“Aktyorda bəxt də olmalıdır”
Araz Pirimov: “Teatr
başqa bir aləmdir”
“Rollarımın
hər biri mənim üçün doğmadır. O
rolları mən özümünküləşdirirəmsə,
başqa cür ola da bilməz. İlyas Əfəndiyevin “Məhv
olmuş gündəliklər”indən tutmuş Hüseyn
Cavidin “Şeyx Sənan”ına qədər, “Buratinonun macəraları”
tamaşasından tutmuş “Danışan gəlincik”
tamaşasına qədər oynadığım rolların hər
birini sevirəm. Rollarımla bağlı siyahını uzada
da bilərəm. Lakin mən əsas fikrimi rollarıma olan
münasibətim üzərində cəmləşdirmək
istəyirəm. Ki, bir də deyirəm, mən rollarım
arasında fərq qoya bilmirəm. Onların hər birini
özümə doğma sayıram. Onlar mənim
övladlarımdır”. “Üç nöqtə” qəzetinin
qonağı Gənc Tamaşaçılar Teatrının
istedadlı aktyoru Araz Pirimovdur.
-27 yaşlı
Araz illər əvvəlki balaca Arazı necə
xatırlayır?
-Balaca Arazı necə xatırlayıram? Dəcəl, davakar, ərköyün, diqqət mərkəzində olmağı sevən bir uşaq olub Araz. Bilirsiniz, mənim istədiyim mütləq şəkildə olmalı idi. Düzdür, bu hər zaman olmurdu, amma çox vaxt istəklərim yerinə yetirilirdi. Balaca vaxtı evdə sakit olduğum və ya gözdən yoxa çıxdığım vaxtlar nəsə etdiyim anlar olurdu. Ya zibil qabına kağız yandırıb atırdım, ya da televizorun ekranını sındırırdım. Bir sözlə, olduqca dəcəl bir uşaq olmuşam.
-Bildiyim qədərilə
sənətə gəlişiniz fərqli olub...
-Sənətdən öncə deyim ki, mənim teatra gəlişim tamamilə fərqli və gözlənilməz olub. 2012-ci ildə işləmək üçün teatra gəldim. Səhnə quraşdırma sexinə daxil oldum, birinci dəfə idi ki, teatrda olurdum. Bu vaxta qədər getməmişdim. Bu sexdə işə düzəldim, çalışdım. Teatrda boş vaxtlarımda tar ifa edirdim. Bir gün tar ifa edəndə Nofəl müəllim məni gördü və dedi ki, “Müsyo Jordan və Dərviş Məshəti şah” tamaşası hazırlanır, bu tamaşada iştirak edərsən? Bir az çaşqınlıq yaşadım, tamaşa və mən, heç bir əlaqə yox idi. Bir az düşünüb cavab verdim ki, bəli, olar. Cənnət xanımın yanına qalxdıq, o da razılaşdı və mən səhnəyə çıxdım. İkinci dəfə isə səhnəyə Respublikanın Əməkdar artisti Nicat Kazımovun hazırladığı “Şahzadeyi Xəzərin nağılı” tamaşasında çıxmışam. Üçüncü çıxışım isə daha yaddaqalandır. Nicat müəllimin hazırladığı “Şəngül, Şüngül, Məngül” tamaşasının məşqləri gedirdi. Həmin gün mənə sex rəisimiz Zaur müəllim ad günüm olduğu üçün icazə vermişdi. Evə gedərkən yolda olanda Respublikanın Əməkdar artisti İlham Əsədov mənə zəng elədi və dedi ki, teatra qayıt. Geri qayıdarkən düşünürdüm, görəsən nə baş verib? Səhnəyə qalxdım, İlham müəllim Nicat müəllimlə yanaşı oturmuşdu. Həmin an ağlımda yüz fikir dolaşırdı, amma yeni rol alacağımı əsla düşünmürdüm. Nicat müəllim ayağa qalxıb dedi ki, sabah məşqə gəl “Məngül” obrazı sənindir. Bir anlıq dondum, qaldım. Nicat müəllim söylədi ki, bu obrazı canlandıran aktyor narahat olduğu üçün sən əvəz edib, oynayacaqsan. “Baş üstə” söylədim və razılaşdım. Məhz bu roldan sonra mən teatrı sevdim, ona bağlandım. O qədər bağlandım ki, istirahət günlərində belə teatrın qarşısından keçib gedirdim ki, bəlkə, kimisə görərəm.
