“Faciə özünə vurğunluqla
başlayır”- Mənsum
İbrahimov
Xalq artisti Mənsum İbrahimov: “Sənətkar arzu ilə yaşayır”
O, həyatını muğama bağlasa, da aktyorluq sənəti
taleyindən yan ötmədi. Hamı tərəfindən Məcnun
kimi sevildi. Sevdi, ailə başçısı, ata
oldu. Öz rolları, ifa tərzi ilə yaddaşlarda qalan Xalq artisti Mənsum
İbrahimov “Üç
nöqtə” qəzetinin
qonağıdır.
-Mənsum bəy,
başlayaq elə uşaqlıq illərinizdən...
- 1960-cı il oktyabrın 1-də Ağdam
rayonununda sadə bir ailədə anadan olmuşam. Atam aqranom idi.
Hər zaman atamı özümə nümunə götürmüşəm.
Ailədə 9 uşaq
olmuşuq. Kəndimiz
Xan qızı Natavanın saldırdığı
İmamqulubəyli kəndidir.
O hər tərəfdən
meşə ilə əhatə olunub. Bu kənddə Sultanbud təpəsi var. Uşaqlığım
o təpənin üzərində
keçib. Meşədə
kəndin camaatı ilə quzu otararkən
səs-səsə verib
mahnılar oxuyurduq. Sənətə gəlməyimdə
uşaqlıq illərimin
çox böyük rolu var. İlk
çıxışlarım kimi məktəbdəki tədbirlərdə iştirakımı
göstərə bilərəm.
Bilirsiniz, kənddə
böyüyən uşaqların
həyatı zəngin
olur. Onlar fiziki işlə çox məşğul olurlar. Mənim özüm də hər işi etmişəm.
-Görünür, muğam sənətinə
olan sevginiz sizi daha böyük
addımlar atmağa sövq etdi...
-Elədir ki,
var. Hərbi xidmətdən qayıtdıqdan
sonra bu sahədə təhsil almağın vacibliyini dərk etdim. Elə buna görə də Bakıya gələrək Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna sənəd verdim. 1987-ci ildə bu texnikumun muğam
şöbəsini bitirdikdən
bir il sonra
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
"Mədəni Maarif"
fakültəsinə daxil
oldum. Hələ
texnikumda oxuyarkən Üzeyir Hacıbəyovun
anadan olmasının
100 illiyinə həsr
olunmuş müsabiqədə
I dərəcəli diploma
layiq görülmüşdüm.
Şövkət xanım
bu müsabiqədə
münsif idi. Onunla tanışlığım
buradan başladı. Şövkət xanımın
məsləhəti ilə
məni Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrına dəvət
etdilər. İlk rolum isə “Leyli və Məcnun”
əsərindəki Zeyd
obrazı olub.
-Zeyd obrazından
Məcnun obrazınadək
uzun bir yol keçdiniz. Sonda isə Məcnun kimi tamaşaçıların qarşısına
çıxdınız. Universiteti
yenicə bitirmiş gənc üçün Məcnunu oynamaq çoxmu ağır oldu?
-Suala cavab verməzdən öncə qeyd edim ki, nə
yaxşı aktyorluğa
kiçik rollardan başlamışam. Çünki,
bu rollar məni aktyor kimi yetişdirib. 1993-də
isə ilk dəfə Məcnun kimi səhnəyə çıxmışam. İlk
tərəf müqabilim
də Gülyaz Məmmədova olub. Nəzərə alsaq ki, Mənsum İbrahimova qədər böyük sənətkarlarımız
bu obrazı yaratmışdı, deməli,
Məcnunu canlandırmaq
məndən ikiqat məsuliyyət tələb
edirdi. Yaxşı xatırlayıram, düz
8 ay bu rol
üzərində çalışmışam.
Baxmayaraq ki, fiziki və psixoloji cəhətdən
hazırlıqlı idim,
amma bir şeyi düşünürdüm
ki, görəsən tamaşaçı məni
qəbul edəcək
ya yox?
-Mənsum bəyin
“Məcnun”u digər “Məcnun”lardan nə ilə fərqlənir?
-O vaxt hazırlaşanda
Füzulişünas alimlərlə
məsləhətləşirdim. Biri var ruhi
dəli, biri də var eşq
dəlisi. Məcnun nəyin dəlisidir? Bunu özüm üçün aydınlaşdırdım.
Öz dəsti-xəttim
ilə Məcnunu yaratmağa çalışdım.
İnsan təbii olanda qəbul olunur. Mən necə varamsa, Məcnunu da elə yaratdım.
-“Opera və
Balet Teatrını öz sözlərinizlə
ifadə edin” desələr, necə təsvir edərsiniz?
