“Hərdən görəndə
ki, uğur mənə
mane olur, kənara çəkilirəm”
Ayla xanım Osmanova: “Teatra həmişə
maraq olacaq”
“İlk gördüyümüz sima
olur, amma ruh önəmlidir. Siması gözəl, lakin ruhu
olmayan aktyor uzun müddət səhnədə qalmaz, qala bilməz!
Gec-tez özü uzaqlaşacaq. Adi insan
götürək, siması gözəl, içi boş nə
qədər davam edər bu dostluq, bu münasibət?! Səhnə
də elə, ruhu olmayan, ürəyi dolu olmayan aktyoru çox
daşımaz”. “Üç nöqtə” qəzetinin
qonağı Gənc Tamaşaçılar Teatrının
quruluşçu-rejissoru Ayla xanım Osmanovadır.
-Ayla xanım, zəhmət olmasa
özünüzü təqdim edin.
-Ayla Bəhram qızı Osmanova.
-Özünü təqdimat niyə
bu qədər sadə oldu?
-Ondan
ötrü ki, təmtəraqlı təqdimatları sevirəm.
Özümdən razı deyiləm, ona görə
də sadəcə adımı, soyadımı və
atamın adını qeyd etdim. Özümü
təqdimatla bağlı uzun-uzadı danışmağı
sevmirəm. Qoy kimlərsə mənim
haqqımda danışsın, mənim
danışmağıma ehtiyac yoxdur.
-Uşaqlıq illəriniz...
-Kim dedi
ki, mən artıq böyümüşəm (gülümsəyir)?
Gözəl və xoşbəxt bir
uşaqlıq illəri yaşamışam. Valideyinlərim sağolsunlar, onları sevirəm.
-İncəsənəti
seçərkən əsas amil sizin üçün nə
oldu?
-Məncə,
digər bir sənəti də seçsəydim, orda da
uğur qazanardım. İncəsənət isə
başqa bir dünyadır və onun tayı-bərabəri
yoxdur. İnsanların ruhunu qidalandırmaq
gözəldir. İncəsənət
insanların qəlbinə və düşüncəsinə
təsir edən bir sənət növüdür. Zaman keçdikdə anladım ki,
insanlığın inkişaf etdiyi dövrdə yaradılan ən
mükəmməl bir peşə növüdür ki, bu
peşənin nədən ibarət olduğunu ömrü boyu
öyrənməyə dəyər.
-Teatr sizin üçün nə deməkdir?
-Mən
incəsənət ailəsində dünyaya göz
açmışam. Balaca vaxtlarımdan teatrda
ara-sıra teatrın səhnə arxasında olmuşam. Deyim ki, bu səhnə arxasında olmaq məni o qədər
özünə cəlb eləyirdi, bu düz söz olmaz.
Sadəcə hərdən-birdən bu gündə
izah edə bilməyəcəyim elə bir möcüzə
baş verirdi ki, bu an mən nəzərlərimi səhnədən
çəkə bilmirdim. Sonra peşə
seçimində anamla məsləhətləşib sənədlərimi
incəsənətə verdim. Lakin atamdan gizlin, atam bilsəydi,
icazə verməyəcəkdi! Çünki
atam sənəti sənət kimi sevir, özünün bu sənətdə
olduğuna görə yox. O, bu gündə sənət
uğurlarını çox tez unudaraq yeni bir işlərə
can atır. Ara-sıra mənə də bunu
tövsiyyə edir ki, bir uğurun şöhrəti ilə
yaşamağa dəyməz. Çünki
şöhrət çox tez unudulur, daim nəsə öyrənmək
istəyi isə adama ruh yüksəkliyi verir, təvazökarlıqdan
uzaqlaşdırmır. Məhz bundan sonra sənət
özü həmin şəxsi qoruyur
-Niyə teatr rejissoru?
-Rejissorluq
bir bir sənət növü kimi teatr tam formalaşandan sonra
yaranıb. Belə ki, bu sənət, artıq
teatr sənətini başqa cür istiqamətləndirmək
üçün nəzərdə tutulub. 20-ci əsrdə
əbəs yerə demirdilər ki, bu əsr təkcə atom əsri
kimi yox, tarixdə rejissor əsri kimi də yadda qalacaq
. Başqa rejissorluq sahələri məhz
bundan sonra yaranıb. Mən teatr
rejissorluğunu minimal səhnə atmosferində
tamaşaçılara bəşəri hisslər
aşılaya bilən bir sənət növü olduğu
üçün sevirəm. Rejissorluq sənəti
bu gün çox asan sayılan bir sənət növünə
çevrilib dünyada. Jurnalist
rejissurası, dramaturq-yazıçı rejissurası, texniki
rejissura amili mövcuddur ki, Azərbaycanın sənət aləmində
də bu yetərincədir. Rejissorluq təkcə
maraqlı forma düşünüb texnikanın köməyi
ilə bu formanı bəzəyən şəxsin məşğul
olduğu yox, aktual ideya ətrafında bir komanda
formalaşdıran bir sənət növüdür
.
