Uşaq tərbiyəsində gözdən qaçan nüanslar

 

 

Son dövrlər bəzi yeniyetmələrin arzuolunmaz davranışlar sərgiləməsi, hətta intihara belə əl atmaları hər kəsi narahat edən məsələlərdəndir. Bütün bunlar isə uşaq və yeniyetmələrin tərbiyəsi istiqamətində ciddi boşluqların olduğunu ortaya qoyur.

 

Haqlı olaraq övladı olan bütün valideynlər bu son hadisələrdən sonra təlaşa düşdü və istər-istəməz hər kəs özünə bu cür suallar verdi ki, onun da övladı bir gün səhv yollara əl atarmı? Övladının hazırki psixoloji vəziyyəti necədir? Onunla necə davranmalıdır ki, arzuolunmaz hallarla qarşılaşmasın?

 

Təbii ki suallar çoxdur və uşaqların düzgün formada, cəmiyyətə yararlı formada yetişməsində bir çox nüanslar əsas yer tutur ki, bunlardan birincisi lap uşaq yaşlarından valideynin onunla davranış formasından başlayır.

 

Şiddət uşaq tərbiyəsinin üsulu deyil

 

Uşaq tərbiyəsində nələrə diqqət etməyin vacib olması barədə “Üç nöqtə”yə danışan Psixoloq Aydan Talıbova deyir ki, bir çox valideynlər uşaqların tərbiyə üsulunu onu döyməkdə görürlər. Elə bilirlər ki, şiddət göstərməklə uşaq onların sözünə qulaq asacaq. Halbuki bu, doğru üsul deyil: "Valideyn deyir, uşağı döyəcəm, ona cəzalar verəcəm, şantaj edəcəm ağıllanacaq. Çox hallarda ana uşağı hədələyir ki, gözlə, atan gələndə deyəcəm döysün səni. Bu cür şantaj edərək, uşağı döyməyə, şiddətə meylləndirir. Şiddət dedikdə təkcə fiziki şiddətdən söhbət getmir. Sözlü şiddətdən, daha çox neqativ söyüşlərdən, təhqiramiz ifadələrdən də istifadə edirlər".

 

Psixoloqun sözlərinə görə, ümumiyyətlə, uşaqları döymək düzgün metodika deyil. Bu,  uşaqlarda aqressiyaya gətirib çıxarır: "Uşağı hədələyib qorxutmaq da onların psixologiyasına mənfi təsir edir. Məsələn, uşağa deyirlər ki, səni qoyub gedəcəm, yaxud uşaq evinə verəcəm. Ya da qaranlıqda saxlayacam, gecə qoyacam qapıda qalasan. Bu kimi ifadələr uşaqları daha çox qorxutmağa yönləndirilir. Belə uşaqlarda artıq qorxular yaranmağa başlayır. Uşaqları belə cəzalandırmaq olmaz. Bu, əksinə, onlara mənfi təsir göstərir".

 

Uşaq evdə problemini danışmır...

 

A.Talıbova vurğulayır ki, övladına şiddət göstərən valideynlərlə çox rastlaşır. Onlara niyə uşağı döyürsünüz sualını verəndə isə qəribə cavab eşidir: "Deyirlər, mənim valideynlərim də uşaq olanda məni döyüblər. Mən də atamdan, anamdan belə görmüşəm. Görürsünüzmü? Uşağa kiçik vaxtından bu nümunəni göstərəndə o da böyüyəndə eyni cür davranır. Həmçinin valideyni ilə arasında bir uçurum yaranır və o sabah hansısa problemlə qarşılaşanda bunu valideyninə demir. Düşünür ki, valideyni onu başa düşməyəcək, ona dəstək göstərməyəcək. Buna görə də həmişə valideynlərə səslənirik ki, əgər uşaqlarınızla bacara, onu düzgün yönləndirə bilmirsinizsə, mütəxəssisə yönləndirin".

