Uşaqların mənəvi inkişafında muzeylərin rolu

 

Günel Hacızadə: “Hətta kitab oxumağı sevməyən bir uşağın marağını kitab muzeyiylə tanış etməklə qazanmaq mümkündür”

 

Azərbaycan Respublikası 1991-ci ilin oktyabr ayında öz müstəqilliyini elan etdikdən sonra muzey işi sahəsində siyasət yeritməyə başladı. Yeni muzeylərin yaradılması, muzey şəbəkəsinin yeni tələblərə uyğunlaşdırılması, mövcud ekspozisiyaların müasir tələblər baxımından təkmilləşdirilməsi, fondların zənginləşdirilməsi üzrə iş yeni mərhələyə qədəm qoydu. Azərbaycanda muzey tarixindən danışarkən xüsusi qeyd olunmalıdır ki, bu sahəyə diqqət və qayğı ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətində mühüm yer tutmuşdur. Öndərimizi bir şəxsiyyət kimi səciyyələndirən cəhətlərdən biri də onun elm və mədəniyyətə  göstərdiyi qayğı idi. Heydər Əliyev 1993-cu ildə hakimiyyətə qayıtdıqdan sonra ağır iqtisadi çətinliklərə baxmayaraq diqqət və qayğısını muzeylərdən də əskik etmədi. Azərbaycan höküməti 1994-cü ildə muzey işçilərinin müşavirəsinin tövsiyələrini nəzərə almaqla “Respublikada muzey işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında” qərar qəbul etdi. Bu qərar Azərbaycanda muzey işinin inkişafı üçün geniş imkanlar yaratdı və muzeylərə olan diqqət, qayğı daha da artdı. Ümummilli liderimizin davamçısı olan cənab İlham Əliyev də bu işi layiqincə yerinə yetirir. Belə ki, prezident İlham Əliyev tərəfindən bu sahədə lazımi tədbirlər görülür. Mövcud ekspozisiyàlàr təkmilləşdirilir, yeni ekspozisiyàlàr qurulur. Muzeylərin màddi-texniki bàzàsının möhkəmləndirilməsi məqsədilə tədbirlər görülür. Muzeylərin beynəlxàlq əlàqələrinin dàhà dà genişləndirilməsi istiqàmətində məqsədyönlü işlər àpàrılır. Dövlət başçısının “Azərbaycanda muzey işinin yaxşılaşdırılması ­ haqqında” 2007-ci il 6 mart tarixli Sərəncamı və “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 22 may tarixli Sərəncamı bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən psixoloq Günel Hacızadə bildirdi ki, bir ölkədə muzeylərin yaradılmasının tək səbəbi, həmin ölkənin tarixini turistlərlə tanış etmək deyil, həmin ölkənin gələcək vətəndaşları, yəni uşaqlar üçün bir öyrədici vasitədir: “Uşaqları muzeylərlə tanış etmək, onların analiz bacarığının inkişafı, vizual zəkasının inkişafı, toxunulmaz əşyalara qarşı xüsusi diqqətin öyrədilməsi, müəyyən mədəni davranışların aşılanması və bu kimi digər intellektuallığı formalaşdıran ən əyləncəli və sadə vasitələrdən biridir. Gənc nəslin muzeylərimizdə olması onların qədim və zəngin tariximiz və bu günümüz haqqında dərin biliklərə, geniş dünyagörüşünə malik olmasına, milli dəyərlərə, milli-mədəni və tarixi irsimizə məhəbbət ruhunda formalaşmasına xidmət edir”.

Uşaqların mənəvi inkişafında muzeylərin danılmaz rolunun olduğunu vurğulayan G.Hacızadə nəzərə çatdırır ki, gənclərin və uşaqların mənəvi inkişafını təmin edən maarifləndirici informasiyalar dərsliklərdə də öz əksini tapmalıdır: “Bu proses orta məktəbdən, uşaqların lap kiçik yaş dövründən başlamalıdır. Valideynlərin bu prosesdə aktiv iştirakı məqsədilə tədris ocaqları onları da maarifləndirməyə maraqlı olmalıdır. Məqsəd həm valideynlərin, həm də müəllimlərin uşaqların mənəvi inkişafında aktiv iştirakını təmin etməkdir. Bu baxımdan azyaşlıların məlumatlandırılması ilə yanaşı, həm də onların müxtəlif tarixi abidələr, muzeylər və s. ziyarət etməsində onları valideyn və müəllimlər müşayiət etməlidirlər. Bu proses erkən yaş dövrlərində həyata keçirilməzsə, sonrakı dövrdə bu cür dəyərlərin mənimsədilməsi daha qəliz, bəzən isə mümkünsüz olacaq. Bu baxımdan həm tədris ocaqları, həm valideynlər uşaqların təhsillə yanaşı, mənəvi inkişafında maraqlı olmalıdırlar”.

