“Çətinliklə əldə olunan
uğurlar möhtəşəm olur”
Kamil Nazim: “Həyatda
oynamağı sevmirəm”
“Hədəflər,
təbii ki, var. Çünki hədəf olmasa,
onluğa vurmaq olmaz. Bu mənada hədəflərin
olmalıdır. Fikrimcə, aktyor sənətində
elə bir zirvə yoxdur
ki, mən artıq bura
çatdım, bəsdir, deyim. Daim axtarışda olmalı, daim
çalışmalısan. Aktyor işinin haqqını verməlidir. Demirəm,
işimin haqqını verirəm, bunu tamaşaçılar yaxşı bilər,
amma ən azından onun
üçün
çalışıram”. Qəzetimizin qonağı gənc və
istedadlı aktyor Kamil
Nazimdir.
-Heç
qaranlığın içində olmaq
istəmisiniz?
-Belə bir fikir var: “Kim deyib ki, gecələr yatmaq üçündür?” Düzdür, gecələri sevirəm, amma qaranlığın içində olmağı heç vaxt sevməmişəm. Qaranlıq tənhalıqdır, tənha qalmaq isə məndən uzaq olan bir şeydir. Tənha qaldığım anlar da olur, bu isə ən vacib qərarları qəbul etdiyim anlarda baş verir.
-Missiyanız nədən
ibarətdir?
-Həyat missiyam odur ki, hansısa bir işi yüksək səviyyədə yerinə yetirim. Az ilə kifayətlənməyi sevən insan deyiləm. Üzərimdə çalışıram, daim yeni nələrsə öyrənir, yeni-yeni və fərqli işlərə can atıram. Təkrarları sevmirəm, ona görə də sənətimdə təkrarlardan qaçıram. Fərqli bir şeylərlə tamaşaçı qarşısına çıxmağı sevirəm.
-İnsanlarda
bəyənmədiyiniz xüsusiyyət hansıdır?
-Bəyənmədiyim çox xüsusiyyətlər var. Ən sevmədiyim isə ikiüzlülük, riyakarlıqdır. Əgər sən bir insanı sevmirsənsə, məcbur deyil ki, özünü yalandan onu sevirsənmiş kimi göstərəsən. Bunu yalandan etmək nəyə lazımdır axı? Sənin kimdənsə xoşun gəlmirsə, ondan uzaqlaş da. Niyə üzünə gülüb arxasınca iş görürsən?
-Arxadan
çox zərbələr dəyib?
-Olub. İnsanlar tanımışam ki, bir az öncə dediyim kimi üzümə gülüb arxamca iş görüblər. Belə məqamlarda onlarla qarşı-qarşıya gəlib danışmağa üstünlük vermişəm. Düzdür, bu məndə heç bir şeyi dəyişməyib, amma qarşı tərəf ən azından öz səhvini başa düşüb.
-Gizli
kartlarla oynamağı sevirsiniz?
-Qətiyyən. Özüm oynamıram, mənə qarşı da oynanılmağını sevmirəm. Arxadan iş görməyi xoşlamıram, əgər bir insana sözüm varsa, birbaşa özünə deyirəm. Açıq dueli hər şeydən üstün sayıram. Buna görə də hər zaman hər kəslə açıq dueldə oluram.
-Ağrılarınızı
gizlədirsiniz?
-İlk olaraq deyim ki, insana
görə dəyişir. Elə insanlar var ki, əleyhimə iş görürlər, mənə zərrə
qədər də olsun, təsir eləmir.
Amma elə insanlar da var
ki, bəli, mənə təsir edir. Çalışıram, ağrılarımı gizlədim.
-Pislər olmasa, yaxşıların
dəyəri bilinməz.
Razısınız?
-Razıyam bu fikirlə. Həqiqətən, belədir. Elə insan var ki,
ona yetəri qədər yaxşılıq
edirsən, amma bunu qiymətləndirə
bilmir ki, bilmir. Mən onun tərəfdarı
deyiləm ki, mən sənə bu yaxşılığı
etmişəm, sən
də əvəzində
mənə başqa yaxşılıq elə.
