“Musiqi həyatımın bir hissəsidir”
Kamil Qədimzadə: “Səmimi bir
insanam”
“Sənətdə
olmağıma görə ilk növbədə valideynlərimə
borcluyam. Onlar olmasaydılar, mən
hazırkı Kamil Qədimzadə olmazdım. Üzərimdə
əziyyətləri, əməkləri olduqca çoxdur. Daha sonra müəllimlərimə borcluyam. Orta
məktəb müəllimlərimə, musiqi müəllimlərimə,
Asəf Zeynallıda, Universitetdə olan müəllimlərimə,
ən əsası isə Vaqif müəllim Gərəyzadəyə
borcluyam”. “Üç nöqtə” qəzetinin
qonağı istedadlı müğənni Kamil Qədimzadədir.
-Kamil Qədimzadə
bioqrafiyasını necə ifadə edə bilər?
-1993-cü ildə Bakı şəhərində anadan
olmuşam. 1999-cu ildə 69 saylı orta məktəbə,
2001-ci ildə isə 32 saylı musiqi məktəbinə
getmişəm. 7 il musiqi məktəbində
fortepiano və vokal sinfi üzrə təhsil almışam.
Musiqi məktəbini bitirdikdən sonra 2008-ci ildə Asəf
Zeynallı adına Musiqi kollecinə daxil
olmuşam. Orada da təhsilimi fortepiano üzrə
almışam. 2015-ci ildə Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universtetinin “Estrada vokal sənəti üzrə” ixtisasına
daxil olmuşam. Müəllimim əməkdar
incəsənət xadimi Vaqif Gərayzadə olub.
Hazırda vokal, jazz, estrada, muğam
janrlarında ifa edirəm.
-Musiqi sizin üçün nə
deməkdir?
-Musiqi həyatımın
bir hissəsidir. O, mənə həyatda qarşıma
qoyulmuş bir missiyadır ki, onu yerinə yetirməliyəm.
Musiqi həyatımın ritmini quran, məni həvəsləndirən,
ruhlandıran, iç dünyamı ifadə edən bir vasitəçidir.
Ki, daxili səsimi tamaşaçılara
çatdırır. Musiqi mənim
üçün elmdir. Musiqi həyata
yanaşma tərzimin harmoniyasıdır.
-Vokal, jazz, estrada,
muğam janrlarından hansı sizə doğmadır?
-Bu
sualınıza belə cavab verim. Təsəvvür
edin, mən özüm üçün bir dünya
yaratmışam və o dünyanın adı musiqi
dünyasıdır. Bu dünyada 4
böyük məmləkətmi deyim, dövlətmi deyim, nə
deyim bilmirəm, məkan var. Onların heç birinin mənim
üçün fərqi yoxdur. Loru dildə
sizə izah etdim. Bu janrların hər
birini sevirəm, hər biri mənə doğmadır.
-Peşə uğurlarınızdan
danışaq...
-7
yaşımda musiqi məktəbinə daxil olmuşam, 2 il sonra Bakı şəhəri üzrə xor
festivalında 1-ci yeri qazanmışam. Xorda
solist mən idim bu festivalda. Həmin
uğurumda müəllimim Odelya xanımın böyük rolu
var idi. Daha sonra fortepiano üzrə
festivallarda laureat olmuşam. Asəf Zeynallı adına Musiqi Kollecində oxuyanda isə
“Popstar” yarışmasına qatıldım, həmin
yarışda finala qədər yüksəldim. Universitetdə oxuduğum dönəmdə dahi bəstəkarların
yaradıcılıq gecələrində yer almışam.
Bu mənim üçün böyük
uğurlardır. 2018-ci ildə Bakı jazz festivalında
iştirak edib finala qədər yüksəlmişəm.
-Səhnədə olanda Kamil Qədimzadə...
-İlk olaraq onu deyim ki, real həyatda çox səmimi
bir insanam. Bu səmimiyyəti səhnəyə və tamaşaçılara
yansıda bilirəm. Daha sonra səhnədə
olanda emosiyalarımı bildirirəm. Əslində
həyatda da emosional biriyəm. Səhnədə
mən həyəcanlı olmuram. Səhnədə
mən məsuliyyətliyəm, diqqətliyəm, diqqət
yetirməyi bacarıram. Bunu insanlara
bildirmirəm, amma diqqətliyəm, hər kəsi və hər
şeyi sezirəm. Səhnədə
insanları özümə cəlb etmək istəyirəm və
buna çalışıram. Səhnədə
çox sərbəstəm, mən sərbəst olanda ifa da,
performans da gözəl olur. Odur ki,
çalışıram, tam psixoloji cəhətdən sərbəst
olum. Ümumiyyətlə, bir şeyi bilirəm,
səhnə üçün doğulmuşam. Səhnə mənim ünvanımdır.
