Türk ədəbiyyatı
dərgisi: Əhməd Kabaklıdan İmdat Avşara...
Tarixin
müxtəlif dönəmlərində və eləcə də
bu günümüzdə Ədəbiyyatın, söz sənətinin
savaş meydanında göstərilən şücaət və
cahangirlik qədər türk milli düşüncəsinin
formalaşmasında önəmli rol oynadığı göz
önündədir. Ümumiyyətlə, ədəbiyyat bütün
zamanlarda cəmiyyətin mənəvi barometri, mənəviyyat
aynası, dərsliyi olmuşdur. Cəmiyyətin
sağlamlığı və ya ondakı mənəvi
çatışmazlıqlar ədəbiyyata, ədəbiyyat
isə insana, mənəvi mühitə daim təsir
etmişdir. Fəlsəfi ədəbiyyatlarda da göstərilir
ki, millətin formalaşmasında milli özünüdərk,
mənəvi yaddaş, milli mənlik şüurunun
formalaşması və s. kimi önəmli detallar
özünü göstərir ki, burda da ədəbiyyatın
rolu və təsir dərəcəsi mütləqdir.
Bu
mənada, zamanın tələbinə cavab verən ədəbiyyatı
yaratmaq sözün əsl mənasında, qəhrəmanlıqdır.
Bu günkü baxış bucağından bizə asan və
ya sadə görünən işləri reallaşdırmaq
tarixin ziddiyyətli dönəmlərində həqiqətən
də böyük zəhmət və iradə hesabına
başa gəlib. Əhməd Kabaklı ədəbiyyat
dünyasının məhz belə fədakar şəxsiyyətlərindən
olub.
Fuad
Köprülü, Nihat Sami Banarlı, Abdulbaqi
Gölpınarlı, Ahmed Hamdi Tanpınar, İsmayıl Hikmət
Ertaylan, Məhmət Kaplan və başqalarının
içində bulunduğu ədəbi mühitin yetirməsi
olan Əhməd bəy hələ əsrin sonunda “Türk ədəbiyyatı”
beşcildliyini ortaya qoymaqla Türk ədəbiyyatşünaslığının
Əhməd Kabaklı kopsepsiyasını irəli
sürmüşdür. Türk Dil qurumunun həqiqi
üzvü olan Əhməd bəyin 1978-ci ildə yaratdığı və
ömrünün sonuna qədər başçılıq
etdiyi Türk Ədəbiyyatı Vəqfi Cumhuriyyət dönəmində
Türkiyənin əsas ədəbiyyatşünaslıq
mərkəzlərindən birinə çevrilmişdir.
Əhməd
bəydən sonra isə Vəqfin rəhbəri ədibin
varisləri – qardaşı oğulları Sərvət bəy
Kabaklı və Sərhat bəy Kabaklı olmuşdur. Əsası
Əhməd Kabaklı tərəfindən qoyulan yarım əsrlik
tarixi və ənənəsi olan Türk Ədəbiyyatı
Vəqfinin başqanı bu gün Sərhat bəy
Kabaklıdır.
Vəqfin
Ədəbiyyat, sənət, mədəniyyət sahəsində
göstərdiyi misilsiz xidmətləri təkcə Türkiyəni
deyil, türk dili və düşüncəsi ətrafında
birləşən qardaş türkdilli dövlətləri və
o cümlədən, Azərbaycanı əhatə edir. Və
bir məqamı qeyd etmək yerinə düşər ki,
Türk Ədəbiyyatı Vəqfi İstanbula gedən hər
bir Azərbaycan ziyalısı üçün müqəddəs
ocaqdır. Bu, tarixən belə olmuşdur, bu gün də belədir,
yarın da belə olacağı mütləqdir...
Türk
Ədəbiyyatı Vəqfinin quruculuğu ilə bərabər
Əhməd Kabaklı həm də Vəqfin ayrılmaz bir
parçası olan “Türk ədəbiyyatı” dərgisini təsis
etmişdir. Dərgiyə
baş redaktorluq edən Əhməd bəyə
müasirləri “şeyxülmühərririm” – yəni
“yazıçıların mənəvi başqanı” fəxri
adı vermişlər. Əhməd Kabaklı Türk ədəbiyyatı
tarixində ədəbiyyat nəzəriyyəsi
ağırlıqlı ədəbiyyat tarixçiliyi elmi məktəbinin
yaradıcısıdır. Və baş redaktoru olduğu
“Türk ədəbiyyatı” dərgisi də ədəbi-bədii,
elmi-publisistik yönləriylə milli düşüncənin
gəlişməsində bir mərhələ, təmayül,
məktəb olmuşdur. Fuad Köprülü, Cəmil
Meriç, Mehmet Kaplan, Erol Güngör, Niyaz
Yıldırım Gençosmanoğlu, İsgəndər
Öksüz, Əminə İşınsu, Ömər
Lütfü Mete kimi milli düşüncəli
aydınları öz ətrafında toplayan dərgi yarım əsrdir
ki, türk mədəniyyətinə və ədəbiyyatına
hizmətdə bulunmaqdadır. 50 ilə yaxın kəsintisiz
yayımlanan dərgiyə Əhməd Kabaklıdan sonra
İsa Kocakaplan, Bəşir Ayvazoğlu, Bəxtiyar Aslan
baş redaktorluq etmişlər.
