“İlk yazdığım şeiri oxuyanda anam güldü...”

 

“Kartof qızartması üzrə böyük mütəxəssislər idik”

 

“Həyat yoldaşım həmişə məni mətbəxdən çıxarır”

 

“Sual o qədər sadə idi ki, elə bildim, məni ələ salır. Soruşdum ki, müəllim ciddi deyirsiniz? Dedi, əlbəttə, bəs həlledə bilmirsənsə niyə “5” istəyirsən? Bu zaman dedim ki, istəyirsinizsə cavabını lap şifahi deyim. Cavabı dedim, “5” qiymətini yazdı. Sən demə əvvəldən mənə fikir verirmiş. Təsəvvür edin, 16 yaşında, boydan da balaca bir uşaq idim, lap körpə uşağa oxşayırdım (Gülür). Bu zaman qapıdan güllə kimi çıxdım, koridorda nəhəng bir tələbə qabağımı kəsdi ki, nə olub? Qışqırdım ki, “5” aldım. Qapıdan eşiyə çıxanda məni çiyninə alıb qışqırdı ki, ay bu uşağın sahibi, muştuluğumu verin”.

Həmsöhbətimiz keçmiş SSRİ-də riyaziyyatın sosiologiyaya tətbiqi ilə məşğul olan ilk 20 mütəxəssisdən biri, Cənubi Qafqazda isə ilk mütəxəssis, şair, publisist, sosioloq, iqtisad elmləri doktoru, “Ahəngyol” elmi-fəlsəfi konsepsiyasının yaradıcısı Əhməd Qəşəmoğludur.

 

“Həmişə əlaçı olmuşam”

 

Əhməd müəllim 1950-ci ildə Naxçıvanın Babək rayonunun Vayxır kəndində müəllim ailəsində anadan olub. Yeddi uşaqlı ailənin ən böyük övladı olub: “Məndən sonra ard-arda 5 bacım, ondan sonra da bir qardaşım olub. Bundan sonra valideynlərim düşünüb ki, bu qədər bəsdir. Çünki bizim vaxtımızda belə qayda var idi ki, gərək oğlan uşağı tək olmasın, bir qardaşı olsun. Uşaqlıq illərim orda keçib, səkkizinci sinfə qədər Vayxırda təhsil almışam. Həmişə əlaçı olmuşam, dərslərimi çox yaxşı oxumuşam. Eyni zamanda yaxşı riyaziyyatçı idim. İlk şeirimi 8 yaşımda yazmağa başlamışam”.

 

“İlk yazdığım şeiri oxuyanda anam güldü...”

 

Müsahibimiz 3-cü sinifdə oxuyan zaman, kəndin yuxarı tərəfində, ağacların altında quzu otararkən şeir yazmaq istəyib. Bu hiss onu xeyli həyəcanlandırıb ki, görəsən bu nədir? Şeiri yazmağa başlayıb və sonra gətirib anasına göstərib: “Anam şeiri oxumağımı istədi, oxuyan zaman isə güldü. Dedi ki, bir bənddən digərinə keçəndə adamın fikri dəyişər axı, sən elə neçə bənd yazmısansa, hamısı bir-birinin davamıdır. Anam mənə şeirin yazılma qaydasını izah etdi, gedib həmin şeirin əsasında yenidən üç bəndlik şeir yazdım. Bu anamın çox xoşuna gəldi. Daha sonra şeirimi müəllimlərim də bəyəndilər, hətta ilk şeirimi məktəbin divar qəzetində vurdular. Bu şeir kəndimizi, onun gözəlliyini, bağlarını vəsf edirdi. Beləcə, mənə şeir yazmaq qaydasını anam öyrədib”.