-İncəsənətdə
heç bir şey gizlin qalmır. Bəlli ki, arxaca görülən işlər də. Sizə qarşı belə hallar olub?
-Əgər səni hamı sevirsə, deməli, səndə
nəsə problem var. Mən “işini gör” prinsipi ilə
yaşayan xanımam. Hərdən görəndə ki, uğur
mənə mane olur, kənara çəkilirəm. Yəni qırağa çəkilməyi də
bacarıram. Necə deyərlər,
"Time out" fasilə verirəm. Oxuyuram, öyrənirəm,
müşahidə aparıram və yenidən (susur)...Bilirəm
ki, mən çox cavanam, enerjim boldur, çox işləyə
bilərəm, amma (yenə susur)...
-Olub ki, heç qurduğunuz
tamaşa gözlənilən nəticəni verməsin?
-Özüm nədənsə narazı olmuşam. Hazırladığım tamaşalar barədə
kimsə tərəfindən mənfi fikir deyilməyib. Çünki mən bir işi görürəmsə,
ya mükəmməl görəcəm, ya da heç yaxın
durmayacam. Ona görə deyirəm ki,
özüm narazı qalmışam.
-Sizcə, bugün teatrlarımıza
maraq var?
-Əlbəttə. Nə qədər ki, teatr var, o zamana
qədər də teatra həmişə maraq olacaq. Yalnış
bir ifadədir, teatra maraq yoxdur. Hər bir
dövrün öz teatrı var, bunu yadda saxlayın. Teatr bir xəzinədir və sən tamaşaya
baxdıqdan sonra ordan əli boş çıxa bilmərsən,
mütləq özünlə nəsə aparacaqsan. Tamaşaçının zövqünü
oxşamaq və onda daha da maraq yaratmaq bizim borcumuzdur. Bu gün teatr gərəkli olmağa
çalışır.
-Aktyorlar hər zaman deyir ki, biz
rejissordan asılıyıq. Bu
asılılığı necə izah edə bilərsiniz?
-Necə
ki, yaxşı aktyor rejissordan asılı olduğu kimi,
yaxşı rejissor da yaxşı aktyordan asılıdır. Asılılıq ancaq bundan ibarətdir.
-Hansı yerli və xarici aktyorlara pərəstiş
edirsiniz?
-Eləsi
yoxdur və məncə, olmayacaq da. Bəyəndiyim
çoxdur, izləyirəm filmlərini,
tamaşalarını, valeh oluram, bu mənə bəs edir.
Pərəstiş etmək, kiminsə pərəstişkarı
olmaq mənlik deyil, bacarmıram.
-Xarici ölkələrdən söz
düşmüşkən, bir az da xarici səfərlərinizdən
danışaq
-Axrıncı
səfərimiz Fevral ayında Türkiyənin Diyarbəkir
şəhərində baş tutan Beynalxalq "Solo"
festivala oldu. Pərvinin “Mən öləndə,
Ağlama” əsəri ilə festivala dəvət aldıq.
Gözəl qarşılandıq, uğurla
qayıtdıq. Səfərlər, istər
xarici, istərsə də yerli, çox böyük bir
stimuldur. Səfərlər yeni nəfəsdir,
yeni tanışlıqlardır. Düz
deyiblər çox gəzən çox bilər. Çox bilmək isə
dünyagörünüşün artmasıdır. Öyrənib, müşahidə edib, nə vaxtsa, o
yığdıqlarını verirsən yeni tamaşaya. Axı bildiyimiz, yaşadığımız, öyrəndiyimiz
hər şey sənətə çevrilir.
-Sizcə, aktyorun siması gözəl
olmalıdır?
-Sual
çətindir, amma maraqlıdır. İlk
gördüyümüz sima olur, amma ruh önəmlidir.
