"Tara
sevgim, bəlkə də,
qarabağlı olmağımdan irəli gəlir"
“Tarın
hər zaman nəvazişə ehtiyacı var. Tara bir
gün yaxınlaşmadıqda, onu qabından götürmədikdə,
ikinci gün yaxınlaşanda hiss edirsən ki, tar səndən
inciyib, küsüb. Bunu duymamaq mümkün deyil. Bütün
tarzənlər bunu təsdiq edə bilərlər. Tara nəvaziş
göstərmək vacibdir”. “Üç nöqtə” qəzetinin
qonağı istedadlı tarzən Samir Səlimovdur.
-Samir müəllim, haqqınızda müəyyən
qədər məlumatlıyam. Uğurlu gəncsiniz, müəllimsiniz
və ən əsası faydalı vətəndaşsınız.
Lakin bəllidir
ki, hər kəs sizi tanımır. Bu normal haldır.
Ona görə də ilk olaraq özünüzü təqdim
edin...
-Musiqiçi
olduğum üçün elə musiqidən başlayım. Sənətə bağlılığım
uşaqlıqdan olub, xalq çalğı alətlərimizdən
olan tarı kiçik yaşlarımdan sevmişəm. Tara sevgim, bəlkə də, Qarabağlı
olmağımdan irəli gəlir. Əvvəlcə 8
nömrəli uşaq incəsənət mərkəzində,
daha sonra isə Asəf Zeynallı adına
Musiqi Kollecində təhsil almışam. Hazırda
isə həm müəllim kimi dərs deyirəm, həm də
Milli Konservatoriyada təhsilimi davam etdirirəm. Məni tanıyanlar bilir ki, sənətimə
qarşı olduqca həssasam. Tarı ifa edəndə
özümü başqa bir dünyada hiss edirəm. Yanımda minlərlə insan olsa belə, yalnız
tarı duyuram. Tarı sinəmə
götürəndə bax bu hissləri keçirirəm.
-Özünüzü
təqdim edərkən sadəlövh davranıb
uğurlarınızdan danışmadınız. İstərdim
ki, nailiyyətlərinizdən söhbət açaq...
-Düzünü
deyim ki, özümü tərifləməyi sevmirəm. Bəlkə də, bundan irəli gəldi ki, söhbət
açmadım. Uğurlu işlərim,
onların sayəsində əldə etdiyim nailiyyətlərim
olub. “Qafqaz media” ictimai birliyinin “Musical fires of Baku” layihəsində
“İlin tar ifaçısı” diplomu ilə, daha sonra Nəsimi
rayon Gənclər və İdman İdarəsi, Nəsimi rayon
İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlarla
təltif olunmuşam.
-Samir
müəllim, bu gün gənclər tara
maraq göstərirlərmi?
-Tara maraq
həddindən artıq çoxdur. Bunu özünüz də
müşahidə etsəniz, görərsiniz ki, tar,
kamança və digər musiqi alətlərinə maraq var.
Tara maraq təkcə ölkəmizdə deyil, xaricdə də
var. Mənə tar alətini öyrənmək
üçün neçə-neçə xarici ölkə vətəndaşı
müraciət edib. Bütün bunlar Azərbaycanın
birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətimizə
və musiqimizə verdiyi dəyərin nəticəsidir ki,
musiqi alətlərimiz dünyada sevilir.
-Tənqidə
qarşı münasibətiniz?
-Təndiqə
qarşı açıq insanam. Sağlam tənqidi
həmişə normal qarşılamışam. İnsan tənqiddən nəticələr
çıxarır ki, bununla da səhvlərimizi düzəldirik.
Amma yenə də deyirəm, tənqid sağlam
olmalıdır. Qərəzli tənqidləri
qəbul etmirəm.
-Tarın
öz incəlikləri, barmaqları var...
-Bəli,
hər bir alətdə olduğu kimi tarın da özünəməxsus
mizrabları, incəlikləri və barmaqları var. Uşaq
vaxtında musiqi məktəbinə, daha sonra kollecə və ali məktəbə gedəndə
ustadlarımız bunu bizə öyrədiblər. Zamanla üzərimizdə çalışaraq da
öyrəndiklərimizi təkmilləşdiririk.
