“Əgər sənətə xəyanət

etməsən, o da sənə etməz”

 

Nicat Kazımov:”Söz vermişdim ki, universiteti bitirəndən 5 il sonra həm teatr ictimaiyyəti, həm də tamaşaçılar tərəfindən tanınmasam bu sənətdən uzaqlaşacağam”

 

 “Retro kino zalı” verilişində məşhur filmlər nümayiş olunurdu. Verilişin aparıcısı Ayaz Salayev idi. Hamı yatırdı, mən oturub verilişə baxırdım. “Romeo və Cülyetta” filminin bir hissəsinə baxanda artıq mənə elə gəldi ki, mən havadayam, uçuram. O vaxta qədər müğənni olmaq istəyirdim. Film bitdi, ancaq mən yata bilmirdim ki, bilmirdim… Həmin gecə çox çətinliklə yuxuya getdim. Səhəri gün Kirov adına kuluba gedib, dərnəyə yazıldım və elə o vaxtdan aktyor olmağa qərar verdim”.

Müsahibimiz 27 ildir sənətdə olan, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının və C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının rejissoru, aktyoru, əməkdar artist Nicat Kazımovdur.

 

“Həmin illər mənim üçün çox ağır keçib”

 

Nicat müəllim deyir ki, Dəvəçi rayonunda (indiki Şabran) doğulub. Atası Siyəzəndə Gilgilçaydan, anası isə elə Şabrandandır. Hələ körpə olarkən valideynləri Hacı Zeynalabddin Tağıyev qəsəbəsinə (Keçmiş Nasosnu) köçüblər: “Bir müddət sonra isə Stansiya Sumqayıt deyilən yerdə yaşamışıq. Mən birinci və ikinci sinifə də elə orada getmişəm. Həmin illər mənim üçün çox ağır keçib. Ondan sonra yenidən Hacı Zeynalabddin Tağıyev qəsəbəsinə qayıtmışıq. Orada böyümüşəm, 6 nömrəli orta məktəbi bitirmişəm. İnsan ömrünün ən gözəl dövrü uşaqlıq illəridir. Ondan sonra problemlər günbəgün artır, böyüyür. Orta məktəbdə əlaçı şagird olmuşam. Məktəbimizdə həm azərbaycan, həm də rus bölmələrii var idi. Mən azərbaycan bölməsində oxuyurdum. Çox yaxşı müəllimlərim olub. Sinif rəhbəri Rəna müəllimə, riyaziyyatdan Sənubər müəllimə, ədəbiyyatdan Mustafa müəllim, tarixdən Qasım müəllim çox yaxşı dərs keçirdilər və onları həqiqətən çox sevirdim”.

 

Evin ən ağıllı uşağı...

 

Müsahibimiz deyir ki, çox sakit uşaq olub. Məktəbdən evə gələndə ilk öncə dərslərini hazırlayır və sonra oynamağa gedirmiş: “Kiçik qardaşım çox dəcəl idi, lakin mən dəcəllik etmirdim. Artıq 6-cı sinifdən qarşıma məqsəd qoymuşdum ki, aktyor olacağam. Tağıyev qəsəbəsində Kirov adına mədəniyyət sarayında dərnəyə gedirdim. Dərnəkdə kiçik səhnəciklər hazırlayırdıq. Məktəbdə ictimai işlərlə məşğul olduğumdan başqa şeylərə vaxtım qalmırdı. Onuncu sinifdə oxuyanda İncəsənət İnstitutuna kollekviuma (hazırlığa) gəlirdim. Bunlar hamısı üst-üstə düşürdü. Bu səbəbdən də oynamağa, əyləncələrə vaxtım olmurdu”.

