“Vasitəçi
olmaq üçün fundamental şərt neytrallıqdır”
Azərbaycan
Respublikasının xarici işlər naziri Ceyhun
BayramovunFransanın “Le Point” jurnalına müsahibəsi
Le Point: Atəşkəsdən sonra Ermənistan
tərəfi ilə sülh müqaviləsini
bağlayacaqsınız?
Ceyhun Bayramov: BMT Təhlükəsizlik
Şurasının qərarlarına əsaslanan 10 Noyabr tarixli
üçtərəfli bəyanatın icrası
üçün vaxt lazım olacaq. Bəyanatda yalnız atəşkəs
deyil, sülhə aparan bir sıra mühüm
addımların da təmin edilməsi nəzərdə
tutulur. Bəyanatın əsas elementi Ermənistan silahlı
qüvvələrinin işğal etdikləri üç
rayondan 1 dekabr tarixinə qədər
çıxarılmasıdır. Bu tələbin icrası Ermənistanın
sülh prosesinə sadiqliyinin dəyərləndirilməsinə
imkan yaradacaq. Onilliklər boyu davam edən
müharibə vəziyyəti nəticəsində
yaranmış yaraların sağalması asan olmayacaq və
vaxt aparacaq. Əsas olan odur ki, bütün hərbi əməliyyatlar
dayandırılsın və bölgədə sülhün bərqərar
olması üçün tədbirlər görülsün.
Bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik.
Yalnız Təhlükəsizlik
Şurasının müvafiq qətnamələrinə
uyğun olaraq Azərbaycan ərazilərinin
işğalına son qoymaqla və azərbaycanlı məcburi
köçkünlərin öz evlərinə
qayıtmasını təmin etməklə bölgədə
davamlı sülh və təhlükəsizlik bərqərar
oluna bilər.
Atəşkəsin ən yaxşı təminatçısı
rus hərbçiləridir?
Sentyabrın 27-də Azərbaycanın əks-hücum
əməliyyatlarına başlamasından etibarən Ermənistanla
Azərbaycan arasında üç dəfə atəşkəs
razılaşdırıldı və hər dəfə bu atəşkəs
Ermənistan tərəfindən pozuldu. Buna görə də
atəşkəsə əməl edilməsi üçün
hərbi qüvvələrə ehtiyac olduğu aydın oldu.
Rusiyanın sülhməramlı kontingenti suveren Azərbaycan ərazisinə
Azərbaycanın dəvəti və üçtərəfli
bəyanatın müddəalarına əsasən gətirildi.
Rusiya Minsk Qrupunun Cənubi Qafqazla sərhədi olan yeganə həmsədr
ölkəsidir və bu səbəbdən bölgədə
sülh və sabitlikdə birbaşa maraqlıdır. Həm
Ermənistan, həm də Azərbaycanla münasibətləri
baxımından, şübhəsiz ki, bu ölkə həm də
Rusiya prezidenti tərəfindən imzalanan
razılaşmanın həyata keçirilməsində həlledici
rol oynaya bilər.
Qərb ölkəsi olan iki həmsədr Fransa
və ABŞ atəşkəs razılaşması ilə əlaqəli
olmadığı halda Minsk Qrupu faydasız oldu?
Minsk Qrupunun artıq faydalı
olmadığını deməzdim. Fikrimizcə, effektiv olmayan
məsələ tarazlı kimi nəzərdə tutulan bir
yanaşma adı altında Ermənistana və Azərbaycana
eyni mesajlar verməkdir. Təcavüzkar ilə təcavüz
qurbanı arasında, işğalçı dövlət ilə
əraziləri işğal edilmiş ölkə arasında,
qaçqın və onu öz evindən qovan
işğalçı arasında tarazlıq saxlamaq
mümkün olmayan bir məsələdir. Beynəlxalq vasitəçilərin
münaqişəyə diplomatik həll yolu tapmaq səylərinə
hörmətlə yanaşırıq. Ancaq təcrübə
onu göstərir ki, Azərbaycanın işğal olunmuş ərazilərindən
silahlı qüvvələrini çıxarmaq
üçün Ermənistana təzyiq olmadığı təqdirdə,
bu ölkə beynəlxalq ictimaiyyətin tələblərini
yerinə yetirməyə hazır olmayacaqdır.
Sizin fikrinizcə, münaqişə zamanı
Fransa bitərəf qaldı?
Vasitəçi olmaq üçün fundamental şərt
neytrallıqdır. Təəssüf ki, Fransanın rəsmi
qurumlarının son açıqlamaları birtərəfli və
qərəzli idi. Fransada erməni diasporunun
mövcudluğunun nəzərə alınacaq vacib bir amil
olduğunu anlaya bilərik, amma bir dövlətin rəsmi
mövqeyinin müəyyən edilməsi məsələsinə
gəldikdə, bu mövqe beynəlxalq hüququn norma və prinsipləri, habelə dövlət
məsuliyyətindən irəli gələn prinsiplərə
əsaslanmalıdır. Xüsusən də,
sözügedən dövlət vasitəçi mandatına
sahib olduqda.
