Uşaqlıqda həkimliyə həvəsim olmayıb”

 

Adil Qeybulla: “Özümü Azərbaycan xalqının bir əsgəri hesab edirəm”

 

“Tələbə olan zaman ev işlərini etməyə məcbur olursan. Biz oxuyan dövrdə dünyada neftin qiyməti düşdüyündən, SSRİ-də iqtisadi çətinliklər əmələ gəlmişdi, “Ərzaq proqramı” qəbul olunmuşdu. Azərbaycanda yağ və ət talonla satılırdı. 100 manata yaxın təqaüd alırdım, bu o dövr üçün böyük rəqəm idi. Yeməyi özümüz bişirirdik, otaq yoldaşlarımızla bir-birimizə kömək edirdik” - bu sözləri bizimlə söhbətində tibb elmləri doktoru, onkoloq alim, tibbi məsələlər üzrə ekspert Adil Qeybulla dedi. Həmin söhbətdən alınan maraqlı müsahibəni sizlər üçün təqdim edirik.

 

“Müəllim məni sinfə buraxmırdı, məcbur...”

 

1962-ci il Şəki rayonunun Kiş kəndində anadan olan Adil müəllim deyir ki, onların kəndində böyük dilçi alim Aydın Məmmədov yaşayıb. Tarixdən bildiyimiz kimi, o Dilarə Əliyeva ilə birlikdə avtomobil qəzasında həlak olub: “6 yaşımda həmin kənddə məktəbə getmişəm, bu yaşda məktəbə getmək bir il erkən  hesab olunurdu. Birinci sinfə gedəndə altı ay ərzində məni qeydiyyata almadılar. O vaxtı pedaqoji şuranın qərarı ilə birinci sinfə qəbul olunmuşam. Mənimsəmə qabiliyyətim yaxşı olduğu üçün təşkil olunan komissiyada gördülər ki, nəinki öz yaşıdlarımdan geri qalır, hətta bəzi məsələlərlə onları üstələyirəm. Elə bu qərarla o vaxtı məni birinci sinfə qəbul etdilər. Kənd məktəbində bu bir az müşkül məsələ idi. Ümumilikdə çox aktiv uşaq olmuşam, daha çox vaxtımı oxumaqla keçirmişəm. Öz gücümlə, həvəsimlə məktəbə getmişəm. Müəllim məni sinfə buraxmırdı, məcbur girib otururdum. Artıq gördülər ki, əl çəkən deyiləm məcbur olub məni məktəbə götürdülər”.

 

“Uşaqlıqda həkimliyə həvəsim olmayıb”

 

Adil həkim uşaqlıqdan etibarən özünü daha çox siyasətdə, hüquqda görürmüş: “Həkimliyə həvəsim olmayıb. Sadəcə bir müddət anam xəstə olması və bir sıra digər problemlər həkimlik ixtisasını seçməkdə mənə stimul verdi. Uşaq vaxtı kimya və biologiyanı yaxşı oxuyurdum. O vaxtı indiki kimi deyildi, gərək bütün fənləri yaxşı oxuyardın, ona görə də bütün fənləri yüksək səviyyədə oxumağa çalışırdım. “4” qiyməti aldığım hələ yadıma gəlmir. İxtisas seçimi 9-cu sinifdə formalaşırdı, ona kimi mən hüquqşünas olmaq istəyirdim. Tələbə vaxtı gizli dərnəklərə getmişəm, onlardan biri Asif Atanın yaratdığı “Ocaq” cəmiyyəti idi. O vaxt Çənlibel hərəkatı yaranmışdı. Dəyərli dostum Vurğun Əyyubu da o dövrdən tanıyıram. Sonra xalq hərəkatında olmuşam. Yəni, siyasətə gəlməyim təsadüfi olmayıb ”.

 

“29 yaşında artıq elmlər doktoru idim 

 

16 yaşında orta məktəbi bitirən müsahibimizin sözlərinə görə, o həmin məktəbin tarixində ilk dəfə qızıl medalı qazanıb: “Məktəbi qızıl medalla bitirdiyim üçün Tibb Universitetinə bir imtahanla qəbul olmuşam. Deyilənə görə, çox yaxşı oxumuşam, Lenin təqaüdü aldığım üçün cərrahlıq ixtisasını seçməyimə şərait yarandı. Bundan sonrakı dövrdə isə Azərbaycanda ən aparıcı cərrahlıq klinikası olan indiki M.Topçubaşov adına Elmi-cərrahiyyə mərkəzində çalışmışam. O vaxt həmin mərkəzə Azərbaycanın ən ünlü alimlərindən biri olan prof. Nurəddin Rzayev rəhbərlik edirdi. Həmin mərkəzdə mən damar cərrahlığı, torakal cərrahlıq, abdominal cərrahlıq şöbələrində işləmişəm. 1986-cı ildə Tibb universitetinin aspiranturasına qəbul oldum və vaxtından 1 il əvvəl prof. Vaqif Seyidovun rəhbərliyi altında müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi aldım. Bundan sonra isə Moskvada Onkoloji Elmi Mərkəzdə çalışmışam. Bu mərkəzdə 29 yaşında elmlər doktoru adını qazanıb Azərbaycana qayıtmışam. Həmin dövrdə keçmiş ittifaqda cərrahlıq və onkologiya sahəsində ən gənc elmlər doktoru idim. Həmin dövrdə də Tibb Universitetində professor vəzifəsinə qəbul olunmuşam. Bundan sonrakı fəaliyyətim bir növ siyasətlə bağlı olub. Siyasi partiyada olduğum üçün müəyyən dövrdə problemlər yaşamışam. 2001-ci ildə siyasi motivlərlə həbs olunmuşam, 2003-cü ildə azad olunmuşam.