 

“Atam və müəllimlərim mənə şeir yazmağı qadağan etmişdilər”

 

Əhməd müəllim onu da dedi ki, ilk yazdığı şeir onun başına əməlli-başlı oyun açıb. Belə ki, müsahibimizin şeir yazmağı sinif yoldaşlarına gülməli gəlirmiş: “Deyirdilər ki, bizim sinif yoldaşımız da şeir yazır. Hələ lağlanıb mənə şair deyirdilər. Atam ədəbiyyat müəllimi olsa da, şeir yazdığımı biləndə icazə vermədi. Riyaziyyatçı olduğum üçün atam və müəllimlərim mənə şeir yazmağı qadağan etmişdilər. Deyirdilər ki, şeir yazsan, poeziyaya başın qarışsa riyaziyyatdan uzaqlaşacaqsan. Sonra dördüncü sinifdə yenə şeir yazmağa başladım, bir daha qoymadılar, 7-ci və 10-cu siniflərdə bu hallar yenə də təkrarlandı. Ta ki, bu hadisə universiteti qurtarana kimi davam elədi. Universiteti qurtaran ili “Ulduz” jurnalına şeirlərimi təqdim etməyə aparmışdım. Rəhmətlik Tofiq Bayram şeir şöbəsinə baxırdı. Məndən əvvəl iki nəfər də şeir gətirmişdi, onların üstünə qışqırıb sərt davrandığını görəndə, utandığımdan şeirimi göstərmədən çıxıb getdim. Daha sonralar Tofiq Bayramla dost olanda bu hadisəni ona danışdım ki, bu hadisəyə görə şeirlərim neçə il gec çap olunmağa başlayıb”.

 

“Dostlarımla dalaşdım ki, Rəsul Rza gəlib məni biabır edəcək”

 

Müsahibimiz artıq 27 yaşı olanda Moskvada çox ciddi bir aspirant imiş: “Şeir yazmağımı yenə hamıdan gizlədirdim. Yeni il gecəsini qeyd edən zaman hərə məşhur şairdən bir şeir oxuyurdu. Növbə mənə gələndə öz şeirimi oxudum. Hamı soruşdu ki, bunun müəllifi kimdir? Bir az içkili olduğum üçün kefim yaxşı idi, fəxrlə dedim ki, “mənim şeirimdi”. Bundan iki gün sonra iki dostum şeirimi götürüb Azərbaycanın xalq şairi Rəsul Rzaya göndərdilər. Həmin dövrdə R.Rza çox böyük nüfuz sahibi idi. Onun ağzından bircə dəfə çıxsa idi ki, filankəs şairdir, həmin adam məşhur olurdu. Bir gün R.Rzadan mənə məktub gəldi ki, Əhməd Moskvaya gəlirəm, Ukrayna mehmanxanasında olacam, zəng et görüşək. Mən də şeiri göndərən dostlarımla dalaşdım ki, R.Rza gəlib məni biabır edəcək. Görüşən zaman şeirdən heç nə soruşmadı, ancaq işimlə maraqlandı. Elə bu zaman Moskvada yaşayan bir şair gəldi. Elə düşündüm ki, məni onun yanında tənqid edəcək ki, ay bala get işinlə məşğul ol, şairlik sənlik deyil. Rəsul müəllim məni həmin şairə təqdim etdi. Dedi, tanış ol, bu Azərbaycanın istedadlı gənc şairidir. Bu sözü eşidəndə sanki şok oldum. İstedadlı sözü məni lap təəccübləndirdi. Rus şairi neçə kitabımın çıxdığını soruşanda, çaşıb qaldım. Bu zaman R.Rza dedi ki, o həm də şairdir, bundan qabaq həm də gözəl alimdir. Mənim şairliyim bax elə bununla başladı”.

 

“Müəllimim dedi ki, Naxçıvanda cəbri səndən yaxşı bilən yoxdur”

 

Müsahibimizin sözlərinə görə, o 8-ci sinfi bitirəndən sonra son iki ili Naxçıvan şəhərində 7 nömrəli orta məktəbdə oxuyub: “Məktəbi qurtaranda sənədlərimi filologiya fakültəsinə vermək istəyirdim. Bu zaman riyaziyyat müəllimim dedi ki, həndəsəni deyə bilmərəm, amma Naxçıvanda cəbri səndən yaxşı bilən yoxdur. Başqa fakültəyə getsən, elə bil mənə zərbə vurdun. Riyaziyyat müəllimimin xatirinə 16 yaşımda Bakı Dövlət Universitetinin “Mexanika- Riyaziyyat” fakültəsinə daxil oldum. Və çox sağ olsun ki, mənə bu yolu göstərdi. Bu sahə üzrə oxuduğum üçün çox razıyam. Sonrakı bütün elmi fəaliyyətim riyaziyyatla çox bağlıdır. Həmişə tədbirlərdə qeyd edirlər ki, riyaziyyatçı olmaq şeirlərin daha da keyfiyyətli olmasına kömək edir. Artıq söz və heca, yersiz pafoslar şeirlərimdə yoxdur”.

