“Qrim kinoda  böyük rol oynayır”

 

 

“Adil İsgəndərov dedi ki, gəl qrim sexində işlə, sonra baxarıq. İşlədikcə bu sənətə həvəsim daha da artdı. Qrim rəssamı olaraq çalışdım, sənətimi sevdim və tədricən də püxtələşdim”

 

 

 

Kinonu həyatın inikası kimi qəbul etməyimizdə müxtəlif sənət adamlarının mühüm rolu var. Ekran personajlarının onların yaşam prinsipinə və psixologiyasına uyğun olaraq qrimlənməsi rejissor ideyasının dolğun çatdırılmasına, obrazların həyat mövqeyinin tanıdılmasına zəmin yaradır. Bu mənada qrim rəssamlarının kinonun inandırıcı qəbul olunmasında rolu əvəzsizdir.

 

Azərbaycan kinosunda uzun illər qrim rəssamı kimi fəaliyyət göstərən, kino ictimaiyyəti tərəfindən tanınıb sevilən Əməkdar mədəniyyət işçisi Elbrus Vahidovun iyun ayının 5-də 70 yaşı tamam oldu. Yubilyarı təbrik etdik və fürsətdən istifadə edərək məsləyinin incəliklərinə də bələd olmaq istədik. Müsahibimizin həyat və sənət düşüncələrini diqqətinizə çatdırırıq.

 

 

 

– Gəlin, əvvəlcə qrim rəssamının kinodakı rolundan danışaq.

 

– Qrim kinoda böyük rol oynayır. Tarixi filmlərdə əsasən portret qrimləri daha çox olur. Müasir mövzulu filmlərdə isə xarakterlərə uyğun qrim edirik. Məsələn, mimika cizgilərinin xarakterə uyğun olmasına diqqət edirik, kriminal vəziyyətdə yaraları, qanlı bölgələri qrimlə düzəldirik.

 

 

 

– Niyə məhz bu sənəti seçdiniz? Ümumiyyətlə, qrim rəssamlığının məktəbi varmı və sənət müəlliminiz kimlər olub?

 

– Moskva və Odessa şəhərlərində teatr rəssamlığını tədris edən 4 illik sənət məktəbi var. Həmin məktəbdə qrim və geyim rəssamları hazırlayırlar. Mənə gəldikdə isə, mənim sənət təhsilim yox idi, bəxtimdən müəllimlərim yaxşı oldu. Mən kinostudiyaya gələndə qrim sexində çalışmağa başladım. Orada Georgi Parisaşvili adlı qrim rəssamı fəaliyyət göstərirdi. Bir çox Azərbaycan filmlərində (“Kəndlilər”, “O olmasın, bu olsun” və s.) işləmişdi. Əsas müəllimim isə Vladimir Bereznyakov oldu. O, Odessada qrim rəssamlığı üzrə məktəbi bitirmişdi. Mənə də bu peşənin sirlərini o öyrədib.  

 

 

 

– Sənət seçiminizə peşman olmadınız?

 

– Mən bu sənətə təsadüfən gəlmişəm. Uşaq yaşlarımda Pionerlər evinə gedir, rəsmlər çəkirdim. Rəssam olmaq istəyirdim. Orta təhsilimi bitirdikdən sonra sənədlərimi Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə verdim. Amma imladan keçə bilmədim. Qonşumuz Telman Yunisov həmin vaxtlarda kinostudiyada qrim ustası kimi çalışırdı, İncəsənət İnstitutunda da dərs deyirdi. Bir gün hansı sənəti seçdiyimlə maraqlandı. Mən də texnikuma qəbul ola bilmədiyimi söylədim. “İstəsən, xahiş edərəm, müvəqqəti olaraq səni kinostudiyada işə götürərlər. Rəssamların yanında təcrübə keçərsən, sonra yenə sənədlərini rəssamlıq məktəbinə verərsən” dedi. Mən də razılaşdım. Ancaq kinostudiyada kino rəssamlarının çalışdığı şöbədə yer olmadığından görkəmli sənətkar Adil İsgəndərov dedi ki, “sən gəl qrim sexində işlə, sonra baxarıq”. İşlədikcə bu sənətə həvəsim daha da artdı və çəkilişlərdə olmaq çox xoşuma gəlirdi. Onu da deyim ki, qrim rəssamı şəkil çəkəndə daha bacarıqlı olur. Mən də qrim rəssamı olaraq çalışdım, sənətimi sevdim və tədricən də püxtələşdim.  

