Şuşada vəhdət
və birlik əks olunur
"Şuşa bizim
yuxularımıza girirdi, Şuşa bizim
analarımızın göz yaşında, dualarımızda
idi. Həmişə Şuşanı, Qarabağı yenidən
ziyarət etməyin nəsib olması, torpaqlarımıza geri
qayıtmaq üçün dualar edirdik."
Şeyxülislam Allahşükür
Paşazadə
Gözəl Şuşamızı
görməyi Allah bütün arzusunda olanlara, xüsusilə
şuşalılara tezliklə qismət etsin. Şuşanın
hər dağı-daşı, hər ağacı, çəmənliyi,
bir sözlə nəyi varsa insana “xoş gəlmisən”
deyirdi.
Şuşada vəhdət və
birlik əks olunur. Hər küçəsindəki
divarlarda Azərbaycanımızın rayon və kəndlərinin,
şəhər və qəsəbələrinin adı
yazılıb. O yazıları görərkən, insan
düşünür ki, Azərbaycanın birliyi və vəhdəti
Şuşanı düşmən əsarətindən xilas
edib. Qələbənin əsas amillərindən
biri də budur. Çünki müqəddəs
kitabımız olan Qurani-Kərimdə deyilir: “İxtilaf etməyin
ki, işiniz nəticəsiz qalar və gücünüz aradan
gedər” (Ənfal-46). İşimizin nəticəyə
varmasından ötrü, gücümüzü qorumaq
üçün bu vəhdət və birliyi qorumalıyıq.
Bu
sözləri müsahibəsində Qafqaz Müsəlmanları
İdarəsinin Qazılar Şurasının üzvü,
QMİ-nin Masallı rayonu üzrə qazısı Rəşid
Talıbov dedi.
Məlumat üçün bildirim ki, Rəşid Qiyas
oğlu Talıbov 22 dekabr 1975-ci ildə Masallı rayonunun
Boradigah qəsəbəsində anadan olub.
Orta təhsilini
qəsəbədəki Nizami Gəncəvi adına
1 nömrəli tam orta məktəbində alıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin
fizika-riyaziyyat fakültəsini, Bakı İslam Universtitetini
bitirib.
2020-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin
Qazılar Şurasının üzvü, QMİ-nin Masallı
rayonu üzrə qazısıdır. Bu təyinatacan isə
Masallı rayonunun Boradigah qəsəbəsindəki “Həzrəti
Əli” məscidinin imamı olub.
Uşaq yaşlarından İslam dininə böyük
maraq göstərərək, ilk ibtidai dini savadını
tanınmış yerli din xadimlərindən alıb.
Bölgədə tanınmış ilahiyyatçı
kimi sevilir. Bir çox elmi məqalə və
araşdırmanın, eləcə də dini şeirlərin
müəllifidir.
Ailəlidir, dörd övladı var.
QMİ-nin
sədri şeyxülislam Allahşükür Paşazadənin
başçılığı altında ölkəmizdəki
dini konfessiyaların rəhbərləri, o cümlədən
QMİ-nin Qazılar Şurasının üzvləri, bir qrup
ziyalı və millət vəkilləri ilə Azərbaycanın
mədəniyyət beşiyi olan Şuşada ikigünlük
(10-12 iyul) səfərdə olan Rəşid Talıbovun
Şuşa təəssüratlarını öyrənməyə
çalışdım. O, söylədi:
— Aprel
döyüşləri ərəfəsində belə bir beyt
qələmə almışdım:
Ana yurdum,
Qarabağdan duyulur nalə səsi,
Dur, Azərbaycanımın
əsgəri, sındır qəfəsi,
İgid əsgərlərinin
cuşa gəlibdir həvəsi,
Eşidərsən
ki, könül, azad olub torpağımız,
Şuşada dalğalanır şanlı, gözəl
bayrağımız.
Çox keçmədi ki, Qarabağdan qələbə
səsini eşitdik. Payız fəsli ikən çəmənində,
düzündə xarıbülbül axtaran gözlərimiz
Şuşadan pərişan geri dönmədi.
Şükürlər olsun Allaha – nəsibimiz Zəfər
oldu...
Biz də Şuşaya Zəfər yolu ilə – igid əsgərlərimizin
acdığı yolla getdik. Yolboyu qəhrəman oğullarımızın
o alınmaz qalanı sıx meşələrlə, dağ-dərələrlə,
sıldırım qayalarla irəliləyərək necə fəth
etmələri sanki gözlərimiz önündə
canlanırdı. Şəhərə
çatar-çatmazda çox qəribə hisslər
keçirirdim. Sanki sevinclə kədər arasında
qalmışdım: Min bir can bahasına alınmış o
torpaqların hər qarışına, hər daşına
qanı tökülmüş oğullarımız yada
düşdükcə kədərlənirsən. Sevinirsən
ki, 30 il həsrətində olduğuna
qovuşursan. Bu hisslər fikrimə, ruhuma hakim kəsildikcə,
sanki yuxudaymış kimi özümdən
uzaqlaşırdım. Həmkarlarımın təəccüb
dolu baxışlarından hiss edirdim ki, mənə
ünvanlanmış sualları cavabsız qalıb. Həsrətin bitdiyi, arzuların gerçəkləşdiyi
iftixar, qürur dolu anlar. Bunu sözlə ifadə etmək
çətindir...
