“Heç vaxt oyuncağım olmayıb”

 

Pərvin Lətifov: “Allaha hər zaman təşəkkür borcum var”

 

“Zəif insan deyiləm. Əgər ağlım başımdadırsa, yuxuda deyiləmsə, mən həyatda heç bir zaman zəiflik göstərmirəm. Bu mümkün deyil. Deyirsiniz ki, insanların sizə xəyanəti zəifliyiniz deyil ki? Cavab verim, bu mənim zəifliyim deyil, onların alçaqlığıdır. Mənim insanlara inamım zəifliyim deyil. Bunu zəiflik kimi qəbul etsək, o zaman heç kimi həyatımıza buraxmayaq. Mən insanam, ona görə mən də yanıla bilər, insanları səhv tanıya bilərəm. Bu qətiyyən zəiflik deyil”. Qəzetimizin qonağı istedadlı müğənni Pərvin Lətifovdur.

 

-Düzünü desəm, bu günkü söhbətə haradan başlayacağımı bilmirəm. Qarşımdakı insan xarizmatik və müəmmalıdırsa, deməli, onun daxili aləmi də bir o qədər maraqlıdır. Pərvin bəyin gizli və sirli qalan məqamları çoxdur?

-Təbii ki. Ümumiyyətlə, qarşındakı insanı çözə bilmirsənsə, deməli, onun sirləri çoxdur. Bu sirləri və gizli qalan məqamları isə zamanın axarına buraxırıq. Əslində biz buraxmırıq, zaman özü axarına alıb aparır. Çox maraqlı və məntiqlidir. Bilirsiniz nəyə görə? Biz zamanı idarə edə bilmirik, biz sadəcə zamanın içərisində mövcuduq.

-Mən xoşbəxtəm ki,...

-Daim bir şeyə görə “Mən xoşbəxtəm” deyiləcək bir cümlə yoxdur.  Xoşbəxt anlarım çox azdır. Məni çox xırda şeylər xoşbəxt edə bilər. Məsələn, qış gecəsi yuxuya gedəndə istəyərəm, sabah gün çıxsın və çıxar, bu məni xoşbəxt edər. Mənim əlimdə olmayan şeylər (günün çıxması, yağışın yağması və s.) məni xoşbəxt edə bilər. Mənim bacaracağım şeylər onsuz da məni xoşbəxt edəcək. Bilirsiniz, xoşbəxtlik elə bir anlayışdır ki, o, anlarla mövcud olur, müəyyən bir zaman çərçivəsində. Bir ömür boyu xoşbəxt ola bilmək mümkün deyil.

-Həyatın çətin imtahanları ilə üz-üzə çox qalmısınız?

-Onları heç bir zaman detallı şəkildə danışmaram. Amma həyatda elə çətinliklərim olub ki, bəlkə də, milyonda bir insanın başına gələ bilər. O yükü də daşımışıq. Əgər bir şey baş verirsə, onun ağırlığını öz çiynində daşımalısan və heç kimə bunu bildirməməlisən. Ətrafdakı insanlara bu mənfi enerjini yansıtmağın əleyhinəyəm. Bu gün demirəm ki, o problemlərin öhdəsindən özüm gəlmişəm. Deyirəm ki, dərdi verən Allah dərmanını da verib və onun gücü ilə bu problemləri həll etmişəm.

-İstəyirdim, alınsın və alındı. Çox olub bu cümlə sizdə?

-Alınanlar da olub, alınmayanlar da. Alınması qeyri-mümkün olan şeylər də olub. İnsan daim arzu edir, arzular bitmir, tükənmir. Düzünü söyləsəm, oturub onları saymamışam ki, nə alınıb, nə alınmayıb. Bir az öncə dediyim ifadə-zamanın axarı. Zaman öz axarı ilə hər şeyi həll edir.

-Bəzən insanlardan kənar gəzmək lazımdır. Ondan ötrü ki, nə canını ağrıdan olur, nə də sənə zərbə vuran. İnsanlardan çox aralı gəzirsiniz?

