“Teatra gələn gündən baş
rolların ifaçısı olmuşam”
Nadir Xasıyev: “Çox xoşbəxtəm ki,
böyük sənətkarlarımızla çiyin-çiyinə
çalışmışam”
Bu il prezidentin sərəncamları ilə həm
prezident mükafatçısı olub, həm də “Əməkdar
artist” fəxri adına layiq görülüb. Vaxtilə
teatrda Siyavuş Aslan, Hacıbaba Bağırov kimi
böyük sənətkarla birlikdə
çalışıb. Deyir ki, fəaliyyətinin əsas hissəsi
Hacıbaba Bağırov teatra direktor gəldikdən sonra
başlayıb:
“O illər yaddaşımda çox gözəl
qalıb. Elə sənətkarlarla səhnədə
olmaq aktyordan təkcə istedad tələb etmir, eyni zamanda
intellektual səviyyə, hazırcavablıq, improvizasiya etmək
qabiliyyəti tələb edir. Çünki onlar böyük
sənətkarlardır, rolu ifa etdikdə hər an improvizasiya
edə bilər və sən ona hazır olmalısan.
Hacıbaba Bağırov teatrın direktoru olsa da, səhnədə
olduğu vaxt yalnız aktyor idi. Bu onun əsas xüsusiyyəti
idi. Onunla çoxlu xatirələrim var”.
“Üç nöqtə” qəzetinin
qonağı Akademik Musiqili Teatrının aktyoru, prezident
mükafatçısı, Əməkdar artist Nadir
Xasıyevdir.
- Söhbətə elə bu sahəyə gəlişinizlə
başlayaq. Həvəsiniz uşaqlıqdan olub?
- Ağsu sayonunda dünyaya gəlmişəm.
Uşaqlıq illərindən səsim, aktyorluq qabiliyyətim
olub. Rayonda keçirilən müsabiqələrdə
mahnılar oxuyardım. Həmçinin məktəb illərində
teatr sənətinə də mənim böyük həvəsim
var idi. Kəndin klubunun səhnəsində uşaqlarla birlikdə
özümüz üçün tamaşalar
hazırlayardıq. Rasim Balayev, Səmədər Rzayev və
digər tanınmış aktyorların bizim həvəsli
olmağımızda böyük rolu olub.
1979-cu ildə İncəsənət
İnstitutunun (indiki Mədəniyyət və incəsənət
Universiteti) “Musiqili komediya aktyorluğu” şöbəsinə
qəbul olmuşam. Tələbəlik illərindən əmək
fəaliyyətinə başlamışam. Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrında kiçik
rollar oynayırdım. 1984-cü ildə universiteti bitirib təyinatla
Sumqayıt Dövlət Dram Teatrına göndərilmişəm.
Musiqili Komediya aktyorluğu şöbəsini bitirməyimə
baxmayaraq burda dramatik aktyor oldum.
İşlədiyim illərdə bir çox
baş rolların ifaçısı olmuşam. O cümlədən “Ölülər”
tamaşasında İsgəndər, “Arşın mal alan”da
Əsgər, Nazim Hikmətin “Bayramın birinci günü” əsərində
Camal, “Subaylarınızdan görəsiniz” tamaşasında Fəqan,
Süleyman Sani Axundovun “Tamahkar” əsərində İmran
obrazını və s. çox saylı rolları ifa etmişəm.
- Bəs Akademik Musiqili Teatrına gəlməyiniz
necə oldu?
- Səsim olduğu üçün 1993-cü
ildə böyük bəstəkarımız Süleyman
Ələsgərovun dəvəti ilə Azərbaycan Dövlət
Akademik Musiqili Teatrına gəldim. Teatra gələn gündən
baş rolların ifaçısı olmuşam. Burda fəaliyyətimi
davam etdirərək 1994-cü ildə əyani olaraq Bakı
Musiqi Akademiyasının “Vokal solo oxuma” şöbəsinə
daxil oldum. Akademiyanı bitiməyimə baxmayaraq fəaliyyətimi
həmin teatrda davam etdirdim.
Çox xoşbəxtəm ki, böyük sənətkarlarımızla
çiyin-çiyinə çalışmışam.
