“Bu yaşa gəlmişəm
və hələ
də özüm
üçün darıxıram”
“Yaxşı
şeylər görəcəksiz, bizi də yaxşı
xatırlayacaqsız”
Yəqin ki, bu başlıq sizi
maraqlandıracaq, hətta bir az qəribə də gələcək.
Amma haqqında söz açacağım sənətkar barədə
yazmağa başlayanda ağlıma ilk bu gəldi. Çünki
adam ömrü boyu bu dünyaya və dünyalılara, lap elə
onun fərqinə varmayıb, unutduğunu hiss etdirəndə
də, eşq etirafını eləyib. Elə 85
yaşının tamamında da həmin lada köklənib. Bunu az sonra yazacağım
qısa telefon
danışığından da biləcəksiniz.
İndi keçək xəlqi Məcnunluqdan,
həqiqi Məcnunluğa.
Əməkdar artist, görkəmli aktyor Məcnun Hacıbəyovu çoxunuz tanıyırsınız. Onun həlim siması sizlərin də yaddaşına köçüb. Bunu o da bilir, biz də. Artıq sənətdən, səhnədən xeyli uzaq düşüb, illərdi doğma Qubanın İkinci Nügədi kəndində məkan etsə də, tamaşaçıların ona sevgisi və rəğbətinin azalmamağından xoşhaldır.
Kəndə girən kimi Məcnun Hacıbəyovu xəbər aldığın ilk adam səni düz onun qapısınadək ötürür və yolboyu gününü bağ-bağçada əkin-biçinlə keçirən, pürrəngi samovar çayına ətrafını qonaq etməkdən zövq alan və gileydən başqa hər nəsnədən ləzzətlə danışan sənətkarı tərənnüm edir.
Hələ iki il öncə onun qonağı olarkən dediyi sözü indi də unutmuram: “Bu yaşa gəlmişəm və hələ də özüm üçün darıxıram. Yəqin hamıda belədi. Onda niyə camaatın qanını qaraldım axı?!” Bu yaşda, bu səhnə məqamında belə bir məmnuniyyət alqışlanmalıdır, deyilmi?!
80 illik yubileyi münasibətilə etdiyim müsahibəsində də yadımda “Adamı cavan saxlayan saf hisslər, riyadan uzaq ürək, bir də qarşılıq gözləmədən pay verilən sevgidir” sözləri ilə qalmışdı.
Ömrünü bu düşüncə ilə yaşayan və sənət yolunda da bu prinsiplə uzun yol qət edən aktyor oktyabrın 5-də özünün 85 yaşını qeyd etdi.
Zaman üçün az, insan üçün uzun olan bu yolun 85-ci dayanacağında, yuxarıda da qeyd etdiyim kimi, onunla qısa telefon söhbəti etdim. Azacıq düzəlişlərlə dialoq təxmini belə alındı:
– Salam,
Məcnun müəllim, maşallah,
artıq 85-i də qarşılayırsız...
– Çox sağ ol, qızım. Qarşılayıram, özü də yenə ayaq üstə. Düzdü, bir az azarlamışdım, gördüm yaş günüm gəlir, özümü topladım. Bax indi təkəm, ətrafımda adamlara ehtiyacım var. Amma heç kimdən giley etmirəm. Sağ olsunlar, övladlarım da, tamaşaçılarım da tez-tez yoxlayırlar məni. Əsas adam gərək içində tək olmasın, özü ilə barışsın, özünə qulaq assın.
– Səhnə, sənət həyatı üçün
necə, darıxırsınızmı?
– Daha çox özüm, o Məcnun üçün darıxıram. Deməli, elə səhnə üçün də darıxıram, tamaşaçılar üçün də darıxıram. Hə, bir də uşaqlarım üçün darıxıram, narahat oluram. Canım ağrıyan kimi tez deyirəm “Yox, Məcnun, belə eləmə. Sən öləcəksən, uşaqların darıxacaq, ağlayacaqlar”. Nə bilim, bəlkə elə ömrümü uzadan budur. Belə düşünən kimi, vallah, elə bil ağrı da qaçır e. Bəs necə? Adamın əsas ruhu sağlam olsun. Yaş ötdükcə adamı fikir bilirsən haralara aparır? Yaxşı olar, hələ sizin ömrünüz qabaqdadır. Yaxşı şeylər görəcəksiz, bizi də yaxşı xatırlayacaqsız.
– İnşallah,
siz də görəcəksiniz. Baxın,
şanlı Ordumuz bizi
arzuladığımız zəfərə aparır.
– Ay sağ ol,
bunu deyəcəkdim.
Ay qızım, göz-qulağım
televizordadır. Pəh, ürəyim
açılır e, hər
o xəbərləri eşidəndə.
