“Miriş” obrazı həyatımın
talismanıdır”
Arif Quliyev: “Kolxoz sədri dedi ki, Arif müəllim,
təzə geniş tövlə tikmişik, hələ heyvan
ayağı dəyməyib, birinci sizi ora aparacağıq”
Deyir ki, güldürmək daha çətindir.
Gülüşü dəqiq ifa etmək, dəqiq istiqamətə
yönəltməyi hər adam bacara bilmir. Ümumiyyətlə,
bu sənət qanda-canda olmalıdır: “Əgər sənətinlə
insanlara xeyir verə bilirsənsə, deməli xeyirxah bir
işlə məşğul olursan. Pozitivlik daxilimdən, həm
də insanlara olan sevgimdən əmələ gəlir. Həmişə
insanların üzündə təbəssüm görmək
istəyirəm. Pozitivliyi saxlamağı da bacarmaq
lazımdır. Pozitivlik bu istiqamətdə olan dəyərli
xasiyyətdir. İnsanlar əgər səni görəndə
sevinirlərsə, deməli pozitivliyi ötürə bilirsən”.
“Üç nöqtə” qəzetinin
qonağı illərin gülüş ustası,
tamaşaçıların sevimlisi xalq artisti Arif Quliyevdir.
- İlk olaraq indiki fəaliyyətinizdən
danışaq.
- Hazırda təqaüddəyəm. Demək
olar ki, heç bir işlə məşğul deyiləm. Yay
mövsümü olduğu üçün istirahət edirəm.
- Yeni mövsümdə planda nələr var?
- Desəm ki, yenə heç nə yoxdur. Bir-iki serial təklifi
var, amma hələ fikirləşirəm. İndi elə
vaxtdır ki, təklif olunan serialı, filmi, yaxud reklam
işini gərək çox yaxşı götür-qoy edəsən.
Çünki elə dəyərli, yüksək
səviyyəli işlər olmalıdır ki, iştirak edəndə
qazandığın hörməti itirməyəsən. Mən də baxıram, seçirəm. Hansı ssenari uyğun olsa qəbul edirəm.
- Arif Quliyev deyəndə ilk ağıla gələn
yumor olur. İllərdir bu belədir. Bəs
siz özünüz sırf yumorla
xatırlanmağınızı istəyirdinizmi?
-
Ümumiyyətlə, yumor özü çox gözəl,
stimullu, hərəkətli və dəyərli bir amildir. Yəni insan gülür, güldürür,
düşündürür. Və
düşündürdüyü bu hadisə və meyarlar
insanların üzünə xoş təbəssüm gətirir.
Əgər sənətinlə insanlara xeyir verə
bilirsənsə, deməli xeyirxah bir işlə məşğul
olursan. Amma Arif Quliyevin yumorla yada
düşməsi ona görədir ki, verilən rolların demək
olar ki, hamısı yumoristik olub. Gülüş,
yumor özü bir silahdır, islahedicidir. Misal
üçün, tənbəl, əliəyri, ortada yeyib, kənarda
gəzən bir obrazı yaradırsan. Amma
bu mənfi obraz gülüş atəşinə tutulur.
Ona görə insanlar məni görəndə
üzündə təbəssüm yaranır.
- Arif Quliyev özünü daha ciddi obrazda təsəvvür
edə bilirmi?
- Ciddi
rolu çalışıb ifa edə bilərəm. “Mənim ağ şəhərim” filmində bir az ciddi,
qəmgin rol ifa etmişəm. Bu rolun məndə
necə alındığını yalnız
tamaşaçılar deyə bilər. Çünki
insan özü və işi haqqında nə isə deməyi
yaxşı deyil. İnsanın işinə
qiyməti tamaşaçılar verməlidir. Bizim qiymətimiz insanların diqqətindən
yaranır. Mən hər zaman deyirəm ki,
bir aktyoru bütün xalq, tamaşaçı sevə bilməz.
-
Güldürmək, yoxsa ağlatmaq... Hansı
daha çətindir?
-
Ağlatmaq daha asandır, nəinki güldürmək. Güldürmək, insanların üzündə
gülüş yaratmaq çox, amma çox çətindir.
Bu yaxınlarda metronun yanında dayanmışdım,
ayaqüstündə adam gözləyirdim.
Bir də gördüm ki, 7-8 nəfər mənə
tərəf gəlib, məni əhatəyə aldılar.
