“Bir itkidən
ayrılmamış, digəri ilə
qarşılaşdım”
Zemfira Əbdülsəmədova: “Ardıcıl rollar oynamağı bacara bilmədim”
“Hər obraz bir insandır. Obrazın pis
və yaxşı olmasının bizə heç bir aidiyyatı yoxdur. Biz insan adlandırdığım
obrazı müşahidə
edirik, ona inanırıq və həmin obrazı səhnədə canlandırırıq.
Əgər mən bunu edə biləcəmsə,
bu mənim qazancım olacaq. Əks təqdirdə, uğura imza ata bilməyəcəm.
Sizə bir şey deyim,
dəyişmək daxildən
gəlir. Mən
bunu hiss edirəm və hiss etdiklərim hərəkətlərimdə, simamda, gözlərimdə
öz əksini tapır”. “Üç
nöqtə” qəzetinin
qonağı aktrisa Zemfira xanım Əbdülsəmədovadır.
-Müsahibəmizə
uşaqlığınızla bağlı sualla başlayaq. Zemfira xanım, uşaqlıq illəriniz haqqında nə deyə bilərsiniz?
-1961-ci il mart ayının
15 də Bakıda anadan olmuşam. Ailədə
1 qardaş, 3 bacı olmuşuq. Uşaqlığım qayğısız keçib. Həftə sonları valideynlərim
bizi rayonlara aparırdı. Anam bir müddət tibb bacısı, sonralar isə baxçada tərbiyəçi işləyib.
O, işdən sonra vaxtını mətbəxdə
keçirirdi. Atam da hər zaman əziyyət çəkib.
O illərin həsrəti
ilə yaşayıram.
Bəlkə də, valideynlərimin
itkisindən irəli gəlir ki, həmin illərin xoş xatirələrini də çətinliklə
danışa bilirəm.
Bəzən şirin xatirələr
də insanı incidə bilir.
-İstəməzdim, sizi kövrəldim. Amma
bir halda ki, sarı simə
toxundunuz, belə bir sual vermək
istərdim., valideynlərinizi
erkən itirmisiniz ?
-On bir ildir, anamı
itirmişəm, iyirmi
ildir isə atamı. Onların səsi indi
də qulağımdadır.
Atam qardaşımın toyunu görə bilmədi.
Tale adlanan bir
yol var ki,
hamı ondan keçib getməlidir.
Valideyn itkisi nə qədər ağır olsa da, gec-tez
hamı bununla qarşılaşır. Görünür, mənim də payıma valideynlərimi tez itirmək düşübmüş. Özüm üçün bir şeyi ayırd etmişəm, valideyn və insanın ustadı heç vaxt unudulmur.
-Düzdür, valideyn qədər insanın əziyyətini
çəkən ikinci
bir insan onun müəllimi olur. Belə başa düşdüm ki, ustadınızın vəfatı da sizə ağır zərbə olub...
-Deyərdim ki, valideyn həyat verir, müəllim isə yönləndirir.
Hüseynağa müəllim anamdan bir il
öncə vəfat etdi. Bir itkidən ayrılmamış,
digəri ilə qarşılaşdım. Sadəcə,
dəhşət idi. Həyatın
ardıcıl iki zərbəsi ilə sarsıldım. Hüseynağa müəllimin həyatdan getməyi
tək mənə yox, onu tanıyan hər kəsə dağ
çəkdi.
-Gəlin, daha qəmli notlarla davam etməyək
ki, kövrəlməyəsiniz. Söhbətimizi sənətiniz,
bu yolda qazandığınız uğurlarınız barəsində
olan fikirlərlə davam etdirək. Aktrisa olmaq
qığılcımları nə zaman meydana gəldi?
-Aktrisalığa
həvəsim məktəbdən başladı. O həvəs
məni pillə-pillə bu yerə gətirib
çıxardı. İlk dəfə səhnəni
məktəbdə gördüm. Məktəbdə
bayram tədbirlərində aparıcılıq edirdim. Şeir müsabiqəsində qalib də olmuşam.
