“Arzular
adamın içini yeyib məhv edir”
Emin Piri: “Şeiri hər kəs yaza bilər”
“Vaxtilə qoyduğum
qadağaları indi aradan qaldırmışam
və yaxud başqa vaxt azadlıq verdiyim bir şeylərə indi qadağa qoymuşam. Bunun özü də
zamana, şəraitə
uyğun dəyişir.
Eyni zamanda bu qadağalar
düşüncə dəyişikliyi
ilə də əlaqədardır”. “Üç
nöqtə” qəzetinin
qonağı gənc şair Emin Piridir.
-Emin bəy, hər vaxtınız xeyir olsun, zəhmət
olmasa, özünüzü
oxuculara təqdim edin.
-Özümü təqdim etmək üçün xüsusi bir hal görmürəm, nə də təqdimatımın həvəskarı
deyiləm. Ona görə Emin
Piri kimi bəsdir. Açığı desəm xoşum
gəlməyən məqamlardan
biridir özünü
təqdim etmək.
-“Çətin keçib
uşaqlığım”. Bu misra özünüzəmi məxsusdur ?
-Bəzən qəribə suallar olur. “Hansısa şeir sırf həyatınızdırmı ?” deyə soruşurlar.
Şair başqalarının da həyatını özününküləşdirərək
yazmağı bacarmalıdır.
Müəyyən dərəcədə o şeir bütün
90-cı illəri keçən
uşaqların həyatıdır,
deyərdim. İçərisində mən də daxil olmaqla. Aşağı-yuxarı 90-cı illəri əksərimiz belə yaşamışıq. O dövrün,
həmin illərin xatirəsi olduğuna görə bu şeir özümə də doğmadır.
-Niyə daha çox sərbəst vəzndə yazırsınız ?
-Bunun xüsusi bir halı və
şərti yoxdur. Şeiri hər kəs yaza bilər. Bəs bütün şeirlər
poeziyadırmı? -Xeyr.
İstər əruz, istər
heca, istərsə sərbəst vəzn, önəmli olan poeziya yarada bilməkdir. Başqalarına da bu cür
baxıram. Mənimçün kimin hansısa vəzndə yazması xüsusi yanaşma tələb etmir. Poeziya varsa bəli, o artıq mətndir, müəllifsə şair.
Hərdən düşünürəm ki, ən yaxşı
sərbəst şeirləri
yazanlar heca şeirlərini daha çox oxuyanlar və sevənlərdir.
Əmin olun ki, ən
yaxşı heca şeirlərini yazanlarsa sərbəst şeirləri
oxuyanlar və sevənlərdir. Əksini iddia
edənlərə düzü
çox inanmıram.
Dediyim kimi olduqda şairin
şeirdə manevr imkanları artır, poetik ifadəni daha ideal yerdə işlədə bilmək
bacarığı yaranır.
Eyni zamanda müxtəlif rakurslardan baxmaq, baxış bucağını
dəyişmək imkanı
da formalaşır.
-“Allahın sevgiyə
sui-qəsdi”. Nə demək istəmisiniz ?
-Açığı desəm,
şeirləri bitirdikdən
sonra onlara izahatı sevmirəm. Həmçinin, bəzən bir
şeirlə digərini
müqayisə edirlər
ki, bəs o şeirdə düşüncən
budur, bu şeirdəsə ayrı.
Amma unudurlar ki, bir şeiri 19 yaşında
yaza bilərsən, digərinisə 30. Təbii ki,
zaman keçdikcə düşüncələrin dəyişir.
Bu eyni zamanda
şeirə də sirayət edir. Şeirlərimin izahısa
kim necə
başa düşürsə
başa düşdüyü
qədərdir.
-Həyatınız eyni rəngdə, eyni ahəngdədirmi ?
-Elə düşünmürəm.
Məncə çox fərqli
həyat yaşamışam.
