Yüz illərin, min illərin
informasiyasını özündə saxlayan Alban abidələri
Kimlərinsə əli
ilə tarixi keçmişimizi yox etməyə
çalışırlar
Yaşayış məskənləri
adətən çay və ya digər su hövzələrinə
yaxın ərazidə salınırdı. Bu məskənlərindən
biri də Qəbələ rayonunun Əmirvan kəndi
yaxınlığında, Dəstəmaz çayı sahilində
qədim alban yaşayış məskəni olub.
Yaxınlıqdakı meşəlik ərazidə qədim qəbiristanlıqların
olması da bunun əyani sübutudur.
Əmirvan kənd orta məktəbində
müəllim işlədiyim dövrdə həmin ərazidə
yerləşən alban qəbiristanlıqlarına-üç
Alban qəbiristanlığı – ziyarət etmişdim.
Qəbir abidələrinin üzərindəki
damğaların (hər hansı bir anlayışın,
ideyanın şərti əlamətini ifadə edən
işarə, rəmzdir), rəmz və simvolların zənginliyini
görəndə çox təəccüblənmişdim,
çünki başqa heç bir yerdə - qəbir
daşlarında - bu qədər zənginlik görməmişdim.
Görünür ki, bu səbəbdən də onlar ötən
əsrin 60-cı və 70-ci illərdə arxeoloqların diqqət
mərkəzində olublar.
Arxeoloq Firudin Qədirovun rəhbərliyi
altında ekspedisiya təşkil olunub və meşəlik ərazidəki
qəbiristanlıqlarda arxeoloji qazıntı işləri
aparılıb. Bu barədə Əmirvan kənd orta məktəbinin
direktoru Əmirxan Burzuyev deyir:
Əmirxan
Burzuyev
“ 1969-cu
il idi. Tarix elmlər namizədi Firudin Qədirovun
rəhbərliyi ilə meşəlik ərazidəki alban qəbiristanlıqlarının
yerləşdiyi ərazidə arxeoloji qazıntı işləri
aparılırdı. Həmin vaxt Firudin Qədirov
1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyası tərəfindən
yaradılmış Qəbələ arxeoloji ekspedisiyası tərkibində
çalışırdı. Əmirvan kəndi
yaxınlığında yerləşəm meşəlik ərazidəki
qazındı işləri də Qəbələdə
arxeoloji tədqiqatlar çərçivəsində həyata
keçirilirdi.
Bir gün Firudin Qədirov Əmirvan kənd orta məktəbinin
rəhbərliyinə köməklik göstərilməsi
üçün müraciət etdi. Onun qazıntı
işləri aparılarkən ərazidəki iri qəbir
daşlarından biri diqqətini cəlb etmiş, üzərindəki
damğalar marağına səbəb olmuşdu. Bu səbəbdən də qəbir daşını
yük maşınına yükləyib Bakıya, Arxeologiya və
Etnoqrafiya institutuna aparmaq, damğaların mənalarını
öyrənmək niyyətində idi. Daş
ağır olduğundan onu yük maşınının
(QAZ-51) banına qaldıra bilməmişdilər. Nadir Nəsrullayev,
Sabir Aydınov, Arif Rizvanov, Sabir Rizvanov, Sabir Məsimov və s. şagirdlərdən ibarət
qrup yaradıldı və kömək göstərilməsi
üçün arxeoloji qazıntı işləri
aparılan əraziyə göndərildilər. Qəbir daşı Bakıya, Arxeologiya və
Etnoqrafiya institutuna aparıldı”.
İkinci dəfə bu ərazi 1970-ci ildə
arxeoloqların diqqət mərkəzində oldu. Əmirvan kəndinin “Ferma”
deyilən ərazisində qışa hazırlıq məqsədilə
silos quyusu qazılarkən qədim alban qəbiri- katakomba
aşkar olundu. Bu barədə Əmirxan Burzuyev deyir: “Xəbəri eşidən kimi dərslər
arası fasilədə müəllimlərə tapıntı
haqqında məlumat verdim. Belə qərara gəldik ki, bir
qrup yaradılsın və silos quyusu qazılan yerə göndərilsin,
qiymətli nə varsa toplanıb məktəbə gətirilsin.