Əsası
böyük mütəfəkkir Əhməd Kabaklı tərəfindən
qoyulan, öz tarixi kökləri, gələnək və milli
dəyərlərə bağlılığı ilə
yaddaşlarda işığa çevrilən “Türk ədəbiyyatı”
dərgisinin baş redaktorluğu kimi böyük ədəbi
məsuliyyət və mənəvi missiya bu gün Azərbaycan
ədəbiyyatının fədakar dostu, yorulmaz təbliğatçısı,
Türk dünyasının sevilən qələm adamı,
yazıçı, tərcüməçi İmdat Avşara
həvalə olunmuşdur.
İmdat
Avşar ismi Ədəbiyyat dünyası üçün
çox şey deməkdir... Elə adamlar var ki, onlara
şeirin, nəsrin, publisistikanın, bütövlükdə ədəbiyyatın
çərçivəsindən baxmaq olmur. Şair də,
yazar da, publisist də desən, yenə nəsə
çatışmayacaq... Belə adamlar bütövlükdə
mənəviyyat dünyasında bir hadisədir. Bu mərtəbədən
yanaşanda dəyərli İmdat Avşar gördüyü
işlərin ruhani miqyasına və mənəvi çəkisinə
görə özündən
sonrakı ədəbi nəslə böyük Əhməd
Kabaklının milli və mənəvi irsini ötürmə
məqamındadır...
İmdat
Avşar 1967-ci ildə Anadoluda Kırşəhirə
bağlı Kamanda dünyaya gəlmiş, ilk və orta təhsilini
də elə Kamanda almışdır. 1989-cu ildə Qazi Universiteti
Kırşəhir Təhsil Texnikumunu bitirərək əmək
fəaliyyətinə başlamışdır. Bir müddət
Malatya və Ərzurum bölgələrində müəllimlik
etdikdən sonra 1993-1997-ci illər arasında təkrar təhsil
həyatına dönmüşdür. İnönü
Universiteti Təhsil fakültəsindən Təhsili İdarəetmə
və Nəzarət şöbəsindən məzun olduqdan
sonra 1999-cu ildə Fırat Universiteti Sosial Elmlər
İnstitutunda ali elmi dərəcəsini tamamlayaraq
İğdırda təhsil müfəttişi olaraq
çalışmağa başlamışdır. Daha sonra
Kayseridə təhsil müfəttişi olaraq görəvini
davam etdirmişdir. 2017-ci ildə Türk ədəbiyyatı Vəqfinin
başqanı Sərhat bəy Kabaklının və Bəxtiyar
Aslanın təşəbbüsü ilə İstanbula dəvət
olunan İmdat Avşar həmin tarixdən bu günədək
həyat və yaradıcılıq yollarını Türk Ədəbiyyatı
Vəqfi və Türk ədəbiyyatı dərgisi ilə
bağlamışdır.
Ədəbiyyat
dünyasına İmdat Avşar imzası “Qardaş qələmlər”,
“Hərfənə”, “Koroğlu”, “Sancaqdar”, “Göybayraq”, “Bizim
külliyə”, “Bərcəstə”, “Şəhriyar”, “Kün ədəbiyyat”,
“Künbətaltı”, “Aqora”, “Çınqı”, “Alatoo” dərgilərindən
artıq çoxdan tanış və doğmadır. Ədibin
Türk dilimizin müxtəlif ləhcələrinə
uyğunlaşdırılan şeir və hekayələri Kərkükdə
“Qardaşlıq”, Bağdadda “Bayraq”, Azərbaycanda “Ulduz”, “Azərbaycan”,
“Literaturnıy Azərbaycan” jurnalları,
Qırğıızstanda “Çınqı” və “Alatoo” dərgilərində,
Kırımda “Ümid karvanı”, “Nənkəcan”,
Başqırdıstanda “Ağıdil”, Kosovada “Türkcəm”,
Kuzey Kıbrısda “Turnalar” kimi dərgilərdə
yayımlanmışdır.
İmdat
Avşar Türkiyə Yazarlar Birliyinin, Azərbaycan Yazarlar
Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin
üzvüdür.
