Atəşkəsdən 10 gün sonra

şəhid olan qəhrəman

 

Hər şeyin öz axarı ilə davam etdiyi 1988-ci ilin adi fevral günlərindən biri idi. Qarşıdan gələn fəlakətdən, faciədən xəbərsiz Əmirvan kənd orta məktəbində dərs saatım bitdikdən sonra evə qayıdıb şam yeməyi hazıladım. Qəbələnin Əmirvan kəndi rayon mərkəzindən uzaq idibu səbəbdən poçt 2-3 gündən bir gətirildiyindən abunə olduğum xeyli qəzet yığılmışdı. Onları oxuyarkən mətbuat orqanlarının heç birində narahatçılıq yaradacaq, gələcək faciələrin başlanğıcı olacaq Dağlıq Qarabağ hadisələri barəsində bir xəbər yox idi. Şam yeməyindən sonra televizorda axşam xəbərlərini izləmək üçün qonşugilə getdim. Qonşum isə Aşot Aramyan soyadlı erməni idi. Həmin dövrdə kənddə ermənilər də yaşayırdı.Televizor otağında yuxarı sinif şagirdləri olan erməni uşaqları oturub söhbət edirdilər. Onlardan biri məni görən kimi:

- Müəllim, Dağlıq Qarabağdakı hadisələrdən xəbərin varmı? Qarabağ erməniləri Stepanakertdə mintinq keçirirlər. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qaldırıblar. Yəqin bu günGünün səsi” xəbərlər proqramında məlumat veriləcək.

Sevinə-sevinə bildirdi ki, Mixail Qorbaçov bu məsələdə erməniləri dəstəkləyir. Abel Aqambekyan (Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri) Dağlıq Qarabağın Ermənistana verilməsi ilə əlaqədar Qorbaçovu razı salıb.

– Tezliklə Dağlıq Qarabağ Ermənistana birləşdiriləcək, - o dedi.

Bunları eşitmək mənim üçün ağır idi, həm də ermənilərdən eşitmək. Biz qış yuxusunda olduğumuz bir vaxtda onlar 1987-ci ildən geniş təbliğat işinə başlamışdılar. Akademik Abel Aqambekyanın təkidi ilə Parisdə keçirilən erməni ümummilli konqresində SSRİ-də yaranmaqda olan dəyişiklikərdən istifadə edərək, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edilmişdi. Erməni uşaqları valideynlərinin illərlə hansısa erməni təşkilatına pul köçürdüklərindən də xəbərdar idilər. Bunu açıq deyirdilər.

Soruşdum:

Siz əminsiniz ki, Azərbaycan könüllü şəkildə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə, torpaq itkisinə razılıq verəcək? Qarşıda hər iki tərəfi ağır, faciəli günlər gözləyir, indi sevinirsiniz, bir gün gələcək ermənilər xəyanətlərinə görə cavab verəcəklər.

Hadisələr isə sürətlə bir-birini əvəz edirdi. Dağlıq Qarabağ Muxtar Vilayətininin parlamentinin 20 fevral 1988-ci ildə Ermənistan ilə birləşmək qərarı, 6 yanvar 1992-ci ildə isə Azərbaycan SSR-dən ayrılaraq, öz müstəqilliyini elan etməsi tərəflər arasında kulminasiya nöqtəsi, genişmiqyaslı döyüşlərin başlamasına səbəb oldu.

Minlərlə azərbaycanlı torpağı, şərəf və qeyrəti uğrunda vuruşmaq üçün könüllülər dəstəsinə qoşuldu. Azərbaycanın belə şərəfli oğullarından biriAta Şərif oğlu Zəkəriyəyev idi.

 

İlk döyüş uğurlu oldu

Ata Zəkəriyəyev müharibə başlayanda Mingəçevir yol-tikinti maşınlarının təmiri zavodunda tokar işləyirdi. 1993-cü ilin oktyabrında könüllü döyüşlərdə iştirak etmək üçün Mingəçevir hərbi komissarlığına müraciət edən Ata Zəkəriyəyev bir neçə gün bu şəhərdə təlimlərə qatıldı. Sonra könüllülər o vaxtkı Xanlar (Göygöl) rayonunun Haçıkənd kəndinə gətirildi və bir həftə də orada döyüş hazırlığı keçdilər.