Gecikmək olmazdı, çünki olan-qalan nə
varsa sındırıla, talan edilə bilərdi.
İlyas Məmmədovun rəhbərliyi ilə 2-3
müəllim və yuxarı sinif şagirdlərindən ibarət
qrup yaradılaraq qazıntı yerinə göndərdik”.
Onlar qəbir yerində insan skeletinə, bir-birindən zəngin
saxsı-gil qablara, təsərrüfat küplərinə,
möhür, tuncdan silah nümunələrinə və bəzək
əşyalarına rast gəlirlər və çətinliklə
də olsa ətrafa dağılmış əşyaları-maddi
mədəniyyət qalıqlarını toplayaraq məktəbə
gətirirlər. Həmin vaxt Şamaxı rayonundan olan bir
rəssam Əmirvan kənd orta məktəbində praktika keçirdi.
O, hər bir əşyanın ayrıca şəkilini çəkərək
sistemləşdirir. Şəkillər hazır
olduqdan sonra müəllimlərin adından Arxeologiya və
Etnoqrafiya İnstitutuna kollektiv məktub yazılaraq göndərilir.
Bir aydan sonra Qəbələ rayonundan olan tarix
elmlər doktoru Qara Əhmədov həmyerlisi Fəzli müəllimlə
birlikdə məktub əsasında məktəbə gəlirlər.
Qara Əhmədov, Arxeologiya sahəsində Tarix elmləri
doktoru adını almış ilk Azərbaycanlı alim idi. Arxeologiyaya
dair monoqrafiyaları, elmi, elmi-kütləvi kitabları
vardı. Yəni bu sahənin mütəxəssisi
idi. Bu barədə məktəb direktoru Əmirxan
Burzuyev deyir: “Qara Əhmədov hər bir əşyanı diqqətlə
nəzərdən keçirirdi, gördüklərindən
çox sevinirdi. Tapılmış keramika
nümunələri arasında üzərinə müxtəlif
rəngli boya ilə naxışlar çəkilmiş
saxsı qab qırıqlarını böyük maraqla izləyirdi.
Həndəsi, təbiət və heyvan təsvirləri
gördükcə gözləri gülürdü. Tapılan əşyalar və Qara Əhmədovun
onlara reaksiyası belə deməyə əsas verirdi ki, burada
həyat tərzi yüksək səviyyədə inkişaf
edib, yüksək mədəniyyət olub.
Tunc xəncərin tapılmasını isə qəbirdə
yüksək sosial statusa malik qədim tayfa
başçısının və ya nümayəndələrindən
birinin dəfn edildiyini bildirdi.
Qara Əhmədov həm də tapılan maddi mədəniyyət
qalıqlarının tunc dövrə aid olduğunu söylədi. Sonunda o, ən
qiymətli əşyaları seçdi, özü ilə
götürüb Bakıya apardı. Qalan əşyalardan
isə məktəbdə tarix guşəsi yaradıldı”.
Bir müddətdən sonra bu barədə Qara Əhmədov
öz məqaləsində qeydlər etmişdi. Amma həmin ərazi
çox zəif öyrənildi, daha doğrusu heç öyrənilmədi.
Əmirvanlılar uzun illər Arxeologiya və Etnoqrafiya
İnstitutundan ekspedisiya təşkil olunacağına və
geniş arxeoloji qazıntı işlərinin
aparılacağına inanırdılar. Lakin illər
bir-birini əvəz etsə də nə gələn oldu, nə
də ərazinin geniş araşdırılması həyata
keçirildi. Sonunda qəbirin
tapıldığı ərazi kənd sakinlərinə həyətyanı
sahə kimi paylandı, yaşayış evləri tikildi.