-Sənətdə
missiyanız nədən ibarətdir?
-Sənətdə missiyam işimi layiqincə yerinə yetirmək, oynadığım rolları mükəmməl səviyyədə canlandırmaqdır. Bunun üçün əlimdən nə gəlirsə, edirəm. Qiyməti isə tamaşaçıların ixtiyarına buraxıram. Mən sənətə sevgi ilə yanaşıram, heç vaxt sənətə qazanc mənbəyi kimi baxmamışam. Heç bir zaman da baxmayacam. Aktyor sənəti ya sevməlidir, ya da sevməlidir. Başqa bir yol yoxdur. Əks halda aktyor sənətdə uğur qazana bilməyəcək
-Zahirən
mülayim görünürsünüz, bəs daxilən necə?
-Mülayim olmağım daxilən də, zahirən də məndə dəyişir. Yəni mütəmadi olaraq deyim ki, mülayiməm, bu doğru olmaz, deyim ki, aqressivəm, bu da doğru olmaz. Hazırda mülayiməm. Suala konkret cavab verə bilmirəm, lakin nisbət olaraq daha çox əsəbi oluram.
-Daha çox
serialda, yoxsa səhnədə oynamaq rahatdır?
-Bu il serialda çəkildim. İlk vaxtlar çox çətinlik çəkdim, hədindən artıq çətinlik çəkdim. Nəyə görə? Birinci dəfə idi ki, kamera qarşısında idim. Sonradan öyrəşdim, çox rahat oldu mənə. Serialda oynamaq çox rahatdır. Serialda oynamaq hətta deyərdim ki, olduqca rahatdır. Çünki bir dəfə alınmadısa, ikinci dəfə çəkiləsən. Amma teatrda bu mümkün deyil. Teatr başqa bir aləmdir. Teatrda montaj yoxdur, düzəliş yoxdur. Ona görə də səhnə və teatr çətindir.
-Adətən
aktyorlar oynayacaqları rol daha təbii alınsın deyə,
obrazın daxili aləmini mənimsəmək
üçün bəzən günlərlə
çalışır, necə deyərlər,
başqalaşırlar. Sizdə də belədir, yoxsa?
-Tamamilə razıyam, aktyorlar obrazın daxili aləmini mənimsəmək üçün bəzən günlərlə, bəzən aylarla çalışırlar. Amma bu obrazdan obraza fərqlənir. Elə olur ki, 1 həftə bəs edir, elə də olur ki, həftələr. Məsələn, “Leyli və Məcnun”da rol alan aktyorlar 1-2 il obrazların üzərində məşqlər edirlər. Amma həmin aktyorlar digər tamaşada hansısa bir rolu çox asanlıqla mənimsəyirlər. Dediyim kimi bu məqam obrazdan obraza dəyişir.
-İnsan aktyor kimi doğulur, ya
sonradan formalaşır?
-Bəli,
insan doğulandan aktyor olur. Bir dəfə müəllimimlə
telefonla danışırdım. Mənə bir nümunə
çəkdi ki, bir uşaq hər bir əlində bir
maşın saxlayır, bu maşınları oynadıb
toqquşdurur, daha sonra isə qırağa atır. Uşaq nə
etdi? Ssenari qurdu, rejissor oldu və aktyor kimi
çıxış elədi. Deməli, hər bir uşaqda
aktyorluq istedadı var. Sadəcə uşağa aktyorluq
sevgisini aşılamaq lazımdır.
-Aktyor üçün vacib olan nələrdir?
-Aktyor
üçün vacib olanlar aydın danışıq,
plastika, ritm duyumudur. Aktyor ilk növbədə məsuliyyətli
olmalıdır. O, öz üzərində hər saniyə
işləməlidir. Fikrimcə, aktyor resjissorun bütün
tapşırığını yerinə yetirməyi
bacarmalıdır.
-Rollarınızdan danışaq...
-Rollarımın
hər biri mənim üçün doğmadır. O
rolları mən özümünküləşdirirəmsə,
başqa cür ola da bilməz. İlyas Əfəndiyevin “Məhv
olmuş gündəliklər”indən tutmuş Hüseyn
Cavidin “Şeyx Sənan”ına qədər, “Buratinonun macəraları”
tamaşasından tutmuş “Danışan gəlincik”
tamaşasına qədər oynadığım rolların hər
birini sevirəm. Rollarımla bağlı siyahını uzada
da bilərəm. Lakin mən əsas fikrimi rollarıma olan
münasibətim üzərində cəmləşdirmək
istəyirəm. Ki, bir də deyirəm, mən rollarım
arasında fərq qoya bilmirəm. Onların hər birini
özümə doğma sayıram. Onlar mənim
övladlarımdır. Mən rollarımı belə qəbul
edirəm.