Siması gözəl, lakin ruhu olmayan aktyor uzun müddət səhnədə
qalmaz, qala bilməz! Gec-tez özü
uzaqlaşacaq. Adi insan götürək,
siması gözəl, içi boş nə qədər davam
edər bu dostluq, bu münasibət?! Səhnə
də elə, ruhu olmayan, ürəyi dolu olmayan aktyoru çox
daşımaz. Gözəgəlimli olmaq bəs
edir.
-Tamaşa başa çatandan sonra
tamaşaçılarla qalıb söhbət edirsiniz,
onların fikirlərini öyrənirsiniz?
-Heyif ki,
bizdə elə bir imkan yoxdur. Amma mənim mono
tamaşam var. O tamaşa kiçik səhnədə
oynanılır. Biz, yəni
tamaşanın dramaturqu Pərvin xanım, aktrisa Səbinə
xanım və mən çalışırıq
tamaşaçıların rəyini alaq. O tamaşa hər
dəfə oynanılanda bizim üçün premyera kimi gəlir.
Çünki qəribə bir sehri var.
-Film çəkmək kimi bir istəyiniz
varmı?
-Var, amma,
amma, amma... Mükəmməl olması
üçün hələ çox
çalışmalıyam. Bunun
üçün ilk növbədə mənə çox
yaxşı bir ssenarist lazımdır. Onu
hələ də axtarıram.
-Tamaşanı yaradarkən hansı çətinliklərlə
üzləşirsiniz?
-Hamısı
mənə xoşdur, xırdası da, böyüyü də.
Tamaşa yaradarkən gərqinlik, çətinlik
olmasa, onda o nə tamaşa olar? Şikayətini
belə etmək istəmirəm. Bu
yaradıcılıq prosesidir və bunun uğurunu qəbul
edirsənsə, çətinliyini də qəbul etməlisən.
-Hansısa bir rolun sizə pis təsir
etdiyi olubmu?
-Təsirlənmişəm,
deyərdim. Obrazları necə var, elə qəbullanıram.
Özüm aktyora onun obrazını izah edəndə,
müzakirə edəndə real faktlarla danışıb
çox normal qəbul edirəm. Çünki
mən ondan qabaq rolu incəliyib, araşdırıb obrazın
yaşadığı bütün həyatı öyrənib
gəlirəm. Olub, aktyor ağlayıb,
düşüb təsirinə, çünki obrazı o
yaradacaq, o oynayacaq. Bu mənim işimdir, mən
izah etməliyəm, mən aktyoru təsirləndirib, ona
anlatmalıyam. Mənə hər dəfə
hansısa bir obraz pis təsir etsə, daha nə oldu. Bəli, olub, baxmışam, hətta gözümdən
yaş da axıb, amma unutmuşam dərhal. Həyatdakı insanların oynadığı rollar
pis təsir edə bilər, səhnədə baş verənlər
yox.
-Gələcək
planlarınızı öyrənmək istəyərdim…
-O da məndə
qalsın, çox danışdım. Qismət
olacaq, hamsını görəcəksiniz. Bir onu deyə bilərəm, dayanmaq olmaz. İrəli addımlamaq bütün gənclərin
borcudur.
-Son illərdə çəkilən
filmlərdən, səhnəyə qoyulan tamaşalardan
hansının adını çəkə bilərsiniz ki,
ona ləzzətlə baxmısınız?
-Mən
bunu yəqin hələ uzun müddət deyəcəm,
Akademik Milli Dram Teatrında qurulan C.Məmmədquluzadənin
“Dəli yığıncağı” tamaşası. O möhtəşəm
bir işdir , baxmamısınızsa, məsləhət
görürəm, baxın. Tərif etməyəcəm,
çünki səhv anlaşıla bilər, amma deməsəm
də, olmaz. Ləzzətlə
baxdığım filmlər də çoxdur, lakin bunlar
arasında “ən ləzzətli” deyiləni yoxdur. Xoşum gələn bir filmin adını çəkim,
“Red balloon”. 34 dəqiqəlik bu fransız
filmindən ləzzət alıb, nəsə nəticə
çıxarmamaq mümkünsüzdür.
-“Dəli yığıncağı” tamaşasına professor Qulu Məhərrəmlinin dəvəti ilə baxmışam. Hörmətli professor sağ olsun ki, biz tələbələri möhtəşəm bir tamaşaya dəvət etmişdi. Siz də çox sağolun, çox sağolun ki, mənim dəvətimi qəbul edib müsahibə verdiniz. Minnətdaram.
-Mən də sizə təşəkkür edirəm.
Rövşən
Tahir
Üç nöqtə.- 2020.- 9 may.- S.12.