“Teatr dövrün
tələblərinə cavab verməlidir”
Nicat Kazımov: “Teatr
zamanı qabaqlamalıdır”
“Teatrda
həddən artıq istedadlı gənclər var. Doğrudan da, çox
bacarıqlı aktyorlarımız, aktrisalarımız var. Onlardan bir
neçəsinin adını da deyə
bilərəm. Anar Seyfullayev,
Anar Səfiyev, Ramil Məmmədov,
Vahid Orucoğlu, Araz Pirimov, Müşviq
Əliyev, Nurlan Süleymanlı, Mirsənan
Kazımlı, Səbinə Məmmədova, Zümrüd
Məmmədova və digərləri, həqiqətən,
potensiallı gənclərdir. Bu insanlar işləməyə həvəsli gənclərdir.
Şəxsən mən teatrın gənc aktyorlarından və
aktrisalarından razıyam”. “Üç
nöqtə” qəzetinin qonağı Respublikanın Əməkdar
artisti Nicat
Kazımovdur.
-Teatırın
adının-"Gənc Tamaşaçılar Teatrı"
ifadəsinin gözləntisi işinizi sərhədləmir?
-Gənc Tamaşaçılar Teatrları keçmiş SSRİ-də yaranıb və sosialist ölkələrində populyar olub. İndi MDB ölkələrində daha çox fəaliyyət göstərir. Lakin bütün dünyada uşaq və gənclər üçün teatrlar mövcuddur. “Gənc Tamaşaçılar Teatrı” ifadəsi heç cür yaradıcılığımın qarşısını ala bilməz. Heç vaxt ad bizim işimizə mane olmur. Bu teatrda biz uşaqlarla yanaşı gənclər üçün tamaşalar hazırlayırıq. Uşaq tamaşaları gündüz saatlarında oynanılır. Hər həftənin altıncı və bazar günləri isə daha böyük insanlara hesablanan tamaşalar nümayiş olunur. Ona görə deyirəm ki, bu teatr yaradıcılığımın qarşısını heç cürə ala bilmir.
Tamaşalarıma nəzər salsaq, nə qədər zəngin məzmunlu olduğunu görərik. Gənc Tamaşaçılar Teatrında istənilən mövzuda, istənilən janrda tamaşalar hazırlamaq mümkündür. 2002-ci ildə bu teatrda pantomim tamaşa qurmuşam ki, hamıya çox yaxşı tanış olan “Ana Qaz” tamaşasından söhbət gedir. O vaxtlar “Gənc tamaşaçının ensklopediyası” adlı kitabda bu teatr haqqında belə bir cümlə yazılmışdı: “Sirk, pantomima, rəqs, mahnı, dram, komediya, baletin sintezi”. Yəni bildiyimiz janrların hamısını Gənc Tamaşaçılar teatrında etmək mümkündür.
-Dramaturgiya çətin sahədi, burada seçilən mövzular maraqlı olmalıdır. Təkcə oxucu üçün yox, eyni zamanda kütləvi baxış üçün maraqlı olmalıdır. Gənc dramaturqlara müraciət edirsinizmi?
-Mən çağdaş Azərbaycan dramaturgiyasına müraciət eləmirəm, daha doğrusu eləməmişəm. Əgər hansısa maraqlı bir əsər olsa, o barədə düşünərəm. Düzdür, çox müraciətlər olur, oxuyuram, elə müəlliflərin əsərləri var ki, çox maraqlıdır. Amma əsər teatr üçün deyil. Baxın, ayrı-ayrı obrazların dilindən nələrisə vermək dram əsəri yazmaq deyil. Bernard Şounun bir cümləsi var. Deyir, teatra əsər yazmaq üçün ən azından 10-15 il onun tozunu udmalısan. Çox təəssüf olsun ki, bu gün teatr üçün yazan gənc dramaturqların teatrdan xəbəri yoxdur. Teatr üçün yazmaqdan ötrü onun mətbəxini bilmək lazımdır. İdeya baxımından maraqlı ola bilər, amma belə əsərlərin səhnə həllini tapmaq çox çətindir. Odur ki, teatra əsər yazılarkən teatrı bilmək lazımdır. Mən demirəm ki, gənc dramaturqlar yaza bilmirlər. Onların əsərlərində maraqlı məqamlara rast gəlmək olur, lakin teatra uyğun deyil.
-Çağdaş
Azərbaycan dramaturgiyasından nələri gözləyirsiniz?
-Gözləyirəm ki, nə vaxtsa bizim də dramaturqlar teatr üçün əsər yazacaqlar. Bir az öncə dediyim fikirlərə yenidən qayıtmaq istəmirəm. Əsəri obrazlara bölməklə iş bitmir. Əsər teatr üçün maraqlı olmalıdır. Baxırsan ki, əsər yalnız oxumaq üçündür. Baxın, teatr həm də göz üçündür, ona baxılır, yalnız eşidilmir. Bunları nəzərə almaq lazımdır. İnşaAllah nə zamansa elə bir dramaturq olar.
