“Mirzə Sadıqcan tarı dizdən sinəyə
qaldırmayıb”
Tofiq Məmmədov:
"Uğurlarımın böyük bir qismini solo ifalarda
qazandığım üçün mənə görə
solo daha yaxşıdır"
“Gənc
ifaçı kimi çox uğurlarım olub. Hələ
Musiqi Kollecində oxuduğum zaman 1-ci kursda Prezident təqaüdünə
layiq görülmüşdüm. O yaşda olan bir kəs
üçün bundan böyük uğur ola bilməzdi. Daha
sonra böyük səhnələrdə
çıxış etmişəm, müsabiqələrdə
iştirak edib, mükafatlar almışam. Bunlar hamısı zəhmətin
nəticəsində baş verib. Ətrafda bu uğurlara sevinən
də olur, qısqanan da”. “Üç nöqtə” qəzetinin
qonağı gənc və istedadlı tarzən Tofiq Məmmədovdur.
-Tar bizim milliliyimizi göstərən
musiqi alətidir. Çox tarzən söyləyir
ki, tarla tanışlıqları uşaqkən olub və ifa
etməyə başlayıblar. Bəs sizdə tara necə maraq yarandı?
-Tara 10
yaşımdan başlamışam. Valideynlərimin
istəyi ilə bu aləti seçmişəm. Bəllidir ki, 10 yaşında bir uşağın
hansısa bir alətdən, musiqidən anlayışı yetərincə
olmur. Ona görə də bu sənətə
gəlməyimdə valideynlərim rol oynayıb. 5 il musiqi məktəbində oxudum. Orada
oxuduğum müddətdə nailiyyətlər qazandıqca tara həvəsim artdı. Daha sonra Asəf
Zeynallı adına Musiqi Kollecində, sonra
isə Milli Konservatoriyada təhsilimi bakalavr pilləsi üzrə
davam etdirdim. Onu da əlavə edim ki, beynəlxalq
müsabiqədə qalib olduqdan sonra magistr pilləsində təhsilimi
davam etdirmək üçün imtahansız vəsiqə
qazandım. Magistraturanı da bitirdim və
hazırda Musiqi Kollecində müəlliməm.
-Tənqidə qarşı necəsiz?
-Tənqidə
necə yanaşıram? Baxın, insanları nəyəsə
görə tənqid edəndə onların çoxsunun
xoşuna gəlmir. Məni də sənət
baxımından tənqid edirlər. Amma
deyim ki, bunların hər birini də qəbul etmirəm.
Hər edilən tənqid də düz deyil
axı. Kimsə nəsə deyə bilər, bunu normal
qarşılayıram, amma baxır, kim
deyir.
-Bir müəllim kimi öz işinizə
münasibətiniz necədir? Tələbələrinizdən
razısınız?
-Artıq
3-cü ildir ki, Musiqi Kollecində müəlliməm. 16 nəfər
tələbəm var. Tələbələrimlə dost kimiyəm.
Müəllimlərimdən gördüyüm
münasibəti tələbələrimə
yansıdıram. O müəllimin dərsinə tələbə
sevə-sevə gedir ki, müəllim onunla dost olur. Düzdür, hörmət öz yerində
olmalıdır, amma səmimiyyət mütləqdir. İşimə olan münasibətdan
danışdıqda isə ona olan münasibətim çox
gözəldir. Bu yaşımda Musiqi
Kollecində dərs demək mənim üçün
böyük fəxrdir.
-Sənətdə çətinlikləriniz
çox olub, yoxsa həyatda?
-Daha
çox həyatda çətinliklərim olub. Mən
Qarabağ zonasındanam. 1991-ci il təvəllüdlü
bir uşaq 1993-cü ildə öz torpağından aralı
düşür. Təsəvvür edin,
uşaqlıq illərim o qədər
ağrılı-acılı keçib ki. Ailəmlə birlikdə çox çətinliklər
görmüşük. Sənətdə
isə bir o qədər də çətinliyim olmayıb.
Həyatın ağır bir zərbəsi isə
mənə atamın vəfatı olub. Atamın
vəfatından sonra anladım ki, ayaqlarım üstdə
durmalıyam.
-Bir gənc ifaçının sənətdə
qazana biləcəyi
uğurların bir çoxunu
qazanmısınız. Bu, dostlarınızın
qısqanclığına səbəb olmayıb ki?
-Bəli,
gənc ifaçı kimi çox uğurlarım olub. Hələ Musiqi Kollecində oxuduğum zaman 1-ci
kursda Prezident təqaüdünə layiq
görülmüşdüm. O yaşda olan bir kəs
üçün bundan böyük uğur ola
bilməzdi. Daha sonra böyük səhnələrdə
çıxış etmişəm, müsabiqələrdə
iştirak edib, mükafatlar almışam. Bunlar
hamısı zəhmətin nəticəsində baş verib.