Əvvəlcə
təməli bu il mayın 12-də
Respublika Prezidenti İlham Əliyev tərəfindən qoyulan,
dini ocaq və modern memarlıq nümunəsi olacaq Şuşa
məcsidi ərazisində olduq, Qazançı kilsəsində
aparılan inşaat işləri ilə maraqlandıq. İşğal illərində dağıntılara
məruz qalan Saatlı və Aşağı Gövhərağa
məscidlərini ziyarət etdik. Şuşaya
səfərimizin ilk günü Cıdır düzündə
yekunlaşdı. Buradan Qarabağın
tacı olan Şuşanın möhtəşəm təbiət
mənzərələrini, Xankəndini, Əsgəranı
seyr etdik.
Yuxarı Gövhərağa məscidində namaz
qılıb, dualar oxuduq, “Quran” tilavət elədik. Türkiyənin
Azərbaycandakı səfirliyinin dini müşaviri Zəki
Yavuz Yılmaz “Yasin tapşırma” duası oxudu, şəhidlərimizi
yad etdik.
—Erməni
işğalçılarının Qarabağdakı məbədlərimizə,
memarlıq və arxeoloji irsimizə qarşı
barbarlığı ilə rastlaşanda hansı hissləri
keçirdiniz?
—Dövlətimizin
başçısı Şuşada olarkən dünyaya
tolerantlıq, gələcək birgəyaşayışın
mümkünlüyü barədə mesajlar vermişdi: “Biz
bütün dinlərin məbədlərini qoruyuruq və
qoruyacağıq. Düşmən bizim azad
edilmiş torpaqlardakı dini abidələrimizi işğal
dövründə məhv edib, 67 məscidi dağıdıb,
yaxud da ki, yararsız vəziyyətə salıb”.
Tanınmış
şəxsiyyətlərimiz Xurşidbanu Natəvanın,
Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş
heykəllərinə, Xan qızının vaxtilə
yaşadığı, indi isə yalnız uçuq
divarları qalmış sarayına ürək
ağrısı ilə baxdıq. Məhz iki qardaş dövlət
rəhbərləri tərəfindən Şuşa
bəyannaməsinin imzalanma mərasiminin arxa fonunda erməni vəhşiliyinin
nümunəsi olan dağıdılmış bu tikilinin
nümayiş etdirilməsi heç də təsadüfi
seçilməmişdi – dünyaya müvafiq mesajlar verildi.
Qeyd edək ki, Azərbaycanda ilk uşaq musiqi məktəbi
olan Şuşa Musiqi Məktəbi də
bu evdə fəaliyyətə başlayıb.
Uşaqlıqdan
Qarabağdan söz düşəndə ilk
ağlımıza gələn Xan əmi, Üzeyir bəy və
digər karifeylər olub, Şuşa
yaddaşımıza Qafqazın konservatoriyası kim hopub.
Şair demişkən:
Döysən
Qarabağda körpə uşağı,
Muğamın üstündə ağlar, deyiblər.
Bəli, erməni vandalizminin şahidi olan bu güllələnmiş
büstlər qorunurdu ki, nə vaxtsa öz doğma
ünvanına qaytarılacaq. Və bizdə də əminlik
var idi ki, gec-tez o torpaqlara qayıdacağıq. Eyni zamanda bu amal uğrunda təbliğatımızı,
mübarizəmizi bir gün belə
dayandırmamışıq. Çünki
ana dediyimiz Vətən düşmən tapdağında qala
bilməzdi.
—Bu səfərin
multukultural dəyərlər baxımından önəmi barədə
fikirlərinizi bilmək istərdik.
—Bütün
dövrlərdə multukultural və tolerant dəyərlərə
sadiqliyimizi nümayiş etdirmişik. Səfər zamanı
bizimlə olan Azərbaycandakı Dağ yəhudiləri və
Bakıdakı Avropa yəhudiləri, Alban-udi dini
icmalarının rəhbərləri, Roma-Katolik və Rus
Pravoslav kilsələrinin nümayəndələri də Azərbaycanda
ayrı-ayrı xalq nümayəndələrinin sülh və
əmin-amanlıq şəraitində
yaşadıqlarını, ölkəmizdə bütün
inanc və mədəniyyətlərə qarşı hökm
sürən tolerantlığın yüksək səviyyədə
olduğunu vurğulayırdılar.
