“Şadam ki, bir
çox əsərlərin Bakıda ilk dəfə səslənməsinə
nail olmuşam”
Dirijor Fəxrəddin Kərimov: “Gənclərə
dayaq olmaqla yanaşı, sənətə məsuliyyətlə
yanaşmalarını da tələb etməliyik”
Akademik musiqinin cəmiyyətin bütün təbəqələri
tərəfindən dərk edilməsi, qavranılması o qədər
də asan deyil. Dünyanın hər yerində “klassik musiqi
dinləyiciləri” adlanan təbəqə var ki, onun genişlənməsində
məsuliyyət daha çox peşəkar musiqiçilərin
üzərinə düşür. Bu sahədə dirijorluq sənəti
də mühüm yer tutur.
Azərbaycanda bu gözəl sənətin təməli
görkəmli bəstəkar, musiqi xadimi Müslüm Maqomayev
(1885–1937) tərəfindən qoyulub, sonradan maestro Niyazi tərəfindən
daha da yüksək səviyyəsinə gəlib
çatıb. Bu insanların sayəsində hazırda bizim
dünyada tanınmış dirijorlarımız fəaliyyətdədir.
Dirijorluq sənətinin layiqli
davamçılarından biri də Xalq artisti, Prezident təqaüdçüsü
Fəxrəddin Kərimovdur. Bu günlərdə sənətkarla
görüşüb həmsöhbət olduq. Müsahibəni
təqdim etməzdən öncə dirijorun bioqrafiyasına
qısa nəzər salaq.
Fəxrəddin Nuri oğlu Kərimov Bakıda
həkim ailəsində dünyaya gəlib. Bülbül
adına Orta İxtisas Musiqi Məktəbini bitirdikdən sonra
P.İ.Çaykovski adına Moskva Dövlət
Konservatoriyasında violin sinfi üzrə təhsilini davam
etdirib. Təhsilini başa vurduqdan sonra Ü. Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestrində Niyazinin
rəhbərliyi altında konsertmeyster kimi
çalışıb. Hərbi xidmətini
başa vurduqdan sonra dirijorluq sənətinə sonsuz sevgi və
marağı olduğu üçün 1982-ci ildə
N.Rimski-Korsakov adına Leninqrad (Sankt-Peterburq) Dövlət
Konservatoriyasının Opera-simfonik dirijorluğu şöbəsində
Rusiyanın Xalq artistləri V.Gergiyev və İ.Musinin sinfində
təhsil alıb. Təhsilini başa vurduqdan sonra
Sankt-Peterburqun Mariinski Dövlət Opera və Balet Teatrında
təcrübəçi dirijor kimi çalışıb. Təhsilini
tam bitirdikdən sonra Türkiyədə İstanbul Memar Sinan
Universiteti nəzdində Dövlət Konservatoriyasında və
eyni zamanda İstanbul Böyükşəhər Bələdiyyəsi
nəzdində opera və simfonik orkestr yaradaraq həmin
kollektivə rəhbərlik edib. Daha sonra Türkiyənin
bütün şəhərlərində qastrola
çıxaraq opera, balet və simfonik konsertləri idarə
edib, İzmir Dövlət Opera və Balet Teatrının
baş dirijoru olub. Eyni zamanda Avropanın bir neçə ölkəsində
dirijor kimi konsertlərdə iştirak edib. Hazırda
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik
Orkestrinin dirijoru kimi fəaliyyət göstərir. Eyni zamanda
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii
rəhbəri və baş dirijorudur. Bakı Musiqi
Akademiyası və Milli Konservatoriyanın dosentidir.
– Fəxrəddin müəllim, istərdik
öncə 2 noyabr tarixində Heydər Əliyev Sarayında Zəfərimizin
ildönümünə həsr edilmiş “Qarabağ Azərbaycandır!”
adlı konsertinizlə bağlı təəssüratlarınızı
bölüşəsiniz.
– Biz bu Qələbəni illərlə gözləmişik.