Ata ilə birlikdə xidmət etmiş Mahir Mahmudov o günlər barədə bunları deyir:

Ata Şərif oğlu Zəkəriyəyev 1962-ci il dekabrın 10-da Əmirvan kəndində anadan olub. Qohumluq əlaqəmiz var. Çox vətənpərvər gənc olan Ata Vətən borçunu yerinə yetirmək üçün orduya könüllü yazılmışdı, cəbhəyə getməyə, döyüşlərdə iştirak etməyə tələsirdi. Azərbaycanı canından çox sevirdi, qələbə ilə qayıdacağına inanırdı. Haçıkənddə bir həftəlik təlimlərdən sonra ön cəbhəyə - Murovdağ istiqamətinə göndərildik. Orada təqribən 4-5 ay qaldıq, Murovdağ və Kəlbəcər ugrunda gedən bir çox döyuşlərdə iştirak etdik.

Ata ilə birlikdə iştirak etiyim ilk döyüş uğurlu oldu. Ermənilər Xanlar (Göygöl) rayonu tərəfdə yolu topminaatanlar vasitəsilə atəş altında saxlayırdılar. Döyüş tapşırığına əsasən düşməni mövqeylərindən çıxarmalı, yolu tam nəzarətə götürməli idik. Döyüşdən əvvəl Ata ilə halallaşdıq, bir-birimizə ürək-dirək verdik. Çox ağır döyüş oldu, sonunda döyüş tapşırığını yerinə yetirdik, düşməni geri oturtduq.

Artıq ilk sınaqdan uğurla çıxmış, sonrakı döyüşlər üçün təcrübə qazanmışdıq. Ata ilə Meydançay döyüşündə də birlikdə iştirak etdik”.

 

Səngərdən qaçan erməniləri pusquda gözləyirdik”

Mahir Mahmudov: “Dekabrın 29-da başlayan əməliyyatdan əvvəl taborların hansı istiqamətlərdən hücum edəcəyi tam aydın şəkildə müəyyənləşdi və müvafiq təlimatlar verildi. Bundan sonra düşmən arxasında və öncədən müəyyən edilən yerlərdə pusqular qurulmağa başlandı. Atagilin qrupu da qaranlıqda nizam-intizamla hərəkət edərək əmr olunan mövqeyə doğru irəlilədi.

O, yaxşı futbol oynayırdı, cəld, cevik, dözümlü idi, çətinlikdən qorxmazdı. Başqaları yorularaq bir kənarda oturub dincəlmək istəyəndə, Ata irəliyə doğru gedər, yorulmuş əsgərlərə kömək edərdi. Bu həm də ola bilsin ki, onun uşaqlıq illərinin dağlıq ərazidə keçməsilə bağlı idi. Yəni, artıq belə bir şəraitə öyrəşmişdi.

Səhərəyaxın artilleriya hazırlığından sonra ordumuz hücuma keçdi. Ermənilər əvvəl ciddi müqavimət göstərməyə çalışdılar, tezliklə kömək gələcəyinə ümid edirdilər. Kömək isə gəlmirdi, saatlar bir-birini əvəz etdikcə, düşmənin ümidləri puç olurdu. Onlar yolların ordumuz tərəfindən nəzarətə götürülməsindən xəbərsiz idiıər. Bir neçə saatdan sonra hücumlarımızın qarşısında aciz qalan, çox sayda itki verən erməni səngərlərində qarışıqlıq yarandı. Səngərdən qaçan erməniləri isə pusquda gözləyirdik.

Ata sərrast atəşlə bizə tərəf qaçaraq gələn 2-3 düşmən əsgərinin zərərsizləşdirdi.

Ağır döyüş oldu, çox sayda düşməni məhv etdik, onları Zod yolunadək qovduq. Bu yol da nəzarətimizə keçdi. Hər kəs böyük rəşadətlə, ürəklə döyüşürdü.

Bu döyüşdə itkilərimiz də oldu. Meydançay döyüşündə Atanın yaxın dostlarından həlak olanlar vardı. Onun üçün bir neçə saat əvvəl söhbət etdiyi, birlikdə gələcəyin planlarını qurduğu, müharibədən sonra görüşmək, dostluq əlaqələrini davam etdirmək istədiyi əsgər yoldaşlarının yaralanması, şəhid olması çox ağır idi.

Sonradan bildik ki, bu döyüşdə təqribən 13 yaşayış məntəqəsi azad edilib, ordumuz Kəlbəcərin içərilərinə doğru 22 km irəliləyib. Ömər aşırımından qabaqda, “Yol evi” deyilən yerdə ermənilərin silah-sursat anbarları ələ keçirildi ki, bu da ordu hissələrimizin sursatla təchizatı işini xeyli yaxşılaşdırdı”.