 

A.Talıbova təəssüflə qeyd edir ki, valideynlərin çoxu uşağını psixoloqa aparmaq istəmir. Çünki elə bilirlər ki, psixoloq psixlərin həkimidir: "Psixoloq insanların ruhi vəziyyətinə, emosional yaşına dəstək olur. Məsələn, dəcəllik edən, davranış pozuntuları olan, yaxud da digər uşaqlarla dil tapa bilməyən, daim özünə güvənsiz olan uşaqlara psixoloji dəstək mütləqdir".

 

Valideynin üzərinə böyük iş düşür

 

Psixoloq onlara müraciət edənlər arasında böyük yaşlı uşaqların çoxluq təşkil etdiyini bildirir. Çünki zamanında müdaxilə olunmayıb və indi də uşaq böyüyüb, artıq valideynin ona gücü çatmır: "Yanımıza 6-7 hətta daha yuxarı yaşlı uşaqlar gəlir. Valideynlərinin sözünü dinləmir, onlara cavab qaytarır, və digər bu kimi nümunəvi olmayan hərəkətlər nümayiş etdirirlər.

 

A.Talibova qeyd edir ki, uşaqların düzgün yönləndirilməsində əsas və böyük iş məhz valideynlərin üzərinə düşür: "Evdə valideyn 3 yaşına qədər uşağı düzgün yönləndirməlidir. 3 yaşından 5 yaşına qədər bağça yaş dövrü gəlir. Bağçada müəllimlər, təlimçilər düzgün yönləndirməlidir. Ondan sonra məktəbəqədər hazırlıq və məktəb dövrü başlayır. Burada da biz artıq cəmiyyətə yönlənirik, sosiallaşırıq. Valideyn görsə ki, övladı ilə bacarmır, onun daha qlobal bir iş törətməsini gözləmədən mütləq mütəxəssisə müraciət etsinlər".

 

Məktəb problemləri vaxtında aşkar edilsə...

 

Məktəblərdə uşaqlarla rəftar, onlara edilən psixoloji təzyiqlərin aradan qaldırılması, məktəb-şagird münasibəti ilə bağlı danışan psixoterapevt Xanım Niftəliyeva isə vurğulayır ki, hər bir valideyn övladının özünü necə aparmasına, hərəkətlərindəki dəyişikliyə fikir verməlidir. Əgər məktəb problemləri vaxtında aşkar edilsə, həllini tapar: “Məktəbdəki enişlər və yoxuşlar bir çox insanın həyatında yaşanmış problemdir. Sinif yoldaşları və müəllimlərlə yaxşı münasibət problemin öhdəsindən gəlməyə kömək edər. Əgər övladınızın məktəb problemləri həddindən artıq çoxdursa, onun səbəbini müəyyənləşdirməli və həllinə çalışmalısınız”.

 

“Məktəb problemləri dərslərə zəif hazırlıq, məktəbdə motivasiyanın aşağı olması, dərslərə marağın itməsi, yaxud sinif yoldaşları və müəllimlərlə münasibətin zəifləməsi ilə özünü biruzə verir. Məktəbdəki çətinliklər qısa, uzun, yaxud mütəmadi ola bilər.

 

Bəzən məktəbdəki problemlər çox cüzi ola bilər və övladınız bunu sizə danışar. Yaxud da əksinə, elə problemlər yaşana bilər ki, övladınız onu müəllimlərdən və dostlarından gizlədər. Məsələn, ev tapşırıqlarını gizlədər, sınaqlardan aşağı nəticə göstərər, müəllimin onun haqqında yazılmış rəyini sizə təqdim etməz. Bu sizə problemi tezliklə həll etməyiniz üçün çətinlik yaradar”-deyə psixoterapevt vurğulayır.

 

Tövsiyələr:

 

Mütəxəssis övladının məktəb problemləri olduğundan şübhələnən valideynlərə aşağıdakı əlamətlərə diqqət etmələrini tövsiyə edir.