Tariximizə işıq saçacaq bir dövr 2-3 metr dərinlikdə biganəliyimizin
qurbanı oldu. Bu biganəlik
yaxınlıqdakı meşəlik ərazidə yerləşən
Alban qəbir abidələrindən də yan keçmədi.
Mən 1991-cı ildə alban qəbiristanlığına
ziyarət edəndə qəbir daşları yerində idi,
qızıl hərisləri ərazidə dəlmə-deşiklər
açmamışdılar.
Nəhayət 30 ildən sonra, 2021-ci ildə Qəbələyə
səfərim zamanı yenidən Alban qəbiristanlığında
oldum.
Gördüklərimdən isə çox məyus
qaldım...
“Tapdığım
muncuqların nə qədər dəyərli olduğunu
bilmirdim”
Alban qəbir daşları XXI əsrin əvvəlinədək
ciddi dağıntılara məruz qalmamışdı. Metal və qızıl
axtaran dedektor alətlər Qəbələyə ayaq
açdıqdan sonra isə vəziyyət tamamilə dəyişdi.
Bu barədə meşəlik ərazidə Alban qəbiristanlığının
axtarışında mənə dəstək olan Tarix
İnstitutunun doktorantı Rəşad Seyidov deyir: “Bizim kəndin
yaxınlığında kifayət qədər
araşdırılmalı alban qəbirləri,
yarğanlıq ərazidə isə mağara var. Alban qəbirləri
bir ərazidə deyil, meşənin müxtəlif yerlərində
topa şəklindədirlər. Həmin qəbiristanlıqların
hüdudları daxilində ölülər müxtəlif
qaydada dəfn olunub və qəbirlərin quruluşu onu deməyə
əsas verir ki, burada müxtəlif təbəqələrin
nümayəndələri dəfn olunub.
Bu qəbiristanlıqlardan biri də bizim torpaq sahəmiz
yaxınlığında yerləşir və mən orada
çox olmuşam. Hər bir qəbir daşını
yaxşı xatırlayıram. Onların
arasında xüsusi seçilən, üstündə ox -
kaman, Alban xaçı, küp, insan şəkilləri və
yazılar olanlar vardı. Ən iri qəbir
daşlarından biri də yolun kənarında idi. Amma bir gün torpaq sahəmizə gedəndə onu əvvəlki
yerində görmədim, bir kənara atılmış, yeri
isə qazılmışdı. Bunları
qızıl axtaranlar etmişdi. Ətrafı
diqqətlə nəzərdən keçirdikdə bir
neçə muncuq, tunc qolbağı və küp
parçaları tapdım. Qiymətli əşyaları
aparmışdılar. O vaxt məktəbdə oxuyurdum,
tapdığım muncuq, qolbağı və küp
parçasının nə qədər dəyərli
olduğunu bilmirdim. Hər bir
tapıntının torpağa basdırılan vaxt, o ərazidə
mövcud olan ictimai, siyasi həyatın mənzərəsini əks
etdirdiyindən xəbərsiz idim. Mənim
üçün adi bəzək əşyalarından
başqa bir şey deyildilər. Uzun müddət evdə
saxladım, çox təəssüf ki, bu gün onlar məndə
yoxdur, itiblər ”.
Söhbətə
davam edən Rəşad Seyidov maraqlı bir məlumat da verdi. Onun sözlərinə
görə, o vaxtlar təsərrüfat küpləri barədə
də danışırdılar. Kənd
sakinlərinin dediyinə görə, saxsı küplərin bəzisində
şərab komponentlərinin izi qalıbmış. Bu onu göstərir ki, Qafqaz Albaniyası qədim
şərabçılıq mərkəzlərindən biri
olub.
Haşiyə:
Alimlərin bildirdiyinə görə, 2400 il
bundan əvvəl qəbələlilər indi olduğu kimi
taxılçılıq, heyvandarlıq,
bağçılıq, üzümçülük və
şərabçılıqla məşğul olublar. Şəraba dərman kimi, insanlararası münasibətləri
həlimləşdirən amil kimi, düşüncəyə
təsir göstərən maddə və çox qiymətli
mal kimi baxıblar Şərabın dindarlıq, əczaçılıq,
cəmiyyət üçün əhəmiyyəti
böyük olub.
