“Günlər
keçir. Ancaq izsiz yox…
Nizami Cəfərov: “Keçən genlər barəsində daha tez-tez
düşünürəm”
əvvəli ötən
sayımızda
İndi camaat
Vladimir Dalın lüğətinə inanmır...
Namizədliyimi də, doktorluğumu da sovet dövründə müdafəi eləmişəm. Müstəqilliyimizin ilk illərində isə öz Ali Attestasiya Komissiyamız yaradıldı.
…AAK-ın sədri akademik Azad Mirzəcanzadə hərdən müxtəlif regionlarda birdəfəlik müdafiə şuraları yaradırdı. Bir şuranın iclası da Şəkidə keçirilməli oldu. Bəxtiyar Vahabzadə sədr, mən müavin idim.
Azad müəllimlə bircə dəfə görüşmüşdüm, o da professorluq attestatımı almağa gedəndə. Ancaq bu böyük alimin qəribəlikləri barədə çox eşitmişdim… İçəri girəndə sərbəst geyimimə baxıb «cavan oğlan, bu sənin həyatında ən yadda qalan günlərdən biridir, ancaq sən elə bir geyimdə gəlmisən ki…» dedi. Və attestatı narazı-narazı mənə uzatdı… Bərk isti idi, nəfəs çəkmək olmurdu. Attestatı ala-ala Azad müəllimin yaxası açıq, səliqəsiz köynəyinə nəzər saldım. Gülmüsündü, «mənə baxma, qoca kişiyəm» dedi.
… O qədər də kiçik olmayan bir qrupla ilə Şəkiyə gedirdik. Yolda əyləşib çay içəndə Azad müəllim özünəməxsus zərif bir yumorla məndən soruşdu:
- Sən özünü çox bilikli sayırsan?
Təvazökarlığın yeri deyildi.
- Əlbəttə, - dedim.
Ətrafda əyləşənləri göstərib:
- Mən bu görkəmli alimlərə bir sual verdim, bilmədilər… Bəlkə, sən biləsən… Şekspirin məşhur əsərində Hamlet kök təsvir olunur, ya arıq? – deyə soruşdu.
Azacıq düşünüb cavab verdim:
- Azad müəllim, ədəbiyyatda bütün aşiqlər, üsyançılar, adətən, arıq təsvir olunur. Siz ki, bu sualı verirsiz, deməli, Hamlet kök imiş.
- Olmadı, sən sualın cavabını bilmirdin, məntiqlə tapdın. Ayrı sual verəcəyəm… Dilçisən də… «İblis» sözü nə mənşəlidir?
- Yəhudi.
- Tofiq Həcıyev sənin elmi rəhbərindir, elə?
- Bəli.
Üzünü Tofiq müəllimə çevirdi:
- Tofiq müəllim,
sizin fikriniz necədir?
- Mən
də o fikirdəyəm ki, qədim yəhudi mənşəlidir.
Azad
müəllim gülümsünüb dedi:
-Elmi rəhbəri
bilməyəndə tələbəsi hardan bilsin, – dedi.
Və cibindən bir bloknot çıxarıb
açdı, bizə göstərdi. Vərəqlərin birində
yazılmışdı: «İblis – slovo drevneqreçskoye
proisxojdeniya». Qalib ədası ilə soruşdu:
-
Gördünüz?
Gərginliyi
aradan qaldırmaq üçün zarafatla:
- Azad
müəllim, indi camaat Vladimir Dalın lüğətinə
inanmır, istəyirsiniz, sizin bloknota inanaq?..
– dedim.
Bir
söz demədi…
«Şair, hökmdarın
hüzurundasan!..»
Yusif Səmədoğlu
uzun illər yaradıcılıq qurumlarına rəhbərlik
etmişdi, ancaq onun rəhbərliyi altında
çalışmış insanların (onlar da
yaradıcı şəxslər idilər) hamısı deyirdi
ki, Yusif müəllimdə inzibatçılıqdan əsər-əlamət
yoxdur, tez-tez iclas keçirməyi, dedi-qodunu, kimisə
müzakirə obyektinə çevirib pisikdirməyi və ya həddindən
artıq tərifləyib ağlını başından
çıxarmağı xoşlamır…
Yusif Səmədoğlunun
həyat tərzi, iş (və idarəçilik) üsulu barədə
ən dəqiq, ən maraqlı fikirləri, mülahizələri,
yəqin ki, uzun illər onunla birlikdə
çalışmış böyük
yazıçımız Seyran Səxavətdən gözəl
heç kim qələmə almayıb. Və
onun bir müşahidəsi tez-tez yadıma düşür… Yazır ki, Yusif Səmədoğlunun evində bir
tutuquşu varıydı. Ömrümdə
ondan tərbiyəsiz tutuquşuya rast gəlməmişdim.