-Solo
ifalar, yoxsa üçlük?
-Solo
ifalarım da var, bu ifalarla da ölkəmizi yetərincə təmsil
eləmişəm, amma trioya daha çox üstünlük
verirəm. Niyə? Muğama,
xalq mahnılarımıza içimdə rəğbət
hissi daha çox olduğu üçün, onların təbliğatını
geniş şəkildə aparmaq üçün trioya daha
çox önəm verirəm.
-Deməli,
muğamlara, xalq mahnılarına üstünlük verirsiniz..
-Xalq
mahnılarına da üstünlük verirəm, muğamlara
da, digər əsərlərə də. İstər
muğamlarımız olsun, istər xalq mahnıları, istərsə
də başqa musiqilər mədəniyyətimizin ayrılmaz
hissəsidir. Bunlarsız ifaçı
olmaq, ifaçı kimi yetişmək mümkün deyil.
-Samir
müəllim, çətinlikləriniz çox olub?
-Çətinliklərdən
danışsaq, söhbətimiz uzun çəkər. Çətinliklər hər dönəm var, hər
zaman insanın qarşısına çıxır. Hazırda dünyanın özü çətin
dönəmlərdən keçir. Məlumdur
ki, koronavirus pandemiyası hələ bitməyib və odur ki,
bəşəriyyət olaraq qlobal bir çətinliklə
üz-üzəyik. İnşaAllah ki, dəf
edərik.
-İnsan uğur qazandıqca ətrafındakı
insanlardan bəzilərində qibtə hissi, bəzilərində
həsrət, bəzilərində isə təəssüf
ki, paxıllıq olur. Sadaladığım hallarla çox
qarşılaşmısınız?
-Həmin
insanlar tarixən olub və olacaqlar da. Onlar sadəcə
öz zəifliklərini nümayiş etdirirlər ki, bu da ətrafdan
hiss olunur. Rəqabət olması gözəl
şeydir, amma paxıllıq etmədən. Ətrafımda belə insanlar var, bəlkə də
bilmirəm, mən sezməmişəm. Düzünü
deyim ki, heç bir zaman fikirləşməmişəm, kimsə
mənim paxıllığımı çəkər, daim ətrafımda
yaxşı dostlar olduğu üçün düşünməmişəm
ki, kimsə mənə paxıllıq edər. İllərdir, kamança ifaçısı Pərviz
Əliyevlə çiyin-çiyinə
çalışırıq. Bir-birimizin
uğurlarına ürəkdən sevinən insanlarıq.
Pərviz kimi dostların sayəsində bu qənaətə
gəlmişəm ki, mənə paxıllıq edən yoxdur.
-Məşhur
tarzənlərdən kimləri dinləyirsiniz?
-Məşhur
tarzənləri dinləmək çox vacibdir. Gənc
nəslə hər zaman tövsiyyə edirəm ki, görkəmli
tarzənlərimizi dinləsinlər, mərhum sənərkarlarımızın
ifalarına qulaq assınlar. Əhsən
Dadaşov, Bəhram Mansurov kimi bizim dəyərli sənətkarlarımız
olub. Allah onlara rəhmət eləsin.
Bax o sənətkarları dinləmək
lazımdır. Müasir
dövrümüzün sərvəti olan Xalq artisti Ağasəlim
Abdullayev, Möhlət Müslümov, Elçin Həşimov
kimi sənətkarlarımıza qulaq asmaq lazımdır.
Sənətkarları dinləmədən irəli
getmək, zənnimcə, mümkün deyil.
-Bəs
elə bir sənətkar varmı ki, onunla bir səhnəni
bölüşmək arzusundasınız?
-Bu
sualı verməklə mənim uşaqlıq arzumu yadıma
saldınız. Hər zaman arzulamışam ki,
Respublikanın Əməkdar artisti Elçin Həşimovun tələbəsi
olum, onun sinfində təhsil alım və onunla bir səhnəni
bölüşüm. Şükürlər
olsun ki, bu istəyimə nail olmuşam. Özümü
şanslı insan saya bilərəm ki, Elçin müəllimdən
dərs alıram.