Artıq yolum bəlli idi. Məktəbi
bitirdikdən sonra sənədlərimi Mədəniyyət və
İncəsənət Universitetinə verdim. Atamdan çəkindiyimə görə imtahana
gizlincə anamla getmişdik. İmtahan nəticələri
açıqlananda, yəni divarda asılan siyahıda
adımı görəndə sevincimdən az
qaldım ki, qanad açıb uçam. Universitetə
daxil olmağımı atama deməli idim. Özümdə
cəsarət tapıb söylədim. Atam
“Daha etmisiniz” deyərək bizə qarşı
çıxmadı. Bəlkə də, mənim
sənətə olan sevgimi görüb heç nə demədi.
1978-ci ildə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetini bitirdim. Öz istəyimlə Şəki Dövlət Dram
Teatrının aktyor truppasına qatıldım. Daha sonra Bakıya qayıtdım. Paytaxta gəldikdən sonra isə Musiqili Teatrda
işə düzəldim. Orada bir müddət
çalışdıqdan sonra Hüseynağa müəllimin
dəvəti ilə Gənclər Teatrına getdim. Hazırda isə Gənc Tamaşaçılar
Teatrının aktrisasıyam.
-Dörd müxtəlif teatrın aktrisası olmaq...
-Daha ətraflı
danışım. 1982-ci ildə biz, bir qrup gənc
öz xahişimiz üzrə Şəki Dövlət Dram
Teatrına təyinat aldıq. Bu teatrın
rəhbəri Vaqif müəllim Abbasov idi. Həmin
teatrda Hüseynağa müəllimlə tanış
olduq. Sənətkarla işləmək
yaradıcılığa olan sevgimizi artırdı. Sehrli bir aləmdə idik, sanki. Qastrol
səfərləri bir-birini əvəzləyirdi. Burada mən “Cülyetta” “Gülbahar” və bir
neçə obrazı canlandırdım. 3 il sonra Bakıya geri dönməli oldum. Onda teatrdan da ayrıldım. Bakıya gəldiyim
il Musiqili Komediya Teatrna dəvət
aldım. Burada da tamam başqa bir təcrübə
keçdim. Nəsibə xanım Zeynalova,
Hacıbaba müəllim Bağırov, Siyavuş müəllim
Aslan kimi sənətkarlarla tərəf müqabili oldum. Bir müddət sonra bu teatrdan da ayrılıb Gənclər
Teatrına gəldim. Bu teatrda
çalışdığım 17 il ərzində
müxtəlif uğurlu tamaşalarda bir-birindən maraqlı
obazlarla tamaşaçıların qarşısına
çıxdım. 2006-ci ildə Gənclər
Teatrını da tərk etdim. 2015-ci ilədək
teatr fəaliyyətinə fasilə verdim. 2015-ci
ildən isə Gənc Tamaşaçılar Teatrında
çalışıram.
-Müxtəlif teatr kollektivlərinə alışmaq, baş çıxarmaq,
özünü təsdiqləmək çətin olmur ki?
-Xeyr,
çünki öz işimlə məşğulam. Mənim üçün eyni atmosferdir. Verilən rolu düzgün icra edirsənsə və
başqa proseslərlə maraqlanmırsansa, alınır.
Mən də çalışıram, aktirsa
kimi işimlə məşğul olum. Məşq
və tamaşa məni maraqlandırır.
-Teatr yaradıcılığınız kimi filmoqrafiyanız da zəngindir...
-Dəvət
aldığım ilk film “Qara Volqa”dır. Bu
filmdə bir qadını canlandırırdım. Epizodik rolla başlayan film
yaradıcılığım daha sonralar “Yuxu”, “Xoca”, “Pərdə”
və digər filmlərlə davam etdi. Eləcə
də seriallarda rol aldım. “Pərvanələrin
rəqsi”, “Cehizsiz gəlinlər”, “Ögey ana” kimi
teleseriallarda müxtəlif obrazları canlandırdım.
-Zemfira xanım, siz başqalaşmağı sevən və bunun
öhdəsindən arzu olunan şəkildə gələn
aktrisasınız. Bunu necə
bacarırsınız?