 

“Gecə yarısına qədər oxu zalında kitab oxuyurduq”

 

Tələbə olan zaman müsahibimiz üç il müddətində Bakı Dövlət Universitetinin 2 nömrəli tələbə yataqxanasında qalıb: “O vaxtı tələbə yataqxanası gözəl bir həyat idi. Çünki tələbələrin böyük əksəriyyəti gecə-gündüz oxuyurdu, yaradıcı bir mühit var idi. Gecə yarısına qədər oxu zalında kitab oxuyurduq, hamı əlaçı olmağa, fərqlənməyə çalışırdı. Tələbələr arasında sosiallaşma yaxşı gedirdi, indi də o günləri unuda bilmirik. Yataqxana bizim üçün ana vətən kimi idi. Bizim qrupda çox əlaçı var idi, hətta bir  dəfə semestrin sonunda 18 əlaçı çıxmışdı. Artıq 4-5-ci kursda mən kirayədə qalırdım. İndinin özündə də yoldaşlarla yığışırıq, söhbət edirik. Aramızda akademiklər də, professorlar da, müxbir üzvlər də var”.

 

“Kartof qızartması üzrə böyük mütəxəssislər idik”

 

Əhməd müəllim deyir ki, yataqxanada bir otaqda dörd nəfər qalırmışlar, bu yoldaşlar arasında arasında da iş bölgüsü var imiş. Kimisi bazara gedir, kimisi otağı səliqəyə salır, kimisi də xörəkləri bişirmiş: “Bəzən də bunu qarışıq şəkildə edirdik. O vaxtı ən dəbdə olan xörək kartof qızartması idi. Kartof qızartması üzrə böyük mütəxəssislər idik. İndi akademiklərlə söhbət edəndə hamımız o kartof qızartmasında söhbət açırıq, onun üçün darıxırıq.  İndi o keyfiyyətdə nə yağ var, nədə ki, kartof... Bir müddət sonra yaxşı borş bişirməyi də öyrənmişdik. Arada ət sousu, yumurta da bişirirdik. Amma yataqxananın ən məşhur yeməyi kartof qızartması və borş idi”.

 

“Həyat yoldaşım həmişə məni mətbəxdən çıxarır”

 

Müsahibimizin çox yaxşı mətbəx qabiliyyəti var. Bu bacarığı sonrakı dövrlərdə də ona çox kömək olub: “İki il kirayədə qaldığım dövrdə də çox vaxt xörəkləri özüm hazırlayırdım. O vaxtın tələbələri ev işləri görməyə öyrəşmişdi. Əl qabiliyyətim keçmişdə yaxşı idi. İndi isə yaxşı deyil, çox yaxşıdır (Gülür). Düzdür, həyat yoldaşım mətbəxə girməyimin əleyhinədir. Deyir ki, kişi mətbəxdə olmaz, həmişə məni mətbəxdən çıxarır. Bəzən hiss edirəm ki, qadınlar xörək hazırlayanda nələrisə çatışmır. Ona görə də, özüm hazırlamaq istəyirəm. Moskvada qaldığım müddətdə əl qabiliyyətimi daha da çox inkişaf etdirdim”.