 

Şaxta adamın iliyinə işləyirdi

Ata Zəkəriyəyevin xidmət etdiyi tabor Camışdağ adlanan yüksəklikdə yerləşdi. Bu yüksəklik strateji əhəmiyyətə malik idi. Oradan Kəlbəcərə daha yaxşı nəzarət etmək, ətraf ərazini müşahidə mümkün idi. O zaman Göyçə istiqamətindən Kəlbəcərə gələn və Kəlbəcərdən Ağdərə istiqamətinə gedən yola ordumuz nəzarət edirdi. Amma bu yüksəklikdə xidmət etmək çox çətin idi. Şaxta iliyə işləyir, soyuq adamı qılınc kimi kəsirdi. Dağlardan əsən soyuq külək əsgərlərin canında gəzişirdi. Əsgərlərimizin isti yemək problem vardı.

“Təsəvvür edin, 3700 metr hündürlükdə - Camışdağda oksigen çatışmır. Əsgərlər donurlar, qızdırıcı heç yox, isti yemək yox. Əlimizdə olanqovyadinalar tamamilə donub. az, nə çox - düz bir aydan çox donmuş çörək və “qovyadinayedik. Əlavə onu qeyd edim ki, batalyonlara bələdçilər verilsə də, qarın çovğunu, tufanı hərəkətə imkan vermirdi. Çovğun əksər yerlərdə qar uçqunu yaradırdı. Qar izləri tam örtürdü. Belə olan halda hərəkətdə olan əsgərlər donmamaq üçün hərəkətlərini tezləşdirməli olurdular. Amma qar tufanında yolu azan heyət qara düşürdülər. 400-500 metr, bəzi hallarda isə 1000 metrə yaxın dərinliyi olan dağ uçrumlarına yuvarlanırdılar. Bax onda Azərbaycan əsgəri belə bir vəziyyətdə döyüşdü!”,- keçmiş batalyon komandiri Gəray Əsədov o zamanları xatırlayarkən deyib.

Atagil ağır da olsa, məhz belə bir şəraitdə xidmət edir, döyüşürdülər.

 

15 nəfər cəsarətli əsgər qrupu

Bir dəfə 15 nəfər cəsarətli əsgərdən ibarət qrup yaradıldı. Bu qrup Qaragöl istiqamətində döyüş tapşırığını yerinə yetirməli idi.

Mahir Mahmudov: “Mən və Ata bu dəstəyə qoşulduq. Bizə verilən döyüş tapşırığına əsasən, Camışdağın yamacında yerləşən Qaragöl tərəfdə düşmənin arxasına keçib onun təchizat yolunu bağlamalı, sonra isə postu tutmalı idik. Silah-sursatı götürüb döyüş tapşırığını yerinə yetirmək üçün yola çıxdıq. Hər tərəfi qalın qar örtmüşdü, çox çətinliklə hərəkət edirdik, hər an yarğandan dərəyə düşə bilərdik. Güclü külək və uçqun təhlükəsi də hərəkətimizi çətinləşdirirdi. Yola çıxanda soyuqdan titrəyirdik, vaxt keçdikcə, hərəkət etdikcə bədənimizdən tər axırdı. Bu, bəlkə də canımıza hopmuş qorxu hissindən, həyəcandan idi, bəlkə də əməliyyatdan sağ qayıtmamaq, dərəyə düşüb qar uçqunu altında qalmaqdan qaynaqlanırdı. Elə yer vardı ki, adam ora düşsəydi yaya kimi onu tapa bilməzdilər. Bu səbəbdən də çox sakit hərəkət edir, ayaq basdığımız yerə diqqətlə baxır, döyüş tapşırığını yerinə yetirmək üçün irəliləyirdik. İstənilən an yüksəklikdə mövqe tutmuş düşmən əsgərləri bizi görə, atəş altında saxlaya bilərdi. Xoşbəxtlikdən hər şey uğurlu oldu. Tapşırıq mövqeyinə çıxdıqda əmrin yerinə yetirilməsinin mümkün olmadığını anladıq. İki gün sayca bizdən üstün, yaxşı silahlanmış erməni əsgərləri ilə üzbəüz qaldıq, qarşı-qarşıya atışdıq. Ata çox cəsarətli idi. Onun düşmən səngərinə yaxınlaşmaq cəhdləri qarın çox olması və müxtəlif istiqamətlərdən atəşə tutulması nəticəsində baş tutmadı. Beləliklə, nə düşmən postunu tuta bildik, nə də tapşırığı yerinə yetirə bildik. Mən onda pulemyotçu idim, dağa çıxan bir neçə erməni əsgərini də vurmuşdum.

