"Oğlum dedi, ata,
məni birdə vurma"
Səbuhi Bayramov: “İstədim ki,
insanların üzlərində təbəssüm olsun”
“Bağışlayan Allahdırsa, mən niyə
bağışlamıyım ? Düzdür, kimisə bağışlasam da, ona yenidən güvənə
bilmirəm. Hansısa bir problemim
olduğu zaman o bağışladığım insanlara zəng etmirəm. Yəni onlar mənim telefon
açacağım insanların siyahısında yer almırlar”. Ucnoqta.az
saytının qonağı aktyor Səbuhi
Bayramovdur.
-Səbuhi
bəy, ilk olaraq özünüzü təqdim edin.
-1981-ci il sentyabr ayının 29-da Gəncə şəhərində dünyaya göz açmışam. Məktəb illərim 7 saylı məktəbdə keçib. Buranı bitirdikdən sonra Bakı Dövlət Universitetinə daxil olmuşam. Universiteti qurtardıqdan sonra müxtəlif yerlərdə işləmişəm. Lakin hazırda işlədiyim sahə senaristlikdir. Qeyd edim ki, ən çox sevdiyim işdə elə senari yazmaqdır. Hal-hazırda həm də Xəzər tv-də yayımlanan iki serialın baş redaktoruyam.
-Xaraktercə necə bir insansınız ?
-Olduqca pis.
Əslində buna pis
deməzdim, səbrsizlik deyərdim. Məni tanıyan bütün dostlarım bilirlər ki, səbrsizəm, təmkinli deyiləm. Belə
ki, hansısa bir hadisəyə
həddindən çox və ya tez reaksiya
verirəm. Duyğularıma qapıldığım zaman sadəcə mənə dəyməmək
lazımdır.
-Nə
zaman qərara gəldiniz ki, siz də “stand up”la məşğul
olmalısınız?
-Bəlkə, xatırlayarsınız, o vaxtı bir veriliş vardı-“Tək səbir”. Onunla eyni tipdə olan başqa bir proqramı isə mən Kəpəz tv-də
aparırdım. Yəni “stand up”la hələ 2000-ci illərin
əvvəllərindən tanışam. Sonra
yerli telekanallarda bu şou ilə
çıxış etdim və uğur qazandım.
-Niyə
məhz insanlara gülüş bəxş etmək istədiniz?
-Bunun xüsusi
bir səbəbi yoxdur.
Sadəcə istədim. İstədim ki,
insanların üzlərində təbəssüm olsun. Ən azından bu gün məclisdə məni görəndə
kimsə gülümsəyirsə, demək ki,
buna nail olmuşam. Gülüş
elə bir şeydir ki, insanlara pozitivlik
bəxş edir. Bundan
gözəl bir şey ?
-Aktyorluğa
bu qədər həvəslisiniz, bəs nə
üçün təhsilini almadınız ?
-Qısa haşiyəyə çıxım ki, mən 6 il universitet oxumuşam. 3 il Gəncədə bir
özəl universitetin hüquq
fakültəsində oxumuşam, daha sonra isə BDU-ya köçürülmüşəm və
3 il də orada oxumuşam. Planımda demirəm ki, yoxdur, ola
bilər. Amma yaşım artıq çoxdur deyə bu arxadakı
planların siyahısında yer alıb. Yəni
sırf bu dəqiqə deyim
ki, planlaşdırıram təhsil
almağı, xeyr, belə deyil.
Amma istəyərdim. Bir
də bir şey əlavə
edim, gərək insanın özünün fitri
istedadı olsun. Əgər bu yoxdursa, təhsil o qədər də önəm
daşımayacaq. Bir də görürsən,
Universiteti bitirən birisinə hansısa rol verirlər, amma
bacarmır. Halbuki, onun
təhsilini alıb.
-Ötən
müsahibələrimizdən birində Fərda Xudaverdiyev
söylədi ki, “stand up” sözünü mənə görə
sevirlər...
-Deyim ki,
bu ifadənin kimləsə bağlılığı
yoxdur. Bu söz Amerikadan dilimizə keçib. Fərda tək deyil, Əlibəy, Erkin, Fəqan kimi “stand up”la məşğul olanlarımız da var. Fərda ilə dostuq, amma “stand up” deyəndə mən yada düşürəm,
bu fikirlə razı deyiləm. Deyim nəyə görə razı deyiləm ?
Onda “mashup” deyəndə hansısa dj-in adı çəkilməlidir ? Xeyr, düzgün deyil.
-Heç səhnədə
olarkən başınıza
hər hansı hadisə gəlibmi?
-Səhnədə “alınmayan
kadrlar” deyilən bir ifadə var. Bu hallarla hər bir aktyor tez-tez
qarşılaşa bilər.
Məndə də olub.
Belə bir əhvalat danışım. Şamaxıda çəkilişdə olarkən
serialda məni rəis tutmalı idi. Mənsə deməli idim
ki, rəis, buraxın, gedim. O da cavabında söyləməli idi ki, istəyirsən, taksi çağırım,
onunla get. Təsəvvür edin, bu söz deyiləndə hər dəfə gülürdüm. 9-10 dubl sonra mən
özümü güclə
toparladım və
serial çəkildi. Daha maraqlı bir hadisəni danışım.
O vaxtlar Xəzər tv-də “Qaynana” serialı gedirdi. Biz ofisdə çəkiliş
aparanda oraya keçi gətirmişdik.
Ofis isə bir turizm
şirkətinə məxsus
idi. Keçi oranı elə
bir günə qoydu ki (gülür).
-Heç vaxt unuda bilməyəcəyiniz
günlər varmı
həyatınızda?
-Var. Həm də onların sayı az deyil.