Biri dedi ki, Arif müəllim, nə yaxşı oldu səni
gördük, 40 ildir səni izləyirik. Dedim, qardaş mən
sizə nə etmişəm ki, məni izləyirsiniz? Dedi, yox,
Arif müəllim, biz səni yox, sənin sənətini izləyirik
(Gülürük).
Bilirsiniz gülüş aktyorları həmişə
çalışır ki, insanlara mənalı
gülüşün zövqünü versinlər. Amma çox təəssüf
ki, gülüş sahəsindən yazan yazarlar yoxdur ki, istifadə
edəsən. Televiziyalarda da yumoristik
verilişlər yoxdur ki, yumor ustaları gedib orda sənətlərini
nümayiş etdirsinlər. Gülüş
özü nə qədər ciddi olarsa, o qədər də
onun istiqamət dəyəri olar. Hadisəni
danışırsan və nəticədə qarşı tərəfdən
qəhqəhə səsi gəlir. O vaxtı kolxoza
konsert verməyə getmişdik. Kolxoz sədri dedi ki, Arif
müəllim, xoş gəlmisiniz, beş
gəlmisiz, 15 gəlmisiz. Dedim yox, elə cəmi 5 nəfər
gəlmişik (Gülürük). Kolxoz sədri dedi ki, Arif
müəllim bağışlayın, klubumuz yoxdur, amma təzə
geniş tövlə tikmişik, hələ bir dənə də
olsun heyvan ayağı dəyməyib, ora birinci sizi
aparacağıq. Dedim, görəsən nə
danışır bu kişi. (Gülürük). Sonra kolxoz sədri
təklif etdi ki, birinci evə gedib, yemək yeyib çay
içək. Getdik, yeməyə oturanda dedi ki, yeməklərdən
nuş edin, duz-çörəyimizi kəsin. Allah
da sizin duz-çörəyinizi kəssin. Sonra dedi ki,
Arif müəllim bu alt-üst evimiz sənə qurbandır. Allah sənin də evini alt-üst eləsin. (Gülürük).
Yumor bəzən özü yaranır, bəzən
yaradılır, bəzən isə sənə rast gəlir. Düzdür,
çox verilişlərə dəvət alıram. Elə
veriliş olur ki, yumora çox, eləsi də olur ki, az yer verir. İnsan olan yerdə qəm
də, kədər də, sevinc də var. Ona görə mənə
elə gəlir ki, güldürmək daha çətindir.
Gülüşü dəqiq ifa etmək, dəqiq istiqamətə
yönəltməyi hər adam bacara bilmir.
Ümumiyyətlə, bu sənət qanda-canda
olmalıdır.
- İfa etdiyiniz rollardan əlavə həyatda da
pozitivsiniz, zarafatlar edirsiniz. Bu xarakterinizdən irəli
gəlir?
- Bu mənim
həm daxilimdən, həm də insanlara olan sevgimdən əmələ
gəlir. Həmişə insanların
üzündə təbəssüm görmək istəyirəm.
Bir dəfə biri yolda məni görüb dedi ki, Arif müəllim
sənsən? Dedim yox, mənəm. Dedi, bağışla elə
bildim sənsən. Çıxıb getdi
(gülürük). Bilirsiniz, pozitivliyi
saxlamağı da bacarmaq lazımdır. Pozitivlik
bu istiqamətdə olan dəyərli xasiyyətdir. İnsanlar əgər səni görəndə
sevinirlərsə, deməli pozitivliyi ötürə bilirsən.
Bizim sənətimiz xalq, tamaşaçılar
üçündür.
Deməli,
bir gün kişi evə gəlir,
görür arvad yoxdur. Bir az sonra arvad gəlir.
Kişi deyir ki, hara getmişdin? Arvad deyir
ki, qonşuda ad günü idi, getdim təbrik elədim, bir az onlar üçün oxudum. Kişi
deyir ki, yaxşı elədin, mənim elə onlardan zəhləm
gedirdi (gülürük).
O gün
bir nəfər məndən saat soruşdu. Baxdı
ki, saatı tərsinə taxmışam. Dedi, Arif müəllim,
saatı niyə tərsinə taxmısınız? Dedim, o qədər
saatı soruşurlar ki, göstərib gedirəm.