Geri qayıdanda çox yorğun, ac idik, üstəlik də tapşırığı yerinə yetirə bilmədiyimizdən özümüzü narahat hiss edirdik. Ərzaq və sursatla bağlı da problərimiz vardı. Son günlər bu özünü daha qabarıq göstərirdi”.

Keçmiş döyüşçü Mahir Mahmudovun sözlərinə görə, yanvarın 24-də uğurlu əməliyyatda iştirak ediblər. Həmin gün Çarplıda yerləşən düşmən batalyonu mühasirəyə alınaraq, məhv edilib. Ermənilər hiss ediləcək dərəcədə itki verərək, geri çəkilməyə məcbur olublar.

Zəhmətimiz batdı”

Artıq fevralın əvvəllərində ordumuzun bir hissəsi Kəlbəcər şəhərinə yaxınlaşmışdı. Şəhərə meşə yolu ilə 4-5 km məsafə qalmışdı.

Amma sonrabaş verdiyini anlamadım, geri çəkilməli olduq, mövqeylərimizi bir-bir tərk etdik. Bəlkə də təxribat oldu. Bəlkə də... Hamını aldatdılar. Şayiə yayıldı ki, Murov yolu ermənilər tərəfindən tutulub. Hətta bizə şər atdılar ki, Mingəçevir taboru postu qoyub qaçıb. Bu kimi xəbərlər isə oz təsirini göstərirdi.

O qədər zəhmətimiz batdı, baçarıqsız komandirlərin səhvləri nəticəsində qələbəmiz məğlubiyyətə çevirildi. Əsgərlərimizin qanı-canı bahasına aldığı Murovdağ yenidən düşmənin nəzarətinə keçdi. O vaxt yaxşı döyüşürdük, axırı isə heyf oldu. Çoxsayda əsgərimiz dağı aşarkən dondu, qar altında qaldı”,- Mahir Mahmudov deyir.

 

730-cu hərbi hissə yenidən

niyə Seyfəliyə göndərildi...

Bəli, 1994-cü il fevralın əvvəllərində ordunun bir hissəsi Kəlbəcər şəhərinə yaxınlaşmışdı. Amma ordumuzun vəziyyəti ürəkaçan deyildi, çünki sursatla təminat pisləşmiş, canlı qüvvə səpələnmiş, rayon özü isə qərbdən Ermənistan, cənubdan Laçın, şərqdən isə Dağlıq Qarabağ istiqamətdən mühasirədə idi. Ağdərə istiqamətindən ordunun köməyə gələ bilməməsi əməliyyatı çətinləşdirirdi. Fevralın 12-də ermənilər rusların dəstəyi ilə əks həmlə təşkil etdilər. Bir gün sonra, fevralın 13-də hərbi hissələrimiz Murovdağın yamaclarında şimal mövqelərinə çəkilmək əmri aldı. Fevralın 18-də isə əsgərlərimiz Ömər aşırımı ilə geri çəkilməli oldu. İki briqada isə mühasirəyə düşdü.

Geri şəkilərkən Azərbaycan ordusu ağır itkilər verdi. İtkilərin artmasını artıran səbəblərdən biri də şaxtalı havaqar uçqunları idi. İtkilərimiz həddindən çox idi.

Ata Zəkəriyəyevin sıralarında vuruşduğu 730-cu hərbi hissə xeyli itki verdi, yenidən təşkil olunmaq üçün Seyfəliyə göndərildi, sonra isə Mingəçevirə gətirildi. Onun yenidən təşkil olunması, heyətin komplektləşməsi üçün sağ qalan əsgərlərə yeni çağrışçılar qatıldı. Hərbi hissə tam komlektləşdirildikdən sonra Ağdam rayonunun Kolqışlaq kəndinə göndərildi və onun müdafiəsi Atagilə tapşırıldı. Kənd ətrafında döyüş əməliyyatları həyata keçirilməsə də, tez-tez atışmalar olurdu. İndiki kimi o vaxtlar da düşmənin atdığl minaların əksəriyyəti partlamırdı.

