“Muğamın fəlsəfəsi
ağırdır”
Rəvan
Qaçayev: “Ruhumun istədiyi kimi ifa edirəm”
“Uduzmağı qəbul
etmək deyəndə ki, həyatda udmaq da var, uduzmaq da. Hər
dəfə udmaq olmur, nə vaxtsa uduzmaq da olur insanın
taleyində. Əsas odur, uduzduğun anda həvəsdən
düşməyəsən, yenidən qalib olmaq haqqında
düşünəsən, çalışasan”.
“Üç nöqtə” qəzetinin qonağı gənc və
istedadlı xanəndə Rəvan Qaçayevdir.
-Ənənəvi
sualımı ixtisasından, vəzifəsindən
asılı olmayaraq bütün müsahiblərimə verirəm.
Çünki müsahiblərimin tərcümeyi-halı
oxucular üçün həmişə maraqlıdır. Bu
baxımdan bioqrafiyanızı oxucularımızla
bölüşmənizi istərdim.
-1998-ci ilin may ayının 2-si Qobustanda anadan olmuşam. 6-cı sinfədək təhsilimi Qobustanda almışam. Daha sonra böyük sənətkarımız Əlibaba Məmmədovun təkidi ilə Bülbül adına orta ixtisas musiqi məktəbində əməkdar müəllim Qəzənfər Abbasovun sinfində təhsilimi davam etdirmişəm və muğamla ciddi, dərindən tanışlığım da buradan başlayıb. Bülbül adına məktəbi həyatımın ən dəyərli anları kimi qiymətləndirirəm, çünki burada Ağaxan Abdullayev, Arif Babayev, Əlibaba Məmmədov kimi sənətkarlarla canlı ünsiyyətdə olub onların dərslərində iştirak edirdim, onlardan bəhrələnirdim. Bülbüldə oxuduğum illərdə Respublika uşaq muğam müsabiqəsinin 1-cisi olmuşam. Həmin illərdə bir çox beynəlxalq və ölkə müsabiqələrinin də lauretı olmuşam. Bülbüldə oxuduğum zaman Londona qastrol səfərim də olub və kilsədə ilk dəfə olaraq azan ifa etmişəm. Bütün bu xoşbəxtliklər mənə nəsib olub. Tale elə gətirdi ki, 9-cu sinifdə bəzi problemlərə görə sevimli, doğma məktəbimi tərk etməli oldum və yenidən Qobustan qəsəbəsinə köçdük, 9-11-ci sinifləri burada oxudum. Həmin illər ərzində də musiqidən ayrı qalmadım. Aşıq sənətini öyrənməyə başladım. 2015-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinə bakalavr pilləsinə daxil oldum.. Burada Respublikanın əməkdar artisti Zakir Əliyevin sinfində təhsil aldım və ondan çox şey öyrəndim. Hətta həmin vaxt mənə bala Zakir deyirdilər. 2019-cu ildə 4-cü kursda ikən rəhbərliyimizin və müəllimlərimin təkidi ilə televiziya muğam müsabiqəsinə qatıldım. Münsiflər heyəti Respublikamızın xalq artistləri, böyük sənətkarlar Arif Babayev, Əlibaba Məmmədov, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, İlqar Fəhmi və Sərdar müəllim idi. Onların qərarı ilə müsabiqənin qalibləri sırasında yer aldım və xalq məni daha yaxşı tanıdı.
-İlk dəfə
nə vaxt hiss etdiniz ki, səsiniz var? İlk dinləyiciniz kim
olub?
-İlk dəfə özüm hiss etməmişəm səsimin olduğunu. Valideynlərimin sözlərinə görə mən bir neçə aylıq çağa ikən bizim evdə böyük sənətkarımız, muğamın sütunlarından olan, ailəmizin hər zaman dinlədiyi Ağaxan Abdullayevin kaseti olub. Deyirlər, maqnitafonu qoşurduq, kasetə qulaq asırdın, elə ki, kasetin bir tərəfi bitirdi, başlayırdın ağlamağa, yenidən kasetin bu biri tərəfini qoşurduq sakitləşirdin. Atam o vaxt deyib ki, bu uşaq xanəndə olacaq. Atam özü musiqiçi olub vaxtilə. Evdə qarmonuz var idi, indi də var həmin qarmon. Gözümüzü açandan bizə atamız xalq mahnılarını öyrədib. İlk öyrəndiyim “Qaçaq Nəbi”, “Apardı sellər Saranı” olub. İlk dinləyicilərim də ailəm olub.
-Deməli, ailəniz
də muğama meylli olub...
