarınızı tələb
etmisiniz?
- Mən
onu heç bir məhkəməyə verməmişəm. Halbuki bütün saytlar belə bir xəbər
yayıb. Boşanma sənədimizdə
qeyd olunub ki, övladların bütün məsuliyyətləri
anaya buraxıldığına, himayədar mən olduğuma
və uşaqların yaşayış tərzinin dəyişməməsinə
görə, digər valideyn öz maaşının 33 faizini
himayədar valideynə aliment kimi ödəməyə məcburdur.
ABŞ-a yenicə köçərkən, təqribən
15 ayadək qazancla bağlı çətinliyi olduğundan,
alimenti müntəzəm ödəyə bilmirdi. Son bir ildə yaxşı işdə
çalışır. Real
maaşını söyləməsə də, onun yüksək
əmək haqqı aldığını bilirik.
Yaşayış və iş yerinin ünvanı mənə
məlumdur. İstəsəydim, bunu Sumqayıt
şəhər Məhkəməsinə müraciətlə
barəsində beynəlxalq sorğu əsasında lazımi nəticəni
əldə edə bilərdim. Lakin mən
bunu etməmişəm. O, hazırda övladlarına məvacibinin
cəmi 5-10 faizini müntəzəm ödəməyə
çalışır. Alimenti düzgün
ödəməməsinə rəğmən, ona heç bir
məhkəmə açmamışam. Açığı,
belə xəbərləri görəndən şokdayam.
Kimin nədən belə yazdığını
bilmirəm.
- Bəlkə hər şey Apellyasiya
Məhkəməsinin qərarına görədir?
-
Apellyasiya Məhkəməsinin qərarından artıq 2 il keçib. Xəbərdə
yazılıb ki, aliment yığılıb borc
böyüdüyü üçün guya mən Yasamal rayon
Məhkəməsinə müraciət etmişəm. Axı belə bir şey yoxdur. Nə
göndərir, Allahı bilər, özü bilər. Mən övladlarımıza yüksək səviyyədə
baxıram. Mediada xəbərlər
çıxanda ona yazdım ki, bunların hamısı
yalandır, heç birinə inanma. Buna
baxmayaraq, bu cür xəbərlərə münasibət
bildirib. Üstünə də eybəcər
şəkildə öz əlavələrini edib. Həqiqətən xoşagələn olmadı.
Əlimdən gələni etmişəm ki,
övladlarım atalarının uzaqda olmalarını hiss etməsinlər.
Ataları ilə mütəmadi ünsiyyətdədirlər.
"Son zamanlar kimlərsə həyatıma
çirkin işlərlə müdaxilə etməyə
çalışır"
- Bayaq qeyd etdiniz ki, həyatınızda
baş verənləri, sadəlövh
olmağınızı, çoxbilmiş
olmamağınızı sırf şahmatla
bağlayırsınız. Bəs sizi
şahmatla məşğul olmağa nə vadar etdi?
-
1993-cü ildə şahmata başlayanda ölkənin ən
ağır vəziyyəti idi. Biz məktəbi
əla qiymətlərlə oxuyurduq. Mən
gündə 6-7 dənə “5” alırdım. Məktəbə başlamamışdan öncə
28 - 30 bəndlik şeirləri əzbər bilirdim. Xəlil
Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Məhəmməd
Hüseyn Şəhriyar və digər məşhur şairlərimizin
şeirlərini əzbərləmişdim. Atam dedi ki,
qızım, bu gün Azərbaycan dardadır, sən 11-ci
sinfi bitirənə qədər ölkəmiz
üçün heç nə etməyəcəksən. Amma idmançı olsan, gərgin əmək nəticəsində
Azərbaycanı dünyada daha tez tanıda bilərsən.
Biz ona görə şahmatı
seçmişik. Çünki atam ölkəsini
çox sevən, millətçi bir insandır. Bizi də bu ruhda yetişdirib. Həyatımızı
Azərbaycana fəda etmiş insanlarıq. Gündə 10 saat şahmatla məşğul olur,
gecələr yata bilmirdik, yuxularımız pozulurdu. Atam bizi həddindən çox yükləyirdi.
Bu gün uşaqlar gedib məktəbdə 2 saat şahmatla məşğul
olur, sonra da gəlib evdə 1 saata ev
tapşırığını etməklə kifayətlənirlər.
Biz isə laboratoriyadakı alimlər kimi daim
axtarışda idik. 10 saatlıq
şahmatdan sonra 4 saat da idmanla məşğul olurduq ki,
havalanmayaq, bədənimizdə qan dövranı yaxşı
getsin ki, dözə bilək. Buna görə
bizim yüksək nəticələrimiz oldu.
- Şahmatçı Zeynəb
Məmmədyarova necə oldu ki, siyasətə də
qoşuldu?
- Mən
və ailəm ömürboyu Azərbaycan naminə
çalışmışıq. Biz yalnız
idman sahəsində gözəl nəticələrlə
üzdə olan ailəyik. Bu gün siyasətə
qoşulmuşamsa, o demək deyil ki, siyasətçi pisdir.
Heç kimə pislik etmək istəmirəm.
Sadəcə, Prezidentimiz seçkilər ərəfəsində
demişdi ki, millət vəkilləri ancaq deputat statusu
daşımamalı, millətin vəkili olmalıdırlar.
Bu səbəbdən özümü siyasətdə
də sınamağa qərar verdim. Həmçinin
indiyə qədər 1 manat da rüşvət götürmədən
bu yerə gəlib çıxmışam. İnsanlarımıza həqiqətən vəkil
olmaq, onlara kömək etmək istəyirdim. Prezidentimizin çağırışına səs
verdim.
- Düşünmürsünüz
ki, barənizdəki belə məlumatlar məhz siyasətə
qoşulduqdan sonra yayılmağa başlayıb?
- Razıyam. Milli Məclis deputatlığına namizədliyimi irəli sürdükdən sonra mediada haqqımda düzgün olmayan, əsassız xəbərlər çıxmağa başladı. Son zamanlar hiss edirəm ki, siyasətə qoşulduqdan sonra kimlərsə həyatıma çirkin işlərlə müdaxilə etməyə çalışır. Həyatda heç vaxt düşmənim olmayıb. Bu günə qədər ancaq ölkəmə xidmət etmiş, Azərbaycanın adını ucaltmışam. Cənab Prezidentimiz də bizim ailəni yaxşı tanıyır. Haqqımızda yazılanlar mənə pis təsir edir. İnsanlar ucuz və yalan məlumatlara aldanır, mənim kimi bir idmançı haqqında yanlış fikirlərə düşürlər. Halbuki xalqımızın bu yalanlara inanmayacağını, məni aliment “ovçu”su, uşaqlarından istifadə edən bir ana kimi qəbul etməyəcəklərini düşünürdüm. Çünki Zeynəb Məmmədyarova ancaq yaxşı işlərlə məşğul olub. Amma gördüm ki, insanlar ucuz məlumatları bir-birinə ötürməyə meyllidirlər. Bütün saytlar bu haqda yazmağa başladı. Xəbərləri paylaşmadan öncə heç kim zəng edib bunların doğru olub-olmadığını soruşmadı. Bəlkə də hamı bilirdi ki, məndən münasibət öyrənsələr, bunun yalan olduğunu deyəcəyəm və həmin xəbər yayımlanmayacaq.
Namiq Musayev
Üç nöqtə.- 2020.- 9
iyun.- S.15.