Siyavuş Aslan bizim teatrın bədii rəhbəri idi.
“Qızılgül”, “Özümüz bilərik”, “Beş
manatlıq gəlin” və s. bir çox tamaşalarda onunla tərəf
müqabili olmuşam. Daha sonra Hacıbaba Bağırov bizim
teatra direktor gəldi. Mənim fəaliyyətimin əsas hissəsi
Hacıbaba Bağırovla başladı. Onunla işlədiyim
illərdə, demək olar ki, onun oynadığı
bütün tamaşalarda tərəf müqabili olmuşam.
- O illəri necə
xatırlayırsınız?
- O illər yaddaşımda çox gözəl
qalıb. Elə sənətkarlarla səhnədə
olmaq aktyordan təkcə istedad tələb etmir, eyni zamanda
intellektual səviyyə, hazırcavablıq, improvizasiya etmək
qabiliyyəti tələb edir. Çünki onlar böyük
sənətkarlardır, rolu ifa etdikdə hər an improvizasiya
edə bilər və sən ona hazır olmalısan.
Hacıbaba Bağırov teatrın direktoru olsa da, səhnədə
olduğu vaxt yalnız aktyor idi. Bu onun əsas xüsusiyyəti
idi.
Onunla çoxlu xatirələrim var. Çox
qayğıkeş adam idi. İlk baxışdan sərt
görünən o insanın qəlbi çox yumşaq idi.
Ondan hər hansı bir şeyi xahiş edəndə,
anındaca adama kömək edirdi. Sonrakı illərdə də
davamlı olaraq fəaliyyətimi davam etdirmişəm. 2013-cü
ildə fəxri mədəniyyət işçisi olmuşam.
- Müsahibələrin birində demişdiniz
ki, fəxri ad almaq mənim haqqımdır. Bu il həmin
haqqı qazandınız. Təbrik edirik sizi...
- Çox sağ olun. Nəhayət
38 illik teatr sahəsində fasiləsiz fəaliyyətimdən
sonra bu il prezident mənim haqqımda iki sərəncam
imzaladı. Həm prezident mükafatçısı oldum, həm
də “Əməkdar artist” fəxri adına layiq
görüldüm. Ölkə başçısına təşəkkürümü
bildirirəm. Çox sevinirəm ki, zəhmətim qiymətləndirildi.
Çox adam deyir ki, gec oldu. Amma mən düşünürəm
ki, hər şeyin öz vaxtı var.
- Bu il teatrınızın 110 illik yubileyi
olacaq. Bu yubileyə nələr hazırlamısınız?
- Hazırda bizim teatrda geniş
yaradıcılıq prosesi gedir. Mart ayında teatrımıza
prezidentimiz tərəfindən Akademik statusu verildi. Bu da bizə həm
maaşıların artması, həm də
yaradıcılıq baxımından çox böyük
etimad oldu. Artıq teatrda böyük səs
imkanları olan aktyorlar üçün böyük imkanlar
yaranır. Çünki artıq Akademik
teatrdır. Bizdə bir neçə tamaşa üzərində
iş gedir. Səid Rüstəmovun “Beş
manatlıq gəlin” tamaşasında baş rol
ifaçısıyam. Dünya şöhrətli
yazıçı Viktor Hüqonun “Parisin Notr-dam kilsəsi” əsərində
əsas rollardan olan keşiş obrazını ifa edəcəm.
- Film və
seriallara dəvət alırsınızmı?
-
Seriallarda çox az hallarda oluram.
Hazırda “Bizim restoran” adlı serial çəkilir, orda biznesmen Roman
müəllim obrazını oynayıram. Bizim əsas
fəliyyətimiz teatrla bağlıdır. Ona görə işimiz daha çox burda olur.
-
Ümumiyyətlə, bir peşəkar aktyor kimi müasir
dövrdə çəkilən serial və filmləri bəyənirsinizmi?
-
Bilirsiniz, seriallar bədii film deyil. Seriallar
bütün ölkələrdə bədii filmlərdən fərqlənir.
Seriallar müasir dövrün tendensiyaları,
gedişatı baxımından yaranır. Yaxşı
olanları var, amma hamısı yox.
- Hər
iki oğlunuz bu sənətdədir.