Biganəliyinmiz...
Söhbət edə - edə Alban qəbiristanlığına
doğru getdik.
Kol - kos basmış ərazidən
keçərək meşəliyə daxil olmaq mümkün
olmadı. Kolluğun ətrafından
fırlanaraq zoğal ağacının yanındakı
açıq sahədən qəbiristanlığa daxil olduq.
Ərazidə isə sındırılmış, topa
şəkilində yığılmış qəbir
daşları, çuxurlar, çalalar və mal - qara
vardı. Sanki inəklərin otlaq sahəsidir. Bunlar xalqımızın çoxəsrlik tarixi
keçmişindən yadigar qalmış tarix və mədəniyyət
abidələrinin diqqətdən kənarda
qaldığını göstərirdi. Bu
həm də müvafiq orqanların məsuliyyətsizliyi və
bizim tarixi irsimizə biganəliyimizin nəticəsi idi. Halbuki ərazi mühafizə olunmalı, qorunmalı
idi. Əgər qoruya bilmiriksə və “Biz müsəlmanıq,
qəbir daşlarında xaç var, bizə aid deyil ” təfəkkürü ilə
yaşayırıqsa, onda bir çox tarixi abidələrimizə
başqaları sahib çıxacaq, özünküləşdirəcək,
“mənimdir” deyəcəklər. Ermənilər
kimi.
Unutmayaq
ki, onlar ilkin mərhələdə Azərbaycan
torpaqlarında məskunlaşıb, sonrakı mərhələdə
bu torpaqları özününkü elan etmək
üçün tarixi abidələrimizə göz dikib, imkan
daxilində onu öyrənib və daha sonrakı mərhələdə
isə mənimsəyib və nəhayət, onları
özünün maddi - mənəvi irs nümunələri
elan edib, tirajlayıb və yayıblar. Ermənilər
beynəlxalq ictimaiyyətin rəyini çirkin niyyətlərinə
istiqamətləndirməyə çalışıblar.
Bu barədə yazıçı Fəxri Uğurlu yazır:
“Bəli, Albaniya əhalisinin çoxu sonradan müsəlmanlaşdı,
ancaq bu, özündən əvvəlki dini-mədəni irsə
biganə yanaşmağa bəraət qazandırmır.
Necə deyərlər, yeməyənin payını yeyərlər
– bir də onda ayıldıq ki, Azərbaycan ərazisindəki
xristian mədəniyyəti qalıqları bütün
dünyaya erməni-qriqorian irsi kimi təqdim olunur”.
Qeyd edim ki, son dövrlərdə alban dini - mədəni
irsinə sahib çıxmaq iddiasında olan gürcülər
də fəallaşıb.
... və şayiələr
Meşəlik
ərazidəki alban qəbiristanlığının
dağıdılmasında şayiələrin də rolu az olmayıb. Bu barədə Rəşad Seyidov
deyir: “Məktəbdə oxuyurdum. Qədim qəbirlərdə
qızılın olması barədə şayiələr
böyük sürətlə yayıldı, naməlum adamlar
qızıl axtarmaq adı ilə kortəbii qazıntı
işləri apardılar. Bu qəbir abidələrin
böyük əksəriyyəti onlar tərəfindən
dağıdıldı. Yüz illərin,
min illərin informasiyasını özündə saxlayan abidələr
məhv edildi. Bu cinayətdir!”
Bəli,
cinayətdir! Bu cinayətdə onlarla birlikdə
hərəkət edən, qəbir abidələrinin yeri barədə
məlumat verən, yəni onlarla ortaq olan yerli sakinlər də
cavabdehlik daşıyırlar. Əslində
hamısı bir yerdə işləyib. Qiymətli
bir şey tapan kimi öz aralarında bölüşüblər,
dəllallara yüksək qiymətə satıblar. İstisna deyil ki, bir hissəsi ölkədən
çıxarılaraq ermənilərə satılıb.
