“Üç
yaşımadək şəkər tozu
görməmişəm”
Ruhəngiz
xanım Qasımova: “Geri boylanıb
uşaqlığıma baxmaq istəmirəm”
“Gecələr
3-4 saat yatıram. Məndə
yaradıcılıq hissləri gecələr özünü
biruzə verir. Köhnə evimizdə hər
gecə pianoda musiqilər
çalırdım. Bir dəfə ifa etmədim.
Qonşularımdan biri səhər məni
görəndə sual verdi ki, bu gecə niyə musiqi səsləndirmədin?
Komputerdə yazmağı sevmirəm. Ya əl
makinasında yazıram, ya da
əlyazma şəklində qeydlərimi aparıram”. “Üç nöqtə” qəzetinin
qonağı sevilən bəstəkar Əməkdar incəsənət
xadimi Ruhəngiz xanım
Qasımovadır.
-Ruhəngiz
xanım, lap keçmişə səyahət
edək. Uşaqlıq illəriniz haqqında nə deyə bilərsiniz ?
-Bu sualı sevmirəm. Ümumiyyətlə, geri boylanıb uşaqlığıma baxmaq istəmirəm. Çünki o illər pis hadisələrlə yadımda qalıb. Uşaqlığım 40-cı illərə təsadüf edib. Mənim 1 yaşım olanda müharibə başladı. Atam müharibəyə getdi. Bu səbəbdən də 6 yaşımadək atamın üzünü görmədim. Hətta uzun illər ərzində ondan bir xəbər belə almadıq. Atamın sağ olub-olmamasına dair bir məlumat yox idi. Belə bir əhvalat danışım, üç yaşım vardı, anam çayıma şəkər tozu qatdı ki, mənə versin. Hönkür-hönkür ağlamağa başladım. Elə bildim, çayıma duz qatır. Təsəvvür edin ki, mən üç yaşımadək şəkər tozu görməmişəm. Ona görə də uşaqlığım haqqında danışmaq istəmirəm. Sizə bir şey deyim, həyatı iki dəfə yaşamaq olmaz. Bir suya iki dəfə girmək olmaz. Bəziləri cəhd edir, amma mən ehtiyat edirəm belə sudan.
-Bildiyimə
görə, Leyla xanım Bədirbəyli
ilə qonşu olmusunuz...
-Nəinki, Leyla xanım, Ağahüseyn Cavadov da bizim qonşumuz
idi. Hər ikisinin oğulları var idi. Onlarla qaçırdıq,
hətta futbol da oynayırdıq. Onlardan oğlan hərəkətlərini
öyrənmişdim. Mən onların qız qardaşı olmuşam.
Artıq
bəstəkar olanda məni küçədə
görəndə həmin
uşaqlar deyirdi ki, səni döyə-döyə
biz bəstəkar eləmişik.
Halbuki, mən onları döyürdüm. Ayrılaq uşaqlıq
mövzusundan, məni
kövrəldirsiniz. Elə bilirdim,
çox şeyi unutmuşam, sən demə belə deyilmiş.
-Musiqiyə gəlməyinizdə ailənizin
rolu olubmu?
- Nə anam tərəfdə,
nə də atam tərəfdə bir nəfər musiqiçi olmayıb. Atam hüquqşünas idi, anam tarixçi. Valideynlərimin hər ikisi
məni öz sənətinə doğru
yönəldirdi. Atam deyirdi,
hüquqşünas olsun,
anam isə deyirdi, tarixçi. Mən isə Asəf Zeynallı adına Musiqi
Kollecində təhsilimi
davam etdirmək istəyirdim. Anam musiqiçi olmağıma
heç razı deyildi. Artıq atam yalnız musiqiyə həvəsimin
olduğunu görəndə
özü məni Asəf Zeynallı adına Musiqi
Kollecinə yolladı.
Buranı bitirdikdən sonra
Milli Konservatoriyaya daxil oldum. Sənətin dərin qatlarına
müəllimim Cövdət
Hacıyevin sayəsində
baş vurdum və zamanla sənət yollarında irəlilədim.
-Sənətdə
uğur qazanmaq üçün dəstək
lazımdır?
-Yaradıcı insan üçün vacibdir ki, onun ətrafında
onu başa düşən insan olsun. Həyat yoldaşım bioloqdur.
Uzun müddət Tibb Universitetində dərs deyib. O, hər zaman məni anlayıb. Bir dəfə film çəkilişində
idim, mənə yemək gətirmişdi.
Bax ailə belə olmalıdır.
-Həyat yoldaşınızla necə
tanış oldunuz?
-Xalam qızı gəncəli oğlanla nişanlı idi. Həyat yoldaşım həmin oğlanın dostu idi. Biz tez-tez dost kimi bir araya
gəlirdik. Yəni, konsertlərə, teatrlara gedirdik. Nə zamansa düşünməzdim
ki, onunla ailə quraram. Deməli, qismət belə imiş.
-“Anacan, dostum evlənir” mahnısını sizin vizit kartınız hesab etmək olar?
