“Hər kəsi bağışlamaq
lazımdır”
Rada Nəsibova: “Teatrda
tamaşaçı nəfəsini hiss edirsən”
“Hər zaman ətrafıma
güclü görünməyə
çalışmışam. Heç bir zaman
istəməmişəm ki, kimsə mənim hansısa çətinliyimi
bilsin. Həyatda heç vaxt sınmış
görünməyə çalışmıram. Bax o çətinliklər olanda bəzən
zamanın axarına buraxıram. Axı, hər
qaranlıq gecənin bir işıqlı sabahı var”. “Üç nöqtə” qəzetinin qonağı
aktrisa Rada Nəsibovadır.
-Nə
düşünürsünüz, sizcə, hər kəsi
bağışlamaq lazımdır?
-Mən hər
zaman söyləmişəm ki, hər kəsi
bağışlamaq lazımdır. Düzdür,
bağışlayırıq, amma münasibət əvvəlki
kimi olmur. Belə bir cümlə var, səni
bağışlayıram, amma əvvəlki kimi qucaqlaya bilmirəm,
çünki qollarım qırılıb düşüb
yanıma. Ona görə də nə qədər
də bağışlasan, qəlbdə olan inciklik elə qalır.
Allah bağışlayandır, biz də
bağışlamalıyıq.
-İllər sizi çox dəyişir?
-Bəli,
illər məni çox dəyişir. Əvvəl
hər şeyə çox tez inanan, insan yıxılanda belə
ağlayan biri idim. Lakin zaman keçdikcə
soyuqqanlı oldum. Daha çox güclü
oldum. Bəzən deyirlər ki, insan
doğulanda həyatında yaşıl işıq olur. Məndə elə olmayıb, həyatım istər
şəxsi, istərsə də sənətdə, keşməkeşli
və çətin olub. O qədər gözləmədiyim
hadisələrlə üzləşmişəm ki. İlk vaxtlar deyirsən ki, yəni həyatda belə
hadisələr baş verə bilər? Əvvəl
onun şokunu yaşayırsan, zaman keçdikcə isə bu
artıq səndə adiləşir. Düz söyləyiblər,
insanın “olmaz” dediyi hər şey ola
bilir.
-Həyatın enişli-yoxuşlu
yollarında Rada Nəsibova...
-Mübarizə
aparır, bəzən nələrdənsə imtina edir, bəzənsə
susub səbrlə gözləyir. Mübarizədən
danışdıq, qeyd edim ki, insan nəyəsə nail olmaq
istəyirsə, mübarizə aparmalıdır. Əgər
nail olacağın səndən asılıdırsa,
mübarizə aparmalısan. Səndən
asılı olmayan tale, qismət kimi şeylərdə
artıq heç nə etmək mümkün deyil.
Yalnız insanlıq uğrunda mübarizə aparıram,
şan-şöhrət, dünya malı
üçün heç bir zaman mübarizə aparmıram.
-Bəs Rada xanım hansı
məqamlarda susur?
-Mən hər
zaman ətrafıma güclü görünməyə
çalışmışam. Heç bir zaman
istəməmişəm ki, kimsə mənim hansısa çətinliyimi
bilsin. Həyatda heç vaxt
sınmış görünməyə
çalışmıram. Bax o çətinliklər
olanda bəzən zamanın axarına buraxıram. Axı, hər qaranlıq gecənin bir
işıqlı sabahı var. Nəyə susmaram? Haqqıma girilərsə, susmaram. Zamanında çox susmuşam, amma bundan sonra
susmaram.
-İnsan ağlayırsa, onun
qəlbi yanır. Sizi daim
obrazlarda ağlayan görmüşük. Bu
göz yaşları qəlbinizin yanğısıdır,
yoxsa obrazdan doğan hallar?
-İnsanın qəlbi yanmasa, o göz yaşları təbii
olmaz. Var obrazı oynamaq, var ki, rol artıq sənin
üstünə oturur. Bəzən
düşünürəm, tək yaşadıqlarım deyil,
həyatda gördüklərim mənə təsir edib deyə
mən obrazlarımda göz yaşlarını təbii
axıdıram. Bu bir az da həssas
olmağımdan irəli gələn məsələdir. Mən
bayaq dedim ki, zaman mənə çox güclü
olmağı öyrətdi. Mən əslində
kənarda güclü görünən, lakin həssas bir
insanam. Özümü kiminsə yerinə
qoymağı bacarıram. Oynadığım
rolda da belədir. Başqasının
taleyinə acıya bilirəm. Bir haşiyəyə
çıxım, bir dəfə məşq vaxtı idi, evdən
zəng gözləyirdim. Mənə
çox əziz olan bir insan xəstəxanada idi və cavablar
pis gəlmişdi. Cavabların nəticələri
mənə məşqin ortasında deyilmişdi. Məşqi dayandırıb, çölə
qaçmışdım və ağlamışdım.