Rəşad Seyidovun sözlərinə görə, bu
rayonun ərazisində birinci hadisə deyil. Əvvəllər
də Qəbələ rayonunun müxtəlif ərazilərində
qızıl axtaranlar bəd niyyətlərini həyata
keçirmişdilər. Yiyəsizlik,
laqeyd münasibət səbəbindən qədim qəbiristanlıqlar,
dini xatirə abidələri, digər dəfn yerləri, o
cümlədən, kurqanlar və torpaq qəbirlər kompleksləri,
küp qəbirlər, qədim təsərrüfat yerlərinin
qalıqları dağıdılmış, qiymətli nə
varsa oğurlanmışdı. “Bir
tarixçi kimi bu, məni çox narahat edir. Elə bil
ki, kimlərinsə əli ilə bu tarixi keçmişimizi qəsdən
yox etməyə çalışırlar”,-
o deyir.
Axtarışım
uğursuz oldu
Başımız
söhbətə qarışdığından az qala qəbir daşlarından birinin
altında qazılmış çuxura düşəcəkdim.
Bir an özümü toparladım, diqqətlə ornament və
müxtəlif elementlərlə zəngin dördbucaq
formasında olan qəbir daşını nəzərdən
keçirdim. Daşın altında 1.5 – 2 metr dərinlikdə
çuxur qazılmışdı. Onun
çökməməsi üçün isə altına
uzununa dirəklər, ağac tirlər qoyulmuşdu.
“Çuxurda qızıl hərislərindən ola
bilsin ki, nəsə qalıb” düşüncəsi ilə
onun içərisinə düşüb
“axtarışımı” davam etdirsəm də, küp
qırıntılarında başqa heç nə tapmadım.
Kimliyi bilinməyən şəxslər tarixi məzarı
bərbad hala salmışdılar. Bir
sözlə tayfa başçısına və ya tayfa
iyerarxiyasında yüksək mövqe tutan şəxslərə
aid olduğu ehtimal olunan qəbirdəki sümüklər
çıxarılıb ətrafa atılmış, küplər
sındırılmış, qiymətli əşyaları
oğurlanmışdı.
3 - 4 metr
aralıda torpaq təpəsi daha dərin çuxurdan xəbər
verirdi. Yanılmamışdım,
qazılmış çuxur 3 metrdən dərin idi və
ekskavatorla qazılmışdı. Bu da ərazidəki qəbirlərin
dərinliyinin ən azı 1,2 m-dən 3,1
m-ə qədər olduğundan xəbər verirdi. Dağıntı yalnız bu iki qəbirlə
bağlı deyildi. Ətrafdakı
dağıdılmış qəbir daşlarının
böyük əksəriyyəti tamamilə məhv edilmişdi
- qazılmış qəbirlər,
sındırılmış baş və sinə
daşları... Xoş olmayan acınacaqlı mənzərə
vardı.
Bu dağıntılar arasında yarı torpağa
batmış və üzərində xaç olan daş
marağıma səbəb oldu. Onun ətrafını
təmizləmək üçün xeyli zəhmət çəkməli
oldum. Xaç daşı daha çox Yenivəng
xaç daşlarına oxşayırdı və qəbir
daşının bir parçası idi. Qızıl
hərisləri “qəbir daşının içərisində
qızıl var” düşüncəsi ilə onu
sındırmışdılar. Bu sizə
qəribə gəlməsin, doğrudan da qəbir
daşları sındırılaraq icərisində
qızıl axtarılıb. Ətrafa səpələnmiş
sındırılmış daşlar da bunun sübutudur.
Ürəkağrıdıcı bir mənzərəni
seyr etmək mənim üçün çox ağır idi. Həm də
ona görə ağır idi ki, qəbir
daşlarındakı damğalar, rəmzlər
keçmişimizə, tariximizə işıq saçsa da, əksəriyyətimiz
bu barədə məlumatsızıq. Bu mənə
onların mənası ilə bağlı araşdırma
aparmağa zövq etdi. Əldə etdiyim məlumatları
oxucularla bölüşməyi özümə borc bildim.