 

“Boş otaq tapan kimi məşq edirdim”

 

Aktyor deyir ki, tələbəlik illəri Azərbaycanın ən çətin və ən ağır günlərinə düşüb: “90-cı il hadisələri yenicə başlamışdı, müharibənin qızğın vaxtları və müstəqilliyin yeni yarandığı dövr idi. Bakı şəhərində boşluq, xaos var idi. Bizim institut Malakan bağının yanında yerləşirdi. Atam dəmiryolçu işləyirdi, amma iş olmadığından maddi vəziyyətimiz həddindən artıq pişləşmişdi. Tələblik illərim həmin dövrə düşmüşdü. Bütün bunlara baxmayaraq birinci kursdan həm oxuyur, həm teatrda işləyir, həm də televiziyada veriliş aparırdım. Daim çiynimdə böyük çanta ilə gəzirdim. İçində maqnitafon və kasetlər olur, boş otaq tapan kimi girib məşq edirdim. Bu gün də sənətçi dostlarım o günləri xatırlayırlar. Bizim dövrümüzdə ustad sənətkarlar dərs deyirdilər. Onların çoxu bizə dərs deməsə də, onları görəndə, söhbətlərinə qulaq asanda nəsə öyrənirdik. Sənət abu-havası bizi özünə çəkirdi, sıxıntılar olmasına baxmayaraq sənətə olan eşq sönmürdü”.

 

“Məhsuldar bir dövr oldu”

 

Aktyorun sözlərinə görə, onunla eyni vaxtda oxuyan insanlar bu gün sənətdə öz sözlərini deyə biliblər. “O dövr çox məhsuldar bir dövr oldu. Mən hazırlığa gəldiyim dövrdə Alim Qasımov institutda oxuyurdu. İnstitutda oxuyanda isə Faiq Ağayev, Azər Axşam, Rəfael-Coşqun, Sevda Ələkbərzadə, Tünzalə (Toppuş bacı), Dilarə və s. oxuyurdular. İnstitutda xüsusi bir adət-ənənə var idi. Sonuncu kurslar birinci kurslar üçün qonaqlıq təşkil edirdilər. Rövşən İsak, Siyavuş, Elman Rəfiyev bizə birinci kursda oxuyanda  qonaqlıq verdilər.  Bu, bizim kollektivə qaynayıb-qarışmağımız üçün qonaqlıq idi. Özümüz də sonuncu kursda oxuyanda birinci kurslar üçün eyni tanışlıq qonaqlığını verdik. Aktyorluq fakültəsi 4 ildir, amma biz və bizdən sonrakı kurslar 5 il oxumuşuq. Bu birbaşa həm bakalavr, həm magistr hesab olunurdu”.

 

Gənclik illəri …

 

Gənclik illərimdə sevgilər… Hələ universitetə qəbul olmamışdan əvvəl mənə elə gəlirdi ki, Malakan bağında oturanların hamısı İncəsənət Universitetinin tələbələridir. Düşünürdüm ki, onlar necə də xoşbəxtdirlər ki, orada oxuyurlar. O universitetin həyətinə girməyin özü bir xoşbəxtlik idi. Böyük bir sənətkarla qarşılaşmaq, hətta ona salam vermək, Azərbaycan Dövlət Televiziyasına girib-çıxmağın özü belə bir xoşbəxtlik idi. Gənc Tamaşaçılar teatrına ilk dəfə dəvət ediləndə sevincimin həddi-hüdudu yox idi. Bir neçə il bundan əvvəl Akademik Milli Dram teatrında ilk dəfə tamaşa hazırlamağa başlamağım, böyük sənətkarların çıxdığı səhnəyə çıxmağım çox qürurverici idi. Lap elə bu kinostudiyanın özünü deyək. Baxmayaraq ki, qaranlıq dəhlizləri var, amma vaxtilə bu dəhlizlərdə kimlər gəzib, kimlər olub? Bütün bunlara görə mən özümü xoşbəxt sayıram. İlk dəfə səhnəyə çıxmağımı xoşbəxtlik hesab edirəm”.

