Şəhadətindən öncə Cənnəti
qazananlar...
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ...
deyə fəryad edirdi Ağabəyim ağa...
Uzun illər bu məmləkətin
gəlin köçən qızlarının ürəyində,
şəhid balasının tabutunu qaldıran Ataların
kürəyində, özünü doğma ocağından kənarda
qərib bir quş sanan yurd həsrətlilərin dünyadan
köç eyləyən zaman yumulmayan gözlərində
nisgilə çevrilmişdi Qarabağ...
Qarabağ ağrı idi...
Qarabağ həsrət idi... Qarabağ
düyün idi... Qara bəxt idi... Qapısı bağlı
qalmış yurd yeri idi...
Bu ədalətsizliyə dünya
birliyi hələ də susurdu...
körpəsi qanına qəltan edilən, qocaları
tövləyə yığılıb yandırılan,
tüstüsü ərşə dayanan, qadınlarının
namusu tapdanan bir məmləkətdə haqqı – tarixi ədaləti
bərqərar etmək yerinə dünyanın hansısa
bir köşəsində xəritədə heç adı
da olmayan kəndin girəcəyindəki kilsənin dam
örtüyünün çatlamasını daha bəşəri
bir məsələ, hadisə kimi gündəmə gətirib
müzakirə edir, işıqlandırırdılar...
Kor deyildik ki... hamısını
görürdük. Onu da anlayırdıq ki, özünə
gün ağlamayana el də yığılsa, gün
ağlayası deyil.
Hər anı bir ömrə bədəl 44
günlük qutsal savaşımızda Vətən
Oğulları bizə anlatdı ki, dərdimizin dərmanı
hansısa beynəlxalq qurum, təşkilat deyil.
Qapısı
bağlı Qarabağın açarı Azərbaycan Ordusunun
– zabitinin, əsgərinin cibində imiş... Bircə
"İrəli!” kəlməsinə bənd imişlər
ki, Dünya birliyinə Birliyin nə olduğunu göstərsinlər.
Bircə himə bənd imişlər ki, bu torpağın nə
cəngavərlər yetirdiyini bütün bəşəriyyətə
isbat etsinlər.
Heç 30 yaşı olmayan, bu torpağın
üstündə 30 il yaşamağın səfasını
görməyən igidlər elə cəfalara
qatlaşdılar ki, son nəfəsimizədək onların
borcunu ödəyə bilməyəcəyik. Millətin
çiynindəki 30 sənəlik əsarət
yükünü qaldıran, alnında şırım
salmış qeyrət ləkəsini təmizləyən,
qanıyla Tarix yazan, əməlləriylə şəhadətindən
öncə Cənnəti qazanan comərd oğullardan biri də
Vətən Müharibəsi Qəhrəmanı Azər
Nazim oğlu Yusiflidir.
Azərin şərəfli
ömür yolunu – döyüş yolunu ölümsüzləşdirmək
amacıyla silahdaşları ilə söhbətlər edir,
yaralı canı, vətən yolunda fəda etdiyi qolu,
ayağı, itirdiyi gözünün nuruyla zəfər yazan
igidlərin cəbhə ilə bağlı xatirələrini
dinləyirəm. Ömrünün gənc
çağında, arzularının boy verib, ümidlərinin
çiçək açdığı yaşda Azər kimi
Oğulu, övladı, qardaşı, dostu, yarı itirməyin
nə qədər acı olduğunu iliklərimə qədər
duyuram, itkinin nə qədər ağır və
ağrılı olduğunu bütün ruhumla dərk edirəm, amma döyüş
yoldaşlarının onun haqqında
danışdıqlarını dinlədikcə onun yoxluğu
böyüklükdə qürur dolur adamın içinə.
Bu söhbətləri də məhz ona görə qələmə
alıram ki, bizim asanlıqla zəfər dediyimiz söz
PUA-larla, dronlarla, ağır artilleriya ilə
qazanılmayıb, o bayraqlar öz-özünə
qalxmayıb, ucalmayıb. Torpağı azad etmək, Vətənin
ərazi bütövlüyünü hasilə gətirmək
üçün neçə cavan ömürlər yarım
qalıb... Hər birinin döyüş yolu bir dastan, bir
tarixdir. Onların haqqında danışılanlar isə
Savaşın – Zəfərin unudulmaz səhifələridir...