- Bu
Hüseynağa Atakişiyevin sayəsində olub. Ona borcluyam. Hər obraz bir insandır. Obrazın
pis və yaxşı olmasının bizə heç bir
aidiyyatı yoxdur. Biz insan
adlandırdığım obrazı müşahidə edirik,
ona inanırıq və həmin obrazı səhnədə canlandırırıq.
Əgər mən bunu edə biləcəmsə,
bu mənim qazancım olacaq. Əks təqdirdə,
uğura imza ata bilməyəcəm. Sizə
bir şey deyim, dəyişmək daxildən gəlir. Mən
bunu hiss edirəm və hiss etdiklərim hərəkətlərimdə,
simamda, gözlərimdə öz əksini
tapır.
-Sual versəm ki, burada özünüzü hansı obrazda hiss
edirsiniz, nə cavab verərsiniz?
-Qonağam.
Qonaq isə evə gələndə evin
ab-havasına uyğunlaşır.
Çalışır ki, ev yiyəsini
qane etsin. Mən də istəyirəm ki, siz məndən
razı qalasınız. Odur ki,
özümü qonaq obrazında görürəm.
-Zemfira xanım bu gün
özünü xoşbəxt qadın sanırmı
?
-Xoşbəxtlik
anlarla olur. Bütövlükdə götürsək,
mən uğurlu ailəyə sahibəm. Həyat
yoldaşımla Gənclər Teatrında tanış
olmuşuq. İlk vaxtlar dost idik. Sonralar dostluq
hissləri məhəbbətlə əvəz olundu. Arada qısqanclığı olur, amma eyni sahədə
olduğumuza görə məni başa düşür.
İki övladım var. Bütün bunların
fonunda özümü hardasa xoşbəxt qadın saya bilərəm.
-Bir ara sənətə
fasilə verdiniz...
-Bəli,
bir ara sənətimə fasilə verdim. Çünki, mütləq şəkildə uşaqların
yanında olmalı idim. Onlar
üçün vaxt ayırdım. Həm teatr, həm ev işləri mənim üçün
çətin olacaqdı. Ona görə də
müəyyən zamanımı uşaqlarımın tərbiyəsinə
sərf etdim.
-Övladlarınızın
sənətinizə münasibəti
necədir?
-Deyərdim
ki, yaxşıdır. Elə obrazlarım var ki,
mənə pərəstiş də edirlər. Övladlarım məni ana kimi sevirlər, lakin
aktrisa kimi də başqa bir sevgi göstərirlər. Sənət xanımı olmaq fədakarlıq istəyir.
Sənət xanımı olmağı bacarmaq
lazımdır. Hətta deyərdim, bacarmaq
vacibdir. Sənətdə qalmaq,
özünü itirməmək, içini təmiz saxlamaq
çətindir. Lakin bunları bacarmaq
lazımdır.
-Tanınmış
aktrisa olmaq, xoşbəxt ailə... Bunlara
sahibsiniz. Mənə bir sual
maraqlıdır. Bəs Zemfira xanım bu vaxta qədər
nəyə nail olmayıb ?
-Davamlı olaraq bir teatrda qalmağı, ardıcıl
rollar oynamağı bacara bilmədim. Əldə
edə bilmədiklərim arasında mənə daha çox təsir
edən elə budur. Bəlkə də (ani pauza və
fikrini tamamlamadan ağlayır)...
-Xahiş edirəm, silin, göz yaşlarınızı. Nurlu simanıza o damlalar yaraşmır. Biz sizi hər zaman gülərüz görmək istəyirik.
Ona görə də, gülümsəyin. Gülümsəyin
ki, sizi sevənlərin qəlbi fərəhlə dolsun. Dəvətimi qəbul etdiyiniz üçün
çox sağolun.
-Çox sağolun. Sizin də üzündən gülüş əksik olmasın. Uğurlar arzulayıram.
Rövşən Tahir
Üç nöqtə.-
2020.- 23 iyun.- S.12.