Fransa sülh müqaviləsini təşviq etmək
üçün nə edə bilər?
Beynəlxalq hüquqa ciddi riayət etməsindən
başqa bir şey gözləmirik. Bunun üçün
1993-cü ildə Fransanın səs verdiyi BMT Təhlükəsizlik
Şurasının müvafiq qətnamələrinin
icrası, beynəlxalq səviyyədə tanınmış
dövlət sərhədlərinin
toxunulmazlığının təminatı və məcburi
köçkünlərin fundamental hüquqlarının bərpası
tələb olunur.
Bu müharibədə Türkiyənin Azərbaycana
pilotsuz təyyarələr və Suriyalı muzdlular daxil
olmaqla köməyi böyük rol oynadı. Münaqişənin
beynəlmiləşdirilməsi davamlı həllin
axtarışını çətinləşdirmir?
Azərbaycan ordusunu gücləndirən amillər
silahlı qüvvələrimizin mobilliyi, dron texnologiyası və
tətbiq etdiyimiz müasir yanaşmadır. Ölkəmiz
Türkiyə daxil olmaqla bir sıra ölkələrlə
müdafiə sahəsində uğurlu əməkdaşlıq
etmişdir. Türkiyə, həmişə
haqlı mövqeyimizi dəstəkləmişdir. Azərbaycan münaqişənin beynəlmiləşdirilməsi
və Ermənistanın üçüncü ölkələri
cəlb etmək cəhdlərinə qarşı
çıxış etmişdir. Suriyalı
muzdlular barədə bu hekayəyə gəldikdə isə,
biz bir neçə dəfə təkrarladıq və
prezidentimiz bunun müəyyən ölkələr tərəfindən
yayılan açıq-aşkar dezinformasiya olduğunu təsdiqlədi.
Bu şayiələri yayanlar tərəfindən
heç bir dəlil verilməyib. Silahlı
qüvvələrin komplektləşdirilməsini çətinləşdirən
ciddi demoqrafik böhranla illər boyu üzləşən Ermənistandan
fərqli olaraq, Azərbaycan yaxşı təchiz olunmuş,
peşəkar və güclü bir orduya sahibdir. Ərazimizin bütövlüyünü qorumaq
üçün kənar silahlı qüvvələrə və
nizamsız qruplaşmalara ehtiyacımız yoxdur.
Hazırda sizin nəzarətinizdə olan xristian abidələri,
xüsusən də Davidank monastırı ilə nə olacaq?
Azad edilmiş ərazilərdəki bütün dini-tarixi
abidələri dövlət tərəfindən
qorunacaqdır.
Azərbaycan müxtəlif mədəniyyətlərə
və dinlərə hörmət və tolerantlıq ənənəsinə
sahib olan çoxmillətli bir ölkədir. Ölkəmizdəki böyük xristian icması cəmiyyətimizin
ayrılmaz hissəsidir. Həmin icma
ölkəmizdə fəal rol oynayır. Onun
kilsələri, ibadət yerləri və abidələri Azərbaycan
dövləti tərəfindən tam şəkildə qorunur.
Təsadüfi deyil ki, Papa Fransisk 2016-cı ildə
Bakıya səfəri zamanı ölkəmizi dini
tolerantlıq nümunəsi kimi göstərdi. Azərbaycan xristian irsini yalnız öz sərhədləri
çərçivəsində deyil, həm də xaricdə
qoruyur. Məsələn, Heydər
Əliyev Fondu Fransanın Orn departamentində X-XII əsrlərə
aid 7 kilsənin bərpasına yardım edilmişdir.
Son bir neçə həftə
ərzində aparılmış müharibədə
xristianlarla müsəlmanlar arasında dini qarşıdurma
epizodu olubmu?
Ermənistanla Azərbaycan arasındakı dini
münaqişə deyil və heç zaman belə olmayıb. Bu, ərazilərimizə
qarşı erməni iddiaları ilə başlayan dövlətlərarası
münaqişədir. Bunu dini
münaqişə kimi qələmə vermək cəhdləri
uğursuzluğa məhkumdur, çünki Azərbaycan
müxtəlif dinlərin davamçılarının əsrlər
boyu sülh şəraitində yaşadığı bir
ölkədir.
Nə üçün Azərbaycanın silahlı
qüvvələri Şuşadakı kimi kilsələr də
daxil olmaqla, mülki binaları və məktəbləri
bombaladı?
Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum
əməliyyatları beynəlxalq humanitar hüquqa uyğun
olaraq həyata keçirilib. Əhali, məktəb
və ya xəstəxana kimi mülki infrastruktur hədəfə
alınmadı. Azərbaycan ordusu legitim hərbi
hədəflərə cavab verməklə məhdudlaşdı.
Problem ondadır ki, erməni tərəfi
mülki binalardan qalxan kimi istifadə edirdi. Xankəndidəki uşaq bağçasında məsləhətləşən
erməni zabitlərin fotosu sosial şəbəkələrdə
çox müzakirə olundu. Bəhs
etdiyiniz kilsə ilə bağlı Prezidentimiz bunun səhv
olduğunu və ya qəsdən həyata keçirilmiş
erməni təxribatı olduğunu söylədi. Faktla bağlı araşdırma aparılır.
Lakin vurğulamaq istərdim ki, məqsədimiz
kilsələri dağıtmaq olsaydı, Bakının mərkəzində
minlərlə erməni kitabının
saxlanıldığı Erməni Kilsəsini bərpa etməzdik.
Azərbaycan gələcəkdə tarixən ermənilərin
məskunlaşdığı bir bölgə olan
Dağlıq Qarabağ üzərində bir Ermənistan
suverenliyini tanımağa hazırdırmı?
Dağlıq Qarabağ Azərbaycanın tarixi bir hissəsidir. Ermənilər 1813-cü
ildə Gülüstan və 1828-ci ildə imzalanan Türkmənçay
müqavilələrindən sonra 19-cu əsrin əvvəllərində
bu ərazilərdə
yerləşdirilmişdir. Sovet
dövründə ermənilərin oradakı əhalinin əksəriyyətini
təşkil etdiyi faktdır. Amma
xatırlayaq ki, orada yaşayan azərbaycanlılar və onu əhatə
edən 7 Azərbaycan bölgəsində yaşayanlar
1990-cı illərin əvvəllərində işğaldan
sonra Ermənistanın həyata keçirdiyi etnik təmizləmənin
qurbanı oldular. On illərdir ki, bu
insanların hüquqları kobud şəkildə pozulub.
Ermənistanın suverenliyi Azərbaycan
torpağında deyil, Ermənistan Respublikasının ərazisində
həyata keçirilə bilər. Dağlıq
Qarabağın statusu məsələsi 10 noyabr tarixli
üçtərəfli bəyanatda qeyd olunmayıb. Azərbaycan dəfələrlə bəyan
etmişdir ki, Dağlıq Qarabağın hər iki icması
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
sülh və təhlükəsizlik şəraitində birgə
yaşaya bilər.
Azərbaycan hökuməti Dağlıq Qarabağ erməniləri
üçün bu cür dinc birgə yaşayışa necə
zəmanət verə bilər?
Azərbaycan Konstitusiyası etnik mənsubiyyətindən,
dinindən və siyasi mənsubiyyətindən asılı
olmayaraq hər bir vətəndaşı bərabər
hüquqlar ilə təmin edir və azadlıqlarını
qoruyur. Azərbaycan beynəlxalq birliyin məsul
üzvüdür, bir çox beynəlxalq qurumların
üzvüdür, əsas hüquqları, azadlıqları, mədəni
və dini irsi qoruyan müqavilə və konvensiyalara riayət
edir. Dağlıq Qarabağın gələcəyi
onun iqtisadi, mədəni və insan resurslarının
inkişafı ilə müəyyənləşdiriləcəkdir.
Prezidentimiz, artıq işğal altında
olmayan ərazilərin bərpası və yenidən
qurulması üçün proqramın
hazırlanacağını açıqladı. Azərbaycan sülh, təhlükəsizlik və
qarşılıqlı hörmət şəraitində
Dağlıq Qarabağdakı azərbaycanlı və erməni
icmalarının birgə yaşayışını təmin
etməyə hazırdır.
Atəşkəs elan edildikdən sonra Prezident Əliyev
niyə ermənilərin “itlər kimi” qovulduğunu iddia edərək
təhqiredici şərhlər etdi?
Bu açıqlama erməni xalqına
qarşı yönəlməyib. Prezident
İlham Əliyev Ermənistanın siyasi-hərbi rəhbərliyindən,
ərazilərimizi qanunsuz olaraq işğal edib mülki şəxslərə
qarşı hərbi cinayətlər törədənlərdən,
Gəncə, Bərdə və Azərbaycanın digər
yaşayış yerlərdəki günahsız mülki
şəxslərə qarşı hücum əmri verənlərdən
danışdığını açıq şəkildə
bildirdi. Şubhəsiz ki, hərbi cinayətlər törətmiş
şəxslər əməllərinə görə cavab verməlidirlər.
Üç nöqtə.- 2020.- 26
noyabr- S.8-9.