 

Özümü Azərbaycan xalqının bir əsgəri hesab edirəm”

 

Müsahibimiz gənc yaşında elmlər doktoru olsa da, deyir ki, özünü Azərbaycanda tam reallaşdıra bilməyib: “Baxmayaraq ki, gənc yaşımda elmlər doktoru oldum, amma özümü tam reallaşdıra bilmədim. Yəni, aspirantlar yetişdirmək, elmi sahələrə rəhbərlik etməkdən və s. tamamilə məhrum oldum. Geri dönüb həyat yoluma baxanda bu baxımdan təəssüf hissi keçirirəm. Ancaq həyatımı ləyaqətlə yaşamağa çalışmışam. Buna nə dərəcədə nail olduğumu məni tanıyanlar və xalq dəyərləndirə bilər. Hazırda yaşımızın kifayət qədər ciddi mərhələsinə qədəm qoyuruq. Bundan sonrakı hadisələri zaman və qədər göstərər. Özümü Azərbaycan xalqının bir əsgəri hesab edirəm. Ən çətin dövrlərdə bu ölkəni tərk etməmişəm. Baxmayaraq ki, xaricdə mənim yetişməyim, inkişaf etməyim, daha böyük uğurlara nail olmağım üçün geniş imkanlarım olub. Bunların heç birdən yararlanmamışam, vətəni tərk etmək mənim üçün ağır olub”.

 

Reklamla heç vaxt məşğul olmamışam

 

Adil həkim çoxsaylı elmi konfranslarda olub, Zalsburq, Moskva, Yekaterinburqs. kimi şəhərlərdə estetik cərrahlıq və digər sahələr üzrə kurslar keçib: “Kifayət qədər geniş bir sahədə cərrahlıq fəaliyyəti ilə məşğul olmağa çalışmışam. Reklamla heç vaxt məşğul olmamışam. Heç bir sosial şəbəkədə və mətbuatda reklamım yoxdur. Təəssüflər olsun ki, indi reklam əsridir, insanlar reklama daha çox yanaşırlar. Bu imkanlardan heç vaxt yararlanmağa çalışmamışam. Qarabağ müharibəsi zamanı yaralananlara xeyli yardım göstərmişəm. Bakı şəhər təcili tibbi yardım xəstəxanasında 2000-dən çox yaralının müalicəsi ilə məşğul olmuşuq. Hətta, orada mənim rəhbərliyim altında namizədlik dissertasiyası yerinə yetirilib. Bu proseslərdə aktiv iştirak etmişəm”.

 

“Tələbə olanda ev işlərini etməyə məcbur olursan

 

Tələbəlik illərində ilk vaxtlar kirayədə, dördüncü kursdan isə Tibb universitetinin yataqxanasında qalan müsahibimiz deyir ki, sovet dövründə yataqxana pis təchiz olunmamışdı: “Universiteti bitirənə qədər orada qalmışam. Tələbə olan zaman  ev işlərini etməyə məcbur olursan. Biz oxuyan dövrdə SSRİ-nin ərzaq proqramı çıxmışdı, neftin qiyməti düşmüşdü, iqtisadi çətinliklər vardı. Azərbaycanda yağ və ət talonla satılırdı. 100 manata yaxın təqaüd alırdım, o dövr üçün tələbənin bu böyük rəqəm idi. Yeməyi özümüz bişirirdik, otaq yoldaşlarımızla bir-birimizə kömək edirdik. Valideynlərimiz də sağ olsun, həftədə bir dəfə ərzaq göndərirdilər. Ümumiyyətlə, yemək bişirmək bir bacarıqdır. İstənilən normal adam diqqətli olub dadlı yemək bişirə bilər. Tələbəlik illərim geriyə baxanda xoş təəssüratlarla xatırlanan bir dövrdür. Universiteti qurtarandan sonra təyinatım M. Topçubaşov adına eksperimental cərrahlıq şöbəsinə verildi. Gənc alim kimi ev ala bildim ”.

 

Şəxsi həyatımda səhvə yol verməmişəm”

 

Müsahibimizin ailə həyatı qurmağı 26 yaşında elmlər namizədi olduğu dövrə təsadüf edib. Həyat yoldaşı ilə də elə orada tanış olub: “Xanımımı elə orada cərrahlar institutunda işləyərkən gördüm. Deməli, orada qohumu vardı, onun yanına gəlirdi, məndən 10 yaş kiçik idi. Maraqlandım, daha sonra ailələrinin də xəbəri oldu. Atası məni evlərinə dəvət etdi, tanış olduq. Xanımımın atası Elmlər Akademiyasında, anası isə Tibb İnstitutunda çalışırdı. Ailə həyatı qurmağım qəribə bir mexanizmlə oldu. Düşünürəm ki, şəxsi həyatımda səhvə yol verməmişəm. Evliliyim uğurlu bir variant oldu.  Hazırda iki övladımız var, qızım Moskvada Seçenov adına birinci Tibb Universitetini yekunlaşdırıb, indi isə Avropada təhsil almaq üçün dil öyrənir. Oğlum isə İngiltərənin nüfuzlu universitetlərindən birində təhsil alır. Amma mən təkcə ailəmlə fəxr etmirəm. Ailə mənim üçün ictimai planda heç vaxt öndə olmayıb. İctimai şüura malik insanların hər biri kimi mən də millətimin mənafeyini öz mənafeyimdən həmişə uca tutmağa çalışmışam və uzun bir mübarizə yolu keçmişəm”.

 

Könül Əhmədova

 

Üç nöqtə.- 2020.- 21 may.- S.10.