Xankəndidə SSRİ-ni silkələyən qətl – Həsən Həsənov yazır

 

 

Şuşaya səfərin nəticələri əsasında yazdığım bu oçerki mən keçmiş haqqında xatirələri gələcək üçün vəzifələrlə heyrətamiz şəkildə birləşdirməyi bacaran Prezident İlham Əliyevin çıxışlarının təsiri ilə “Gələcək haqqında ... xatirələr” adlandırdım.

 

***

 

2021-ci il avqustun 25-i... Saat 17:59-da dövlətimizin başçısının köməkçisi Anar Ələkbərov zəng vuraraq bildirdi ki, Prezident İlham Əliyev məni Şuşada keçiriləcək Vaqif Poeziya Günlərində iştiraka dəvət edir. Bu xəbəri böyük sevinclə qarşıladım və dəvətə görə Prezidentə mənim təşəkkürümü çatdırmasını xahiş etdim. Sonra bütün fikirlərim doğma Qarabağ və əfsanəvi Şuşa şəhəri ilə qarşıdakı görüş üzərində cəmləşdi.

 

Avqustun 28-də səhər tezdən biz – qarşıdakı Vaqif Poeziya Günlərinin yüzdən çox iştirakçısı Şuşaya yola düşdük. Bu şəhər son 30 ilə yaxın müddətdə erməni işğalı altında olmasına baxmayaraq, Azərbaycan xalqının onunla mənəvi əlaqələri daha da möhkəmlənib.

 

Mən həyatım boyu Azərbaycanı çox gəzməli olmuşam, lakin əvvəlkilərdən əsaslı şəkildə fərqlənən bu səfərin məndə doğurduğu emosiyaları üstələməyə çətinlik çəkirdim... Son illərdə Azərbaycan necə gözəlləşib, necə keyfiyyətli magistral yollar salınıb, nə qədər yeni, gözəl tikililər yaranıb, rayon mərkəzləri qəsəbələrdən abad şəhərlərə çevrilib, hər bir kənddə peşəkar memarlığı ilə seçilən iki-üç mərtəbəli yeni binalar var.

 

Xəyal məni uzaq keçmişə aparır. Bu diyarda çox xalqlar yaşayıb, onların ən məşhurları müasir türklərin əcdadları kimmerlər və skiflər olub, bu tayfaların Qamir və Aşquz dövlətləri barədə eramızdan əvvəl VIII-VII əsrlərə aid Assuriya mixi mətnlərində məlumat verilir. Qafqaz dağlarından Araz çayının sol sahilinə, Xəzər sahillərindən Cənubi Qafqazın mərkəzi hissələrinə qədər olan əraziləri bir-birinin ardınca bu dövlətlər tutublar. Məhz Cənubi Qafqazın şərq hissəsində yerləşən Aşquz ölkəsində yaşayan skiflər Atropatena-Adorbayqan-Azərbaycan adlı yeni çarlıq yaradıblar. Bu ölkə Qafqaz dağlarından Zaqros dağlarının şərq ucqarlarına, Xəzər sahillərindən Kappadokiyada Qalis çayına qədər olan ərazini tuturdu. IV əsrdə yaşayıb-yaratmış romalı müəllif Ammian Martsellin bildirir ki, bu hadisə eramızdan əvvəl 612-ci ildə Assuriya imperiyasının süqutu nəticəsində baş verib. V əsr Suriya salnaməçisi de bet Selox bildirir ki, bunu Skif çarı, Arbak-Arpat-Orbay tituluna sahib olan Madi edib. 1748-ci il tarixli ingilis nəşrində və 1765-ci ildə dərc edilmiş Fransa ensiklopediyasında bildirilir ki, Madi adlı Skif çarı əslində türklərin böyük əcdadı Oğuz xan olub. Azərbaycan (Atropatena-Adorbayqan) adlı dövlətin Oğuz xan tərəfindən yaradılması barədə XIII əsr Azərbaycan tarixçisi Fəzllulah Rəşidəddin də yazır. İlkin orta əsrlər dövrünə aid üç ərəbdilli və farsdilli mənbədə VII əsr hadisələrindən bəhs edilərək deyilir: “Azərbaycan türklərin diyarıdır. Onlar qədim vaxtlardan orada cəmləşib və bir-biri ilə qarışaraq inkişaf edib, gücləniblər”...

 

Mənim tarixə meylimi nə ilə izah etmək olar? Bəlkə yaşımla? Ola bilər. Axı mənim yaşım 80-i keçib... Lakin indiki halda Vətənimiz döyüş meydanlarında müdafiə edildiyi bir vaxtda bizim tariximizin qorunması xüsusi əhəmiyyət kəsb edir. Axı bizim torpaqlara qəsd edilməsi, ilk növbədə, tariximizə qəsd edilməklə həyata keçirilir. Buna görə də bizim nəslin qismətinə öz Vətənimizi həm qılıncla, həm də qələmlə qorumaq zərurəti düşüb. Prezidentimiz İlham Əliyev buna nümunə göstərir, çıxışlarının çoxunu tarixi paralellərlə illüstrasiya edir, tarixi hadisələrə, əlamətdar günlərə, toponimlərə müraciət edir. O, yaxın vaxtlarda çıxışlarının birində xalqımızın qarşısında birmənalı olaraq belə bir vəzifə qoyub: “Biz öz tariximizi unutmamalıyıq!”