-“Mənim ikinci
evim” anlayışı
onun haqqında olan fikirlərimin ümumiləşmiş ifadəsidir.
Artıq neçə
ildir ki, orada çalışıram.
Bu teatr mənim üçün doğmadır.
-İfaçıların bir çoxu deyir ki, incəsənət
ömrü əldən
alır. Hətta onlar valideynlərinə vaxt ayıra bilmədiklərini də etiraf edirlər. Bu barədə sizin fikirləriniz nədən ibarətdir ?
-Valideynlərim Ağdamın bizdə olan hissəsində yaşayıblar, orada da vəfat ediblər.
İmkan daxilində çalışırdım ki,
onlarla tez-tez görüşüm. Gedə
bilməyəndə isə
telefonla danışırdıq.
Onlar Bakıya öyrəşmədiyi üçün
burada çox qala bilmirdilər. Mənim işlərim isə yalnız tamaşalarla məhdudlaşmırdı.
Səfərlər və
müsabiqələrdə iştirakla
bağlı olaraq biz bir-birimizdən bir az aralı
idik. Sənətkarın
ailəsi fədəkar
olmalıdır. Daha doğrusu, yaxşı bir iş ortaya
qoymaq üçün
bu fədakarlığı
etməyə məcbursan.
-Yaxşı fikir söylədiniz: “Sənətkarın ailəsi
də fədakar olmalıdır”. Bəs sizin ailədə necədir? Xanımınız
da sənət adamıdır? Ümumiyyətlə,
ailəniz haqqında nə söyləyə bilərsiniz ?
-Həyat yoldaşım
coğrafiya müəllimidir.
Uşaqlığımız birlikdə keçib. Eyni məktəbdə təhsil almışıq.
Sənətimə böyük
hörmət bəsləyir.
Üç qız, bir oğlan övladım var, hamısının gözəl
səsi var. Amma onları musiqiyə həvəsləndirməmişəm.
Uşaq valideynə görə sənətə
gəlirsə, yarımçıq
qalacaq. İki övladım BDU-nu qırmızı diplomla bitirib. Biri diplomatdır,
digəri dövlət
işində çalışır.
O biri qızım isə Tibb Universitetinin
məzunudur, hazırda
həkim kimi fəaliyyət göstərir.
Oğlum balacadır. On altı yaşı
var, universitetə hazırlaşır.
-Sizi tamaşaçılara
sevdirən nə qədər sənətinizdirsə,
bir o qədər də şəxsiyyətinizdir,
müsbət keyfiyyətlərinizdir.
Bunun üçün
demək ki, insan kamilliyə gedən yolda düzgün addımlamalıdır...
-Tamamilə, doğru deyirsiniz. Hər bir insan
özünə tənqidi
yanaşmalıdır. Hamının
içində ikinci “mən” var. İnsan özünə hesabat verə bilirsə, deməli, az səhv edəcəkdir. Faciə özünə vurğunluqla
başlayır.
-Dövr inkişaf edir. Amma siz mentallığa
bağlı insansınız. Zəmanə insanı olmaq
çətindir?
-“İnsan olmaq” deyilən bir məfhum var. Zamanın, dövrün mənim üçün əhəmiyyəti
yoxdur. Texnologiya və s. bunlar öz yerində. Təbii ki, yeniliyi sevən
insanam. Amma, ümumi götürdükdə
30 il əvvəlki
insanam.
-Uğurlu yaradıcı yol, xoşbəxt ailə... İnsan həyatda
hər şeyə
nail ola bilər, amma arzular tükənmir.
Mənsum İbrahimov nədən
nisgilli qalıb?
-Ən böyük
nisgilim Qarabağ, dünyaya gəldiyim torpaqdır. Qarabağda doğulan insan
üçün ora başqa nisgildir. Ən böyük arzum torpaqlarımızın tezliklə
geri qaytarılmasıdır.
-Gəlib sona çatdıq. Bu məqamda mənə bir sual maraqlıdır,
Mənsum İbrahimov ömrünün hansı
fəslini yaşayır?
-Sənətkar hər zaman arzu ilə
yaşayır. Daxilimizdə gənclik təravəti
var. Baş qarışır,
bir də görürsən ki, ömür gedib. Amma hələ çox yolum var. Sualınıza cavab olaraq deyə
bilərəm ki, Mənsum İbrahimov ömrünün bahar fəslini yaşayır.
-Allahdan arzularınızın
çin olmasını
diləyirəm. Vaxt ayırdığınız
üçün minnətdaram.
-Mənə xoş oldu. Sizə, komandanıza uğular
arzulayıram. Sizə sərf
etdiyim bu dəqiqələr ömrümdə
xoş anlar oldu.
Üç nöqtə.- 2021.- 11 mart.- S.12.