Öyrənmək
istəyi...
Qəbir daşlarında ən çox diqqətimi
çəkən də onların üzərində həkk
olunmuş bərabərtərəfli xaçlar oldu və demək
olar ki, bir-birinə oxşar idilər. Tanınmış ingilis alimi A. Van
bu barədə yazır: "Qafqaz albanlarının qədimdən
riayət etdikləri və hələ o zamanlar mərhumun
xatirəsini yad etmək kimi saxlanmış adətə
görə ucaldılan adsız qəbir daşları –
xaç daşları vardı".
Bu
xaç daşları bədii ornament və elementləri ilə
çox zəngin idilər. Gürcü alimi A. Şanidzenin
1938-ci ildə çap olunmuş “ Qafqaz
Albanlarının yeni kəşf edilmiş əlifbası və
elm üçün əhəmiyyəti” əsərində
bildirilir: “Qafqaz Albaniyası erkən xristianlıq incəsənətinin
meydana çıxması və inkişafı tamamilə
orijinal, özünəməxsus yolla getmişdir. Bütün alban yazılı daşlarının
üzərindəki xristianlığa qədərki inamların
və kainat qüvvələrinin qanunauyğun şəkildə
yerləşməsi ilə dini-bədii qanunlara tabe edilmiş
özünəməxsus təsvirlər təşkil edir ki,
bu da başqa xalqların xaç təsvirlərində yoxdur.
Odur ki, alban daş yazı nümunələrinin
(xaç daşlarının, baş daşlarının və
nişan daşlarının) bu cür orijinallığı və
özünəməxsusluğu onu digər xalqların daş
yazı nümunələrindən köklü surətdə
fərqləndirir”.
Daha sonra
gürcü alimi yazır: “Alban xaçı dünyada yeganə
xaçdır ki, xristianlığa qədərki inamların
və kainatı dərketmənin əlamətlərini
özündə cəmləşdirən işarələrə
malikdir. Bu xaçların bütün
kompozisiyaları göylə yerin əlaqəsi, günəş,
işıq, nur və məhsuldarlıq simvolu kimi əks
olunmuşdur. Bütün alban
yazılı daşlarının üzərindəki
xristianlığa qədərki inamların və kainat
qüvvələrinin qanunauyğun şəkildə yerləşməsi
ilə dini-bədii qanunlara tabe edilmiş özünəməxsus
təsvirlər təşkil edir ki, bu da başqa xalqların
xaç təsvirlərində yoxdur”.
Buradan da aydın olur ki, bu xaçlar albanların
xristianlıqdan əvvəl günəşə və oda
sitayiş etdiyini göstərir, xristianlığa qədərki
elementlər və dini ayinlərlə birbaşa
bağlıdır.
Qəbir daşlarında diqqətimi çəkən
digər bir özəllik isə Alban xaçının tərəflərinin
ucunun sonda üç tərəfə şaxələnməsi,
yarpaqların olmasıdır ki, bu da onu qriqoryan xaçından
fərqləndirir və qarışıq salınma
ehtimalını sıfıra endirir.
İnna
Simirnova 2006-cı iıdə Moskvada çap olunmuş "Xaçın Gizli
Tarixi" kitabında yazır:
Alban xaçları üç yarpaqlıdır və
“gül-yarpaq” xaçlar növünə aid edilirlər. Bunlara müəyyən ədəbiyyatda “liliyaflüor”
xaçı da deyirlər və bu xaçların
qol-qanadlarındakı “üçlük” albanların qədim
inanclarını (Günəş, Ay və Od) təsbit edir”.
