"Xatirə
İslamın başı ictimai işlərə
qarışıb"
Gövhər Həsənzadə: “Damla məndən xəbərsiz iki mahnımı ifa edib”
“O zaman sənətdən danışa bilərəm
ki, Azərbaycanın Qızıl Fonduna dünyada tanınan
böyük ciddi bir əsər yazaram. “Dünya klassikasında Azərbaycan
klassikasından da belə bir
əsər var” deyiləndə söyləyəcəm
ki, sənətkaram. Azərbaycanda elə bir bəstəkar yoxdur ki, mən dediyim iddiada olmasın. Hamı dünyada
tanınan operasının, baletinin
olmasını istəyir. Simfoniya
hamımızda var. Böyük
simfonik orkestr üçün hamımızın əsərləri
var. Çünki Konservatoriya bitiririk və bizim diplom işimiz
simfonik əsərdir”. “Üç
nöqtə” qəzetinin qonağı Bəstəkarlar
İttifaqının üzvü, Əməkdar
artist Gövhər Həsənzadədir.
-Bu
ifadəni çox sevirəm: “Vadar etmək”...
- Həyatım rəngarəngdir, çox rəngarəng, bəzən elə rənglərdən ibarət olur ki, heç onların adı belə yoxdur, adı müəyyən deyil. Həyatım çox gərgin, çox dinamik, çox ağır qrafikdən ibarətdir, ona görə də yalnız görəcəyim işlər beynimdədir. Yəni kənar bir şey haqqında düşünə bilmirəm. Oturub kiminləsə söhbət edim, inanın, buna belə vaxtım yoxdur. Demirəm ki, özümü sevirəm, heç kimlə ünsiyyətdə olmaq istəmirəm, sadəcə vaxt məhduddur. Ümumiyyətlə, mən özümü sevən insan deyiləm. Əksinə ətrafda olan insanları sevirəm. Mənə görə, məndən başqa hər kəs haqlıdır. Yalnız özümə tənqidi yanaşıram. Mən başqalarını qınaya, onları tənqid edə bilmərəm. Hansısa bir insanın hansısa bir hərəkəti etməsinə nəyin səbəb olduğunu bilmədən onu müzakirəyə çıxarıb qınaya bilmərəm. Lakin özümə qarşı belə deyiləm, ona görə də deyirəm ki, özümü asanlıqla və tez-tez qınayıram. Bu ifadəni çox sevirəm: “Vadar etmək”. Onu nə vadar elədi ki, bu hərəkəti etdi, bu addımı atdı?! “Vadar etmək” bu ifadənin altında böyük məna dayanır. Buna görə də özümü yalnız günahlandıra bilərəm, mən etməyərdim, mən bu addımı atmayardım. Həmişə deyirəm, hər kəs öz ağlının məhsulunu yeyir.
- Övlad
Allahın sənə
verdiyi əmanətdir...
- Özümü dərk edəndən anlamışam ki, missiyalarım var. Hər zaman fikirləşmişəm ki, heç nə mənim deyil, mənim üçün deyil. Baxmayaraq həyat tərzim çox yüksək olub, amma həyatda öz missiyalarımın, məqsədlərimin olduğunu anlamışam. Lakin heç vaxt heç bir şey istəməmişəm. Uşaqlıqda belə heç bir zaman əlimi uzadıb deməmişəm ki, mən bu konfeti istəyirəm və ya bu oyuncağı istəyirəm. Yaxud evdə deməmişəm ki, mən yatmaq istəyirəm. Əgər yuxum gəlibsə, valideynlərim anlayıb ki, artıq yatmaq vaxtımdır. Məni heç bir şeyə məcbur etməyiblər. Ümumiyyətlə, məcburiyyəti sevmirəm. Azad düşüncəli və azad insanam.