Xeyr, bunun tərəfdarı deyiləm. Mənim üçün insan yaxşılıq və pisliyi unutmamalıdır.
-Ən vacib hədəfləriniz
arasında nə dayanır?
-Hədəflər, təbii
ki, var. Çünki hədəf olmasa, onluğa vurmaq olmaz. Bu mənada
hədəflərin olmalıdır.
Fikrimcə, aktyor sənətində
elə bir zirvə yoxdur ki, mən artıq
bura çatdım, bəsdir, deyim. Daim axtarışda olmalı, daim çalışmalısan.
Aktyor işinin haqqını verməlidir. Demirəm, işimin
haqqını verirəm,
bunu tamaşaçılar
yaxşı bilər,
amma ən azından onun üçün çalışıram.
-Həyat bir səhnədir, biz də onun aktyorları.
Səhnədə rol alan Kamil
bəy həyatda oynaya bilir?
-Həyatda oynamağı sevmirəm. Səhnə ilə həyatı
qarışdıra bilmərəm.
Əgər mən səhnədəyəmsə,
o obrazam. Səhnə bitən
kimi isə mən artıq Kamiləm. Mən necəyəmsə, eləyəm. Nəyə görə
oynayım? İnsanın həyatda oynamağını
qəbul edə bilmirəm.
-Dramatik obrazları canlandıran Kamil komedik rolu
da ifa edə
bilər nə zamansa?
-Sizə deyim ki, mən teatrda
da, universitetdə təhsil aldığım
dövrdə də komedik obrazları canlandırmışam. Nümunə üçün deyim ki, Gəncə Dövlət Dram Teatrında
çalışanda “Dan yeri
söküləndə” tamaşasında
Xıdır obrazını
canlandırmışam. O qədər komedik obrazdır ki, baxan bilir. Yəni oynaya
bilərəm. Sizə deyim
ki, diplom işim Nicat Kazımovun quruluşunda olan “Beremen musiqiçiləri”
adlı komik tamaşa olub. Orada Əlahəzrət kral
obrazını canlandırmışam.
Hazırda kinoda və
ya serialda komedik rol oynamaq
istəmirəm, amma gələcəkdə istəyərəm.
-Ruhunuza hansı daha yaxındır?
-Zamanla məndə dəyişiklik oldu. Əvvəllər komediya oynamağı
daha çox sevirdim. Hətta teatrda işləyəndə
komedik obrazlara can atırdım. Müəyyən bir dönəmdən
sonra ilk dəfə “Bəyaz ölüm” tamaşasında dramatik rolu canlandırdım.
Baxanlar bəyəndi. Haqqımda sənətkarların
fikri çox müsbət oldu. Beləcə,
həm dramatik, həm də komedik rolları oynadım. Ruhuma hər ikisi
də yaxındır.
-Həyat sizin üçün nədir?
-Həyat gözəllikdir.
Məncə, hər kəs
xoşbəxt olmağa
layiqdir, xoşbəxt
olmalıdır. Bunun üçün
insan öz yolunu sadəcə düzgün seçməlidir.
İnsan
işini sevməli, ailəsinə, ətrafındakı
insanlara qayğı ilə yanaşmalı, kin
küdurəti özünə
yaxın buraxmamalıdır.
-Təcrübəniz
sizə nəyi öyrədib?
-Həyatımla bağlı
deyim ilk olaraq. Həyatımda ən böyük
təcrübə atamdan,
ümumən ailəmdən
öyrəndiklərim, qazandıqlarımdır.
Mənim
üçün ən
böyük uğur Nazim bəyin oğlu olmaqdır. Sənətdə təcrübələrdən danışdıqda isə
ən böyüyü
Gəncə Dövlət
Dram Teatrında çalışmağım
olub. O illər ərzində 14 tamaşada
rol almışam. 22 yaşım olanda
Elşad Əhmədovun
quruluş verdiyi “Şəhrizadın oyunu” adlı tamaşada Şah Şəhriyar obrazını canlandırmışam.