-Araz bəyi
tamaşaçıların sevimlisinə çevirən rolu
hansıdır?
-Rollarım
olub ki, onları seviblər, hazırda da sevirlər. Yəni
bir rola görə məni sevməyiblər, bir neçə
rola görə seviblər. “Madaqaskar” tamaşasından
“Aleks”obrazını, “Qoğalın nağılı”
tamaşasından “Qoğal” obrazını, “Bremin
musiqiçiləri” tamaşasından “Xoruz”u sevirlər.
Çox tamaşalarda o sevgini tamaşaçıların
gözlərindən, alqışlarından hiss eləmişəm.
-“Qoğal” obrazından söz
açdınız. “Undum qoğal olmuşam, Süd ilə
yoğrulmuşam”, səsləndirdiyim bu cümlələrdən
sonra nə hiss etdiniz?
-Gözümün
qarşısında səhnə və teatr canlandı. Zal,
zalda əyləşmiş balaca dostlarımız, onların
alqışları, sevgi dolu baxışlar, heyrətlə
tamaşaya zillənən gözlər, hər birini bu an hiss
elədim. “Undum qoğal olmuşam, Süd ilə
yoğrulmuşam”, bu cümlələri çox sevirəm.
-Özünüzün hansı
xüsusiyyətini bəyənmirsiniz?
-Özümdə
bütün xüsusiyyətləri bəyənirəm. Lakin məndə
bir şey var ki, tez güvənməyə başlayıram. Dəyər
verdiyim insanlara güvənirəm, qoruyuram. Hətta başqa
bir insanla həmin insana görə münasibəti korlaya da
bilərəm. Bu xüsusiyyətimi dəyişə bilsəydim,
çox yaxşı olardı. Niyə deyirəm, çox
yaxşı? Çünki dəfələrlə qoruyub dəyər
verdiyim insanlar mənə qarşı çıxıblar.
-Aktyor nə qədər
istedadlıdırsa, bir o qədər parıldayır. Sizcə,
belədir?
-Aktyor
istedadlıdır, parıldayır, sadəcə olaraq harada? Gələn
tamaşaçı ona baxır və o parıltını
görür və bitdi. Tamaşadan sonra aktyor qrimini silir və
evə gedəndə heç kəs ona fikir vermir, heç kim
tanımır. Məncə, bu bəs deyil. Aktyorda şans, bəxt
də olmalıdır. Şans gətirməlidir ki, onu sevsinlər.
-Bu sənətdə hansı məqama
çatmaq istəyirsiniz?
-Mən
iş axtaranda bilmirdim ki, gəlib teatrda işləyəcəm.
Teatrda işə düzələndə bilmirdim ki, səhnə
quraşdırma sexində çalışacam. Burada
çalışanda bilmirdim ki, aktyor kimi səhnəyə
çıxacam. Aktyor kimi səhnəyə çıxanda
bilmirdim ki, məni aktyor ştatına işə götürəcəklər
və mən daha aktyor kimi çalışacam. Bundan sonra nələrin
olacağını bilmirəm. Bilmədiyim üçün də
zamanın axarına buraxıram.
-Səhnə sizin üçün nə
deməkdir?
-Səhnə
mənim üçün hər şeydir. Səhnə elə
bir məkandır ki, orada mən tamaşaçının nəfəsini
duyuram. Səhnə elə bir yerdir ki, orada mən obrazları
yaşayıram, yaradıram. Səhnə mənim
üçün möcüzələr aləmidir. Sirlərlə
dolu olan möcüzələr aləmi.
-Etiraf edirəm
ki...
-Etiraf edirəm ki, gələcəkdə sənətdə sözümü deyəndən sonra Gənc Tamaşaçılar Teatrının rəhbəri olmaq istəyirəm. Fikirlərim yanlış anlaşılmasın. Mən yaşa dolduqdan sonra teatrın rəhbəri olmağı arzu edirəm. Allah qismət eləsin, böyük uğurlara imza atım, daha sonra da rəhbər olum.
Rövşən
Tahir
Üç nöqtə.- 2020.- 30 iyun.- S.12.