Məni heç nəyə məcbur etmək olmaz, hətta puldan da, vardan da imtina edərəm, yetər ki, azad olum, kiminsə əsarətində olmayım. Ona görə də istəmədiyim heç nəyi etmirəm. Deyirsiniz ki, o, mənə ziyan olsa belə, yenə də etmərsiniz, cavab verim ki, insana ziyan heç nə yoxdur. Yetər ki, ağlı ilə özünü idarə etsin. Əgər insan hissləri ilə özünü idarə edirsə, əlbəttə, hər şey ona ziyan olacaq. Yadınızda bir şeyi saxlayın, bunu siz mənsiz də onsuz bilirsiniz, insan orqanizminə faydalı olan qidaların hamısı dadsız qidalardır, insan orqanizminə zərərli yeməklər isə dadlı. Hissiyatın istədiyi şeylər insana zərər gətirən şeylərdir.
Odur ki, insan ağlı ilə məqsədini idarə etməlidir. İnsan ağlı ilə hərəkət edəndə o dərk edir ki, heç kəsdir, onu Yaradan var, onun cismi belə özünə aid deyil, ona əmanətdir. İnsanlar deyir ki, övlad mənimdir, xeyr, sənin deyil, Allahın sənə verdiyi əmanətdir ki, onu qorumalısan. O, bir insandır, şəxsiyyətdir. Baxmayaraq ki, onu sən dünyaya gətirmisən, onunla istədiyin kimi davrana bilmərsən. Onun da öz düşüncəsi, məntiqi təfəkkürü və fəlsəfəsi var. O, insandır, doğulan andan insandır. Südü verəndə belə sən onu məcbur edib yedizdirə bilmərsən. Mənim övladım heç vaxt gecələr oyanıb ağlamayıb. Bilirsiniz niyə? Çünki mən birinci gündən başa düşmüşəm ki, əmanətdir, ona görə də, yediyim yeməklərə belə diqqət yetirmişəm. Bəzən deyirlər, mənim ürəyim istədi bu yeməyi yedim, istəməsin, əgər sən süd verən anasansa, yeməyinə mütləq şəkildə diqqət yetirməlisən ki, uşaq əziyyət çəkməsin. Ondan ötrü ki, sən bir əmanətə baxırsan. Əgər insan bu kimi fikirlərlə yaşayarsa, ağıllı insan olar.
- Hər kəs öz yerini bilməlidir...
- Heç vaxt demirəm ki, mən səhv etmərəm, mənim çox ağılsız səhvlərim olub. Kiməsə, ailəmə, övladıma belə olan sevgimdən zəifliyimi göstərib sonra peşman oluram. Mən də bu dünyaya ağılsız gəlib ağıllanıb getmək istəyən bir insanam. İnsanda iki dənə qərar vermə strukturu var; ağıl və hiss. Ya ağlınla qərar verəcəksən, ya da hissinlə, üçüncü yoxdur. Vicdan, həqiqət, haqq və s. bunların hamısı ağıla aiddir. Bunların hamısı ağılla idarə olunur. Biri də var hiss. Hissiyatda isə sevgi, zövq, iştah və s. cəmləşir. Deyir, hissimlə bacarmıram, bu insanı sevirəm, bu insanın qarşısında acizəm. Allah bizi yaradıb, ağıl da verib, sevgi də. Vicanı təmiz olan insan heç nədən qorxmamalıdır. Vicdanlı insanı heç kim tək qoymaz. Bu həyatda bilirsiniz, kim uduzur? Olduğundan artığına iddialı olan adam. Hər kəs öz yerini bilməlidir. Heç vaxt başqasının yerinə iddialı olmamışam.
- O zaman sənətdən danışa bilərəm ki, ...
- Bu günə kimi yazdığım bütün mahnıları 50 dəfə dəyişirəm, dəfələrlə üzərində düşünürəm. Mahnını ətrafımda olan hər kəs bəyənsə də, yenə də özlüyümdə düşünürəm ki, onu tamaşaçı sevəcək ya yox? Bugün də mahnı yazanda fikirləşirəm ki, bəlkə, alınmadı. Bəlkə, bu hardasa səslənmişdi. Bəlkə, əvvəlki mahnımdan nəyisə təkrar eləmişəm. Əlli nəfərdən soruşuram ki, hansısa mahnıya oxşamır? İnsanlar mahnımı bəyəndikdən sonra mən artıq qəbul edirəm ki, mahnı, həqiqətən də, yaxşıdır.