Oynadığım rolların hər
biri mənim üçün nailiyyət
olub. Daha sonra Mədəniyyət
və İncəsənət
Universitetinə daxil olub dəyərli müəllimlərdən dərs
almışam. Bunlardan
böyük təcrübə
ola bilər?
-Daxili dünyanız...
-Daxili dünyam çox güclüdür.
Heç
vaxt asan bir işə qaçmamışam, həmişə
çətin işin
qulpundan tutmuşam.
Mənim
düşüncəmə görə, çətinliklə
əldə olunan uğurlar daha keyfiyyətli və daha yaddaqalan, daha möhtəşəm
olur.
-Nə zaman anladınız ki, mən artıq
mənəm?
-Elə bir xarakterə
malikəm ki, nə zamansa “mən” söyləyəcəyimi
ağlıma belə gətirmirəm.
Fikrimcə, nə Əməkdar
artist, nə də Xalq artisti adlarını
alsam da, yenə “mənəm” demərəm. “Mənəm” demək düzgün deyil. Bu ifadəni heç
sevmirəm.
-Zahirən sərt görünürsünüz.
Belə sərt olan insan necə sevir?
-Bu cümləni çox eşitmişəm ki, heç də göründüyün kimi
deyilsən. Yəni məni tanıdıqdan
sonra insanlar fikirlərini bölüşüblər.
Bəlkə də, düşünürəm,
mənfi rolları canlandırmışam, ona
görə insanlar məni başqa cür tanıyıblar, tanıdıqdan sonra yanıldıqlarının fərqində
olublar. Bir dəfə metroda bir xanım salam verib
mənə dedi ki, qızı niyə bıçaqladın?
Özlüyümdə düşündüm ki, yəqin, səhv salıb. Sonra dedi ki,
niyə serialda qızı bıçaqladın?
Mülayimcəsinə dedim, bu
ssenaridir. Sərt baxışla məni
sezib söylədi ki, sən mülayim
insansan, bir də mənfi rol oynama. Yəni obrazımla daxili dünyam fərqli ola
bilər. Mən daxilən başqa
bir insanam.
-Sizi sevən çoxdur, ya sevməyən?
-Bu barədə nəsə deməyim düzgün çıxmaz. Müşahidələrim nəticəsində belə qənaətə gələ bilərəm ki, sevənlərim də var, sevməyənlərim
də. Hətta sevirmiş kimi
özünü göstərənlər
də var. Sevdiyini dilə gətirməyənlər
də var. Mənə
elə gəlir ki, sevənlərim çoxdur, çünki mən insanlara pislik etmirəm.
-Sevgi
əbədidir?
-Əgər, həqiqətən də, mövcuddursa, bəli, əbədi ola bilər. Bəzən kimsə kimisə sevir, amma sonradan görür ki, bu sadəcə bağlılıq imiş. Belə olan halda sevginin əbədi olmağından danışmaq olmaz. Mənə görə, Allaha olan sevgi və valideyn sevgisi əbədidir. Bunları heç nə ilə əvəz etmək olmaz.
-Bu
günə kimi eşitdiyiniz
ən müdrik fikir
hansı olub?
-“Danışmaq gümüşdürsə, susmaq qızıldır”. Bu fikri çox sevirəm. Bu deyim dəfələrlə mənim köməyimə çatıb. Bəzən elə anlar olub ki, susmağa üstünlük vermişəm. Sonradan fikirləşəndə isə özlüyümdə söyləmişəm ki, yaxşı ki, susmuşam, çünki danışsaydım, çox şeylər baş verə bilərdi.
-Hazırkı
işlərinizdən danışmağınızı istərdim...
-Hazırda gənc və istedadlı rejissor Elvin Rüstəmzadənin quruluş verdiyi, ARB TV-də yayımlanan “Atılmışlar” serialında çəkilirəm. Gələcək işlərimlə bağlı isə dəqiq bir şey fikirləşmirəm. Hələ ki, serialımız davam edir. Uğurlarımız davamlı olsun.
- Çox
sağolun ki, dəvətimi
qəbul edib gəldiniz.
-Siz sağolun.
Rövşən
Tahir
Üç nöqtə.- 2020.- 12
mart.- S.12.