 

...Kür çayının üstündən salınmış körpüdən keçirik. Aran adlanan bölgə buradan başlanır. Bu toponim ərəblərin buraya ilk gəlişi ilə bağlıdır. Onlar ərəb qrammatikasına uyğun olaraq bu bölgəni müxtəlif şəkildə - “Alran” və ya “Arran” adlandırıblar. XII-XIII əsrlərdə yaşamış yazıçı və tarixçi Yakut əl-Həmavi yazır ki, Aran bu geniş vilayətin ərəbcə adı deyil, tarixçi Həmdullah Qəzvini (1281-1349) isə əlavə edir ki, Aran əyaləti iki çay – məhz Araz və Kür arasında yerləşən torpaqlardır (ara, aralıq).

 

Bununla əlaqədar, “Aran” adı etimoloji baxımdan “çayarası” mənası verən qeyri-ərəb sözü kimi izah edilir. Başqa bir versiyaya görə, yerli əhali bu regionu sak mənşəli birinci alban çarı Aranın şərəfinə belə adlandırıb (bu barədə M.Kaqankaytuski bildirir). Herodot isə öz növbəsində, bu hadisələrdən neçə əsr əvvəl yazırdı ki, skiflər və saklar eyni xalqdır. Eramızdan əvvəl 612-ci ildən Atropatenanın tərkibində olmuş albanlar və saklar eramızdan əvvəl I əsrdən etibarən onun tərkibindən çıxaraq özlərinin Alban çarlığını yaradıblar. Eramızdan əvvəl VII əsrə aid Assuriya salnamələrində bildirilir ki, bu yerlərin ən qədim əhalisi skiflər - oğuzlar olub. Eramızdan əvvəl VI əsrə aid Bisütun mətnlərində qeyd edilir ki, burada saklar yaşayıblar. Makedoniyalı İsgəndərin bioqrafı Arrian eramızdan əvvəl IV əsrdə baş vermiş hadisələri təsvir edərək burada sakların və albanların yaşadığını bildirir. Daha sonra antik dövr müəllifləri Böyük Plini (b.e. 22-79-cu illər) və Strabon (e.ə. I əsr – b.e. I əsr) bildirirlər ki, Kür və Araz çayları arasındakı ərazidə saklar yaşayırdı, bu regionu isə çox vaxt “Sakasena” adlandırırdılar.

 

... Artıq Azərbaycanın Qarabağ regionuna çatmışıq. Bütün ölkədə olduğu kimi, burada da bizi qarşılayan lövhədə Müzəffər Prezidentimiz İlham Əliyevin “Qarabağ Azərbaycandır!” sözləri yazılıb.

 

...Assuriya dövründə Qamir ölkəsinin, daha sonra Aşquzun tərkibinə daxil olmuş bu region antik dövrdə “Sakasena” adlanırdı. Bizim eranın VII əsrindən başlayaraq artıq “Aran” adı işlənir, F.Rəşiddədinin yazdığına görə, yalnız XIII əsrdən başlayaraq Aranın bir hissəsi Aran Qarabağ və ya sadəcə Qarabağ adlanmağa başlayıb. Minilliklər ərzində adlar dəyişib, lakin skif-sakların və onların hüquqi varisləri olan türklərin simasında yerli əhalinin etnik mahiyyəti dəyişməz qalıb. Paytaxtı Təbriz olan Azərbaycanın hökmdarı Qazan xan Hülaku da Azərbaycan dövlətçiliyinin prioritet mərkəzi kimi Qarabağın əhəmiyyətini vurğulayırdı. O, 1295-ci il noyabrın 3-də bir müsəlman kimi hökmdar taxt-tacına əyləşməsi münasibətilə andiçmə mərasimini məhz Qarabağda keçirib...

 

Asfalt örtüyünün rəngi solmuş yol qurtarır və 2020-ci il noyabrın 16-da salınmış, tünd qara rəngli təzə asfalt döşənmiş yeni yol başlanır. Bu, “Zəfər yolu”dur. Prezident İlham Əliyev bu yolu ordumuz Şuşa şəhərini azad edərkən keçdiyi yol haqqında xatirəni əbədiləşdirmək məqsədilə belə adlandırıb. Bu lövhəni hər kəs ən qiymətli dəyər kimi qarşılayır...