-Teatr fəaliyyət göstərdiyi zaman kəsiyində gedən prosesləri nümayiş etməyə borcludurmu?
Borcludursa, bizim teatrlar bu günü
onu sərgiləyə bilirmi?
-Teatr maraqlı olmaq üçün aydın məsələdir ki, dövrün tələblərinə cavab verməlidir. Hətta deyərdim ki, teatr zamanı qabaqlamalıdır. Teatr bədiidir, burada insanlar istirahət etməyə gəlirlər. Bu istirahətin içində tamaşaçılar maariflənməlidirlər, müəyyən mesajları almalıdırlar. Bunların hər biri istirahətin içində baş verməlidir. Klassik əsərlərin özündə belə müasir baxış olmalıdır. Bu çox vacibdir. Müasir baxış elə dövrün ismarıclarını vermək deməkdir. Bu kimi məsələlər rejissorun istedadı, bacarığından asılıdır.
-Teatrın gənc yaradıcı heyəti sizi qane edirmi?
-Teatrda həddən
artıq istedadlı gənclər var. Doğrudan da, çox
bacarıqlı aktyorlarımız, aktrisalarımız var.
Onlardan bir neçəsinin adını da deyə bilərəm.
Anar Seyfullayev, Anar Səfiyev, Ramil Məmmədov, Vahid
Orucoğlu, Araz Pirimov, Müşviq Əliyev, Nurlan Süleymanlı,
Mirsənan Kazımlı, Səbinə Məmmədova,
Zümrüd Məmmədova və digərləri, həqiqətən,
potensiallı gənclərdir. Bu insanlar işləməyə
həvəsli gənclərdir. Şəxsən
mən teatrın gənc aktyorlarından və
aktrisalarından razıyam. Düzdür,
aktyorun daha da püxtələşməsi üçün
zaman, çalışqanlıq lazımdır. İnşaAllah ki, zamanla onlar da dediyim səviyyədə
püxtələşərlər.
-Yaradıcı adamların içində həmişə
tükənmək qorxusu olur. Belə
narahatlığınız varmı?
-Tükənirsənsə,
sən unudulursan, tükənirsənsə, deməli, lazım
deyilsən. Bunların hər biri qorxulu məqamlardır.
Tükənməmək üçün insan
öz üzərində işləməli, daha çox
mütaliə etməlidir. Qorxu hissi
hamı kimi məndə də var. Amma bir şeyi bilirəm ki,
hazırda mənə ehtiyac var. İnşaAllah heç bir
zaman özümü lazımsız insan kimi hiss etmərəm.
-Sənət taleyinizdə hansı tamaşanı daha çox qiymətləndirirsiniz.
Daha doğrusu, peşəkarlıq tərəfdən
daha mükəmməl
saydığınız hansı
tamaşadır?
-Mənim dövlət xətti ilə hazırladığım tamaşaları nəzərə almasaq, qırxdan çox quruluş verdiyim tamaşalarım var. Onların hər biri mənim üçün əzizdir. O tamaşalarda həm nələrisə öyrətmişəm, həm də özüm öyrənmişəm. Peşəkarlıq tərəfindən danışsaq, sevdiyim bir neçə tamaşanın adını söyləyə bilərəm. Bu siyahıda Gənc Tamaşaçılar Teatrında səhnələşdirdiyim “Ana qaz”, “Pəri Cadu”, “Leyli və Məcnun”, “Tanrıya 14 məktub”, Akademik Milli Dram Teatrının səhnəsində hazırladığım “Kabuslar”, “Zorən Şorgöz”, “Kölgə” kimi tamaşalar yer alır. Bunların arasından isə mənim üçün ən öndə “Tanrıya 14 məktub” dayanır. Ki, tamaşa müasir teatrın bütün tələblərinə cavab verir.
-Bu gün
tamaşaçı və ya potensial tamaşaçı ilə teatr arasında əlaqə qurmaqda
təbliğat vasitələrinə ehtiyac
varmı, yoxsa tamaşaçılar onsuz da teartı sevirlər?