Ali Baş Komandana, müzəffər Ordumuza dərin sevgi və
minnətdarlığımı bildirirəm. Zəfər
Günü ərəfəsində keçirilən konsertdə
mən bu hiss və duyğuları bir daha yaşamış
oldum. Konsertdə Zəfər notlarına köklənmiş
proqram təqdim etdik. Mədəniyyət
Nazirliyi, Heydər Əliyev Fondu, Bəstəkarlar
İttifaqı, Heydər Əliyev Sarayı və Azərbaycan
Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı
ilə həyata keçirilən bu layihənin ideyası Bəstəkarlar
İttifaqında yarandı. İttifaqın rəhbəri, Xalq
artisti Firəngiz Əlizadənin bəstəkarlara
müraciəti ilə biz əsərləri bir araya gətirə
bildik. Çoxsaylı əsərlərin arasından səslənməyən
və ictimaiyyətə təqdim olunmağa layiq olan əsərlər
seçildi. Bu mənada Firəngiz xanıma təşəkkür
edirəm ki, çox diqqətli, xoşniyyətli və
peşəkarcasına yanaşdı bu işə. Konsertdə
18 bəstəkarın əsəri səsləndi. Məşqlər
zamanı mən müəlliflərin həyəcanını,
sevincini hiss edirdim. Zəfərə həsr olunan əsərlərin
təqdimi çox əlamətdar bir hadisədir. Biz bu işi
ənənəyə çevirərək Qələbə
gününü bəstəkarlıq və musiqi sahəsində
müxtəlif formalarda qeyd edəcəyik. Bundan sonra da bəstəkarlarımız
şanlı Zəfərə musiqinin müxtəlif
janrlarında əsərlər həsr edəcəklər.
Keçmişə nəzər salanda görürük ki, bu
mövzu heç zaman diqqətdən kənarda qalmayıb.
– Mövzu eyni olsa da, yanaşma fərqliliyini
necə hiss edirdiniz?
– Dünyadakı bütün insanlar bir-birinə
bənzəmədiyi kimi, hisslər də fərqli olur. Biri
poema formasında, biri mahnı, biri sırf instrumental yazır.
Forma olaraq axtarışları da maraqlı idi. Bizim bəstəkarlıq
məktəbimiz zəngindir. Fərqliliyi ondadır ki, bəziləri
xalq çalğı alətlərindən, muğamdan,
aşıq musiqisindən istifadə edərək simfonik
orkestrlə birlikdə dinləyicilərə zəngin bir
palitra təqdim etdilər. Bu əsərlərdə əsas
qeyd etmək istədiyim məqam bəstəkarlar bu nümunələri
ustalıqla və səmimi yazmışdılar. Layihənin
reallaşmasında Dövlət Xor Kapellasının və
onun bədii rəhbəri Gülbacı İmanovanın da
rolu böyük oldu. Kapella yeganə bir kollektivdir ki, oratoriya və
kantataları, görkəmli Azərbaycan bəstəkarlarının
xor əsərlərini məharətlə ifa edir.
– İndi isə şəxsi
yaradıcılığınıza gələk. Ailənizdə
sizdən əvvəl musiqi ilə məşğul olan
vardımı?
– Valideynlərim musiqiyə maraq göstərir,
musiqini çox sevirdilər. Evimiz Bülbül adına Orta
İxtisas Musiqi Məktəbinin yanında idi. Qardaşımla
məni həmin musiqi məktəbinə qoydular. Orada mənə
dərs deyən müəllimləri ehtiramla və minnətdarlıqla
yad edirəm. Bizə qarşı nəcib və nəzakətli
idilər. Çox məmnunam ki, məşhur konservatoriyalarda
təhsil alsam da, sənət yolumun təməli Bakıda
qoyulub.
– Dirijorluğa meyliniz necə yarandı?