 

“Qışqırdım ki, “5” aldım”

 

Müsahibimizin qəbul imtahanı onun üçün hədsiz dərəcədə maraqlı olub. O günlərdən maraqla danışan Əhməd müəllim deyir ki, dörd fəndən imtahan veriblər. O dövrün qaydası elə imiş ki, bütün fənlərdən “4” qiyməti alsan da keçmirdin, heç olmasa gərək bir ya iki fəndən “5” qiymətin olarmış: “İmtahan zamanı assistent mənə suallar verirdi, cavab verdikcə dörd yazmaq istəyirdi, mən də bunu başa düşürdüm. Birdən kənardan hündürboylu, nurani bir kişi soruşdu ki, o uşaq orda nə istəyir? O da  “5” almaq istədiyimi dedi. Həmin nurani kişi də ölkənin ən nüfuzlu riyaziyyatçılarından biri Qoşqar Əhmədov idi. Məni yanına çağırıb, həddən artıq sadə bir sual verdi. Sual o qədər sadə idi ki, elə bildim, məni ələ salır. Soruşdum ki, müəllim ciddi deyirsiniz? Dedi, əlbəttə... Bəs edə bilmirsənsə niyə beş istəyirsən? Bu zaman dedim ki, istəyirsinizsə cavabını lap şifahi deyim. Cavabı dedim, “5” qiymətini yazdı. Sən demə əvvəldən mənə fikir verirmiş. Təsəvvür edin, 16 yaşında, boydan da balaca bir uşaq idim, lap körpə uşağa oxşayırdım (Gülür). Bu zaman qapıdan güllə kimi çıxdım, koridorda nəhəng bir tələbə qabağımı kəsdi ki, nə olub? Qışqırdım ki, “5” aldım. Qapıdan eşiyə çıxanda götürdü məni aldı çiyninə, qışqırdı ki, ay bu uşağın sahibi, muştuluğumu verin. Məni çiyninə alan, nəhəng adam hesab etdiyim şəxs isə Kazımov Hüseyn idi. İndi də zarafatla tez-tez o hadisəni yada salırıq. Sonra hadisə elə gətirdi ki, müəllimlərin təkmilləşməsi İnstitutunda həmin Hüseyn Kazımova dörd ay mühazirə oxudum. Zarafatla mən ona deyirdim ki, siz mənə muştuluqsuz, o da mənə deyirdi ki, siz mənim müəllimim olmusunuz. Bunlar hamısı zarafatdır, indi dostuq, aramızda cəmi 4-5 yaş fərq var”.

 

“Dedilər ki, atan ölməmiş sənin toyunu görmək istəyir”

 

Müsahibimiz deyir ki, ailə qurmağım o qədər də ürəkaçan və rahat şəkildə olmayıb: “Moskvada oxuyurdum, fikrim-zikrim ancaq elmdə idi, ailə qurmaq planım yox idi. Amma atam həmin vaxtı ağır xəstə oldu, ölüm ayağında idi. Dedilər ki, atan ölməmiş sənin toyunu görmək istəyir. O vaxtı gərək valideyn dünyasını dəyişməmiş öz oğlunun toyunu görəydi. Atamın məsləhəti ilə, tez-tələsik qohumlardan bir qız nişanladılar, daha sonra evləndik. Atamı Moskvaya aparıb müalicə etdirəndən sonra sağaldı və xeyli yaşadı”.

 

“Axırda mənim də başım, sənin başının gününə düşdü ”

 

Əhməd müəllim bildirdi ki, 24 yaşı olanda özünə görə yaraşıqlı bir oğlan imiş: “O vaxtı uzun və qalın saçlarım var idi. Hətta bununla bağlı bir şeir də yazmışam ki, “Allah məni behiştə aparmaq istəsən əgər, 24 yaşıma apar ”. Şərif adlı dostum var idi, hazırda BDU-da müəllim işləyir. Məndən 5 yaş böyük idi, gəlib əllərini mənim saçlarıma qoyub deyərdi ki, Allah niyə mənə belə saç vermədin? Bunun üstündən 10-15 il keçəndən sonra Şəriflə rastlaşdıq. Artıq mənim o gur saçlarımdan əsər-əlamət qalmamışdı. Heyfislənərək dedim ki, nə qədər dua etdinsə, sən mənə çata bilmədin, amma mən sənə çatdım. Axırda mənim də başım, sənin başının gününə düşdü, keçəlləşdi”.

 

Könül Əhmədova

               

Üç nöqtə.- 2020.- 25 yanvar.- S.12.