“Uşaqlıq
illərim üçün darıxıram”
Maestro Ceyhun:
“Bayağılaşma böyük bir fəlakətdir”
“Yaradıcı insanlar uşaqlığa, xatirələrə qarşı biganə qala bilmirlər. İncəsənət insanları belədirlər. Onlar üçün xatirələr, keçmiş illər, günlər unuda bilməyəcəkləri sırasında yer alır. Bu məndə də belədir. Ona görə deyirəm ki, uşaqlıq illərim üçün darıxıram”. “Üç nöqtə” qəzetinin qonağı hamının Maestro Ceyhun kimi tanıdığı Respublikanın Əməkdar artisti Ceyhun İsmayılovdur.
-Ceyhun bəy, notlar sizinlə
danışır?
-Notlar
musiqini dərk edən hər bir adamla danışır,
danışmağa meyil edir. Hər not bir rəngdir.
Bu musiqi fantaziyasından doğan bir məsələdir.
“Do” notu birinci notdur, o, qara rəngdirsə, artıq digər
notlara doğru rənglilik özünü göstərir. Ortada olan “si” notu bəyaz rəngi xatırladır.
-Sizə görə, dünya
böyükdür, ya kiçikdir?
-Əslində, deyirlər ki, dünya kiçikdir, amma mənə
görə belə deyil, balaca yer oradır ki, bu
başından baxırsan, o biri tərəf görsənir. Bildiniz, nə
demək istəyirəm? Balaca bir məhləni
göz önünə gətirin, nə demək istədiyimi
anlayacaqsınız.
-Musiqidə ritm, rəssamlıqda ləkələr,
ədəbiyyatda söz...
-Ritm
insanlar üçün hər şeydir. İnsanın
dünyaya gəlişi, ağlamağı belə ritmdir.
İnsanlar ritm üzərində qaçır,
ağlayır, hətta gülür də. Bunları nəyə görə bilirəm, 5
yaşımdan musiqiyə ritmlə başlamışam. Skripkadan əvvəl nağaraya getmişəm.
Ona görə də dediklərinizlə
razıyam, rəssamlıqda ləkələrdir, insanın ilk
ağlına gələn onlar olur, ədəbiyyatda söz,
musiqidə də ritm.
-Deyirlər ki, Nikkolo Paqanini qəlbini
şeytana satıb deyə skripkanı daha möhtəşəm
ifa edir. Bununla bağlı nə söyləyə
bilərsiniz?
-Açığı
bu suala cavabı sizə skripkaçılardan heç kim deməyəcək. Ona görə
də mən söyləyim. Azərbaycanda
skripkanı mənim kimi ifa edən yoxdur. Bu
birmənalıdır. Verdiyiniz sual
skripkaçıdan savad və məktəb tələb edir
ki, ona görə digər skripkaçılar cavab verə bilməyəcək.
Çünki onların böyük əksəriyyəti
kamançadan skripkaya keçiblər və ya
skripkaçı olsalar da, orta musiqi təhsili ilə kifayətləniblər.
Odur ki, diqqətlə qulaq asın. Həqiqəti
bilmək istəyirsinizsə, heç kim qəlbini
şeytana satmayıb. Musiqidə 3 dövr var. Birincisi, klassik
dövr, əsası İohan Sebastyan Bax tərəfindən
qoyulub, ikincisi, romantik dövr, əsası Nikkola Paqanini tərəfindən
qoyulub və müasir dövr, əsası Pyotr Çaykoviski
tərəfindən qoyulub. Paqanini romantizmin
banisidir. Onun əsərlərində fəlsəfi
baxışlar öz əksini tapıb. O vaxt kilsə
xadimləri Paqaniniyə təklif etmişdilər ki, kilsə
üçün işləməlisən, o isə etiraz
etmişdi. Bu səbəbdən də kilsə
onu təqib etdi. Hətta Paqanininin vəfatından sonra
72 il onun cəsədi daimi bir qəbrə
tapşırılmadı. Müxtəlif illər
ərzində bu qəbrdən o birisinə, o birisindən isə
digərinə köçürüldü.