 

 

 

– İlk çalışdığınız tammetrajlı film “Tütək səsi” olub. Belə böyük məsuliyyəti  üzərinizə götürəndə hansı hissləri keçirirdiniz?

 

– “Tütək səsi” filmindən əvvəl Bereznyakovun yanında “Axırıncı aşırım”, “Yeddi oğul istərəm” və digər bədii filmlərdə işləmişdim. Həmin vaxtlarda təcrübəli qrim ustaları var idi. Amma nədənsə Rasim Ocaqov məni seçdi. “Tütək səsi” filmində müstəqil olaraq çalışdım. Təklif edən kimi razılaşdım, amma sonra fikirləşdim ki, məşhurların çəkildiyi filmdə necə olacaq? Bu, müharibə dövründən bəhs edən ciddi bir filmdir. Burda mürəkkəb xarakterli personajlar var. Gərək onları rola və psixoloji durumlarına uyğun qrimləyim. Heç bir qüsura yol verməyim. Görəsən, öhdəsindən gələ biləcəyəmmi deyə tərəddüd edirdim. Rasim müəllim də çox tələbkar insan idi. Bizdən işimizi düzgün yerinə yetirməyi və çəkilişə gecikməməyi tələb edirdi. Ciddi olmaqla yanaşı, həm də ədalətli və yaradıcı insan idi. Buna görə də onunla işləmək çox maraqlı olurdu.  Sonra da hər şey yavaş-yavaş yoluna düşdü.

 

 

 

– Kinoda tanınmağınızın səbəbi nədir?

 

– Filmlərdə yaradıcı heyətlə işlədikcə iş prinsipim bəlli olurdu, xasiyyətim də mülayimdir. İmkan olduqca çalışırdım ki, həyatda da, sənətdə də insanlara  kömək edim.

 

 

 

– Neçə filmdə işləmisiniz?

 

– Əvvəllər işlədiyim filmlərin siyahısını tuturdum, sonra sayını da unutdum. Filmlərimin sayını az görəndə pis olmuram. İşimi də ancaq yaxşı olduğuna görə dəyərləndirirəm, sayına görə yox.

 

 

 

– Televiziya tamaşalarında da işləmisiniz. Kinoda və televiziya tamaşalarında  çalışmağın fərqi nədədir?

 

– Ondan artıq televiziya tamaşasında, əsasən də tanınmış rejissor Ramiz Həsənoğlu ilə çalışmışam. İş prosesi mahiyyət etibarilə eynidir. Ancaq kino reallığı daha çox tələb etdiyindən çox incə iş tələb edir. Personajın qrim olunduğu gərək qətiyyən bilinməsin. Televiziyada isə bir qədər rahat işləmək mümkündür.

 

 

 

– Arzuladığınız, amma işləyə bilmədiyiniz film olubmu?

 

– Tarixi filmləri çox sevirəm. Həm də arzulamışam ki, nağıl janrında çəkilən filmlərdə işləyim. Orda qrim ustasının fantaziyasını həyata keçirtməsinə daha çox imkan olur. Amma, təəssüf ki, heç bir nağıl filmində işləməmişəm.

 

 

 

– Qrim edərkən daha çox nəyə diqqət etmək vacibdir?

 

– Aktyor otağa gələndə mən elə ab-hava yaradırdım ki, o sərbəst olsun. Səmimi əhval-ruhiyyədə olurdum. Onu söhbətə tuturdum ki, saqqal yapışdıranda, parik qoyanda yorulmasın və çəkiliş meydançasına yüksək əhval-ruhiyyə ilə getsin. Çünki qrim etmək də müəyyən bir vaxt aparır. Bununla da kifayətlənmirdim. Böyük ekranda elə obyektivlər olur ki, bütün detal və cizgiləri aydınlıqla göstərir. Buna görə də kamera hara gedirdisə, mən də onun ardınca gedirdim ki, birdən parik qopar, saqqal, bığ tərpənər. Bir sözlə, çəkilişi nəzarətdə saxlayırdım və bitənə qədər də gərgin vəziyyətdə olurdum.