-Təbliğata
hər zaman ehtiyac var. Düzdür, hər bir teatrın, sənət
adamının öz tamaşaçısı var, amma yenə
də təbliğat lazımdır. Şükürlər
olsun, hazırladığım tamaşalarda hər zaman
tamaşaçı olur. Buna görə
onlara minnətdaram. Çox sağolsunlar,
maraq göstərirlər, gəlirlər, baxırlar. Təbliğata niyə deyirəm, ehtiyac var,
cavablayım. Baxın, elə
tamaşaçılar var ki, hansı teatrda hansı
tamaşanın getdiyindən xəbərsizdir. Düzdür, müxtəlif saytlarda aylıq repertuar
öz əksini tapır. Lakin hamı da
saytlara baxmır axı. Çox istəyərdim
ki, şəhərdə olan reklam lövhələrindən
bir neçəsində teatrlarda olan tamaşalara dair məlumatlar
öz əksini tapsın. Televiziyalarda da, həmçinin,
normal reklamları getsin. Tamaşaçıya
tamaşa haqqında dolğun məlumat verən reklamları nəzərdə
tuturam.
-Repertuar seçimində
hansı prinsiplərdən
çıxış edirsiz?
-Mənim üşün əsas meyar əsərin məni cəlb etməsidir. Mənim üçün vacibdir ki, əsəri oxuyanda ona müxtəlif
rakurslardan baxa bilim. Bu əsər
məni maraqlandırırmı,
onun barəsində nəsə deyə bilərəmmi? Hansı mesajları
göndərə bilərəm?
Bunlar mənim üçün vacib olan birinci
şərtdir. İkincisi isə
tamaşaçının zövqü
ilə mənim istəyimin üst-üstə
düşməsidir. Hərdən elə əsər olur ki, çox
bəyənirəm, amma
düşünürəm ki, bu əsər
tamaşaya qoyulsa, tamaşaçı ona baxmayacaq. Çalışıram, balansı qoruyum.
Tamaşanın son məşqlərində artıq zalda oturub ona tamaşaçı
gözü ilə baxıram.
-Çox vaxt "aktyor məktəbi”, "rejissor
məktəbi” kimi ifadələr işlədirik.
Sizcə,
"məktəb” nədir?
Azərbaycan teatrında "məktəb”
olubmu?
-Azərbaycan teatrında məktəbi olan böyük sənətkarlarımız
olub. Elə Tofiq müəllim
Kazımovu götürə
bilərik, bu vaxta qədər olan sənətkarların
böyük əksəriyyəti
o məktəbin yetirmələridir.
Allah Tofiq müəllimə
rəhmət eləsin.
Daha sonra Vaqif müəllim
İbrahimoğlu böyük
məktəb olub.
Allah ona da
rəhmət eləsin.
Azərbaycan teatrına çox
böyük töhvələr
verib. Müəllimim Bəxtiyar Xanızadə
böyük məktəbdir.
Bəxtiyar müəllimin tələbələrinin
hər biri ustadına layiq olmağa çalışır.
Bir çox sənətkarların
adını çəkə
bilərəm bu suala cavab olaraq.
-Nicat Kazımov necə, “məktəb”ə
çevrilə bilibmi?
-Bilmirəm. Özüm haqqımda “məktəbəm”
deməyim düzgün
olmaz. 1996-cı ildən bu günə
qədər Gənc Tamaşaçılar Teatrına
gələn aktyorların
95 faizi ilk olaraq mənim tamaşalarımla
səhnəyə çıxıblar.
O aktyorlar seviliblərsə
də, mənim tamaşalarımla seviliblər.
Hazırda mənə “müəllim”
deyənlər çoxdur.
Düzdür, Mədəniyyət və İncəsənət
Universitetində, Bakı
Musiqi Akademiyasında dərs deyirəm, tələbələr yetişdirirəm,
amma özümə “məktəb” deməyim düzgün çıxmaz.
Mən o
zaman “məktəb” olaram ki, tələbələrim
də bəlli bir zirvədə olar.
-Deyirlər, “təhsil sənətin meyarlarını yaradır”.
Azərbaycanda teatr təhsili
lazımi meyarları yarada bilirmi?
-Teatr təhsilindən
bir o qədər də razı deyiləm.
Düşünürəm ki, daha da mükəmməl ola bilər. Onsuz Universiteti bitirib
teatra gələn aktyorlar üçün müəyyən
bir zaman lazım olur, adaptasiya getsin ki, düşdükləri
teatrın tələbləri ilə ayaqlaşa bilsinlər.
Fikrimcə, aktyor teatra peşəkar gəlməlidir.
Amma təəssüflər olsun ki, Universiteti
yenicə bitirmiş aktyorlara peşəkar demək olmur.
İncəsənət sferasında təhsil sistemində bəzi
dəyişiklər etməyə ehtiyac var. Mənə görə,
“aktyorluq” və “rejissorluq” ixtisaslarına qəbul olanlar
ayrılıqda təhsil almamalıdırlar, onlar
axırıncı ilə qədər birlikdə təhsil
alıb, yalnız axırıncı il
ixtisaslaşmalıdırlar. Bir də ixtisasyönümlü
dərslər daha çox üstünlük
təşkil etməlidir.
Rövşən Tahir
Üç nöqtə.-
2021.- 7 yanvar.- S.12.