-Həyatdakı
seçimlərinizdən razısınız?
-Razıyam.
Allah bizə beyin verib. Bax o
beyinlə nələrisə ölçüb-biçirik, nələrisə
seçirik. Mən seçimlərimdən
heç vaxt peşman olmamışam, onlardan narazı
qalmamışam.
-Məsləhət almağı
sevirsiniz, ya verməyi?
-İmkan olan yerdə ancaq almağı sevirəm. O əvvəl idi məsləhət
almadan nəyəsə qərar verərdim. Yaxşı
yadımdadır, uşaqlıqda ağsaqqalların yanında
oturub onların söhbətlərini dinləyirdim, hər
xırda məqama diqqət yetirirdim. İndi
belə şeylərlə rastlaşmıram.
-Hədəfinizə nail
olmasaydınız, nə baş verərdi?
-Bilmirəm,
yəqin ki, belə bir şey olmazdı. Çünki
Allah mənə yazıb ki, skripkaçı olmalıyam.
Hərdən müəllimlərimi görürəm,
danışıram ki, axı siz deyirdiniz, dərsi bilən əlini
qaldırsın. Biz də əlimizi
bildiyimiz halda qaldırırdıq. İndi
onları görəndə söyləyirəm ki, heyif öyrətdiklərinizə.
Çünki indi bilməyənlər bilənlərə
imkan vermirlər. Amma o vaxt bilməyənlər
utandığından başlarını aşağı
salırdılar. Çox qəribədir
ki, zəif musiqiçilər birləşib kütləni məhv
etməyə nail olmağa çalışırlar.
-Bayağı musiqilər sizin də
yaralı yerinizdir, deyəsən...
-Bayağılaşma
böyük bir fəlakətdir. Bilirsiniz, mən
musiqi məktəbini, bunun ardınca musiqi texnikumunu, daha sonra
isə Musiqi Akademiyasını bitirmişəm. Yəni ali savadlı musiqiçiyəm. Mən
elə bilirəm ki, ciddi musiqini sevən insan bayağı
mahnıları dinləmir.
-Niyə bəs sizin kimi sənətçilər
meydanı o bayağı dediyiniz ifaçılara verib?
-Biz
meydandayıq, sadəcə bayağılar o qədər
çoxdur ki. Günah onları efirə buraxan
insanlardadır. Mən onların yerində
olsam, oxumazdım. Getsinlər başqa sahə
ilə məşğul olsunlar, bəlkə uğur əldə
edərlər. Televiziyaya deyəndə
söyləyir ki, özəl kanalam, gəlir əldə etməliyəm,
işçilərimi dolandırmalıyam. Onlar işçilərini dolandırır, lakin mənəviyyat
gedir. Bunun da axırı faciədir. Bayağılaşma illər öncədən var
idi. Bilirsiniz, nə zamandan? Özəl kanallar ki, yarandı, bax, o vaxtdan.
-Ceyhun bəy, öyrənməyə
meyillidir, yoxsa öyrətməyə?
-Mən,
ümumiyyətlə, öyrənməyə meyilliyəm, amma
öyrənəndən sonra onu təkmilləşdirib həvəslə
öyrətməyə də meyilliyəm. Düzünü
deyim? İndi çox insanlar öyrənmək
istəmirlər. Ona görə də biz
özümüz ömrü boyu öyrənə-öyrənə
yaşa doluruq. Primitiv bir nümunə
çəkim, birinin maşını xarab olan kimi ustaya zəng
edir. Ustaya qədər özü baxmır
ki, bacararam, yoxsa yox. Hamısı nədən
irəli gəlir? Öyrənmək həvəsi
yoxdur insanların çoxunda.
-Belə bir deyim var, səhv etməklə
öyrənirik. Bəs niyə biz insanlar səhv
etməkdən qorxuruq?