-Nəyə görə bəzi gənc
ifaçılar səhnədə gərgin və həyəcanlıdırlar?
-İfaçının həyəcanlı olması
çox vaxt onun hazırsız olmasından irəli gəlir. Lakin bu da var,
ifaçının ilk dəfədən səhnədə həyəcanı
varsa, 5 il keçsə belə, az da olsa, həyəcanı
qalacaq. Bu şüuraltından irəli gəlir.
Sənətçinin gərgin olması dediyim
kimi bəzi şeylərə hazırlıqlı
olmamağından irəli gəlir. Eyni səhnəni
bölüşdüyüm bəzi ifaçılara ifa etmədən
öncə hərdən sual verəndə ki, necəsiniz?
Deyirlər, həyacanlıyıq, hər şey
qaydasında deyil. Deməli, həyəcan
hardan gəlir? Hər şeyin qaydasında
olmamasından.
-Belə bir sual mənə
maraqlıdır. Təşkil olunan müsabiqələrdən
çox az ifaçılar sənətin
ardınca gedir. Bəs nə baş verir ki, yerdə qalan ifaçılar
bu sənətlə məşğul olmur. Elə muğam
müsabiqəsini nümunə göstərə bilərik ki,
orada olan bəzi xanəndələr hazırda nə işlə
məşğuldurlar, bilinmir...
-Bu
çox normal haldır. Biri var, həvəs,
biri var, hobbi, biri də var, sənət, bunlar tamam
başqa-başqa şeylərdir. Mən
musiqiyə sənət kimi baxıram, hobbi kimi deyil. Yarışmada seçilən ifaçılar ələkdən
keçirilib ora çıxarılır. Amma
onlardan hansısa sənəti davam etdirir, hansısa yox. Bəzən də elə olur ki, yarışma
ifaçını həvəsdən salır. SMS vasitəsilə səs toplamayan ifaçı həvəsdən
düşür və sənəti davam etdirmir.
-Kamil bəy, bugün Alim Qasımov,
Arif Babayev masştabında yetişən xanəndələr
var?
-Düzdür,
onların masştapında yetişən xanəndələr
çox deyil, amma az da olsa, var. Bugün bir
sıra sənətkar xanənlərimiz kimi olmaq istəyən
gənclərimiz var ki, çalışırlar. Onu da deyim, bəzi ifaçılar da var ki, təqlidlə
yolunu davam etdirməyi qarışdırırlar. Bunlar fərqli-fərqli şeylərdir. Böyük xanənlərimiz var ki, onların
formatında olan gənc nəsil yetişir. Lakin dediyim kimi, bu bəzilərində uğurlu
alınır, bəzilərində isə yox. Mənə görə, böyük sənətkarlarımızla
oxşar cəhətləri olan ifaçılar var.
-Musiqi aləmində belə bir fikir
də var ki, qadın səsləri kişi
səslərinə uduzur. Təbii ki, istisnalar qaydanı pozmur.
Siz nə düşünürsünüz?
-Subyektiv
fikrimi deyəcəm, burada “Hansı səs hansı səsə
uduzdu, yaxud hansı hansısını uddu?” deyə bir şey
yoxdur. Qadının öz xarakterik səsi var,
kişinin isə öz xarakterik. Bugün kişi
bariton səsə, qadın soprano səsə malikdirsə,
bunların bir-biri ilə nə əlaqəsi ola bilər ki? Yaxud harda uduza bilər? Oktava baxımından,
ümumiyyətlə, uduzmaq yoxdur, kişi
diapazonu tamam başqadır, qadın diapazonu tamam başqa. Sadə
bir nümunə deyim, kişi oxuduğu
tonaldan qadın əziyyət çəkə-çəkə
oxuyur, qadın oxuduğu tonaldan isə kişi əziyyət
çəkə-çəkə. Qadın səsləri kişi səslərinə uduzmur. Qadınların ifa etdiyi musiqilər, onların səs
rəngləri tamam başqadır. Başqa
bir nümunə deyim, dünya populyar jazz musiqisində Ella
Fitzgerald və Luis Armstrong duet oxuyublar. Bax
bu duetdə qadın ilə kişinin fərqli obrazları var.
Bu duetdə heç biri heç birinə uduzmayıb.
-Sənətdə çətinlikləriniz...
-Hər
bir sənətçinin çətinliyi olduğu kimi mənim
də çətinliklərim olub, olur və təbii ki, bundan
sonra da olacaq. Hər çətinliyin
arxasında bir uğur dayanır. Bu gün əldə və
ya 5 il əvvəl əldə etdiyim
uğurların hər biri çətinliklərin nəticəsində
olub. Həmin çətinliklər olmasaydı,
bu günün uğurları olmayacaqdı, mənə görə.