 

Nəsildən bu sənətə gələn birinci mən idim”

 

Aktyorun sözlərinə görə, ailəsi onun bu sənətə gəlməyinin əleyhinə olub. Deyir ki, nəsildən bu sənətə gələn birinci o olub: “Qarşıma qoyduğum məqsədə nail olmaq üçün hər şeyi böyük zəhmətlə əldə etmişəm. Yəni, mən mübarizə aparmalı, üzərimdə on qat artıq işləməyə məcbur olmuşam. Uşaqlıqdan çox hikkəli insanam, evdəkilərə sənətdə nə qədər bacarıqlı olduğumu sübut etməyə çalışırdım. Mən söz vermişdim ki, universiteti bitirəndən 5 il sonra həm teatr ictimaiyyəti, həm də tamaşaçılar tərəfindən tanınmasam bu sənətdə qalmayacam. Amma bəxtim onda gətirdi ki, hələ ikinci kursda oxuyanda artıq məşhur idim. Çünki o vaxt bir dövlət televiziyası var idi, axşam veriliş apardım, səhəri gün artıq hamı məni tanıyırdı. İlk dəfə aparıcılıq estetikasını dəyişmək, başqa formatda aparıcı olmaq çətin idi. Çünki böyük sənətkarlarımız ciddi verilişlər aparırdı. Mən verlişə bir az şou elementlərini qatdım. Səhəri gün metroya minəndə qızlar məndən avtoqraf istəyirdilər, çaşıb qalırdım. Onun ləzzəti bir başqa idi. Daha sonra teatr ictimaiyyəti məni tanımağa başladı. Böyük sənətkarların da qatıldığı monotamaşalar festivalına çıxdım, orada laureatlardan biri mən oldum. Yəni, ancaq iş, iş…. Bəziləri düşünə bilər ki, şişirdirəm, lakin məni tanıyanlar ən azından necə çalışıb-vuruşduğumu bilirlər. Tez-tez aşiq olmuşam, ta ki evlənənə qədər… (gülür). Hazırda çox gözəl bir ailəm var. Hazırda isə oğlum sənətimi davam etdirir”.

 

Nə olursa xeyirə doğru olur…

 

Aktyor deyir ki, nəsə pis bir şey olanda, yaxud istədiyi bir şey həyata keçməyəndə düşünür ki, bəlkə belə daha xeyirlidir: “Lakin əvvəllər belə düşünmürdüm, istədiyimə nail olmadıqda çox pis olurdum. Lakin illər keçdikdən sonra geriyə baxanda görürsən ki, nə yaxşı ki, belə olub. Allah bizim üçün bir yol çizib, biz istəsək də, istəməsək də o yola yönəlirik. Alın yazısı bizim üçün yazılıb. Misal üçün, mən 1989-cu ildə Universitetə sənəd verəndə qəbul olmadım, depressiyaya düşdüm, hətta dəli olmaq dərəcəsinə çatdım. Sonarakı ildə isə aləm bir-birinə qarışdı deyə sənədlərimi instituta verə bilmədim. Amma 91-ci ildə elə şans yarandı ki, birdən-birə ən yüksək balla qəbul oldum. Əgər mən həmin il yox, əvvəlki illərdə qəbul olsaydım, sonrakı taleyim başqa cür ola, Əliabbas Qədirovun kursuna düşməyə bilərdim, Bəxtiyar Xanızadə ilə işləməyəcəkdim, Pantomima teatrının ilk aktyrolarından biri olmayacaqdım. Əgər mən birinci dəfə səndələrimi verəndə qəbul olsaydım öz üzərimdə bu qədər işləməyəcəkdim. İlk dəfə qəbul üçün sənəd verəndə səhnə danışığından 2 almışdım. Universitetə qəbul olandan sonra həmin müəllimə sübut etməyə çalışırdım ki, səhnə danışığım yaxşıdır. Birinci smestrdə oxuyanda səhnə danışığı müsabiqəsi keçirildi, birinci yerə çıxdım. Daha sonra “Aztv”də diktor müsabiqəsi keçirildi və sənəd verən 3 min nəfərin içindən üç nəfər seçildi ki, onlardan biri mən idim. Çünki müəllim məni imtahandan kəsəndən sonra öz üzərimdə xeyli işlədim, inadkarlıq etdim və bunun öhdəsindən gəldim”.