-Mənim tez-tez görüşdüyüm çox az adam var. Düzdür, çevrəm böyükdür, amma yaxınıma buraxdığım insanlar azdır. Deyərdim ki, ölkədə əhatə dairəsi böyük olan beş müğənnidən biriyəm. Onun da səbəbi özüməm. Mən mehriban insanam, hər kəslə yola gedirəm, heç kimin qəlbinə dəymirəm. Amma dost dediyim çox az adam var.

-Uşaqlığınıza nəzər salmaq istəyirəm. Uşaqlığınızı yada salmağa və onu xatırlamağa qorxursunuz?

-Uşaqlığım yadımdan çıxmır ki, onu yadıma da salım. Uşaqlığım böyük bir dramatika, böyük bir kişilik məktəbi olub. Uşaqlıq illərimdə heç bir qayğıdan söhbət gedə bilməz. 1992-ci ildə, 7-8 yaşım olanda başımın üstündən güllələr keçirdi. Hansı qayğıdan danışa bilərəm? 12-13 yaşımda avtomatı sərbəst söküb-yığa və güllə ata bilirdim.

-Uşaqlıqda sevimli oyuncağınız nə idi?

-Mənim heç vaxt oyuncağım olmayıb. Heç kim mənə oyuncaq almayıb. Heç oyuncaq həvəskarı da olmamışam. Ona görə deyirəm ki, hansı uşaqlıqdan danışıla bilər? Geri qayıtmaq şansım olsaydı, yenə də həmin çətinlikləri istəyərdim, müharibə olmazdı, amma çətinliklərlə böyüyərdim.

-Seçimlərinizin hansındansa narazı olmusunuz?

-Elə bir seçimim yoxdur ki, ondan narazı olum. Heç bir seçimimdən narazı deyiləm. Ümumiyyətlə, gileylənməyi xoşlayan adam deyiləm.

-Daha çox istəyirsiniz, ya şükür edirsiniz?

-Həm şükür edirəm, həm də can atıram. İnsan yaradılışı belədir. O daim nələrəsə can atır, daha yaxşı şeylər istəyir. Mən mütaliəli insanam. Bunu demək özündən razılıq kimi çıxmasın. Mütaliə etdiyim üçün beynimdə informasiya da çoxdur. Ona görə də bir-iki cümlə ilə bu suala cavab verə bilmirəm. Şükür etmək öz yerində, əlbəttə, Allaha hər zaman təşəkkür borcum var. İstəməyə qalanda isə hər kəs istəyir. Müəyyən bir zamana qədər özün üçün istəyirsən, müəyyən bir zamandan sonra isə bəşəriyyət üçün istəyirsən.

-Arzu mayakınız...

-Arzu mayakı mənim ağlımdır. O mənə seçimlərimdə və istəklərimdə düzgün yol göstərir. Getdiyim ünvanı ağlımla seçdiyim üçün arzu mayakım da odur.

-Kənardan çox ciddi və sərt görünürsünüz. Davakarsınız?

-Qətiyyən davakar deyiləm. Dediyiniz sərtlik xarakterimdir. Xırda bir şeylərdən ötrü dava etməyi sevmirəm. Əgər kiməsə əl qaldıraramsa, hər hansısa böyük bir məsələ olduğu zaman bu baş verə bilər.

-Niyə məhz musiqi sənəti?

-Onu mən seçməmişəm, o, məni seçib. Özü də 7 yaşımdan. İlk ifa etdiyim mahnılar xalq musiqiləri olub. Dəqiq yadımdadır, birinci ifam “Elə bəndəm” mahnısı olub.

-Deyə bilərsiniz ki, işinizin peşəkarısınız?

-Sualı verməyinizin özü ondan irəli gəlir ki, siz incəsənətdən kənar bir adamsınız. Çünki incəsənətdən, ifaçılıqdan az da olsa, məlumatınız olsaydı, bu sualı mənə verməyin qəbahət olduğunu bilərdiniz. Siz məni bura dəvət etməzdən öncə Azərbaycanın görkəmli musiqiçilərindən məlumat toplamalı idiniz ki, mən sizə deyəndə işimin peşəkarıyam, siz onun əksini söyləyə biləsiniz. Amma indi heç bir şey deyə bilmirsiniz.