Xatırlayırsızsa, biz həmin günlərdə
evimizdə oturub televizorun mavi ekranında cəbhədən gələn
xəbərləri, eyni zamanda cəbhədən xeyli
aralıda sivil insanlara qarşı törədilən terroru
necə sarsıntıyla izləyirdik. Onlar isə
o odun-alovun içində, başının üstdəki mavi
səması bombarduman olan, sutkalarla aclığa,
yuxusuzluğa, dözülməz yaralara rəğmən,
soyuqda, şaxtada addım-addım irəliləyən,
yastığı vətən daşı olan oğullar
sözün həqiqi mənasında əfsanə imişlər...
Azərin döyüş yoldaşı,
Dövlət Sərhəd Xidmətinin leytenantı Xəyal
Namazov danışır ki, biz Füzulini azad edib üçrəngli
bayrağımızı Füzulidə
ucaltdığımız və böyük ruh yüksəkliyi
ilə irəlilədiyimiz bir məqamda Gəncədə
törədilən terror aktından xəbər tutduq. Təsəvvür
edin, Bakıda, Şəkidə, Lənkəranda bu hadisəyə
necə sarsılırsınız və bir də
düşünün ki, erməninin beş metrliyində onların
belə vəhşiliyinə biz nə cür reaksiya verərik?
Azər Gəncə hadisələrini eşidəndə dəli
bir nərə çəkdi: "Kişilikləri
çatırsa, döyüş meydanında
qarşımızda duruş gətirsinlər. Əgər
kişidirlərsə, burda dayansınlar
qabağımızda...” – dedi.
Bəli, Azər bu dediklərində sonuna qədər
haqlı idi. Döyüş meydanında hərbi
texnikasını, silahını, sursatını, səngərini
qoyub qaçan tülkü xislətlilər pusquda dayanıb
gecə yatmış şəhəri – sivil insanları,
körpə uşaqları raket atəşinə tutan,
bombalayanlar idi.
Gəncədə, Tərtərdə, Bərdədə
günahsız, dünyadan xəbərsiz məsum körpələrə
tuşlanan o terror ərəfəsində "Fəryad” filmi
gözümün önündə kilidlənmişdi elə
bil. Filmin bəzi səhnələrini günlərlə
yaddaşımdan çıxara bilmirdim. Xatırlayırsızsa,
Ceyhun Mirzəyev həmin o olduğu otağı yandırsaydı,
xilas olacaqdı.Amma o, körpə erməni
uşağının ağladını eşidir,
görür ki, otaqda azyaşlı uşaq var, cəld yerindən
sıçrayıb alovu söndürür. Bu,
başqalarının, hətta sənə düşmən
olan, sənə qənim kəsilənlərin körpəsinin
taleyini öz şəxsi taleyindən üstün tutmaq, əsl
insanlıq göstərmək idi. Bu əsl azərbaycanlı
kişisinin xarakteri, Azərbaycan insanının humanizmi idi...
Bizim analarımız beşiyimiz başından
bizi sevgiylə böyüdüb, xəmirimizi sevgidən
yoğurublar. Düşmən isə uşağından
böyüyünəcən nifrətlə kükrəyib həmişə...
Vətən savaşımızda da bizim içimizdəki
Sevgi o nifrətə qalib gəldi, bizim Vətən sevgimiz o
eybəcər məxluqatın belini qırdı... Sevgi Xeyir rəmzidir,
İşıqdır – bu həm də Xeyirin şər,
İşığın Qaramat üzərində qələbəsi
demək idi.