Həmin anda rejissorumuz yanımızda idi və mənə belə
bir cümlə dedi: “Çoxdandır, ağlayan insan görməmişdim,
səni gördüm. Ağlayırsansa, deməli
insansan”.
-Qəlbinizin səsini çox dinləyirsiniz?
-Bəli,
dinləyirəm. Qəlbim məni heç bir
zaman aldatmayıb. Ürəyimin səsini
dinlədiyim anlarda uğur qazanmışam. Bəzi anlarda onu dinləməyib nəsə
etmişəm, lakin görmüşəm ki, uduzmuşam.
Hər şeyi əvvəlcədən hiss edirəm. Düzdür, günah hisslərində
ağlımı dinləyirəm. Məsələn,
ürəyim deyir, bunu elə, amma ağıl deyir, olmaz.
O zaman ağılı dinləyirəm. Ağılla
baxıram ki, bu şey başqasında səhvdir,
günahdır, onu etmirəm.
-Uğur əziyyətlərin nəticəsidir.
Uğurlu aktrisasınız. Əziyyətləriniz
çox olub?
-Mən
bir il imkansızlıqdan sənədlərimi
Universitetə verə bilməmişəm. Atasız
böyümüşəm mən. Oxuya-oxuya
teatrda işləmişəm. Kənardan hər
şey elə gözəl görünür.Uğurlu aktrisa
(ani pauza). Bunu eşitmək mənə
çox xoş oldu. Bu gün çox sevilirəm.
İnsan var ki, tək aktrisa kimi sevilir, amma mən
insan kimi də sevilirəm. Bu mənim ən
böyük qazancımdır. Hər insan
bunu qazana bilmir ki, ətrafda onu insan kimi də sevsinlər.
-O kəslərdən olmaq istəyirəm
ki,...
-Mən
gedəndən sonra arxamca yaxşı iz qoyum. İnsan
kimi yaxşı iz qoyum. Heç nə bu
dünyada əbədi deyil. Mən
aktrisayam, istəyərəm ki, yaddaşlara həkk olunan
rolları qoyum gedim. Sənətdən
öncə mənim üçün insanlıqdır. Ona görə də yaxşı əməllər
qoyub getmək istəyirəm. Uşaqlıqdan
həmişə böyük xeyriyyəçi olmaq istəmişəm.
Belə insanlarla xoş münasibət qurursan,
amma daha böyük işlər üçün imkan
olmalıdır. Ona görə həmişə
Allaha demişəm ki, nə zamansa böyük imkanım olsa,
xeyriyyəçi olacam.
-Teatr sizin üçün nə deməkdir?
-Teatr mənim
üçün hər şey deməkdir. Filmlərə
də çəkilirik, seriallara da, amma teatr tamam fərqli aləmdir.
Kinonu da sevirəm, amma teatr səhnəsinin sehri
tamam başqadır. Bir müddət
tamaşa oynamayım elə bilirəm ki, sıxılıram.
Çəkilişim var, amma teatr olmayanda mən,
sanki, boğuluram. Teatrda yaşayırsan,
onun səhnəsində günü-gündən inkişaf
edirsən. Teatrda tamaşaçı nəfəsini hiss
edirsən.
-Elə bir obraz var ki, onu
oynamamısınız, amma istəyirsiniz?
-Çoxdur,
belə obrazlar. Daha çox Şeksprin əsərlərində
istəyərdim, oynayım. İstəyib
oynadığım rollar da olub. Cəfər
Cabbarlını çox sevirəm. İlk
səhnəyə gəlişim də Cəfər
Cabbarlının əsəri olub. “Oqtay
Eloğlu”da “Sevər”i oynamışam. Hər
zaman arzum olub ki, tarixi əsərlərdə qəhrəman
qadın obrazlarını canlandırım.
-İnsanlar hər zaman ətrafda
nələrəsə diqqət yetirir. Siz nəyi daha çox izləyirsiniz?
-Hərdən
parkda gəzirəm, bax o zaman insanları izləyirəm. Taksidə olanda hərdən sürücü piyadaya
siqnal verir ki, keç. Mən o zaman
qayıdıb deyirəm ki, o sizi görmür, fikri sizdə
deyil. Aktrisa kimi insanların xarakterinə
daha çox diqqət yetirirəm.