Hiss edirəm, ürəyim
lap bərk döyünür.
Sonra özümə toxtaqlıq
verirəm. Bax hamımızı
illərdi bu arzu yaşatdı, yaşa doldurdu. Nəhayət, bu arzumuza da çatırıq.
Vallah, adamı arzu yaşadır. Bax mənə,
85-ə çatmışam, 90-ı arzulayıram. Özü də
ürəyimi buz kimi saxlayıram. Toxtağam, siz də elə olun...
Çox haqlıdır, həm də sonuna qədər. İstər uzun
və dolğun yaradıcılığında, istərsə də özünəməxsus koloriti
ilə yaratdığı
obrazlarında hər kəsə bu həqiqətini aşılayıb.
Məcnun Hacıbəyov milli teatr səhnəmizin xarakterik obrazlar yarada bilən və ən əsası, arxa plan qəhrəmanlarını bir
çox hallarda ön planda ustalıqla nümayiş etdirən ifaçılardandır. Onun qəhrəmanları
epizoddan, kütləvi
səhnədən də
özünü göstərir.
Yeganə səbəbi isə
onun insan və aktyor təbiiliyi və səmimiyyətidir. Aktyorun obrazlar
qalereyasına nəzər
salanda görürük
ki, onun qəhrəmanları bütün
hallarda ikincidərəcəli
obrazlar olsalar da, o rolları elə bir kolorit
və şirinlikdə
oynayır ki, bəzən baş qəhrəman arxa plana keçir. “Əliqulu evlənir”dəki
Xəlili, “Ölülər”dəki
Mir Bağır ağası,
“Sevil”dəki Məmmədəli
bəyi, “Bağlardan gələn səslər”dəki
Şirin dayısı,
“Məhəbbət əfsanəsi”ndəki
Ustabaşı, “Quşu
uçan budaqlar”dakı
Mehdiqulusu, “Falçı”da
Keşişi, “Xanuma”dakı
Birinci knyazı, “Qılınc və qələm”dəki Sultan Toğrulu,
“Unuda bilmirəm”dəki
milis mayoru buna əyani sübutdur.
Hər obrazına
ayrı bir sevgi ilə yanaşan aktyorun sevimli rolları da var ki,
onlardan hər dəfə böyük hərarətlə bəhs
edib. “Nişanlı qız”da Mirzə Salman, “Hökmdar və qızı” tamaşasında Naxçıvan
xanı, “Göytürklər”də
isə Salır xan onun seçkin
üçlüyüdür.
Aktyorun sənət yaradıcılığında “Canavar balası”, “Evlənmək
istəyirəm”, “Gənclik
macərası”, “Göz
həkimi”, “Gülüş
sanatoriyası”, “Kişilər”,
“Qatarda”, “Qəzəlxan”,
“Yarımştat” kimi
film və televiziya tamaşalarının xüsusi
yeri var. Məhz bu sayədə geniş tamaşaçı
auditoriyasının diqqətini
cəlb edən aktyorun həmin ekran nümunələrindəki
monoloqları bu gün də dillər əzbəridir.
Məcnun Hacıbəyovun istər teatr tamaşalarında, istərsə də teletamaşa və filmlərdə oynadığı
rolların bir ümumi cəhəti var ki, o da
aktyorun təbiiliyidir. O, heç
vaxt oynadığı
rola süni notlar, ştrixlər artırmayıb. Sadəcə olaraq, obrazı
duyub, onun məramını, daxili aləmini, həyatda mövqeyini özündən
keçirərək ifadə
etməyə çalışıb.
Onun yaratdığı
bənzərsiz obrazlar
qalereyası haqqında
danışarkən istənilən
rolda öz improvizələrini etmə
istedadı üzərində
xüsusilə dayanmaq
lazımdır. Sənət dostları, tərəf-müqabilləri
onun bu məziyyətindən
daim sevgi ilə danışırlar.
Onun bu oyun cəhdlərinin
tamaşaçılar tərəfindən
anında duyulub, qəbul olunduğunu deyirlər.
Ömrünün 50 ilini səhnəyə həsr edən Məcnun Hacıbəyov məhz bu məziyyətləri
ilə istər həmkarlarının, istərsə
də tamaşaçıların
yaddaşında özünə
layiqli yer tutub.
Hər məqamda
zarafatından qalmayan,
ən ağır anında da yumordan, gülüşdən
yapışan və özünü dərdin əlindən bu yolla xilas edən
qocaman aktyora 85-dən
sonrakı yolla da nikbin addımlamağı
arzu edirik.
Həmidə NİZAMİQIZI
Üç nöqtə.- 2020.- 19
noyabr.- S.12.