Sevgiylə böyümək, sevgiylə
tərbiyələnmək insanın mənəvi aləminin
formalaşmasında o qədər vacib məqamdır ki, bunu
Azərlə bağlı silahdaşlarının cəbhə
xatirələrini dinləyərkən komandirinin sözlərində
bir daha şahid oldum: "Müharibə elə bir yerdir ki, orda insandan
düşmənə qarşı nəcib söz gözləmək
sadəlövhlük olar. Əsəbləşirsən, hətta
söyürsən də. Amma inanırsız, Azər mərdliyi
ilə ürəyimizdə iz saldığı kimi, səbri, əsaləti,
təmkini ilə də yaddaşımızda iz qoydu:
Ən kritik məqamlarda, savaşın ən gərgin
anlarında, bütün əsəbləri tarıma çəkildiyi
bir vaxtda belə Azər dilindən nalayiq söz
çıxarmaz, bircə kəlmə işlədərdi ermənilərin
ünvanına: Şərəfsizlər... Onun içindəki
qəzəbi, nifrəti, hiddəti bax o bircə "Şərəfsizlər”
kəlməsinin içində idi. Deməyim
odur ki, Azərin elə yüksək daxili mədəniyyəti,
tərbiyəsi var idi ki, hətta bu qədər vəhşiliyin,
vandallığın, barbarlığın qabağında belə
içindəki mədəni sükutu qoruyur və
döyüş meydanında cəngavər kimi layiqincə
verirdi onların dərsini...
"Cəbrayıl uğrunda gedən
döyüşlər idi. İnanırsız, tək bir kəndi
almaq üçün neçə - neçə şəhid
verirdik. Artıq əmin olduq ki, tərtəmiz təmizləmişik
ətrafı. Qəflətən baxışlarım Azərlə kəsişdi. Gözlərinin
içi gülürdü, çünki döş cibində
- ürəyinin üstündə əzizlədiyi
bayrağı asmaq zamanı yetişmişdi. Bu müqəddəs
görəvi Azər o qədər məhəbbətlə,
qürurla həyata keçirirdi ki... Elə bilirdin bayraqla bərabər
özü qanadlanıb uçur səmada... Sağa
– sola baxdı, bayrağı ucaltmaq üçün salamat yer
qalmamışdı. "Bu şərəfsizlər
daşı daş üstə qoymayıblar”, - deyə
köksünü ötürdü. Gözünə bir
paslı dirək sataşdı, uşaq kimi sevincək
atlanıb həmin dirəyə çıxdı, Azərbaycan
bayrağını bağladı. "Burda bu bayrağı
ucaltmağımız üçün, bura
qədər yol gələ bilməyimiz üçün
neçə laçın kimi oğullar canından
keçdi, şəhid oldu, uca Allahdan onlara rəhmət,
yaralı qardaşlarımıza şəfa diləyirik.
Üzü Qələbəyə sarı yol gedirik. İstiqamət
Şuşa, Xankəndi”, - dedi. Qəribədir, təkcə
öz adından yox, hamımızın adından
danışdı, hamımızın ürəyimizdəkiləri
dedi... Nə yaxşı ki, uşaqlar o anları videoya çəkib,
o anları əbədiləşdiriblər.
Silahdaşı, Dövlət Sərhəd Xidmətinin
baş giziri Cavidan Səfərov danışır ki: "Azərin
çox həssas ürəyi vardı... Bu qədər gənc
yaşda belə ürəkdə qayğıkeş, fədakar
olmaq hər oğulun işi deyildi. Məsələ
təkcə onun döyüş meydanında göstərdiyi şücaətlər
deyil, Azər elə adi gündəlik həyatda da qəhrəman
idi. 25-26 yaşlı cavan bir adam kimi yox, biz həmişə
onun sanki valideynmiş kimi Ata kimi yükü,
qayğını öz üstünə çəkdiyini
görmüşük. Sizə adi nümunələr deyəcəm,
təsəvvür edin, avqust ayında 45-50 dərəcə
istidə suyu bircə qurtum da özü içməz, bizə
içirərdi. Ortalığa yemək gələndə yeməyi
birinci bizim qabımıza çəkərdi, özü yeməz,
bizə yedirərdi. Sadəcə dost kimi,
qardaş kimi arxa deyildi Azər, həm də Ata kimi qol-qanad gərirdi,
valideyn kimi cəfakeşlik edirdi uşaqlara qarşı.