Çünki ağzını açanda
ana-bacı söyüşü eləyirdi.
Və
Seyran Səxavətin bir xatirəsi də yadımdan
çıxmır… Yazır ki, təcili Moskvaya
getməli idim. Axtarıb baş redaktoru –
Yusif Səmədoğlunu tapa bilmədim ki, icazə alam.
Ona görə də icazəsiz getməyə məcbur oldum… Moskvada Mərkəzi Yazıçılar Evinin
barına girəndə baxdım ki, Yusif müəllim bir
neçə adamla orda əyləşib. İstədim
aradan çıxam, ancaq məni görüb yanına
çağırdı. Soruşdu ki,
Seyran, nə yaxşı gəlibsən? Dedim, sizi
axtarırdım, Moskvaya getmək üçün icazə
alam… Dedi, problem yoxdu…
Səməd
Vurğunu Yusif Səmədoğlu qədər dərindən
dərk eləmiş ikinci, yaxud üçüncü bir adam (mütəfəkkir!) təsəvvür eləmək
son zamanlara qədər çox çətin idi.
Yusif Səmədoğlu
Səməd Vurğun yaradıcılığının fəlsəfəsini
dahi şairin öz misraları ilə izah edirdi:
«Şair,
hökmdarın hüzurundasan!..» Və elə bilirəm ki, qətiyyən səhv eləmirdi,
əksinə, gələcək (daha obyektiv!) tədqiqatlar
üçün istiqamət verirdi.
Növbəti seçkidə
akademiklik – həqiqi
üzv yerinə namizədliyimi vermədim
90-cı illərin ortalarında xəbərlər gəlməyə
başladı ki, on illik fasilədən sonra yenidən
Akademiyaya seçkilər keçiriləcək.
Akademiyanın prezidenti Fərəməz Maqsudovla birlikdə
bir qrup elm adamı İranda idik. Və bu barədə söhbət
düşəndə Fərəməz müəllim mənə
dedi ki, sən də namizədliyini verərsən, cavanlara
müəyyən üstünlüklər veriləcək. Ona nə qədər hörmətim olsa da, dediyini
ciddi qəbul eləmədim. Ancaq
dostların məsləhəti ilə namizədliyimi verdim.
Belə bir adət vardı, yəqin indi də qalır,
namizəd bir-bir bütün səs verən akademiklər,
müxbir üzvlərlə görüşüb onlara
özünü təqdim etməli, seçkidə səs vermələrini
xahiş eləməli idi. Dostum filosof – professor Həmid
İmanovun təkidi ilə əvvəl bir qazaxlı müxbir
üzvün yanına getdik, ağlımız bir şey kəsmədi.
Sonra bir gədəbəyli akademikin yanına getdik, o da dedi ki,
səs verərəm, ancaq gözüm yaxşı
görmür, yaddaşım da korlanıb, gərək səsvermə
vaxtı bir adam yanımda olub yadıma
salsın, sonra kimə səs verəcəyimi göstərsin…
Sağollaşıb çıxanda Həmid
müəllimlə bir-birimizə baxıb gülümsədik.
Dedim ki, İmanov, gəl bu görüşmələri
yığışdıraq, «bekara» işə oxşayır.
Və tərkini verdik…
Seçkilər üç-dörd ildən sonra baş
tutdu. Onda artıq millət vəkili idim. Düşünürdüm ki, bu, bəsdi, adama nə
qədər səlahiyyət vermək olar? Yəqin ki,
seçməyəcəklər… Ancaq müəllimlərim –
Ağamusa Axundov, Tofiq Hacıyevlə birlikdə məni də
müxbir üzv seçdilər… Gizlətmirəm,
sevincimin həddi-hüdudu yox idi. Bir də ona görə
ki, akademik Cəlal Əliyev məni müdafiə eləmişdi…
Və bu, böyük şəxsiyyətin təmənnasız
bir münasibəti idi.