Elə zaman olur ki,
hər günü fərqliliklərlə keçirirsən,
elə zaman da olur, hər
gün eyni sabit həyat. Ətalətli həyatı sevmirəm.
Hərəkətli həyat mənə
daha çəkici və maraqlı gəlir. Ətalət həyatın sonudur.
Fərqlilik isə yeni həyat, yeni dünya və var olmanın əsasıdır. Hər sahədə
belədir. Ətalət olan yer məhvə
məhkumdur.
-Nədən və ya kimdən asılısınız ?
-Öz hislərimdən, iddialarımdan, məqsədlərimdən,
vicdanımdan daha çox aslıyam. Eyni zamanda arzusuz adamam. Arzular adamın içini
yeyib məhv edir. Kimdənsə aslı olmağımı
düşünmürəm. Nə vəzifəm var, nə də
ki, kimdənsə asılı ola
biləcəyim şərait.
Əgər belə də
olarsa, bunu kiməsə həyatında
dəyər vermək,
onu qiymətləndirmək
kimi düşünərdim,
nəinki aslı olmaq ifadəsi ilə. Aralarında incə fərq
var.
-Etdiyiniz yaxşılıqların
əvəzində çox
peşiman olursunuz ?
-Etdiklərimə görə
nəyisə düşünmək,
yaxşılıq etdim,
əksi pis oldu deyə əzab çəkmək
özümü yormaqdan
başqa bir şey deyil. Hər zaman peşiman olmamışam. Bu barədə o qədər
də narazı deyiləm. Həyatdır, insanı nəsə
üzə bilər, ya da sevindirə.
İllah
da hər şey düşündüyümüz
kimi olacaq deyə bir şey
yoxdur. Elə olsaydı, bu
həyat yox, robotlaşma olardı.
-Xoşbəxtliyi nədə
tapırsınız ?
-Xoşbəxtlik ana görə dəyişir və nisbidir. Elə an olar ki, körpə
səsindən xoşbəxt
olaram, elə an olar ki, təklikdə.
Heç
zaman düşünmürəm
ki, xoşbəxtəm,
yoxsa bədbəxt.
Bu ana, şəraitə,
duyduqlarıma, istəklərə
görə dəyişir.
-İstədiklərinizi reallaşdıra
bilirsiniz
?
Reallaşdıra bildiklərim olur. Amma olmayanlar
da. İnsan istəyi sonsuzdur.
Hər insan istəklərini reallaşdıra bilsəydi,
onlar kimi mən də bilsəydim, bəlkə,
biz bu müsahibəni
edə bilməzdik.
-Qadağalarınız var özünüzə ?
-Əvvəllər daha
çox idi. İndi məncə
azalıb və ya tam əksi. Vaxtilə qoyduğum qadağaları
indi aradan qaldırmışam və
yaxud başqa vaxt azadlıq verdiyim bir şeylərə
indi qadağa qoymuşam. Bunun özü də
zamana, şəraitə
uyğun dəyişir.
Eyni zamanda bu qadağalar
düşüncə dəyişikliyi
ilə də əlaqədardır.
-Kiməsə ikinci şans vermək olar, sizcə ?
-Baxır nədə və hansı şəraitdə. Şəraitə uyğun olaraq yüzüncü şansı
da vermək olar. Amma elə şeylər
var ki, nəinki
ikinci şans, birinci şansı da vermək olmaz. Heç sevmədiyim şeylərdən
biri də şansdır. Birinə ya
etibar edib güvənirsən, ya da heç şans
vermirsən. Orta hədd,
yoxlamaq kimi şeylər mənə yaddır. Düşünürəm ki, birini yoxlamaq onu güvənmirəm,
deməkdir. Güvənirsənsə, bunun adı şans yox, etibar etmək olur.
-Özünüzlə yola
gedə bilirsiniz ?