 

“Uduzan bütün qrup üçün blinçik alacaqdı”

 

Nicat müəllim Pantomimadan könüllü şəkildə çıxsa da, bu ona pis təsir edib. Deyir ki, ustadım Bəxtiyar müəllimə yaxınlaşdım ki, haqqınızı halal edin, mən artıq burada işləyə bilmirəm: “Həmin vaxt depressiyaya düşdüm, iki-üç ay televiziyadan getdim, hər şeyin üstüdən xətt çəkdim, sənətdən getmək istəyirdim. Amma üç ay sonra qayıdanda artıq rejissor kimi qayıtdım. Həmin vaxt bunların xeyirə doğru olduğunu başa düşmürdüm. Yaxud da sevgi məsələsində kiminləsə ailə qurmaq istəyirsən, lakin alınmır. Elə nə yaxşı ki, alınmır. Deməli, məsləhət deyilmiş. Onun əvəzində mənim çox gözəl ailəm var axı… Bunun kimi çox misallar çəkə bilərəm..  Bir dəfə İlqar adında bir qrup yoldaşımla mərcə girdik. İplə atlana-atlana kim bir nəfəsə Nəsiminin qəzəlini daha çox deyəcək? İlqar axırıncı beyti deyə bilmədi, lakin mənim gözlərim havasızlıqdan az qala yerindən çıxırdı, amma inadımdan dönmədim və sona qədər dedim. Mərc gəlmişdik ki, uduzan bütün qrup üçün blinçik alacaq. O hikkə hər kəsdə olmalıdır, lakin başqasına pislik etməklə yox. Sağlam rəqabət olmasa, onda inkişaf da olmayacaq”.

 

“Atam üzünü zala tərəf çevirib əl çalır, heyrət dolu

gözlərlə ayaq üstə alqışlayan tamaşaçılara baxırdı”

 

Rejissor deyir ki, valideynlərinin narazılığına baxmayaraq sevərək gəldiyi bu sənət gözləntilərini həm doğruldub, həm də yox: “Bizim sənət kənardan həddindən artıq ütülü, rahat görünür. Amma bu gün maddi cəhəddən çətinlik çəkirik.Atam tamaşalarıma təzə vaxtlar bir-iki dəfə gəldi, ondan sonra uzun müddət gəlmədi. Lakin ölümündən 4-5 ay əvvəl mənə zəng edib dedi ki, bir dostu mənim “Pəri Cahan” tamaşama gəlmək istəyir və ona görə məndən dəvətnamə istədi. Dedim ki, bir şərtlə verərəm ki, anamla sən də tamaşaya gələsiniz. Atam razılaşdı… Tamaşanın sonunda mən (İblisi oynayırdım) və Mələyi oynayan aktyor baş əyməyə gələndə bütün zal ayağa qalxdı. Bu zaman atam üzünü zala tərəf çevirib əl çalır, heyrət dolu gözlərlə ayaq üstə bizi alqışlayan tamaşaçılara baxır ki, bu qədər insan mənim oğlum üçünmü ayağa qalxıb? O ləzzəti, o hissi başqa heç nə vermir. Bu sənət mənə mənəvi cəhətdən xeyli zənginlik verdi, lakin maddiyat tərəfdən bu gün belə çox təəssüf ki, mən nələrisə düşünmək məcburiyyətindəyəm. Ən əsas problem isə evsizlik problemidir. Uzun müddət efirə çıxmasam da, tamaşaçılar məni unutmur, hazırladığım tamaşaların boş stulu olmur. “Ələddinin sehrli çırağı” tamaşası oğlumdan yaşca böyükdür, amma hələ oynanılır. Əgər sənətə xəyanət etməsən, o da sənə etməz. Teatr aləmində məşhur rejissor olsam da, tamaşaçılar bilmir ki, hansı tamaşaları mən hazırlamışam”.

 

Könül Əhmədova

 

Üç nöqtə.- 2020.- 22 oktyabr.- S.12.