Dörd
damğada dörd xaç
Alban qəbiristanlığında diqqətimi çəkən
bir baş daşını da xüsusilə qeyd etmək istəyirəm. Onu başqalarından
fərqləndirən dörd dairə formasındakı
damğada dörd bərabərtərəfli xaç
olması idi. Buna ilk dəfə əkin sahəsinin
yaxınlığındakı Alban qəbiristanlığında
rast gəlmişdim. Mənim
üçün çox maraqlı idi. Nə
üçün bir başdaşındakı dörd
damğada dörd xaç var. Sən demə bu dörd cəhətin
rəmzidir - Şərqi, Qərbi, Şimalı və Cənubu
və dairəvi hərəkəti simvolizə edir.
Eləcə də təbiətin dörd
ünsürünü – Odu, Suyu, Torpağı və Havanı
özündə əks etdirir.
Bu barədə Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin
şöbə müdiri Sadiq Mirzəyev yazır: “
Xristianlığın burada yayılıb qəbul edilməsinədək
albanlar müxtəlif tanrılara – Günəş
tanrısına, Göy tanrısına, Ay tanrısına və
digər səma cisimlərinə, həmçinin təbiət
qüvvələrinə - suya, oda, torpağa sitayiş edirdilər.
İlk orta əsr müəlliflərinin məlumatına
əsasən, Xristianlığın qəbuluna qədər
yerli əhalinin bir hissəsi bütpərəst olmuşdur. Bütpərəstliyə
aid məbədlər Qafqaz Albaniyasının ictimai-siyasi həyatında
mühüm rol oynamışdır. Ölkədə
müxtəlif dövrlərdə çoxallahlılıq,
bütpərəstlik, atəşpərəstliyin
yayılmasını arxeoloji araşdırmalar zamanı
tapılan kurqanlar, daş qutu və torpaq qəbirlər,
katakombalar, sarkofaqlar, küp qəbirlər və s. təsdiqləyir.
Bu tapıntılar nəticəsində əhalinin
dəfn adətləri və dini həyatı barədə
müəyyən təsəvvürlər formalaşmışdır”.
Məhz bu səbəbdəndir ki, alban xaçları
özünün daha çox klassik ənənələrinə
uyğunlaşdırıb, xristianlığa qədərki
inamların və kainat qüvvələrinin qanunauyğun
şəkildə yerləşməsi ilə dini-bədii
qanunlara tabe edilib. Deməli, bu da xristianlıqdan öncə
Albaniyada mövcud olmuş inancların qalıqlarıdır.
Tale və
cənnətin simvolu
Alban qəbiristanlıqlarındakı baş
daşlarında bir damğaya (svastika) da tez-tez rast gəlirdim. Aydındır
ki onun nə məna daşıdığı da
marağıma səbəb oldu. Məlum
oldu ki bu damğa müxtəlif məna daşıyır.
Əvvəlcə Günəş rəmzi olan
damğa (svastika), sonralar “çərxi fələk” ifadəsində
qalmış, sonsuzluq, əbədiyyət mənasını
daşıyır. Zamanın
sonsuğluğu və ölməzliyi mənasını verir.
Bu həm də “Dairəvi tarix (zaman)
anlayışı”, yəni, zamanın bir çarx, təkər
kimi daim təkrarlanan təsəvvür edilməsi, gedib-geri
qayıdışı, fırlanışı kimi başa
düşülür. Necə deyərlər
dairəvi hərəkətin sonu əvvələ,
başlanğıca qayıdışdır. Digər tərəfdən möhür
damğasıdır.
Bu damğanın başqa mənaları da var; məsələn,
qədim türklərdə bu damğa Tanrı, Günəşi
və qartal mənasını verir. İnsanı qoruyan,
onu müdafiə edən simvoldur; Daha doğrusu tale və cənnətin
simvoludur. Onun pis ruhların məzara girməsinə
icazə vermədiyinə və mərhumu mümkün əzabdan
azad etdiyinə inanılırdı. Görünür
bu qəbir daşında bu mənanı
daşıdığı daha inandırıcıdır.
Deməli, baş daşındakı bu damğa cənnətə
işarədir və həmin şəxsin
yaxınlarının onun cənnətə düşmə,
rahatlıq tapması arzusunun göstəricisidir.