Bu murdar qonşular təkcə bizim xalqla deyil, mədəniyyətimizlə,
tariximizlə düşmənçilik edir. Onlar hətta
öz dinləri ilə də düşməndir. Azğın separatçılar nəinki beynəlxalq
qanunları, eyni zamanda bütün səmavi-dini qanunları, bəşəri
dəyərləri tapdalayırlar. Hörmətli
şeyximiz Hacı Allahşükür Paşazadənin qeyd
etdiyi kimi: “Bütün dinlər insanları sülhə,
qardaşlığa çağırır, dindən, kilsədən
öz siyasətin üçün istifadə etmək olmaz. Lakin şahidi olduq ki, erməni kilsəsinin rəhbəri
xalqı qırğına çağırırdı,
keşişlərinin əlində İncil yox, “Kalaşnikov”
avtomatı var idi, bu, qəbul olunmazdır. Azərbaycan dövlətinin Prezidenti həmişə
sülhə çağırır.”
—O
torpaqlara böyük qayıdışı, Şuşaya yeni
həyatın bəxş edilməsini, dilbər güşələrdəki
dirçəlişi necə xarakterizə edirsiniz?
—İşğaldan
azad edilən torpaqlarımız, o cümlədən Şuşa qayıdış üçün
öz əzəli-əbədi sakinlərini gözləyir.
Bu il aprelin 7-də Ağdam şəhərində
səfərdə olanda qəribə təbiət hadisəsi
ilə rastlaşdım. Baharın gözəl
çağında ağacların əksəriyyəti
qurumuşdu. Sanki bu yanmış ağaclar
da ermənilərlə üsyana qalxmış kimi öz sahiblərini
gözləyirdilər.
İnsana xoş təsir bağışlayan ətraf
mühitə insan da xoş təsir bəxş edir. Yəni, bizi
sağlamlaşdıran təbiəti, bizim pak nəfəsimiz
və əməllərimiz də gözəlləşdirir.
Məhz ona görə, insan nəfəsi dəyməyən
evlər daha tez dağılmağa məhkumdur. Ağdamda da düşmənin kirli və üfunətli
nəfəsi ağacların qurumasına belə təsir edib.
Yoxsa, odlu müharibə olmayan bir yerdə hər
üç-beş ağacdan birinin quruması nə ilə əlaqədardır?
Müqəddəs Şuşamızda təbiətin
canlanması, ora insan nəfəsinin toxunuşu ilə
bağlıdır. Çünki torpaqlarımız 30 ilə
yaxın idi ki, nəinki fiziki işğala məruz
qalmışdı, eləcə də o doğma yerlər əsl
insan nəfəsinə həsrət idi. İndi
o nəfəs qayıdıb. Yay fəsli, təbiət
öz axarına qayıdıb, hər yan yamyaşıl.
Bu torpağın hər daşı, çəməni, hər
ağacı, hər gülü-çiçəyi əsil
sahibini tanıyırmış kimi səni salamlayır...
Kəbə, Kərbəla və digər ziyarətlərdə
olanlar kimliyindən asılı olmayaraq, biri digərinə
xidmət etməyə çalışır. Bu mənəvi
halı təkrar Şuşada yaşadıq. Orda da
dövlət məmuru, alim, din xadimi, jurnalist, fəhlə
və digərləri arasında heç bir fərq bilinmirdi.
Hamı bir-birini bağrına basaraq qucaqlayır, əzizləyir...
Şuşaya təzə köçmüş ailələrlə,
orada təmir-tikinti işləri aparanlarla
görüşüb söhbətləşdik. Prezidentin Şuşa
rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovla, əslən
şuşalı olan şəhər Polis Şöbəsinin
rəisi polis polkovnik-leytenantı Səməd Məhərrəmovla,
polkovnik Elşad Əbilovla və bir neçə səmimi,
diqqətcil insanla tanışlıqdan məmnun olduq.
Artıq Şuşaya həyatın
qayıdışını, doğmalığı hiss etməyə
başlayırsan. Gəzib-dolaşdıqca bir daha əmin
olursan ki, bu qədim şəhər əvvəlkindən də
gözəl olacaq.
Ali
Baş Komandanımızın, qüdrətli Ordumuzun,
sarsılmaz milli birliyimizin sayəsində ən
ağrılı dərdimizə məlhəm tapıb,
torpaqlarımızı işğaldan azad etdik. Bizə
məxsus olanı özümüzə qaytardıq. Demək, bu gözəl günləri görmək
üçün yaşamağa dəyərmiş.
Şuşa əbədilik bizim yurd yerimiz, məskənimiz
olacaq.
Müsahibəni təqdim etdi:
Akif AĞAYEV,
MASALLI.
Üç nöqtə.- 2021.- 29
iyul.- S.12.