Bu
yaxınlarda bir dostla
Mingəçevir Teatrının 50 illik yubileyinə
getmişdim. Dostum dedi ki, Arif müəllim, şüşənin
arxasından qızlar-oğlanlar sizə əl edirlər, bəlkə
ayaq saxlayıb onlarla görüşəsən. Dedim vaxt
yoxdur axı, tələsirəm, bekar adamam. Biri
yaylığını götürüb əl edir, digərləri
o tərəf bu tərəfə qaçır. Gəldim, 7-8 pilləkanı qalxdım. Məni görən kimi, təəccübləndilər.
Arif müəllim, nə yaxşı gəlmisiz.
Dedim gördük ki, əl edirsiniz, gəldim ki, bəlkə
şəkil çəkdirmək istəyirsiniz. Dedi yox, biz
burda şüşələri silirdik (gülürük).
- Bu
günə qədər bir çox film və tamaşalarda rol
almısınız. Amma “Bəyin
oğurlanması” filmindəki Miriş obrazı insanlar tərəfindən
bir başqa sevildi. Özünüz bu
obrazı üstündən illər keçəndən sonra
necə şərh edərdiniz?
- İnsan həmişə hərəkətdə
olmalıdır. Nahaq yerə demirlər ki, qıfıl
işlənmədikcə paslanır. İnsan
da elədir. Yəni pozitiv olmaqla
yanaşı, həm də hərəkətli olmalısan.
Hərəkət, dinamika insanın
sağlamlığı deməkdir. Hərəkətdə
olan insan öz təravətini saxlaya bilir. O obrazı 35
yaşımda oynamışam. “Miriş”
obrazı həyatımın talismanıdır. Hərəkət etməsəm,
dayansam, deməli mən Arif deyiləm.
Arif müəllim söhbət əsnasında
zarafatlarından qalmır. Deyir ki, indi bir az
xəstələnib: “Yeriyəndə elə bilirəm,
ayağımın altında asfalt var. Baxanda görürəm,
baxmayanda görmürəm. Niyə belə
olduğunu bilmirəm. Yatanda heç
görmürəm.
İndi elə aparat çıxarıblar ki, ayaq
dırnağının ucundan saçın uclarına qədər
yoxlayırlar.
Getdim müayinə olundum, sonra həkim məni yanına
çağırıb şad xəbər verdi
ki, ölənə kimi yaşayacaqsan (Gülürük). Bir nəfər
bunu eşidib mənə dedi ki, mən də gedib həmin
aparatda yoxlana bilərəm? Dedim bu dırnaqdan tükə qədərdir,
sənin də başın keçəldir, müayinən
yarımçıq qalacaq (gülürük).
- Necə
düşünürsünüz, bu günün yumoru sizin
dövrünüzdəkinin yerini verə bilirmi?
- Məşhur Yunan filosofu Heraklit deyib ki, hər şey dəyişir,
inkişaf edir.
İndi yumorun adını dəyişib “Stand
up” qoyublar. Eyni şeydir, sadəcə bir az
forması dəyişib. Yenə də hər
hansı bir əhvalat, yaxud hadisə danışılır.
Baş verən hadisəni improvizə edərək
danışırlar. Bunu qəbul edirəm,
çünki bu bir inkişafdır.
- Gənc
aktyor və aktrisaların ifalarını bəyənirsinizmi?
- Gəncləri
çox yüksək qiymətləndirirəm. Rəfael-Coşqun,
Cabir və Tahir İmanov qardaşlarının ifasında
çox düşündürücü, bu günün tələbinə
uyğun olan improvizasiyalı tamaşalar var Onların kollektivi
də, özü də çox yüksək səviyyəli
ifaçılıq məharəti nümayiş etdirirlər.
Tamaşaçılar onları həqiqətən
sevirlər. Daha sonra Elməddin Cəfərov,
Müşfiq Şahverdiyev, Fərda Xudaverdiyev, Səməndər
Rzayev və s. adını çəkmədiyim digərlərinin
də ifalarını çox bəyənirəm.
Çünki istedadlı gənclik sabahın sənətkarlarıdır. Ona görə
də gənclərimizə həssas yanaşmaq, dəstək
və qayğı göstərmək lazımdır. Bəzən məndən yetişdirmələrimin
olub-olmadığını soruşurlar. Çox
fikrə gedirəm və nə cavab verəcəyimi bilmirəm.
Bilirsiniz, yetişdirmə o zaman olar ki, bu sənətə
yanğılı, istəkli biri gəlib desin ki, məni
öyrət. Belə adam mənə indiyə
kimi rast gəlməyib. Buna görə də yoxdur.
Könül Oruc
Üç nöqtə.-
2021.- 25 fevral.- S.12.