-Musiqiçi
üçün təhsil önəmlidir?
-Musiqidə
təhsil çox önəmlidir. Həmişə
vurğulamışam ki, istedad Allah tərəfindən
verilir, lakin istedadı daha da mükəmməl etmək
üçün təhsil almaq lazımdır. Bunu da qeyd edim ki, istedad və təhsil bir-birini
tamamlamalıdır. Elə təhsilli
musiqiçi də var ki, təhsili olmayanlar ondan min dəfə
yaxşıdır.
-Bir az əvvəl dediniz ki, müəlliminiz
Elçin Həşimovdur. Haqqında nələri
söyləyə bilərsiniz?
-Ustadım
haqqında danışmaq mənə düşməz. Amma sual ünvanlanıbsa, cavabsız da qoya bilmərəm.
İlk olaraq onu söyləyim ki, tar sənətinin ibtidai təhsilini
Qara Qarayev adına 8 nömrəli uşaq incəsənət
mərkəzində Vüqar müəllim Budaqovdan
almışam, daha sonra Asəf Zeynallı adına Musiqi
Kollecində Sabir müəllim Ələkbərovun sinfində
təhsilimi davam etdirmişəm. Qeyd edim ki,
zamanla Ağasəlim müəllimdən də dərs
almışam. Hazırda isə müəllimim,
Əməkdar artist, çox dəyərli insan Elçin Həşimovun
sinfindəyəm. Onun haqqında söyləmək istədiklərimi
az öncə dedim. Bir daha
vurğulayım, Elçin müəllimin sinfində oxumaq
uşaqlıq arzum olub.
-İncəsənətdə olan insansınız. Bu sahə sizi
qane edirmi?
-Tar sənətini
öyrənməyə başlayanda, yəni biləndə ki,
mən gələcəkdə tarzən olacam, heç onda
düşünmürdüm ki, bu sahə məni qane edər,
ya yox. Tara heç bir zaman gəlir mənbəyi
kimi baxmamışam, onu sevmişəm. Yaradıcı
insanlar yalnız öz üzərində
çalışmaqla daha yaxşı işlər görməyə
can atır. Düzdür, bunun üçün maddi vəsait
lazımdır, amma tara sırf qazanc yeri
kimi baxmaq olmaz. Atam həmişə mənə
deyib ki, bu sənətdə müəyyən yaşa qədər
sən ad üçün çalışırsan, daha sonra
isə ad sənin üçün. Mən də
atamın dediklərini önəmli sözlər hesab edərək
tara maddiyyat mənbəyi kimi
baxmamışam.
-Vamiq
müəllim Məmmədəliyev deyir ki, tarın da nəvazişə
ehtiyacı var. Siz nə düşünürsünüz?
-Allah
Vamiq müəllimə can sağlığı versin, əlbəttə,
tarın hər zaman nəvazişə ehtiyacı var. Tara bir
gün yaxınlaşmadıqda, onu qabından götürmədikdə,
ikinci gün yaxınlaşanda hiss edirsən ki, tar səndən
inciyib, küsüb. Bunu duymamaq mümkün
deyil. Bütün tarzənlər bunu təsdiq
edə bilərlər. Tara nəvaziş
göstərmək vacibdir.
-Sonuncu
sualımı verim, heç bu vaxta qədər tar sizi pərt
edibmi?
-Xeyr, etməyib.
Tar məni heç bir zaman pərt eləməz, əksinə
belə bir məqam olsa, mən onu pərt edə bilərəm.
Əslində heç mən də onu pərt
etmərəm. Tar mənim üçün doğma bir
alətdir. Bu alət vasitəsilə biz sevilir,
alqışlanır və qəbul olunuruq.
-Elə hər
zaman da sevilib, alqışlanıb, qəbul olunasınız. Dəvətimi qəbul edib müsahibə verdiyiniz
üçün təşəkkür edirəm.
-Mən sizə minnətdaram.
Rövşən
Tahir
Üç nöqtə.- 2021.- 8 aprel .- S.12.