-Heç düşünmüsünüz ki, bu sözümə görə ətrafımdakı insanlar nə söyləyər?

-Əlbəttə. Mən tək yaşamıram, cəmiyyətdə yaşayıram. Ona görə də insanların düşüncəsi mənə maraqlıdır. Mənim pul qazanmağımın səbəbkarı insanlardır. Mən onların düşüncəsini nəzərə almasam, olmaz. Onların mənə qarşı olan düşüncələri çox vacibdir. Onların məni sevmələri lazımdır.

-Həyatınızın indiki anında hansı melodiya səslənir?

-Qulağıma cürbəcür səslər gəlir, yəni dəyişik melodiya. Daha çox lirik və fəlsəfi məzmunlu musiqilər səslənir. Fəlsəfi fikirlər mənim ruhuma yaxındır.

-İnsanlarda dəyər verdiyiniz üstünlük?

-Mənim özüməməxsus kriteriyalarım var. Mənim üçün qorxaq kişi ən təhlükəli adamdır. Qadınlardan isə yalan söyləyən qadın ən təhlükəli adamdır. Yalan danışan kişidən qorxmaram, bu mənim düşüncəmdir. İnsanlarda o şeyə üstünlük verirəm ki, düşündüklərini birbaşa ifadə edirlər.

-Hansı zəifliyinizi özünüzə bağışlamırsınız?

-Mən zəif insan deyiləm. Əgər ağlım başımdadırsa, yuxuda deyiləmsə, mən həyatda heç bir zaman zəiflik göstərmirəm. Bu mümkün deyil. Deyirsiniz ki, insanların sizə xəyanəti zəifliyiniz deyil ki? Cavab verim, bu mənim zəifliyim deyil, onların alçaqlığıdır. Mənim insanlara inamım zəifliyim deyil. Bunu zəiflik kimi qəbul etsək, o zaman heç kimi həyatımıza buraxmayaq. Mən insanam, ona görə mən də yanıla bilər, insanları səhv tanıya bilərəm. Bu qətiyyən zəiflik deyil.

-Səhvlər...

-Səhvlərim çoxdur, onları saysam, gərək bir neçə saat keçsin. Xırda-xırda o qədər səhvim var ki. Məsələn, lazım olmayan insanlara həddən artıq dəyər verib onları çox istəməyimi səhvlərim sırasına daxil edirəm. O insanları gözümdə ucaldıb həmin zirvəyə layiq olmadıqlarını görəndə özümü bağışlamıram.

-Heç musiqiçinin pulunu kəsmisiniz?

-Olub. Musiqiçilərə hər zaman deyirəm ki, səhnədə siqaret çəkmək olmaz, bərkdən danışmaq olmaz. Heç kim sizin səsinizi eşitməli deyil. Təbii ki, kəsmişəm. Düzdür, bir neçə gün sonra həmin pulu başqa bir məclisdə ona çatdırmışam, amma demişəm ki, bu axırıncıdır, səhnədə siqaret çəkməyəcəksən. Toyun ortasında siqaret çəkmək nə deməkdir? Fikir versəniz, görərsiniz ki, musiqiçilər 30-40 sm yüksəklikdə oturur. Bax oranın haqqını vermək lazımdır.

-Qarşımdakı insan o qədər müəmmalı oldu ki, onun maraqlı daxili aləminin yalnız müəyyən tərəflərini aça bildim. Yəni onu tam xarakterizə edə bilmədim. İlk sualıma cavabı müsahibənin sonunda tapıb deyirəm ki, doğrudan da, Pərvin bəyin gizli və sirli məqamları çoxdur. Dəvətimi qəbul edib gəldiyiniz üçün minnətdaram.

-Siz sağolun.

 

Rövşən Tahir

 

Üç nöqtə.- 2020.- 17 mart.- S.12.