İmdat
bəyin çağdaş və klassik ədəbi ənənələrə
söykənən zəngin nəsr
yaradıcılığı vardır ki, orijinal yazı tərzi,
qeyri-adi ifadə forması, şeir kimi bənzərsiz təhkiyə
yaratmaq qabiliyyəti, əsərlərinə məxsus psixoloji
– fəlsəfi dərinlik və mövzu rəngarəngliyinin
sirayət etdiyi “Süsənləri solan bozqır” (2009), “Soyuq
röya (2012), “Göyərçin sevdası” (2021)
kitabları ilə bütün Türk dünyasında
böyük oxucu auditoriyasının rəğbətini və
sevgisini qazanmışdır.
“Gecənin
susqun nəğməsi” şeir kitabının tərcüməsinə
görə 2010-cu ildə Beynəlxalq Rəsul Rza
mükafatına, “Şahnaz xanım kolleci” hekayəsinə
görə Mədəniyyət Nazirliyi tərəfindən
Abbas Sayar hekayə yarışmasında birincilik
ödülünə, Yeni Üfüqlər dərnəyi
Türk mədəniyyətinə xidmət ödülünə,
Yunus Əmrənin xatirəsinə həsr olunmuş hekayə
yarışmasında “Soyuq röya” hekayəsi ilə birincilik
ödülünə, “Aydınlıq gecələr” adlı
hekayələr toplusu ilə Türk ləhcələri
arasında ən yaxşı hekayə tərcüməsi
ödülünə, Bəxtiyar Vahabzadə adına Türk
dünyasına xidmət Beynəlxalq ədəbiyyat
ödülünə, “Övliya Çələbinin izində
Azərbaycan” adlı kitabıyla Yurt dışında Azərbaycanı
ən çox tanıdan əsər ödülünə,
“Soyuq röya” kitabı ilə İLESAM-ın ən
yaxşı hekayə ödülünə, Beynəlxalq Mahmud
Kaşğarlı fondu tərəfindən Kaşğarlı
Mahmud mükafatına və Vektor Elm Akademiyasının
“Şahmar Əkbərzadə” adına mükafatına, Azərbaycan
Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat
İnstitutunun “Azərbaycan ədəbiyyatının dostu”, Azərbaycan
Yazıçılar Birliyinin “Nizami” mükafatına,
Qazaxıstan dövləti tərəfindən Qazax
xanlığının 550 il medalına, TÜRKSAV tərəfindən Türk
Dünyasına Hizmət Təşfiq ödülünə,
TÜRKSOY tərəfindən Çingiz Aytmatov
mükafatına layiq görülmüşdür.
Təltif
olunduğu mükafatlar sırasında Azərbaycanla
bağlı ödüllərin sayının çoxluğu
İmdat bəyin yaradıcılığının
böyük bir hissəsini Azərbaycan ədəbiyyatına
həsr etməsindən qaynaqlanır. Mirzə Fətəlidən,
Mirzə Cəlildən üzübəri tərcümə edə-edə
gəldiyi və bu gün sevə-sevə təbliğ etdiyi Azərbaycan
ədəbiyyatının ən doğması, fədakar dostu
İmdat Avşarın yaxından təşəbbüsü
ilə bu il həm də “Türk ədəbiyyatı” dərgisinin
bir sayı Nizami Gəncəviyə həsr olunacaqdır.
Bütün bu məqamlar “dildə və düşüncədə
bir olan” iki qardaş dövlətin bütövlüyü
ideyasının mədəni istiqamətdə daha aydın təzahürünü
göstərməkdədir.
Maraqlı
və diqqətçəkən bir məqamdır ki,
Türkiyədə və türkcə qonuşan qardaş ədəbiyyatlarda
məhz Azərbaycana həsr olunan xüsusi
buraxılışların, demək olar ki, hamısı
İmdat Avşarın təşəbbüsü və
redaktorluğu ilə işıq üzü
görmüşdür. “Türk ədəbiyyatı” dərgisinin
xalq yazıçısı Anara, akademik İsa Həbibbəyliyə,
xalq şairi Sabir Rüstəmxanlıya, xalq yazıçısı Kamal
Abdullaya, qırğız xalq yazıçısı
Çingiz Aytmatova, “Koroğlu” dərgisinin Sabir Rüstəmxanlıya
və Əjdər Ola, “Çınqı” dərgisinin Nigar Rəfibəyliyə
və Məmməd İsmayıla, Qardaş qələmlər”
jurnalının Rəsul Rza, Anar, Çingiz Dağcı,
Çingiz Aytmatova həsr olunmuş xüsusi
buraxılışlarının və hər ilin fevralında
“Türk ədəbiyyatı”nın Xocalı həqiqətlərini
dünyaya çatdıran özəl sayının
işıq üzü görməsində məhz İmdat bəyin
baş redaktor kimi müstəsna xidmətləri olmuşdur.