Ətrafda bu uğurlara sevinən də olur,
qısqanan da. Təbii ki,
qısqananları hiss etmək olur.
-Bəs siz özünüz məhşur
tarzənlərimizdən kimlərə həsəd
aparırsınız? Hansı tarzənlərimizin
ifasını dinləyirsiniz?
-Məşhur
tarzənlərdən qulaq asdığım, həsəd
apardıqlarım var. Hacı Məmmədov, Əhsən Dadaşov
kimi tarzənlərin ifalarına qulaq asa-asa öyrənmişik.
İndinin özündə belə onları dinləyib
öyrənirik. Ramiz Quliyev, Möhlət Müslümov,
Elçin Haşımov kimi tarzənlərdən çox
şey öyrənmişik. Elçin müəllim
mənim öz müəllimim olub. Bilirsiniz,
musiqiçi bütün musiqiçilərə qulaq
asmalıdır, onlardan bəhrələnməlidir. Bizim kitabxanamız dinləməklə zənginləşir.
-İzləyicilər
arasından gözləmədiyiniz halda sizə
yaxınlaşıb fikir bildirənlər olubmu?
-Bu daha
çox konsertlərdən sonra olur. Konsert
bitdikdən sonra izləyicilərdən yaxınlaşanlar,
fikir bildirənlər, təbrik edənlər olub. Bunlar baş verə biləcək şeylərdir.
Böyük səhnələrdə
çıxışlarımdan sonra belə hallarla çox
qarşılaşmışam.
-Tarı simli alətlərdən
gitara ilə müqayisə etmək olar. Bəs tar modern
mahnıları ifa etmək baxımından gitara ilə
yarışa bilərmi?
-Tar elə
bir alətdir ki, potensialı böyükdür. Onda istənilən xarici bir musiqini ifa etmək olar.
Bu yaxınlarda özüm Snoop Dogg-un “Still dre”
mahnısını tar ilə siztez eləmişəm. Mənə görə, tar dünya arenasına
çıxa bilən bir musiqi alətidir. O baxımdan
deyirəm ki, tar gitaradan geri qalmır. Nəinki
gitaradan, eləcə də digər simli musiqi alətlərindən.
-Bildiyimiz kimi, tar aləti XIX əsrdə
müəyyən islahatlar yaşadı. Onlardan
biri də tarın dizdə ifadan sinədə ifasına
keçid oldu. Sizcə, hazırda tarda hər
hansı bir dəyişikliyə ehtiyac varmı?
-Tarın
5 simi olub. Ona 6 simi Mirzə Sadıqcan əlavə
edərək tarı 11 simli edib. Bir məqamı
da qeyd edim, Mirzə Sadıqcan tarı dizdən sinəyə
qaldırmayıb. Sadıqcandan da əvvəl tar sinə
üzərində çalınıb. Düzdür,
hamı deyir ki, tarı Sadıqcan dizdən sinəyə
qaldırıb, lakin bu belə deyil. Bir
çox tarzəndən soruşsaq, onlar iddia edəcək ki,
Mirzə Sadıqcan bunu edib. Abbasqulu müəllim
Nəcəfzadənin kitabında da bu öz əksini tapıb
ki, tar Mirzə Sadıqcandan əvvəl sinə üzərində
ifa edilib.
-İmkanınız olsa,
tarda hansısa dəyişiklikləri edərsiniz?
-Tarda bəzi
çatışmayan şeylər var ki, onlarda dəyişiklik
etmək olar. Məsələn,
“Maye-Çahargah” muğamını biz bəmdə ifa edirik.
Tarda olan “lya” pərdəsini biz bəmdə
qoyuruq, amma zildə bunu qoya bilmirik, ya “lya-mol”, ya da “lya-bekar”
qoyuruq. Bax tarda bu kimi dəyişiklik etmək
istərdim ki, bəmdə qoyduğumuz kimi zildə də “lya”
pərdəsini qoya bilək.
-Tar Avropada sadəcə ekzotik bir
Şərq aləti kimi qəbul olunur, yoxsa ciddi bir musiqi aləti
kimi də tanınır?
-Tar təkcə
ekzotik deyil, həm də ciddi bir alət kimi tanınır. Çünki Avropanın ciddi əsərlərini
tarda ifa eləmək mümkündür. Mən
özüm də ifa eləmişəm. Vivaldinin
“Qasırğa” əsərini ifa etmişəm. Onu demək istəyirəm ki, ciddi bir əsərlər
ifa etmək olur. Ona görə də onu
ektozik bir Şərq aləti kimi nəzərdən
keçirmək düzgün olmaz.