Bütün heyət onun xatirini çox istəyirdi, onun yolunu
əziz tutar, hörmətini saxlayardı.
Döyüşün ən ağır məqamlarında biz
subay olanlar hər gün arzulayırdıq ki, biz şəhid
olaq, onların dırnağına daş dəyməsin,
övladı olanlar, nişanlısı olanlar sağ-salamat
qayıtsınlar ocaqlarının başına, çünki
onların gözü yolda balaları var, Azər kimi toy
murazı üstə olanlar var...
Azərin şəhid olması xəbəri elə
bizim hamımıza güllə kimi dəydi...” – deyən Cavidanın səsi titrəyir, qəhərdən
boğulur... Tankın qabağında,
qırıcı raketlərin nişangahında, mərmi
yağışlarının altında saçının
tükü də tərpənməyən, ölümün
gözünə dik baxan bu igid qardaşlarımın şəhadətə
yüksələn döyüş yoldaşından
danışanda necə hönkürdüyünü
yazmağa sözümün gücü yetmir...
Onların danışdığı hər bir
cümlə bir tarixdir, tarixin özü qədər dəyərlidir,
gələcəkdə yazılacaq tarix kitablarının səhifələridir...
Onları dinlədikcə hərdən mənə elə gəlir
ki, hansısa filmdən bir epizod, romandan bir parça
danışırlar. Film kimi günlər yaşayıblar həqiqətən
də... Bütün çətinliklərə rəğmən
qürur dolu...
Bu məqamda Azərin çiyin-çiyinə
döyüşdüyü silahdaşı Dövlət Sərhəd
Xidmətinin leytenantı Əşrəf Həsənovun səsi
məni xəyaldan ayırır: Azər bizim ürəyimizdə
təkcə cəngavər döyüşçü kimi yox,
həm də çox yuxa ürəkli, fədakar yoldaş
kimi qalacaq. Cəbrayılda Araz boyu Xudafərin əməliyyatından
sonra başqa bir döyüş tapşırığı
verildi və biz SATın komandası ilə (SAT – Su altı təxribat)
birləşib irəlilədik. Çox ağır
döyüşlər getdi və biz həmin əraziləriləri
azad elədik. Sultanbəyli kəndiydəydik. Müharibə
elə bir yerdir ki, vahid bir mərkəzdən yeməyi-içməyi,
ərzaq ehtiyatını idarə etmək, daimi nəzarətdə
saxlamaq mümkün olmur. Və orda bizim arxamızca dörd
gün yemək gəlmədi. Təsəvvür edin, dörd
gün ərzində dilimizə bir tikə çörək dəyməsə
belə zərrə qədər də aclıq, yorğunluq
hiss etmədən döyüşlərə
atılırdıq. Daşqın var idi, Daşqın
Rzalı, Ruhu şad olsun, o da şəhadətə
qovuşdu. Bir də gördük ki Azər
qardaşımızla Daşqın hardansa gəlir. Azərin
çiynində də dolu bir çuval. Yanımıza
çatanda gördük ki, Azərlə Daşqın
uşaqlara yemək gəlmədiyinə görə narahat
olub, xeyli yol qət edib gedib bir nar bağı tapıblar,
düz bir çuval nar dərib gətiriblər. Təsəvvür
edin, dörd gün yemək yeməmişdik, narın dənələrinin
bir giləsini də yerə düşməyə qoymadıq.
Ac vaxtımızda dünyanın ən şirin neməti oldu
nar...
Nar... Nar...
Əşrəfin bu danışdıqları mənim
üçün çox mətləblərə varmaq
üçün bir yol, açar oldu... Azər dörd gün
arxalarınca yemək gəlmədiyini görüb
döyüş yoldaşlarına azuqə tapmaq
üçün yola çıxdı və Tanrı onun yolunu, güzarını bir nar
bağına saldı.... Niyə məhz nar bağı? Alma
yox, heyva, karalyok yox, məhz nar... Axı Nar behişt meyvəsi,
cənnət rəmzidir. Hədislərdən də birində
buyurulur ki, kim ki, Haqqa qovuşmazdan öncə könlündən
nar keçərsə, nar yeyərsə, nar arzulayarsa, bu onun cənnət
meyvəsini nuş etməsi, behiştə doğru
addımlaması deməkdir... Hətta bu dünyada yarım
qalmış eşqlərin, aşiqlərin Tanrı dərgahında
bir nar ağacının altında vüsala
çatacağına da işarə edilir. Şəhadətindən
öncə Cənnəti qazananlar...