– Gəncliyimdən orkestləri dinləyərək,
opera və baletləri izləyərək, təbii ki, bu
kollektivləri idarə edərək musiqinin səslənməsində
dirijorun şəxsiyyətinin cazibəsi məndə maraq
doğururdu. Musiqiçilərlə bərabər əsərləri
səsləndirmək və onları idarə edərək
istiqamət vermək - bu, insana çox böyük zövq
verir. Əsərin yaxşı səslənməsi və
yaşaması dirijor və ifaçılara
bağlıdır. Bu istəklə sınaqdan keçərək
Leninqrad (Sankt-Peterburq) Dövlət Konservatoriyasının
Opera-simfonik dirijorluğu şöbəsinin dirijorluq fakültəsinə
qəbul olundum. Görkəmli müəllimlərin sinfində
təhsil aldım. V.Gergiyev mənim ilk müəllimim idi. Onun
xeyir-duası ilə mən Rusiyanın bir neçə
tanınmış kollektivində dirijorluq etmişəm. Bu
zamana qədər müəllimimin xeyir-duası ilə həm
keçmiş sovet respublikalarının şəhərlərində,
həm də Avropanın bir neçə ölkəsində
opera və balet, simfonik konsertləri idarə etmişəm.
– Səhnəyə dirijor kimi ilk
çıxışınız harada oldu?
– Sankt-Peterburq Opera və Balet Teatrında. Burada C.Verdinin
“Trubadur” operasını idarə etmişdim. Daha sonra başqa tamaşalarda iştirak etdim.
İşimin məsuliyyətini hər zaman hiss edirəm. Çalışmalarımda bəstəkarların
düşüncələrinə və hisslərinə, stillərinə
diqqətli, yaxın olmağa çalışıram və
eyni zamanda bütün yaradıcı təkliflərə
böyük həvəslə yanaşıram. Konsert proqramlarında düşüncə və istək
olaraq yeni əsərlərə, dünyada tanınmış
və ilk dəfə Bakıda səslənən əsərlərə
müraciət etmişəm. Bu mənim
üçün həm maarifləndirici bir missiya kimidir.
Eyni zamanda musiqi kollektivləri ilə
çalışmalarımda öz və onların
repertuarlarının geniş olmasında marağım var.
Çox şərəf duyuram ki, Azərbaycanı Heydər
Əliyev Fondu tərəfindən təşkil edilən ən
yüksək səviyyəli konsertlərdə təmsil
etmişəm. Fransa, Yunanıstan, İsveçrə,
Küveyt və s. ölkələrdə, eləcə də
respublikamızda təşkil edilən dövlət səviyyəli
tədbir və festivallarda iştirak etmişəm.
– Gənc
dirijorlarla bağlı düşüncələriniz
maraqlıdır...
– Bu
gün yaxşı təhsil almış gənclərimiz var.
Onlara biz hər zaman dəstək olaraq, təcrübə
qazanmaqlarına şərait yaradaraq eyni zamanda ixtisaslarında
tələbkar və daha diqqətli olmalarını, Üzeyir
bəyin qoyduğu o gözəl yolu davam etdirmələrini
arzulayırıq. Mədəniyyətimizin
sabahı və daha da zənginləşməsi
üçün. Bildiyiniz kimi, Azərbaycan
musiqisi dünyada tanınır və bu sahədə
dünyaya təqdim edəcəyimiz çox nümunələr
var. Millətimizi yaşadan mədəniyyətimizdir. Bu amil bizi çox diqqətli olmağa sövq edir.
Çox istərdim bizim böyük şəhərlərimizdə,
Gəncədə, Sumqayıtda, Naxçıvanda simfonik
orkestrlər və musiqili teatrlarımız yaradılsın.
Bizim üçün, sənətimizin
inkişafı üçün bu, çox vacibdir.
–
Maraqlı söhbətə görə sizə təşəkkür
edirəm.
– Mən
də sizə təşəkkür edirəm. Bu
gün ölkəmizdə bütün sahələrdə
inkişafı görüb fərəhlənirəm. Prezidentimiz İlham Əliyev və Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyət
sahəsinə diqqəti bizi qürurlandırır və
bütün vətəndaşlarımıza böyük ruh
yüksəkliyi verir.
Lalə AZƏRİ
Üç nöqtə.- 2021.- 25
noyabr.- S.12.