-İran tar
ifaçıları da dünyada kifayət qədər
tanınır, sevilirlər. Dünyada
Azərbaycan ifaçıları ilə İran
ifaçıları arasında bu baxımdan hər hansı rəqabət
varmı?
-İrandakı tar şiraz tarı sayılır. Onların
tarı diz üstündə çalınan bir tardır.
Şiraz tarının səslənməsi bizim
tardan çox fərqlidir. Azərbaycan
tarının müqayisəsinə gəldikdə isə
müqayisə etmək istəməzdim. Bizim
tarı kimsə eşidəndə valeh olur. Mənə
görə bizim tar üstündür. Rəqabət məsələsinə
qaldıqda isə İran musiqiçiləri bizim tar
ifaçılarımıza həsəd aparırlar. Bizim musiqiçilər tarda ifa edəndə onlar
çox diqqətlə qulaq asırlar. Bu
istər muğam üçlüyündə olsun, istər
soloda, onlar istənilən halda bizim tarı diqqətlə dinləyirlər.
-Kimi müşayiət etmək istərdiniz?
-Xalq
artistləri Mənsum İbrahimov, Aygün Bayramova kimi xanəndələri
müşayiət eləmişəm. Aygün
xanımı, Mənsum müəllimi yenidən müşayiət
etmək istəyərəm. Bu iki sənətkarla
yanaşı digər ustad sənətkarlarımızı da
müşayiət etmək istəyərəm.
-Azərbaycan tarzənləri
arasında çox nadir ifaçılar olub ki, həm solist, həm
də müşayiətçi kimi fəaliyyət göstəriblər.
İkisini də icra etmək və ikisində də
uğur qazanmaq sizin üçün çətin deyil ki?
-Etiraf
edim ki, hər ikisini birlikdə aparmaq çətindir. İfaçılar var ki, ya solodadır, ya da
müşayiət edirlər. Mən daha
çox solist kimi çıxış edirəm. Müşayiətlərim də olur, lakin daha
çox solo ifalardayam. Uğurlarımın
böyük bir qismini solo ifalarda qazandığım
üçün mənə görə solo daha
yaxşıdır.
-Bu sənətdə nəyəsə
görə heyifsilənmisiniz?
-Nəyə
görə heyifsilənirəm? Bir çox
ifaçılar və xanəndələr var ki, irəli gedə
bilmirlər. Onlardan zəif olanlar, kiminki
tanışı var efirlərə, tədbirlərə dəvət
alırlar. Görürsən ki, o yerə
layiq deyillər, amma gündəlik efirləri zəbt ediblər.
İstedadlı şəxslərin kənarda
qalması adama toxunur, bax o zaman heyifsilənirəm.
-Nə
düşünürsünüz, insan həyatda necə iz
qoymalıdır?
-Elə
bir iz qoymalıdır ki, onu xatırlayanda ünvanına
xoş sözlər deyilsin. Sənətdə sənəti
ilə, həyatda isə davranışı, xarakteri ilə
seçilməlidir musiqiçi. İnsan
çalışmalıdır ki, yaxşı əməllərlə
yadda qalsın. Əgər bir kəsin adı çəkiləndə
ağla pis bir şey gəlirsə, deməli, o, yaxşı əməllərdən
çox pis nələrsə edib. Pisliyi hər
kəs bacarır, amma yaxşılığı yox.
-Bugünkü Tofiq olmaq
üçün mən...
-Bugünkü Tofiq olmaq üçün mən sənətdə
əziyyət çəkdim. Musiqi məktəbindən
bu günədək tarla saatlarla məşğul oluram. Loru dildə desəm, tarla yatıb dururam. Musiqi məktəbində çox əziyyətlərim
olub. Həmin məktəbdə dərs
üçün otaq çatışmırdı. Mətbəxdən məşq otağı kimi
istifadə edirdim. Müəllimim Nadir
Babayev sağolsun, mətbəxi mənim üçün məşq
otağı etmişdi. Daha sonra kollecdə oxuyanda da
günümün çoxsunu tara sərf
eləmişəm. Elə gün olub ki, 15-17
saat tarla məşğul olmuşam. Bu
uğurların arxasında o günlərin əziyyətləri
dayanır.
-Bəzən elə məqamlar olur
ki, insan özünə yer tapa bilmir, özünü nəyləsə
ovutmaq istəyir. Belə anlarda tarınız
köməyinizə çatırmı?
-Bütün
insanlarda bu hal baş verir ki, özünə yer tapa bilmir. Məndə də olub, amma bu halda tar köməyimə
çatmır. Nə yalan deyim, belə məqamlarda
tar ifa etmirəm ki, fikrim yayınsın.
-Dəvətimi qəbul etdiyiniz
üçün çox sağolun.
-Siz
sağolun.
Rövşən Tahir
Üç nöqtə.- 2020.- 19
may.- S.12.