Həyatım keşməkeşli olub hər zaman.
“Unutmayacağım günlər” dediniz və məni keçmişə apardınız.
Bir ara
mən işsiz qaldım, işləmədim.
Maddi cəhətdən çox
sıxıntılarım oldu
o zamanlar. Ümumiyyətlə, mənim bir xarakterim var ki, hansısa bir sıxıntım oldusa, evdə bunu biruzə vermirəm. İşləmədiyim dönəmlərdə oğlum məndən hansısa oyuncağı almağı istəmişdi,
pulum yox idi, mən oğlumun
istəyini reallaşdırmaq
üçün gümüş
boyunbağımı satası
oldum. İndiyə kimi yadımdadır.
Unutmayacağım qəmli günlərimdən
biri budur. Amma sizə bir də
elə bir unutmayacağım gün danışım ki, uğunasınız gülməkdən.
Bunu
“stand up”da söyləmişəm.
Universitetə qəbul imtahanı
verirdim. Zala daxil olanda bir
eynəkli oğlan gördüm, dedim, ya Allah, sən özün elə et ki, bunun
arxasında oturum. Allah dualarımı qəbul elədi və bunun arxasında
əyləşdim. Sevincimin həddi-hüdudu
yox idi. Dedim, bir az müddət keçsin, söyləyim
ki, gəl, suallarda bir-birimizə kömək edək. Elə bunu düşünməyimdən
5 dəqiqə keçmişdi
ki, qardaş çevrilib dedi, bir şey bilirsənmi ? Təsəvvür edin, elə
bil ki, kimsə
mənim kürəyimdən
yumruq vurdu. Dedim, nə olsa da, bu
sualı verəcəm.
Söylədim, o gözlərini
niyə xarab etmisən ?
Dedi, televizora baxmaqdan. Mən o an daha heç
nə demədim (gülür).
-Hər kəsin dar günləri olur. Həmin günlərdə arxa çevirən dostlarınız çox olub ya yanınızda
olublar?
-Tam səmimi etiraf edim ki, oldu
elə bir şeylər. İncidiyim dostlar da oldu. Adlarını çəkməyim. Onların özləri başa düşəcək ki, o
zamanlar yanımda olmalı idilər, amma olmadılar. Əslində onları qınamıram,
insanların başları
işə o qədər
qarışır ki, kimsə yada düşmür bəzən.
Sadiq dostlarım da vardı, axtarırdılar,
arayırdılar.
-İnsanları tezmi
bağışlayırsınız?
-Bağışlayan Allahdırsa,
mən niyə bağışlamıyım ? Düzdür, kimisə bağışlasam
da, ona yenidən
güvənə bilmirəm.
Hansısa bir problemim olduğu zaman o bağışladığım insanlara zəng etmirəm. Yəni onlar mənim
telefon açacağım
insanların siyahısında
yer almırlar.
-Nəyin həsrətini çəkirsiniz?
-Düzünü deyim, elə bir şey
yoxdur ki, onun bu dəqiqə
həsrətini çəkim.
Həsrət çəkmək deməyim, amma istəyərdim, “Kann” festivalında iştirak edim. Səmimi deyirəm, çox
arzulayıram ki, bu festivalda bir
filmim ən azı iştirak etsin.
-Tez-tez kövrəlirsiniz?
-İlk olaraq qeyd edim ki,
həddindən çox
kövrək insanam. Məni daha
çox isə atılmış uşaqlar
kövrəldir. Elə bu
yaxında dostum Kənan Yusiflə uşaqlar evində olmuşduq. Oradakı uşaqların üzündəki
nisgil məni o qədər sarsıtdı
ki. Bilirsiniz, uşaq uşaqdır,
o ana, ata qayğısı istəyir.
Nə qədər ona yaxşı baxırsan, bax, valideyn sevgisinin
yerini heç bir şey əvəz
etmir axı. Birini qoyub digərinə keçim. Bir dəfə senari
yazırdım, oğlum
gəldi, klaviaturanın
üzərinə ədyal
çəkdi və “notebook”u bərkdən qapatdı. Bu an elə komputerin ekranı qırıldı.
Mənsə axşam saat
10 tamama bölümün
senarisini yazmalıyam.
Mən qeyri-ixtiyar oğlumun qulağından tutub kənara itələdim ki, nə etdin,
senari yarımçıq
qaldı. Oğlum irəli
gəldi və mən elə bildim ki, məni
vuracaq. Düşünün, elə bir hərəkət etdi ki, mənə böyük bir dərs oldu. Əlini üzümə qoyub dedi, ata,
məni bir də vurma. Elə bil həmin anda mənim belimi qırdı oğlum.
-Ata olmaq...
-Həddən artıq mükəmməl bir hissdir. Evə yorğun gəldiyim
anda övladımın
qarşıma qaçıb
mənimlə zarafatyana
güləşməyi nəyə
desəniz, dəyər.
Övlad,
mənim fikrimcə, insanı çox dəyişir. Övlad ata
üçün bir dayaqdır, dəstəkdir.
Belə bir varlıqdır övlad.
-Sonuncu sualımı verim. Səmimi ola bildiniz ?
-Burada, bəli, ola bildim.
Ən azından daxili dünyamı açıb nəyisə
danışmağıma səbəb
oldunuzsa, demək ki, ola bildim. Mən xoşlamıram çox
danışmağı və
nələr isə söyləməyi. Amma bu müsahibədə elə
məndən informasiya
aldınız ki.
Həqiqətən, bacardınız.
-Səbuhi bəy, çox sağolun, dəvətimi qəbul edib gəldiniz.
-Mən də sizə təşəkkür
edirəm.
Rövşən
Tahir
Üç nöqtə.- 2020.- 30
yanvar.- S.12.