Həyatımda həmişə fikir vermişəm,
nəyə ki, asanlıqla nail olmuşam, uğur əldə
etməmişəm. Lakin nəyə ki,
çətinliklə çatmışam, uğurlu olub.
-Həmkarlarınızdan
özünüzə qarşı sənət
baxımından hansısa qısqanclıq hiss etmisiniz?
-Təbii
ki. Qısqanclıq normal bir haldır. Hər bir uğur əldə etmiş insana
qarşı qısqanclıq olur. Ətrafımda belə
insanlar var, az da olsa, var. Bəlkə də,
çoxdur, mən bilmirəm. Əgər məni
kimlərsə qısqanırsa, deməli, uğur əldə
etmişəm. Vay o gündən ki,
insanı qısqananlar olmasın. Demək
o şəxs hansısa bir uğur əldə etməyib.
Mənə görə, qısqanclıq
psixologiya ilə bağlıdır. Sağlam
qısqanclıq olsun, bunu normal qarşılayıram, hətta
belə bir halı rəqabət kimi qiymətləndirirəm.
Rəqabət olsun, sağlam rəqabət
insanları yaxşı işlərə sövq edir. Bir
dəfə belə bir status yazmışdım: “Qısqanc
insanlar psixoloji xəstə durumunda olan kəslərdir”. Qısqanclığın sonu sıfırdır, nəticəsi
sıfırdır.
-İstedad olan yerdə bəzən
yaş həddi də aradan qalxır. Yaşlı nəsil belə istedadlı gənci qəbul
edir, hətta onunla dostluq da edirlər. Sənətkarlardan sizi
dost kimi qəbul edənlər var?
-Var. Sənətdə
əldə etdiyim uğurların böyük bir qismi Vaqif
müəllimin payına düşür. Vaqif müəllim mənə
çox kömək olub, doğma olub, dost olub. Bunları
özü də mənə deyib. Müəllimimdir,
əzizimdir, ustadımdır, doğmamdır, dəyərli
bir insandır mənim üçün. Vaqif
müəllim hər zaman mənimlə bölüşməyi
bacarıb. Vaqif müəllim
uğurlarıma sevinən insandır. Mənə
görə əsl müəllim-tələbə münasibəti
də budur. Bunu da əlavə edim, bizim
aramızda yaş fərqinin olmasına baxmayaq Vaqif müəllim
həqiqi mənada dostumdur.
-Amerika müğənnisi Bob Dilan
2016-cı ildə Nobel mükafatına layiq görüldü.
Amma mükafatın təqdim olunma mərasiminə
qatılmadı. Səbəb isə
çox sadə idi. Həmin gün onun
tamaşaçılar qarşısında konserti olacaqdı və
o, tamaşaçılarını gözlətmək istəməmişdi.
Bəs sizcə bizim ifaçılar mükafat
naminə tamaşaçını gözlədərlər,
ya yox?
-Bu da
ifaçının özündən asılıdır. Mənim fikrimi bilmək istəyirsinizsə, gözlətməməlidirlər.
Bəlkə də, kimsə gözlədər,
amma inanmıram ki, ifaçılarımızın çoxsu
gözlədər. Əgər
tamaşaçılar ifaçının konsertinə sevərək
gəlibsə, mükafatı onlara qurban eləməlisən.
Mənə görə, ifaçının
mükafatı elə o tamaşaçılar, səhnədir.
Tamaşaçıların hər biri
ayrı-ayrılıqda sənin mükafatındır. Mən olsam, mükafatı deyil, auditoriyanı
seçərdim. Tamaşaçılar mənim
üçün əzizdir. İnanmıram
ki, hansısa bir ifaçı
tamaşaçılarını mükafata görə
gözlədər.
-Kamil Qədimzadə sənətdə
kimlərə borcludur?
-Bu sənətdə
olmağıma görə ilk növbədə valideynlərimə
borcluyam. Onlar olmasaydılar, mən
hazırkı Kamil Qədimzadə olmazdım. Üzərimdə əziyyətləri, əməkləri
olduqca çoxdur. Daha sonra müəllimlərimə
borcluyam. Orta məktəb müəllimlərimə,
musiqi müəllimlərimə, Asəf Zeynallıda,
Universitetdə olan müəllimlərimə, ən əsası
isə Vaqif müəllim Gərəyzadəyə borcluyam.
Vaqif müəllim sənət həyatımın
dönüş nöqtəsidir. 11-12
yaşım olanda onun tələbəsi olmağı
arzulayırdım. Nəhayət neçə
illərdən sonra onun tələbəsi oldum. Hər zaman ona borcluyam.
Rövşən
Tahir
Üç nöqtə.- 2020.- 18
iyun.- S.12.