Düzdür, elə mahnılar da var ki, 15-20 ildir səslənir, amma bilmirlər ki, bəstəkarı mənəm. Bu hal mənə güvən verir. Ki, mənim yanımda deyirlər, bu mahnı yaxşıdır, amma bilmirlər ki, mahnı mənimdir. Bu günə kimi nə etmişəmsə, üzərimdə əziyyəti olan müəllimlərimin, Cövdət Hacıyev kimi korifeyin öyrətdikləri sayəsində etmişəm. Onların mənə öyrətdiklərini hələ ki, sübuta yetirirəm. Bəstəkarlar İttifaqının üzvüyəm.
O Bəstəkarlar İttifaqının ki, üzvləri Qara Qareyev, Üzeyir Hacıbəyov, Fikrət Əmirov olub. Bu bilirsiniz, nə deməkdir? Əlbəttə, bu mənim üçün fəxrdir. Özümü hər zaman borclu hesab edirəm ki, yazmalıyam, pozmalıyam. Bütün gördüyüm işlər özümə hesabatdır. O zaman sənətdən danışa bilərəm ki, Azərbaycanın Qızıl Fonduna dünyada tanınan böyük ciddi bir əsər yazaram. “Dünya klassikasında Azərbaycan klassikasından da belə bir əsər var” deyiləndə söyləyəcəyəm ki, sənətkaram. Azərbaycanda elə bir bəstəkar yoxdur ki, mən dediyim iddiada olmasın. Hamı dünyada tanınan operasının, baletinin olmasını istəyir.
Simfoniya hamımızda var. Böyük simfonik orkestr üçün hamımızın əsərləri var. Çünki Konservatoriya bitiririk və bizim diplom işimiz simfonik əsərdir. Amma o böyük operanın, baletin, kantatanın müəllifi olmaq istəməyən bəstəkar yoxdur. Belə bir həkim yoxdur ki, o, akademik olmaq istəməsin, belə bir akademik yoxdur ki, o, dünyaya yeni bir elmi iş təqdim etməsin. Eləcə də bizdə.
- Hər bir şeyin günahı
efirlərdədir...
- Hər bir şeyin günahı efirlərdədir, bu sözü deyirəm, yenə də məni efirlərə dəvət edirlər. Mən demirəm ki, efir ideal olmalıdır. Mən deyirəm ki, tamaşaçı ilə rahat ünsiyyət qurun. Baxın, biz 5 yaşındakı uşaqla 15 yaşındakı yeniyetmə ilə danışdığımız kimi danışırıq? Əlbəttə, xeyr. Tamaşaçıya qeyri-peşəkar şeyləri vermək olmaz. O, elə biləcək ki, verilən elə bu qədərdir. Gətirib düşbərə suyunu ayrı bir qabda, düşbərəni isə bişməmiş unlu şəkildə başqa bir qabda süfrəyə qoyaq. Bunu etsək, gülərsiniz. Bax, biz efirdən tamaşaçıya belə təqdim edirik. Tamaşaçı ona görə başa düşmür, bu nədir.