-Yola gedə bilmədiyim ən çətin adam
özüməm. Başqaları ilə daha yaxşı
yola gedirəm, nəinki özümlə.
Bəzən ikili ruhlaşma hiss edirəm özümdə və bu ruhlar bir-biri
ilə savaşır.
Bir növ məzdəkilik, manilik kimi. İçimdəki xeyir və şər Allahı bir-biri ilə mübarizə aparır.
Mənsə bu Allahların
döyüş meydanıyam.
-Sizi sizdən daha yaxşı tanıyan birisi var ?
-Tanrı varsa, o daha yaxşı tanıyar. Amma inanmıram, ruhumun dərinliyinə tam enmiş
biri indiyə kimi ola
bilsin. Mən özüm özümü
hələ də tam olaraq kəşf etməmişəm. Ola bilsin ki, buna
uyğun şərait
və zaman hələki peyda olmayıb. Bilmək olmaz, bəlkə, siyasət meydanında ola bilmək
şansım olsaydı,
necə olardım. Bəlkə, poeziyadan da daha uğurlu
ola bilərdim.
Ona görə də bu şəraitlər olmayana kimi özüm
özümü də
tam kəşf etmiş
saya bilmərəm.
Eynilə başqaları da
inanmıram, məni tam kəşf etmiş olsun.
-Ümumiyyətlə,
istəmisinizmi kimsə sizi yaxşı tanısın ?
-İstəmişəm, amma bu sevgili ola biləcəyim adama aiddir, digərlərinə deyil. Həmçinin sevgi ilə yanaşdığım insanlar, həyatımda doğmalaşan kəslər. Belə olsa, məmnun olardım.
-Niyə insanlar yanımızda olmayanda onları düşünməyə başlayırıq ?
-İnsan xislətindən
irəli gəlir. Insan eqoistdi.
Yanında olarkən fəth etmiş kimi görür. Amma olmayanda dəyəri anlamağa başlayır. Əslində bu dəyər də deyil,
əldə etmək, eqonu təmin etmək
istəyidir. Tərk edilməyi, təkliyi öz
gücümüzə sığışdıra bilmirik. Bu İlahi
qəzayla da ola bilər,
insan əməliylə də. Yenə də
təhtəlşüur olaraq həzm edə
bilmirik. Bu səbəbdən
dediyiniz nüanslar
yaranır.
-Səhvlər sizə nə öyrədir ?
-Gələcəyi, həyatı.
Səhvlər məhv etmirsə, insanın qazancına çevrilir və yaxud sənin
səhv düşündüyün bir əməl, söz
kiminə görə cəsarətdir, kiminə görə
axmaqlıq, kiminə görəsə isə başqa
bir şey. Bu səhvlərin özü
də nisbidir.
-Hansı yaşınızda müəyyən etdiniz ki, həyatdan nəsə istəyirsiniz ? Və o istək nə idi ?
-Əslində bir insan üçün nə
istədiyimi yaxşı bilirəm. Amma istəklər sonsuza qədər bitmir. Hər halda
şəxsi olaraq nə istədiyimi də söyləyəcək
deyiləm. Həmçinin, yaşa, düşüncəyə,
şəraitə uyğun
olaraq həyatdan nə istədiklərimiz dəyişə bilər.
Amma həyatda istədiyimiz təməl prinsiplər
var. Bu da hüzurdur.
-Taleləri yazırsınız
ya taleyinizi ? Niyə ?
-Hər iksini. Niyəsini söyləmək və ya söyləyə bilməmək tale yazmaqdan
daha çətindir.
-İçinizdən hansı
misralar gəlir indi ?
-Açığı bu günlər özümü
boşluqda hiss edirəm.
Ona görə də misra havasında deyiləm. Məşhur şeirdə olduğu
kimi mən artıq o misraları söyləmək deyil, yaşamaq istəyirəm.
Rövşən Tahir
Üç nöqtə.-
2020.- 18 yanvar.- S.12.