-Bəli, söylədiyim kimi mən musiqiçi ailəsində dünyaya göz açmışam. Rəhmətlik əmim Balayar Qaçayev tanınmış xanəndə olub, gözəl el məclisləri idarə edib. Nəsillikcə bizdə səs var. Ümumiyyətlə, mən deyərdim, bizim kəndimizdə hər evdə gözəl səs var. Deyilənə görə bu bizim kəndin bulağının suyundandır. “Köylüş” bulağı... Xalq artisti Zabit Nəbizadə, ustad xanəndə Camal Dadaşov, muğam müsabiqəsi qalibi Abgül Mirzəliyev, ustad aşıq-xanəndə Əvəzxan Xankişiyev, rəhmətlik aşıq Mahmud Ələsgəroğlu, aşıq Əvəz Hacıyev, mərhum aşıq Vüqar, aşıq Xəyal bizim Şıxzərli kəndindəndir. Qardaşlarımın da hər birinin gözəl səsi, istedadı var. Balaca qardaşım Adil Qaçayev 5 yaşında Respublika uşaq muğam müsabiqəsində qran-pri qalibi olub. Digər qardaşlarımın da səsi var, ancaq yalnız Adilin sənəti davam etdirəcəyinə inanıram. Hazırda səsinin keçid dövrü olduğu üçün onu oxumağa qoymuram.
-Orta məktəbdə
necə oxumusuz?
-Orta məktəbdə 5-ci sinifə qədər əlaçı, sinif nümayəndəsi olmuşam. Ancaq 6-cı sinifdən Bülbül adına məktəbə gəldim və musiqi fənnləri ilə daha çox məşğul olduğum üçün digər fənləri əvvəlki qədər əla oxuya bilmədim. Lakin belə normal oxumuşam.
-Sənətdə
hədəfiniz nədir?
-Sənətdə hədəfim dünyəvi musiqiçi olmaqdır, Azərbaycan muğamının əzəmətini, həmçinin ecazkarlığını başqa ölkələrdə layiqincə tanıtmaq, muğamı dünyada təbliğ etməkdir. Başqa xalqlara Azərbaycan musiqisinin nə qədər zəngin olduğunu göstərməyi özümün missiyası kimi qəbul edirəm.
-Layiq olduğunuza nail ola bilmisinizmi?
-Onu mən
deyə bilmərəm, nəyə layiqəm, onu xalq, həmçinin
musiqi xiridarları deyə bilər. Bizim öhdəmizə
yalnız çalışmaq düşür, heç bir
çətinliyə, problemə baxmadan çalışmaq,
yolumuzdan dönməmək. Uğur haqqında heç vaxt
düşünməmişəm, onun üçün
çalışmamışam, məni olduğum yerdə qiymətləndiriblər.
Universitetimizin keçmiş rəhbəri Fərəh
xanım Əliyeva, indiki rəhbəri Ceyran xanım Mahmudova,
keçmiş dekanımız Ellada xanım Hüseynova,
hazırkı dekan Nərmin xanım Qaralova, dekan müavini
Mehriban xanım Qasımova hər zaman etimad göstərib, məni
dəstəkləyiblər.
-Mənim fikrimcə, muğam insana
yeni ruh verir. Hətta əsəbləri gərgin insanları
belə muğamla sakitləşdirmək mümkündür.
Bəs siz necə düşünürsünüz?
-Əlbəttə,
tamamilə, doğrudur. Muğam insanın ruhuna toxuna bilir. Dəfələrlə
şahidi olmuşam, oxuduğum məclislərdə insanlar
olub ki, göz yaşlarını saxlaya bilməyib.
Muğamın fəlsəfəsi ağırdır, hər
adam onu asanlıqla qəbul edə bilməz. Belə bir deyim
var, böyük musiqələr baş, kiçik musiqilər
ayaq oynadar. Bir musiqi ki, insanı başqa bir aləmə
aparır, deməli, böyük musiqidir. Muğam da belə
musiqidir.
-Hansı muğamı və ya
mahnını oxuyanda təskinlik tapırsız?
-Ümumiyyətlə,
bu hala görə dəyişir. Konkret hansısa muğam və
ya mahnı yoxdur ki, mən deyim, həmişə onu oxuyuram və
ya qulaq asıram. İnsan həmişə eyni halda olmur,
olursa, o zaman o, ruh adamı deyil. Mən ruh adamıyam, ruhumun
istədiyi kimi ifa edirəm, ruhumu oxşayan ifaçılara
qulaq asıram və bundan zövq alıram.
-Gerçək istedad möcüzə
kimi bir şeydir, Allah vergisidir və bu vergi
daşıyıcıları seçilmiş bəndələrdir.