Mahir Mahmudov: “Sonra isə Güllücə və İlxıçılar kəndlərində xidmətimizə davam etdik. Güllücə kəndi 1994-cü il aprel ayının 16-da Ermənistan ordusu tərəfindən işğal olundu. 1994-cü il aprel ayının 23-ü isə Ağdam rayonunun İlxıçılar kəndi uğrunda gedən döyüşdə igidliklə vuruşduq, Ermənilər əlverişli mövqe tutması bizimkilərin vəziyyətini ağırlaşdırdı. Lakin bütün cəhdlərimizə, müqavimətimizə baxmayaraq, kənd düşmən tərəfindən işğal olundu. Mənim Ata ilə yolum bundan sonra ayrıldı”.

 

Ata atəşkəsdən 10 gün sonra şəhid oldu

Atanın xidmət etdiyi hərbi hissə Ağdərə istiqamətinə göndərildi. Bu istiqamətdə ağır döyüşlər gedirdi. 1994-cü il aprel ayında düşmənin əsas strateji planı Tərtəri işğal etməklə Ağdam-Bərdə “dördyoluna nəzarəti ələ keçirmək idi. 1994-cü ilin aprel ayında Ermənistan ordusu Suqovuşanı, Talış kəndini işğal etdi. Lakin sonrakı irəliləyişin qarşısı alındı.

1994-cü il mayın 5-də Rusiyanın vasitəçiliyi ilə tərəflər hərbi əməliyyatları dayandırmağa razılaşdı. Bundan 7 gün sonra, mayın 12-si saat 00:01-dan etibarən atəşkəs rejimi barədə "Bişkek protokolu" adlı sənəd imzalandı. Bu sənəd imzalandan sonra könüllülərin tərxis  olacağı barədə xəbərlər yayıldı. Ata da tezliklə tərxis olunub evə, ailəsinin yanına qayıdacağına inanırdı, həmin günü səbirsizliklə gözləyirdi. Günlər bir-birini əvəz edir, Atanın isə ordu sırasından tərxis olunması gecikirdi.

Qeyd edim ki, tərəflər arasında atəşkəs elan edilsə də, Ağdamın bəzi yerlərində ciddi xarakter daşımasa da, ara-sıra döyüşlər davam edirdi. Belə döyüşlərindən birində Ata Zəkəriyəyev şəhid oldu. O, atəşkəsin qüvvəyə mindiyi gündən 10 gün sonra şəhadətə qovuşdu. Evinə, ailəsinə sağ-salamat deyil, tabutu göndərildi.

Ata Zəkəriyəyevin Azərbaycan bayrağına bükülmüş tabutu Qəbələ rayonuna gətirildi və onun şəhid olması barədə məlumat öncə əmisi Hətəm Zəkəriyəyevə verildi. Əmirvan kolxozunun sədri olan Hətəm Zəkəriyəyev isə kəndə dəfn mərasiminə hazırlıq görmək barədə xəbər göndərdi. Bundan sonra xəbər sürətlə yayıldı, yüzlərlə insan Şərif kişinin evinə axın etdi. Amma Atanın valideynləri oğullarının şəhid olduğundan xəbərsiz idilər, onlar son xəbər tutanlardan oldular.

Şərif kişi və Şəfiqə xanım həmin vaxt kənddə deyildilər. Şəfiqə xanıma qayınanası Tamamın rəhmətə getdiyi, Əmirvana qayıtması barədə xəbər göndərildi. Ana həyətində hərbçiləri görəndə qəlbinə bir ağrı çökdü, ürəyi sıxıldı, oğlunun şəhid olduğunu anladı. Ağı dedi, fəryad etdi, oğlunun tabutunu oxşadı, ürəkağrısı ilə də son məzilə yola saldı

Şəhid Ata Zəkəriyəyev Əmirvan kəndində dəfn olunub. Rəmzi qəbri isə Mingəcevirdədir.

 

P.S Bu günMurovdağa, Kəlbəcərə qar yağır. Bu gündağlar örpəyə bürünüb, soyuqdur, şaxtadır. Bu günsoyuq külək qarı sovurur, qar uçqunu təhlükəsi var. Amma bu gün o torpaqlardan yalnız Azərbaycan əsgərinin, azərbaycanlıların ayaq səsləri gəlir, şəhidlərimizin ruhu artıq rahatlıq tapıb. Allah Sizə rəhmət etsin, məkanınız cənnət olsun!

 

Pünhan Əfəndiyev

 

Hürriyyət.- 2021.- 4 fevral.- S.8-9.