-Bilirsiniz,
səhvi etməmək üçün o səhvi edən
insanların həyat yollarına nəzər salmaq
lazımdır. Bir az öncə dedim, məsləhət
yaxşı şeydir. Gənc
yaşlarımızda bizə deyiləndə filan şeyi etməyin,
biz edib səhv olduğunu anlayanda fikirləşirdik ki, kaş
etməzdik. Bax o “kaş etməzdim”
cümləsi ilə qarşılaşmamaq üçün
zamanında düzgün seçim etmək lazımdır.
-Heç elə bir insan olub ki, ona sərf
etdiyiniz zamana heyifsilənəsiniz?
-Kiməsə
sərf etdiyim zamanı əvvəllər gec başa
düşürdümsə, indi tez anlayıram. Kiməsə sərf etdiyin zaman insanın
özündən gedən zamandır. Mən
heyifsilənmirəm ki, niyə sərf etmişəm. Anlayıram, əgər düzgün insana sərf
etmirəmsə, uzaqlaşıram. Həmişə
fikirləşmişəm ki, deməli, belə olmalı idi.
-Kimə minnətdarsınız?
-İlk olaraq Allaha, sonra valideynlərimə və müəllimlərimə
minnətdaram.
Allaha ona görə minnətdaram ki, məni
insan olaraq yaradıb və musiqiçi kimi taleyimi yazıb.
Valideynlərimə ona görə minnətdaram
ki, məni dünyaya gətirib, qayğımı çəkib,
böyüdüblər. Müəllimlərimə
isə (müəllimlik şərəfli peşədir)
öyrətdikləri üçün minnətdaram. Onlar mənə daim nələrisə öyrədiblər.
Üzərimdə əziyyəti olan
bütün müəllimlərimə təşəkkür
edir, öz minnətdarlığımı bildirirəm,
dünyadan köçən müəllimlərimə isə
Allahdan rəhmət diləyirəm.
-Sizin üçün hansı ifadə
daha doğmadır?
-Düzgün
olan, özündə anlam daşıyan hər bir ifadə mənim
üçün doğmadır. Yəni
xüsusi olaraq deyə bilmərəm ki, bu ifadə mənə
doğmadır. Allah, Vətən, ana, müəllim,
torpaq və digər ifadələr var ki, bax onları
özümə doğma hesab edirəm.
-Nəyin həsrətini çəkirsiniz?
-Dünyasını
dəyişmiş atamın həsrətini çəkirəm.
Hərdən uşaqlığımı
xatırlayıb onun həsrətini çəkirəm. Şənbə, bazar günləri topla futbol
oynayıb, sonra dərsləri etmək ən böyük
xoşbəxtliklərdən biri imiş. Bax
o illərimin həsrətini duyuram hərdən.
-Deməli qəlbinizdə hələ
də uşaq hissləri var?
-Əlbəttə. Yaradıcı insanlar
uşaqlığa, xatirələrə qarşı biganə
qala bilmirlər. İncəsənət insanları belədirlər.
Onlar üçün xatirələr, keçmiş
illər, günlər unuda bilməyəcəkləri
sırasında yer alır. Bu məndə
də belədir. Ona görə deyirəm
ki, uşaqlıq illərim üçün darıxıram.
-Sonda belə bir sual verim, skripkanı
tez-tez əlinizə götürüb ifa edirsiniz?
-Əvvəllər
tez-tez məşqlər edirdim, amma ailə qayğıları
artdıqca, işlərin sayı çoxaldıqca məşqlər
bir az azalır. Hər halda həyat
öz sözünü deyir, mən də yavaş-yavaş
yaşa doluram. Yaşımın
artmasına baxmayaraq skripkadan aralı düşməmişəm.
Şükür Allaha hələ ki, birlikdəyik
və mənə elə gəlir, ömrümün sonuna qədər
də bir yerdə olacağıq.
-O zaman sizin ən vəfalı
dostunuz da skripkadır...
-Başqa
cür ola da bilməz. Ən vəfalı
və heç vaxt darda qoymayan dostum!
-Allah sizi o dostunuza çox görməsin.
Müsahibim olduğunuz üçün sizə minnətdaram,
Ceyhun bəy.
-Mən də
sizə minnətdaram.
Rövşən Tahir
Üç nöqtə.- 2020.- 21
may.- S.12.