Psixoloqun sözlərinə görə, kainatda, dünyada yaşanan hər bir saniyə, yenidir və təkrarolunmaz bir andır. Bu zaman dilimləri bir bütün halına gəldiyi zaman, insan yeni təcrübəyə yiyələnmiş olur: “Bəs biz uşaqlara nələri öyrədirik? İki vur ikinin, dördə bərabər olduğunu əzbərlətməyə çalışırıq. Azərbaycanın tarixi günlərinin təqvimini əzbərlədirik. Daha az yaşlı olanların isə diqqətini telefon, planşet və ya televizora yönləndirərək, yemək yedirməyə çalışırıq. Bəs sizcə bu nə qədər doğrudur? Bu gün hansısa dərsdən beş qiyməti aldı deyə ona telefonda oyun oynamağa icazə vermək, yoxsa yeni muzeyləri kəşf etmək daha gözəl mükafat olardı? Bəzi valideynlərin heç sevmədiyim bir önyarğısı vardır; “O muzey sevməzki, işi gücü dağıtmaqdı” ya da “Onu muzeyə aparsam salamat heç nə qoymaz sıxıldığından”. Əslində bu fikirlər qəbul etməsələr də valideynlərin öz düşüncələridir. İlk fürsətdə uşaqların özünü cəmiyyətdə doğru ifadə edə bilmədiyini deyirlər. Bəs bu uşaqlar cəmiyyəti harada və nə vaxt görür? Bir uşaq təbii ki, ilk dəfə gördüyü mühiti analiz edir. “O bunu sevməz” deyə düşünmək yerinə, “O nəyi sevə bilər”- deyə kəşf etməyə çalışın. Uşaq informasiyaları təcrübədən keçirmədən qəbul edirsə, deməli, bu məlumatlar bəsit bir əzbərdən başqa bir şey deyildir. Qısa bir müddət sonra nəyinki dünya görüşünə əlavə olunmaq, hətta unudulacaqdır. Dərslikdə Cəfər Cabbarlının adını görən uşağın ağlına gələn ilk şey, həmin  adlı metrostansiyanın olduğudursa burada bir dünya görüşü xətası vardır. Bu xəta isə qətiyyən uşaqların özünə aid edilə bilməz. Cəfər Cabbarlının, Hacı Zeynəlabdin Tağıyevin, Hüseyn Cavidin və digər bir çox dahi insanın ev muzeyini görmüş uşağın dünya görüşü isə mütləq nə vaxtsa özünü göstərəcəkdir. Hətta kitab oxumağı sevməyən bir uşağın marağını kitab muzeyiylə tanış etməklə qazanmaq mümkündür”.

Azərbaycan mədəniyyəti zəngin və qədim tarixə malikdir. Bu qədim mədəniyyətimizin gənc nəslə çatdırılmasına muzeylər misilsiz rola malikdir. Muzeylər gənc nəslin, uşaqların mənəvi inkişafına öz əhəmiyyətli tövhəsini verir. Min illər ərzində ölkəmizin ərazisində dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş zəngin mədəni irs yaradılmışdır. Mədəniyyət nümunəsi olan muzeylərin sayı ölkəmizdə olduqca çoxdur. Ölkəmizdə muzeylərin sayı nə qədər çox olarsa, bu gənclərimizin öz maddi-mənəvi irsini daim xatırlamasında mühüm rol oyanayar.  Azərbaycanda 201 muzey fəaliyyət göstərir: bunlardan 14-ü incəsənət, 7-i ədəbiyyat, 12-i tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev, 52-i Heydər Əliyev muzeyləridir. Təəssüf ki, maddi-mənəvi xəzinəmiz sayılan neçə-neçə tarixi abidəmiz, muzeylərimiz ötən əsrin 90-cı illərində erməni işğalçıları tərəfindən zəbt edilərək ya qarətə, ya da dağıntıya məruz qalmışdır. Məktəblərdə uşaqlarımıza və gənclərimizə həm də işğal altında olan muzeylər haqqında geniş məlumat verilməli, onları bu tarixlə tanış etmək lazımdır.

Bəli, bu gün ölkəmizdə muzeylərin fəaliyyətinin canlandırılması, muzey şəbəkələrinin genişləndirilməsi sahəsində mühüm işlər həyata keçirilir. Bütün bu işlərin həyata keçirilməsi uşaqlarımızın və gənclərimizin mənəvi inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bildiyimiz kimi, 18 May Beynəlxalq Muzeylər Günüdür. Bu tarix Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuşdur. Bu gün dünyanın bir çox ölkələrində qeyd edilir. Bu əlamətdar günün keçirilməsində məqsəd muzeylərin hər bir dövlət üçün mühüm bir rol oynadığını göstərməkdir. Muzeylərin olması və qorunub saxlanılması ölkənin keçmişini gələcək nəslə, gənclərə çatdırılmasında canlı örnəkdir. Muzeylər gənclərimizin və uşaqlarımızın mənəvi inkişafında mühüm rol oynayır. Beynəlxalq Muzeylər Günündə insanlar muzeyləri gəzərək milli mədəniyyət və tarix haqqındakı məlumatlarını daha da zənginləşdirir. Qədim əsərlər, sənədlər bizə keçmişdə yaşayan insanların düşüncələri, yaşayışları, qabiliyyətləri haqqında məlumat verir və keçmişi öyrənərək bu günü anlamağımıza kömək edir.

 

Könül Oruc

 

Üç nöqtə.- 2021.- 29 iyul.- S.10.