-İtirmək qorxusu...
-Əvvəl o qədər pis idi, məndə. Tək sevgidə
deyil, hər şeydə. Adi qonaq gəlib
bizdə qalıb getdikdən sonra çox pis olurdum.
Qonağın gedişindən sonra boşluq hiss edirdim. Ayrılıqları sevmirəm, heç sevmirəm.
Ayrılıqdan danışırıq, mən
kövrəlirəm.
-Gecələri sevirsiniz?
-Gecələri
sevirəm, çünki gecələr mənim həmsöhbətimdir.
Həyata keçməyən arzularımı
gecələr özümlə danışıram. Gecələrdə insan özü olur, sevinci ilə,
kədəri ilə, doğrusu, yalanı ilə.
İnsanı özündən başqa heç kim yaxşı tanıya bilməz. Gecələr isə insan özü ilə tək
qalır. Mən həyatımı planla
yaşayan adamam. Gecələr bax o
planları qururam.
-Rənglərin fəlsəfəsinə
inanırsınız?
-İnanıram, rənglər insanın xarakterinə təsir
edir. Əvvəllər
qara rəng geyinirdim, çox ciddi olurdum, az
hallarda gülürdüm. Anam yavaş-yavaş
geyim rənglərimi dəyişdi. Hazırda
rəngarəng geyimlər geyinirəm və indi çox nikbinəm.
-Hər bir aktyor və aktrisanın
kiçik bir dünyası var. Bu kiçik dünyanı necə
təsvir edə bilərsiniz?
-İncəsənət adamları o qədər həssas
və gözəl qəlbli olur ki, kiçik dünyada
yalnız yaxşı şeyləri yaşadır. Rollarını,
səhnəyə çıxışını,
tamaşanın sonunda təzimə gedərkən
tamaşaçı alqışını bax o dünyaya
sığdırırsan. Öz
dünyası ilə yaşayır aktrisa. Hər
zaman.
-Tamaşa bitəndən sonra təzimə
gedərkən səsli-küylü alqışlar içərisində
nə hiss edirsiniz?
-Çox
qəribədir ki, təzimə gedəndə maraqlı hisslərlə
əhatə olunuram. O zaman çox xoşbəxt oluram. Tamaşaçıların hər birini
ayrı-ayrılıqda görürəm. Paklonda
izləyicilərin gözlərinə baxıram, onların mənə
o alqışlarla demək istədiyini duyuram.
-Paklondan sonra nələr baş
verir?
-Deyirəm,
yaxşı ki, aktrisayam. Bilirsiniz, o
alqışlar nəyə desəniz dəyər. Evə gedəndə inanın, özümü
xoşbəxt hiss edirəm. Obrazı
uğurla oynayan aktrisa onun və alqışların təsirində
bir neçə saat qalır.
-Məsləhət almağı
sevirsiniz?
-Bəli,
sevirəm. Məsləhətsiz həyat olmaz.
Deyirlər, ağıl ağıldan
üstündür. Anama deyirəm ki, bunu
belə etmək istəyirəm, xeyir-dua ver. Anam bilir ki, mən
heç vaxt səhv etmərəm. Anam mənim
böyüyümdür, onsuz hərəkət etmərəm,
bir addım atmaram.
-Yer üzərində missiyamız nədən
ibarət olmalıdır?
-Mən
bir az öncə dedim, mənim çoxlu
pulum olsa, bahalı maşınlar, villalar istəmərəm. Hər şey qaydasında gözəldir. Bahalı maşın olmasın, məni harasa apara
biləcək maşın olsun, fərqi nədir ki?! İnsanlar mənə görə insanlara dayaq
olmalıdır. Hər kəs bir-birinə
kömək etməli, qayğı ilə
yanaşmalıdır.
-Faktların arxasında
qanunauyğunluqlar, qanunauyğunluqların arxasında
insanın həyat əsasları dayanır. Belə
çıxır ki, bizim həyatımızda baş verən
hər bir şey təsadüfi deyil, zəruridir. Sizin
üçün təsadüf, yoxsa zərurət?
-Mənim
fikrimcə, həm zərurət var, həm də təsadüf.
Yəni bu suala cavab olaraq “təsadüfi zərurət”
deyirəm. Bilirsiniz, bəzi şeylər
var ki, onların baş verməsi zəruridir. Bəzi şeylər isə təsadüfən olur,
insan onun baş verəcəyini gözləmir, amma baş
verir.
Rövşən Tahir
Üç nöqtə.- 2020.- 13
iyun.- S.12.