Qeyd edim ki, bu damğadan xalçaçılıqda da
istifadə olunur və xalçanın əhd-peyman olaraq
toxunduğunu bildirir.
Ox-yay
damğası hakimiyyət rəmzidir
Qəbir daşlarında ox-yay damğası da xeyli
maraqlıdır. Əvvəlcə dəfn olunan şəxsin
ovçu, döyüşçü olduğu qənaətinə
gəldim. Düşündüm ki, həmin şəxs sakinlərin
ov əti ilə təmin olunmasında və ya
döyüşlərdə qəhrəmanlıqlar göstərib
və bu səbəblərdən də hörmət əlaməti
olaraq onun qəbir daşında ox-yay həkk olunub. Amma yanıldım, təsadüfən əlimə
Araz Qurbanovun “Damğalar, rəmzlər… mənimsələr”
kitabı düşdü və kitabda damqanın çox fərqli
izahı verilmişdi.
Kitabda bildirilir ki, bu damğa işarəsi mülkiyyət
hüquqları, səlahiyyət bölgüləri və hərb
sənətindən savayı, həm də dövlətçilik
tarixi və ənənələri ilə də sıx şəkildə
bağlıdır. Məsələn, yay hökmdarın rəmzinə,
ox isə (xüsusilə qızıl və ya gümüş
dəmrəli oxlar) onun vassallarının, elçilərinin
səlahiyyət göstəricisidir, eyni zamanda birgə
savaşa çağıran dəvət “məktubu”dur.
Araz Qurbanova görə yay hakimiyyət, ox vassalıq
bildirən damğaların birliyidir.
"Səni
leylək gətirib"
Marağıma səbəb olan iki damğa da qəbir
daşlarında fərqlənirdi. Onlardan birində iri
dairə və onun da ortasında çox kiçik dairə
vardı. Damğa sematikası üzrə mütəxəssislərin
bir çoxu bu işarəni mifoloji “Dünyanın
yaranması”nın, “ Ana və bətnindəki
övlad” anlamının qrafik təhazürü kimi yozurlar. Hətta daş abidələrin birində bu damğa
quşun dimdiyində təsvir olunur və bu bizə
uşaqların müəyyən yaş dövründə
valideyndən soruşduğu - “Hadadan gəlmişəm?
sualının cavabını- "Səni
leylək gətirib"i xatırladır. Bəlkə
də bir bağlılıq var.
Amma burada günəş və aydan
söhbət gedir.
Qəbir
abidələrin digərində isə əllərini yanlara
açmış adam təsviri
marağıma səbəb oldu. Görünür
əllərini yanlara açıb günəşə
sitayiş edir.
Göründüyü
kimi, bu simvol və rəmzlər qarşılıqlı sintez
əsasında bir neçə dinin təsiri altında təşəkkül
tapmışdı və tariximizin zənginliyini göstərir.
Gördüklərim və öyrəndiklərim onu deməyə
əsas verir ki, bu yerlərin ətraflı
araşdırılması kifayət qədər faydalı nəticələr
verə bilər. Gec də olsa tədqiq edib tariximizin qədimiliyi
barədə mühüm faktlar əldə edə, bir sıra
sirləri işıq üzünə çıxara bilərik.
Ciddi işlər görülməlidir. Unutmayaq ki, Qafqaz Albaniyasının tarixi yalnız bir
neçə icmanın, ya etnik qrupun yox, bütövlükdə
ölkəmizin, xalqımızın tarixidir.
Bununla yanaşı yerlərdəki abidələri təbliğ
etməliyik, uşaqlara, gənclərə abidələrimizin
mahiyyətini, tarixini, əhəmiyyətini anlatmalıyıq. İmkan verməməliyik
ki, alban qəbiristanlığında qiymətli nə
vardısa oğurlanıb aparsınlar. Tariximizə
sahib çıxmalıyıq. Olan – qalanı heç olmasa
qorumaliyıq.
Pünhan Əfəndiyev
Üç nöqtə.- 2021.- 25
noyabr.- S.8-9.