-Tanışlıq bu mahnı ilə olmadı. “Anacan,
dostum evlənir” mahnısından əvvəl
“Utancaq oğlan” mahnısını bəstələmişdim.
Ondan öncə isə “Gəlmirsən, gəlmə”ni. “Gəlmirsən, gəlmə”
mahnısını bəstələyəndə
hələ nişanlanmamışdıq.
-Belə başa düşdüm ki, “Gəlmirsən, gəlmə”dən sonra sizə sevgi etirafı edib?
-Onun mənə olan münasibətini anlaya bilmirdim. Ona görə də “Gəlmirsən, gəlmə”
mahnısını bəstələdim.
Yenə də münasibətini başa düşə bilmədim. Onun ardınca “Utancaq
oğlan” mahnısını
bəstələdim. Bu
mahnıdan sonra mənə olan münasibəti bəlli oldu. Artıq təşvişə düşdü, mənə
elçi göndərdi.
Elçilər gəldi,
nişan oldu. Nişanın ardından isə
“Anacan, dostum, evlənir” mahnısını
bəstələdim.
-Ruhəngiz xanım, sevginin müddəti olurmu?
-Xeyr, hazırkı məhəbbət əvvəlkindən
daha çoxdur, daha güclüdür. İndiyədək o, mənim yol
göstərənim idi,
amma indi mən onun. Hazırda bu məsuliyyəti mən öz boynuma götürmüşəm.
Bu illər ərzində
ən çox küsülü qalmağımız
10 dəqiqə çəkib.
Nə məndə kin var, nə də onda. Hər zaman yoldaşımla
sevimli işimiz krassvord həll etmək olub. Özü də çətin krassvordları həll etməyə çalışırıq.
Şahmat oynayan və
krassvordların üzərində
çalışan insanların
beynində kütləşmə
getmir.
-Belə çıxır ki, uzun ömürlü ailənin sirrini çözmüsünüz...
-Mən bir az öncə dedim, bizim ailədə
indiki məhəbbət
gənclik məhəbbətindən
də safdır, üstündür. Gərək, insan insanın nigarançılığını çəksin, bir-birinin qayğısına qalsın.
Çalışmışam, həyat yoldaşım
üçün ömür-gün
dostu, övladlarım
üçün isə
qayğıkeş ana
olum.
-Yaradıcılıq
və ev
işləri, vaxtınızı
necə bölürsünüz?
-Gecələr 3-4 saat yatıram. Məndə yaradıcılıq hissləri gecələr özünü biruzə verir. Köhnə evimizdə hər
gecə pianoda musiqilər çalırdım. Bir dəfə ifa
etmədim. Qonşularımdan
biri səhər məni görəndə sual verdi ki,
bu gecə niyə musiqi səsləndirmədin? Komputerdə yazmağı
sevmirəm. Ya əl
makinasında yazıram,
ya da əlyazma
şəklində qeydlərimi
aparıram. Ev işlərinə
gəldikdə, deyim ki, gözəl əl qabiliyyətim var. Hər zaman böyük sənətkarları
ləziz yeməklərlə
təəccübləndirmişəm.
Yeməkləri sintez edib bişirməyi çox sevirəm. Məsələn, mən yalnız
göyərti küküsü
bişirmirəm, balıq
küküsü də
bişirirəm. Gözəl əl
qabiliyyətim həmişə
sənətkarların diqqətini
özünə cəlb
edib.
-Daha çox kimləri həmin yeməklərə
dəvət edirdiniz?
-Allah rəhmət eləsin, Həsənağa Turabov, Yaşar Nuri tez-tez bizə gələrdi. Həmişə onlara xəngəl
hazırlayardım. Bir
dəfə Həsənağa
müəllim mənə
dedi ki, xəngəl ətlə olmaz, soğanla olar. Gülümsədim, söylədim ki,
biz belə edirik, gedərsən, evdə soğanla bişirərsən,
yeyərsən (gülür).
-Bir də eşitmişəm ki, siz mütaliəni
sevirsiniz. Düzdür?
-Bəli, qazandığım hər bir şeyi mütaliəyə borcluyam. Hətta dünyagörüşüm də mütaliə nəticəsində formalaşıb. Mən müşahidə bacarığı olan insanam. Ətrafda baş verən hadisələri, müxtəlif insanların həyatını asanlıqla dramatuji materiala çevirə bilirəm. Ya da onlara dair musiqilər bəstələyirəm.
-Söhbətimiz
o qədər maraqlıdır ki, bitirmək belə istəmirəm. Sizin kimi hərtərəfli
bir insanla söhbət
etdikcə etmək istəyirsən. Lakin
müsahibəmizi yekunlaşdırmağa məcburam. Dəvətimi
qəbul etdiyiniz üçün
sizə minnətdaram.
-Bu sözləri eşitmək mənə xoşdur. İşləriniz gözəldir. Arzu edirəm ki, bu gözəllikdə də qalasınız. Mən də sizə öz təşəkkürümü bildirirəm.
Rövşən
Tahir
Üç nöqtə.-
2020.- 23 may.- S.12.