 

- məktəbə getməmək üçün bəhanələr edir, yaxud sizin xəbəriniz olmadan dərs buraxır;

- Məktəb haqqında danışmaq istəmir, yaxud bu barədə danışanda əsəbi və narahat olur;

- Məktəblə əlaqəli görünmür. Məktəbdə çox az dostu olur, ya da buradakı fəaliyyətlərə qatılmır;

- Özünə inamı aşağı ola bilər, deyə bilər ki, dostları qədər ağıllı deyil;

- Müəllimlər sizə övlaınıza diqqət və məktəbdə özünü aparmaq kimi problemlərlə bağlı müraciət edər;

- Ev tapşırıqlarını etməkdən imtina edər, yaxud da deyər ki, məktəbdə artıq yeni heç nə öyrətmirlər;

- Həmişə olduğundan aşağı qiymətlər alar.

 

Mütəxəssis söyləyir ki, siz bu problemləri müəyyənləşdirmisiniz, amma övladınız danışmaq istəmirsə bunun yollarını tapmalısınız: “Məsələn, ona deyə bilərsiniz ki, “qəmgin görünürsən. Mən narahatam, bu məktəblə bağlıdır?”

 

Məktəb problemləri vaxtında müəyyənləşdirilib, aradan götürülməsə, uzun müddət övladınızı narahat edər. Bu zaman isə övladınızın psixi sağlamlığına təsir edər. Dərslərə aşağı səviyyədə hazırlaşma, həm də onun məktəbdən qovulmasına səbəb olar. Bu isə gələcəkdə təhsil almasına problem yaradar.

Məktəbdə yaşanan problemlər həm də o deməkdir ki, sizin övladınız kifayət qədər dəstək almır”.

 

İnamlı, perspektivli, güvənli gənclər...

 

Göründüyü kimi, övlad tərbiyəsi onların böyüyüb yetkinlik yaşına çatanda yox, lap uşaqlıqdan başlayır. Körpəlikdən olar və olmazları mənəvi keyfiyyət kimi mənimsəyən uşağın, gələcək həyatdakı mövqeyi də daha sağlam olur.

 

Yeniyetmənin psixologiyası isə nazik bir ipdən asılmış olur, azacıq möhkəm dartsan qırılır. Bu yaşda onlara elə gəlir ki, artıq böyüyüblər və öz qərarlarını özləri vermək iqtidarındadırlar. Ətrafdan deyilən hansısa əks fikri qəbul etmirlər. Bu zaman valideynlər, müəllimlər, yaxud digərləri onlarla elə münasibət qurmalı fikirlərini dəstəkləməli və yanlış olduqlarını elə bir dillə izah etməlidirlər ki, onlarda aqresiya yaranmasın. Hər şeydən öncə bu yeniyetmələrdə özlərinə qarşı inam aşılamaq mütləqdir. Özünə inamsız və onu başa düşməyən, təcrid edən cəmiyyətə qarşı bu yeniyetmələrin etirazı isə təbii ki, əksər hallarda intihar olur. Onlar bu yolla onu başa düşməyən cəmiyyəti, valideynlərini, müəllimlərini, yaşıdlarını, ona pis davrananları cəzalandırma psixologiyasında olurlar.

 

Buna görə də, vacibdir ki, gələcəyimizin təminatı olan uşaqlarımızla, yeniyetmələrimizlə ilk öncə dost olaq, onların səhvlərini də, yanlışlıqlarını da olduğu kimi qəbul edərək, müsbətə yönəlmələrinə yardım edək. Heç kəs səhvlərdən sığortalanmayıb, əsas odur ki bu səhvini zamanında başa düşə və ondan çəkinə. Uşaqlarımızın tərbiyəsinə bu cür yanaşsaq, o zaman sabahımız daha inamlı, perspektivli, güvənli gənclərin əlində olar...

 

Könül.

Üç nöqtə.- 2021.- 4 mart.- S.7.