Danışanda isə deyirlər ki, düşbərədir də. Bax bulyonu var, xəmiri də var, içində əti ilə. Söyləyirlər, bəyəm bu nədir? Dolmadır, ya başqa yemək? Mən də deyirəm ki, üzümə niyə dirənirsən? Bu düşbərə deyil. Sən mənə çiy düşbərə vermisən, mən yeməyə düşbərə istəyirəm. Çiy yeməyi niyə gətirmisən? Burda artıq ilişib qalırlar. Çünki çiy düşbərə yemək deyil. Deyirəm, bunu özünüz yeyin. Ya da birlikdə yeyək. Yeməyəcəklər. Özləri yemədiyi yeməyi bəs niyə xalqa verirlər? Niyə? Çünki onların övladları xaricdə təhsil alıb, başqa ölkədə efirlərə baxıb. Özləri qəbul etmədiklərini tamaşaçıya verilər. Olmaz. Sadə bir sual verirəm, kanal rəhbərlərinin ailə məclislərində o efirdən təqdim etdikləri müğənnilər niyə oxumur? Niyə avtomobillərində o müğənnilərə qulaq asmırlar? Niyə xarici mahnılara, retroya, seçmə musiqilərə qulaq asırlar? Bəs yaxşı efirdən niyə tamaşaçıya o müğənniləri təqdim edirlər? Mənim kimi bilən qulaq asmır. Amma tamaşaçı məcbur dinləyir.
- Damla
heç bilmir, onlar mənim mahnılarımdır...
- Damla Azərbaycan müğənnisidir, oxuyur. Hər kəs Damla kimi tam formalaşmamış bu səhnəyə gəlir. Efirə çıxana qədər bir neçə etapdan keçir, peşəkarlarla işləyir və formalaşır. Damla səhnəyə öz ifası səviyyəsində gəlib və onu da çıxarıb efirdə təqdim edirlər. Damla solo konsertində məndən xəbərsiz iki mahnımı ifa edib. Bu barədə İtaliyada səfərdə olanda bilmişəm. Deməli, Damla peşəkar bəstəkar musiqisinə meyillidir. İstəyir oxumaq. Sadəcə onu düzgün yönəldən yoxdur. Niyə bəstəkarla müğənnini üz-üzə qoyuruq? Əgər Damla məni istəmirsə, niyə məndən xəbərsiz mahnılarımı oxuyub? İnanın, Damla heç bilmir, onlar mənim mahnılarımdır. Amma Damlanın daxili duyumu bu mahnıları istəyir.
- Xatirənin
başı bu dəqiqə Gövhərdən
çox ictimai işlərə qarışıb...
- Xatirə İslama belə bir sual verin, Gövhər Həsənzadə ilə axırıncı dəfə nə zaman bir araya gəlib mahnı haqqında danışmısan? İli deməsə də, heç olmasa əsri desin, inanın mənə deyə bilməyəcək. Ən çox “niyə” sualını verən mənəm. Bir Xatirədən soruşun, niyə mənə yaxınlaşıb mahnı soruşmur? Mənə görə, müğənni bəstəkara müraciət etməlidir. Mən bütün müğənniləri necə yığım ki, durun, bizə gəlin. Müğənni bəstəkarı seçir. Çünki mahnını müğənni ifa edir. Müğənnini zorla ifa etdirə bilmərsən. Xatirənin bu dəqiqə başı Gövhərdən çox ictimai işlərə qarışıb.
Amma Xatirəyə sual edən lazımdır ki, sən Gövhərin yanında nə zaman olmusan? Xatirə uşaqlarımın içində ən ərköyünüdür. Otura-otura, elə deyir, mənə mahnı verin. Eybi yox, qoy məndən şikayət eləsin. Gərək, Xatirəni çağıram ki, gəl, mahnı oxu, daha danışma. Oxuyandan sonra 1-2 il mənim haqqımda danışmayacaq. Bunu da deyim, Xatirə elə müğənnidir ki, mən nə deyirəmsə, eləyir. Xatirə işlədiyim müğənnilər içərisində mənim sözümə ən çox baxan müğənnidir. Ümumən ərköyün olsa da, məsuliyyətlidir. Zəng vurum ki, sabah 11-də bizdə ol, mahnı üzərində işləyək, gələcək. Xatirənin minusu odur ki, gözləyir, bəstəkar onu çağırsın. Xatirə bugün mənə ona görə əsəbidir ki, mən hər şeyi hazır edib onu çağırmıram.
Rövşən
Tahir
Üç nöqtə.- 2020.- 9
iyun.- S.12.