 

 

 

– Daha çox hansı dövr personajları sizin üçün maraqlıdır?

 

– Tarixi personajlar mənim üçün daha maraqlıdır. Çünki əsasən qrim rəssamları tarixi filmlərin üzərində püxtələşirlər. Tarixi şəxsiyyətlərin portretlərini oxşatmaq bir qədər çətindir, amma maraqlıdır.

 

 

 

– Ən çox hansı rejissorla işləmisiniz?

 

– Rasim Ocaqovun quruluş verdiyi səkkiz filmdə işləmişəm. Bəzən işlərim çox olsa da, o, gözləyirdi ki, çalışdığım filmi qurtarım, sonra onunla işləyim. Sənətə vəsiqəni də mənə Rasim müəllim verib. Onunla işləmək çox xoş idi.

 

 

 

– Rejissorlarla fikir ayrılığınız olubmu, belə olan halda köməyinizə nə gəlib?

 

– Kino kollektiv sənətdir. Sınaq çəkilişlərində rejissor, operator, qrim rəssamı – hamımız bir yerdə fikirlərimizi bildirirdik və qərarımızı verirdik. Buna görə də həmişə fikirlərimiz üst-üstə düşürdü.

 

 

 

– Böyük ekranda işinizdəki qüsurları görmüsünüzmü?

 

– Hər filmdə qüsurlarımı görürdüm. Amma mən işimi bildiyimə görə bunu hiss edirdim. Tamaşaçı qrimdəki incəliklərə fikir vermir. Onları ancaq mən görürdüm və özümə irad tuturdum, fikirləşirdim ki, burda səhvim var, gərək onu daha yaxşı edərdim.

 

 

 

– Bir qədər də şəxsi həyatınız haqqında danışardınız...

 

– Atam hərbçi olub. Peşəsi ilə əlaqədar olaraq ailəmiz bir çox rayonda yaşayıb. Mən Ağdaş rayonunda anadan olmuşam. Anam evdar qadın idi. Ailədə 4 uşaq idik. Ailəm sənət seçimimə qarışmadı. Bu sənətə gəlməyimə də mane olmadı. Əksinə, işlərim yoluna düşdükcə, özümü sənətdə tapdıqca sevinirdilər. Özüm iki dəfə ailə həyatı qurdum. Amma uğurlu alınmadı. Ata olmaq xoşbəxtliyi də nəsib olmadı. Onu da qeyd edim ki, kinoda işləməklə ailə saxlamaq bir qədər çətindir. Sənət həyatını bütünlüklə ona sərf etməyi tələb edir. Hər halda mən belə düşünürəm.

 

 

 

– Maraqlı və gərəkli peşənizi gənc nəslə tədris etdinizmi?

 

– Qrim rəssamlığı sənətini tədris etmək üçün məni Mədəniyyət və İncəsənət Universitetinə dəvət etdilər, ancaq mən istəmədim. Səbəbi isə həm Azərbaycan dilini yaxşı bilməməyim, həm də azad fəaliyyətə üstünlük verməyimdir. On nəfər davamçım var. Onlar teatrda, kinostudiyada və televiziya kanallarında fəaliyyət göstərirlər. Hətta xaricdə bu sənət üzrə işləyən də var. Gənclər öyrənmək üçün yanıma gələndə imtina etmirəm və onları öyrədirəm. Eyni zamanda onlara bu sənətin məktəbini keçmələrini, Odessada, Moskvada ali təhsil almalarını da tövsiyə edirəm. Qrim rəssamı olmaq üçün mütləq təcrübə keçmək lazımdır. Əks halda alınmır. Kinonun maraqlı və gərəkli sahəsini seçdikləri üçünsə onlara uğur arzulayıram.

 

Şəhla ƏMİRLİ

 

 Üç nöqtə.- 2021.-17 iyun.- S.12.