Yəni şairlər, yazarlar, sehrli səs sahibləri və
digərləri seçilmiş insanlardır, məncə. Bu
cür insanlar onlara bəxş edilmiş dəyərin qiymətini
bilməlidirlər və hətta buna borcludurlar. Çünki
bu cür istedadlardan bütöv bir el, bütöv bir xalq bəhrələnir.
Bu baxımdan Rəvan bizim hamımızın səsimizdir. Rəvana
sual edirəm, Azərbaycan
xalqına, bizlərə bəxş edilmiş bu dəyəri
qorumağa çalışırmı?
-Tamamilə
düz qeyd edirsiniz, bu səs mənim deyil, xalqındır. Mən
uşaq yaşlarımdan özümü qorumuşam.
Düzdür, əvvəllər atamdan qorxduğum
üçün qoruyurdum, lakin sonra başa düşdüm
ki, bu məqam nə qədər vacibdir. Mən illərdir,
dondurma yemirəm və onun dadını tamamilə
unutmuşam. Qaynar çay olmaz, soyuq su olmaz, əsəb olmaz,
bəzi qidalar: duzlu, istiotlu, turş
qidaların heç biri
olmaz. Bir könüldə iki sevda olmaz, ya səsini
qorumalısan, nəfsindən keçməlisən, ya da səsindən
keçməlisən, nəfsinin qurbanı olmalısan. Mən
isə uşaq yaşımdan sənətimi seçmişəm.
Bu yolda da özümə həmişə Allahdan güc diləmişəm,
nəfsimə qalib gəlməyi Allahdan istəmişəm.
-Rəvan bəy uduzmağı qəbul
edirmi?
-Uduzmağı
qəbul etmək deyəndə ki, həyatda udmaq da var, uduzmaq
da. Hər dəfə udmaq olmur, nə vaxtsa uduzmaq da olur
insanın taleyində. Əsas odur, uduzduğun anda həvəsdən
düşməyəsən, yenidən qalib olmaq haqqında
düşünəsən, çalışasan.
İnsanın elə böyüklüyü də bundadır.
Mənə görə nə qaliblər heç vaxt məğrurlanmalı
deyil ki, hər zaman qalib olacam, nə də məğlublar həvəsdən
düşməli deyil ki, məğlubam. Hər kəs hər
an çalışmalıdır. Əslində bəzən hər
şeyin bitdiyi an nələrinsə başladığı an
olur, ona görə də yoluna davam etməlisən,
yıxıldınsa, ayağa durub davam etməlisən. Yol
uzundur axı.
-Bəzi gənc xanəndələrimizə
qəzəl ehtiyatlarının azlığını, söz
bazalarının zəifliyini irad tuturlar. Siz necə
düşünürsüz?
-Çox
gözəl sualdır. Təşəkkür edirəm bu sual
üçün. Bəli, hazırda əfsuslar olsun ki, bəzi
gənc xanəndələrimiz sözə bir o qədər
önəm vermir. Həmişə eyni qəzəli, eyni
şeri oxuyurlar hər yerdə. Bu bizim sənətimiz
üçün yolverilməzdir. Çünki öyrənməyə
çoxsaylı mənbə var. Sözə və
sözün vurğularının düzgünlüyünə
ciddi riayət olunmalıdır. Şairlərimiz,
dühalarımız sözü həmişə müqəddəs
biliblər. Hacı Mailin bir qəzəli yadıma
düşdü:
Salmasın,
arif, gərək, aləmdə qiymətdən sözü,
Saxlasın,
hifz eyləsin hər cürə möhnətdən
sözü,
Söz
açan bir kəs, gərək, əzəl baxsın ətrafına,
Qoymasın,
cahil yanında ta keçə həddən sözü.
Söz
haqqında çox dahilərimiz şeirlər, qəzəllər
yazıb. Fürsətdən istifadə edib burdan xanəndə
sənətində olan dostlarıma, həmkarlarıma səslənirəm,
sözün qol-qanadını sındırmayın, xahiş
edirəm onun haqqını düzgün verin.
-Sizi izləyənlərə
sözünüz sonda…
-Hər kəsə
can sağlığı, işlərində müvəffəqiyyətlər
arzu edirəm. Mən hər zaman xalqımızın, dövlətimizin
xidmətindəyəm. Müsahibə üçün sizə
təşəkkür edirəm, işlərinizdə bol-bol
uğurlar arzulayıram. Səmimiyyətiniz, səmimi niyyətiniz
həmişə var olsun.
-Mən də sizə təşəkkür
edirəm. Səsiniz, sənətiniz var olsun. Müsahibim
olduğunuz üçün təşəkkür edirəm.
-Siz sağolun
Rövşən
Tahir
Üç nöqtə.- 2020.- 7
may.- S.12.