Bu
il dərginin ötən ay - may buraxılışı
Türk dünyasının millətçi yazarlarından,
xanım mücahidlərindən olan Əminə
İşınsunun əziz xatirəsinə ithaf olunmuşdur.
Çağdaş Türkiyə ədəbiyyatının
görkəmli simalarından olan Əminə xanım
“Sancı”, “Çiçəklər büyür”, “Cumhuriyyət
türküsü”, “Nisan yağmuru”, “Bir mən vardır məndə
məndən içəri”, "Kiçik dünya",
"Əzab torpaqları", "Dustaq", "Qaf
dağının ardında", "Atlı
qarışqa", "Alparslan","Hacı Bayram",
"Hacı Bektaş Vəli" və s. kimi dərin məzmunlu
romanların, bir çox dram əsərlərinin müəllifidir.
İnsanın psixoloji yaşantılarını,
qadınların məhbəs həyatını, Türk təsəvvüf
tarixinin zirvə şəxsiyyətlərinin ideallarını
bənzərsiz üslubda əsərlərində əks etdirən
yazarın həyat və yaradıcılıq yoluna həsr
olunmuş dərginin bu sayı həm də Türk
dünyasının milli düşüncəli gənc
aydınlarından olan İmdat Avşarın ilk baş redaktor kimi
imzasının təsdiqidir.
Düşünürəm
ki, bu sadəcə, İmdat Avşara həvalə olunan dərgi
redaktorluğu deyil...
Bu,
Türk dünyasının böyük mütəfəkkir
ziyalılarından olan Əhməd Kabaklının
başladığı yolun, körpünün mənəvi
miraslığının İmdat Avşara ötürülməsidir,
estafetdir...
Bu,
sələflərinin başladığı Haqq işinə
xələf olaraq İmdat Avşarın verəcəyi mənəvi
töhfəyə inamın nəticəsidir...
Belə
bir məsuliyyətli işin İmdat Avşara həvalə
olunması İmdat bəyin sadəcə qələminə və
ya ədəbi nüfuzuna olan rəğbətdən
qaynaqlanmır, bu həm də, Onun paradiqmatik düşüncə
tərzinə, milli və bəşəri məsələlərə
yanaşma özəlliyinə, dünyaya və xüsusən Türk
dünyasına baxışına və obyektivliyinə
inamın bəlli bir təzahürüdür.
Qələm Vicdandır!
Qələm
tarixi və ədəbi məsuliyyətdir!
Qələm
milli özünüdərkin və mənlik şüurunun
ifadəsidir!
Bu
gün bütün ruhuyla, varlığıyla qələmə
sarılıb Haqqın keşiyində və əlahəzrət
Sözün hizmətində dayanan, Ədəbiyyatımızın
fədakar hamisi, Ruhumuzun könül dostu İmdat Avşar bu
xidmətləriylə həm də böyük Türk
dünyasının Əjdərha daşı, idraki sütunu olan Əhməd
Kabaklının mənəvi
varisi kimi müqəddəs bir yola çıxıb. Mənim
düşüncəmə görə, “modernləşdikcə”,
“kürəsəlləşdikcə” dəyərləri itən
bir mühitin ortasında öz mənəvi
dünyasını yaradıb 5-10 qələm dostunu
başına toplayıb qəzet və ya dərgi nəşrinə
çaba göstərən, dolayısıyla söz
üçün savaş verən adamların fədakarlığı
Kürşadın 40 igidi ilə qaldırdığı
üsyan bərabərindədir...
Fikirlərimi
dəyərli baş redaktorun öz sözləriylə
yekunlaşdırmaq istəyirəm. Söhbətlərimizin
birində İmdat bəy demişdi ki: “Ədəbiyyatla və
sənətlə edilən mücadilə hərbi və siyasi
mücadilədən daha dərin və ciddi izlər
qoymaqdadır. Və biz ədəbi mücadiləmizi
reallaşdıra bildiyimiz qədər daha böyük zəfərlər
qazanmış olacağıq!”
Ədəbiyyatımızın
və Ruhumuzun könül dostu əziz İmdat Avşarın
baş redaktorluq fəaliyyətini ürəkdən
qutlayır, yürüdüyü böyük ədəbiyyat
yolunda başarılar və
möhkəm can sağlığı diləyirəm!
Xəyalə Zərrabqızı
filologiya üzrə
fəlsəfə doktoru
Üç nöqtə.-2021.-24
iyun.-S.11.