Onların bu sənətə gəlməsində
sizin rolunuz olubmu, yoxsa öz istəkləri ilə seçiblər
bu sənəti?
- Bəli,
hər iki oğlum bu sahədədir. Hər
ikisi professional teatrın aktyorlarıdır. Mən yönləndirməmişəm, burda genetik
faktorun rolu böyükdür. Gözünü
açandan bu sənətin içində olublar. Uşaqlıqdan mənim oxumağımı,
aktyorluğumu görüblər, həm də bu onların
qanında var.
Yavaş-yavaş öz istəkləri ilə bu sənətə
meylləniblər. Böyük oğlum Səməd
Xasıyev mənimlə bərabər çalışır.
Azərbaycan Dövlət Akademik Musiqili
Teatrının aparıcı gənc aktyorudur. Ali dərəcəli aktyordur, teatrın bütün
baş qəhrəman obrazlarının
ifaçısıdır. Düzü, mən
balaca oğlumu aktyor kimi görmək istəmirdim. Kamança üzrə kollec bitirmişdi, çox
gözəl ifa edirdi. Lakin oda mənim sənətimə
meylləndi. O da Sumqayıt Dövlət Dram Teatrının
aktyorudur. O da baş rol ifaçılarındandır. Eyni zamanda Azərbaycan
televiziyasının əməkdaşıdır, vokalistdir.
- Bu
günün gənc aktyor və aktrisalarını bəyənirsinizmi?
- Bəli.
Bu gün çox zəngin potensialı olan gənclərimiz
var. Bizim dövrümüzdə böyük sənətkarların
yanında bir qədər sıxıntı keçirirdik.
İndiki dövrün gəncləri bizdən sərbəstdirlər.
Bu çox yaxşıdır.
- Fikrinizcə,
aktyor üçün rol məhdudiyyəti
olmalıdırmı?
-
Bilirsiniz, rolların bölünməsi adi məsələ
deyil ki, kimə hansı rol gəldi versinlər. Bu, məsləhətlə, götür-qoy etdikdən
sonra verilir. Rejissor, rəhbərlik aktyorun
səs imkanlarına, görünüşünə, aktyorluq
qabiliyyətinə baxdıqdan sonra müəyyən edilir.
Hər obrazın özünə uyğun aktyoru
var. Həmişə görmüşük ki, baş qəhrəman
boylu-buxunlu, səs imkanları qaydasında,
görünüşcə yaxşı olmalıdır. Buna münasib aktyora həmin rol verilir. Bəzən aktyor özünü hansısa rolda
görməyə bilir, amma rejissor həmin aktyoru o rolda görür.
Və nəticədə görürsən ki,
yaxşı da obraz alınır. Ümumiyyətlə,
rol bölgüsü həssas məqamdır.
- Xarici
ölkələrə, rayonlara səfərləriniz necə
keçir?
-
2013-cü ildə Fransanın Strasburq şəhərində
Türksoyun xətti ilə YUNESKO-nun binasında “Arşın
mal alan” tamaşası ilə
çıxış etmişəm. Fransızlar
həmin tamaşası yüksək səviyyədə qəbul
ediblər. İranda “O olmasın, bu olsun”
tamaşası ilə Beynəlxalq Fəcr Festivalında
Rüstəm bəy obrazını ifa etmişəm.
Bundan başqa Qazaxıstanda, Dağıstanda, Şimali
Osetiyada və s. olmuşam.
- Aktyor
üçün bu səfərlər nə dərəcədə
əhəmiyyətlidir?
- Bu səfərlərin
aktoyr üçün böyük əhəmiyyəti var.
Çünki aktyor bu mühitdən çıxıb
başqa bir mühitə gedir. Onların aktyora,
tamaşaya münasibəti tamam fərqli olur. Bu da aktyor üçün maraqlıdır. Həm də aktyorun
dünyagörüşünün artması baxımından
vacibdir. Aktyor dünyada gedən
yaradıcılıq prosesindən xəbərdar olur. Getdiyi ölkənin
aktyorlarının oyun tərzinə baxır. Bu baxımdan qastrollar əhəmiyyətlidir.
Könül Oruc
Üc nöqtə.- 2021.- 6 may.- S.12.