 

Tezliklə Şuşaya çatacağıq və səfər yoldaşlarımın çoxu kimi mən də hələ lap təzə, yaxın vaxtlarda bu yerlərdə gedən döyüş əməliyyatları ilə bağlı fikirlərlə növbələşən xatirələrə dalıram... Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

***

 

...Mən Şuşaya ilk dəfə 1967-ci il yayın sonunda, hökumət komissiyasının tərkibində gəlmişdim. Həmin komissiyaya tapşırılmışdı ki, yaxın vaxtlarda burada baş vermiş qanlı cinayətin təfərrüatını araşdırsın. Hadisə isə belə olmuşdu: 1967-ci ilin may ayında keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin kəndlərinin birində azərbaycanlıya məxsus torpaq sahəsində vəhşicəsinə qətlə yetirilmiş erməni oğlanın cəsədi aşkar edilmişdi. Həmin uşağın öldürülməsində üç nəfər azərbaycanlını təqsirləndirərək “isti izlərlə” həbs etmişdilər. Az sonra Stepanakert (Xankəndi) şəhərində açıq məhkəmə oldu. Müttəhimlərin təqsiri sübut edilmədi, ittiham isə buna əsaslanırdı ki, cəsəd onlardan birinə məxsus torpaq sahəsində tapılıb. Kifayət qədər sübut olmadığına görə məhkəmə işi əlavə istintaqa göndərildi. Buna baxmayaraq, müttəhimləri linçləmək istəyən ermənilər onları döyüb öldürdülər, meyitləri isə yandırdılar. Elə həmin gün başlanan kortəbii mitinqlər dövlət müəssisələrinin talan edilməsi həddinə çatdı. Uzun illər keçəndən sonra həmin hadisələrlə bağlı bəzi sənədlər dərc edildi. Azərbaycan rəhbərliyinə, respublika DTK-nın sədri Heydər Əliyevə ünvanlanmış məktub bu sözlərlə qurtarırdı: “Bu il iyunun 23-dən 24-nə keçən gecə Stepanakert şəhərinin bəzi küçələrində erməni dilində yazılmış 300-ə yaxın vərəqə yayılıb, həmin vərəqələrdə Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi barədə tələblər və millətçi xarakterli böhtan və uydurmalar var”.

 

Vəziyyət gərginləşməkdə davam edirdi. 1969-cu ilin iyul ayında Heydər Əliyev Azərbaycanın rəhbəri seçildi. O, qısa müddətdə respublikada vəziyyəti sabitləşdirməyə, tezliklə siyasi həyatda və iqtisadiyyatda da sanballı uğurlara nail oldu. Bütün respublika ilə birlikdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti də inkişaf edirdi. Burada yeni təhsil müəssisəsi – Pedaqoji İnstitut yaradıldı, Xankəndiyə dəmir yolu çəkildi, yeni sənaye müəssisələri yaradılır, yaşayış məntəqələri abadlaşdırılırdı. Azərbaycanın maddi rifahı Sovet İttifaqında ən yüksək sürətlə artırdı. Respublikanın sürətli inkişafından bütün Azərbaycan, o cümlədən muxtar vilayətin erməni əhalisi də bəhrələnirdi.

 

Bütün bu illər ərzində mən Heydər Əliyevin komandasında işləyirdim, o, mənə müxtəlif sahələri tapşırırdı. 1979-cu ilin yanvarında mən Gəncə şəhərinin rəhbəri təyin edildim, 1981-ci ilin yanvarında isə Heydər Əliyev məni Bakıya, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin elm, təhsil, mədəniyyət və xarici əlaqələr məsələlərinə kuratorluq edən katibi vəzifəsinə keçirdi. Elə ilk görüşümüzdə o, mənim hansı məsələlər üzərində işləməli olduğumu göstərdi. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə bağlı, gündəlik diqqət tələb edən məsələlər ən vacib və mühüm problemlərdən idi.

 

Bir dəfə Heydər Əliyev gözlənilmədən məndən soruşdu: “Sən şair Vaqifi tanıyırsanmı?” Mən cavab verdim: “Əlbəttə, tanıyıram”. O, mənə diqqətlə baxdı və dedi: “Yox, sən hamısını bilmirsən”.

 

Sonra söhbət bizim cari kommunist və beynəlmiləlçi vəzifələrimizdən uzaq mövzuya keçdi. Heydər Əliyev dedi ki, Şuşada Vaqifin məqbərəsini tikməyi qərara alıb. Məqbərənin layihəsi hazırlanır, yer seçilib, tikinti başa çatandan sonra məqbərənin təntənəli açılışını və Vaqif Poeziya Bayramını keçirmək nəzərdə tutulur. Heydər Əliyev sözünə davam edərək dedi: “Sən bu məsələləri ən yaxın vaxt üçün prioritet məsələ kimi qəbul etməlisən. İstəyirəm ki, sən mənim əsas məqsədimi biləsən. İndiki halda Vaqif bizim üçün sadəcə şair, məqbərə sadəcə qəbirüstü abidə, bayram sadəcə şeirlər oxumaq deyil, Vaqif bizim üçün Azərbaycanın dövlət xadiminin rəmzidir və belə də olacaq. Şuşadakı məqbərə bizim üçün Qarabağ xanlığının timsalında Azərbaycan dövlətçiliyinin rəmzi, poeziya bayramı bu torpaqda Azərbaycan dilinin əbədi təntənəsinin rəmzidir”.

 

 Üç nöqtə.- 2021.- 16 sentyabr.- S.7.