Növbəti seçkidə akademiklik – həqiqi üzv
yerinə namizədliyimi vermədim. Çünki bir yer
var idi, o da Ağamusa müəllimin olmalıydı. Təkid
edənlər, yalnız mənə səs verəcəklərini
deyənlər də oldu, ancaq imtina elədim, çünki
olmazdı…
Azərbaycan MEA-nın müxbir üzvü kimi bu
böyük elm məbədinin işlərində iştirak
etmək mənə həmişə xüsusi zövq verib.
Nizami Cəfərov ordadırsa, mən
keçməyəcəm
… Tarix İnstitutuna direktor seçkisi gedirdi. Mən də səshesablama komissyasının
üzvü idim. Bir namizəd vardı –
akademik İqrar Əliyev. Səsvermə
zamanı xəbər gəldi ki, qoca akademik həyəcanlıdır,
deyir ki, Nizami Cəfərov ordadısa, mən keçməyəcəm.
Azərbaycan
tarixində türklüyün mövqeyini heçə
çıxarmağa çalışan bu şəxs ona
ünvanladığım açıq məktubun cavabı
olaraq böyük bir məqalə – cavab yazmışdı, təhqirlərlə
dolu idi… Bayırda oturub həyəcanla səsvermənin nəticəsini
gözləyən akademikə yaxınlaşıb:
-
İqrar müəllim, narahat olmayın, mən sizə səs
verəcəyəm, - dedim.
Ətrafdakılar:
-
İqrar müəllim, axı sizə dedik ki, Nizami elə adam deyil, - deyəndə əlavə elədim:
- Ancaq
İqrar müəllim indiyə qədərki
günahlarına görə hər halda nə vaxtsa narahat
olmalı idi…
Ən çox
düşündüyümüz ortaq türkcə məsələsi
olub
…Müxtəlif
türkoloji toplantılarda həmişə üzərində
ən çox düşündüyümüz, mübahisə
etdiyimiz məsələ, yəqin ki, ortaq türkcə məsələsi
olub. Özbək türkoloqları, bir qayda
olaraq, müxtəlif türk dillərinin materialları əsasında
süni bir dil yaratmağı təklif ediblər. Niyə? Onların fikrincə, əgər
türk dillərindən hər hansı biri ortaq ünsiyyət
vasitəsi kimi qəbul olunarsa, digər türklər inciyər…
Mənə belə gəlir ki, bu, məsələyə
həddindən artıq konyuktur yanaşmadır,
çünki istənilən türk dilində güclü
ortaqlıq potensialı vardır, tarixin təcrübəsi də
göstərir ki, süni dillər kütləviləşmək
(və yaşamaq!) imkanından məhrumdur. Və ona görə də əgər bütün
türklər üçün ortaq bir ünsiyyət vasitəsinə
ehtiyac varsa da, müasir türk dillərindən biri (yəni təbii
dil!) olmalıdır. Eyni zamanda ən
çox inkişaf etmiş, ən böyük sosium (əhali
kütləsi) ilə təmsil olunan və arxasında daha
geniş texniki (hətta maddi!) imkanlar dayanan bir dil
olmalıdır. Hamıya da məlumdur ki,
bu, Türkiyə türkcəsidir. Ancaq
bununla belə, Tükiyə türkcəsi müəyyən dəyişikliyə
də (əlbəttə, inkişaf mənasında) məruz
qalacaqdır.
…Qırğızıstanda
keçirilən Böyük Türk Dili qurultayında mən
bu barədə geniş məruzə elədim. Böyük
türk dilçisi Əhməd Bican Ərcilasun dedi ki, məruzənin
mətnini çap etdirmək laxzımdır. Xüsusilə
belə bir fikir xoşuna gəlmişdi ki, biz türklər təbii
şəkildə Şərqdən Qərbə doğru
yayılmışıq, Qərbə nə qədər
yaxınlaşmışıqsa, o qədər də
inkişaf eləmişik – Türkiyə türkləri isə
ən Qərbdədirlər, özü də ən
böyük toplum halında.
Əhməd
bəyə dedim ki, yazılı mətn yoxdur. Ümumiyyətlə,
mən son zamanlar şifahi yaradıcılıqla məşğulam…
O da gülümsünüb əlavə elədi ki, bu, elə
əvvəldən türklərə məxsus keyfiyyətdir.
Davamı var
Pünhan Əfəndiyev
Üç nöqtə.- 2020.- 18 iyun.- S.14.