Azərlə Daşqının hər ikisinin
nar bağına bərabər getməyini və daha sonra hər
ikisinin şəhadətə ucalmağını
düşündüyüm bir məqamda Əşrəfin
dedikləri ruhumda daha bir fırtına olur sanki:
"Döyüş yoldaşımız Tofiq vardı. Tofiq
Əmirli. Mükəmməl inancları vardı. Hər səhər
imsaq vaxtı oruc tutar, namazını qılar, sonra meydana
atılardı. Şəhid olanda da elə oruc idi... Bir axşamçağı iftar vaxtı idi, rəhmətlik
Tofiq orucunu açmaq üçün su tapmadı. Azər
"Bu dəqiqə gəlirəm”-deyib gözdən itdi.
Çox dəqiq kəşfiyyatçı idi Azər, şərt
təkcə düşmən arxasınca mükəmməl
planlanmış kəşfiyyat taktikası deyil, adi məsələlərdə
də son dərəcə dəqiq, həm də dost,
yoldaş kimi olduqca cəfakeş idi. Yəni düşünməzdi
ki, burda hər yan minalanmış ərazilərdir. Burda
dörd bir yanda düşmən
quzğun kimi pusquda dayanıb. Tofiqə su lazımdır, vəssalam,
Azər özünü oda-közə vurub quşun
qanadında da olsa, o suyu tapıb gətirməli idi.
Bir qədər sonra gəldi. Azər
çox təvazökar idi, elədiyini qürrələnib
danışmazdı. Suyu yerə qoymaq üçün əyiləndə
təsadüfən bıçağı kitelindən yerə
düşdü, bıçağın tiyəsindən qan
damırdı. Biz sonra bildik ki, su dalınca gedəndə
düşmən pusqusuna rast gəlib, aralarında əlbəyaxa
döyüş gedib, Azər də düşmənin layiqli dərsini
verib qayıdıb. Əsas olan o idi ki, o iftara Tofiq
üçün su tapıb gətirə bilmişdi.
Rəhmətlik Şayəstə nənəm
"Oruc adamın süfrəsinin tədarükünü
hazırlamaq elə orucun özü qədərində savab
sayılır”-deyərdi. Hələ bütün bunlar
müharibə ərəfəsində baş verirsə,
görün onda məlakələr Tofiqlə Azərin əməl
dəftərinə nə xoş şeylər yazıblar,
Allahım... Cənnəti bu dünyada qazanmaq, əməli –
saleh Peyğəmbər övladı kimi ömür
yaşamaq dedikləri yəqin
elə budur... Şəhadətindən
öncə Cənnəti qazananlar...
Mən bu dünyaya müəyyən bir missiya
üçün gələn insanların ilahi tərəfindən
Seçilmişlər olduğuna ürəkdən
inanıram. "İstiqamət Şuşa... Xankəndi”
deyib baş qoyduğu müqəddəs yolda
ucaldığı şəhadəti ilə 30 il əsarət
yükünü çiynində,
qeyrət ləkəsini damğa kimi alnında
daşıyan bir millətin dirilişinə, ayağa
qalxmağına, yumruq kimi birləşməyinə səbəbkar
olan Azərlər, Tofiqlər, Daşqınlar, Xudayarlar –
qan qardaşlarımız məhz o seçkin insanlardan,
seçilmişlərdən idi...
Bugün Zəfər yürüşünə
çıxan millətin mübarizə yolu,
bütövlük ideologiyası məhz ordan – Azərlərin şəhadətindən
başladı... Azərlər o müqəddəs
yolun başında Haqq savaşçısı kimi dayanıb
bütöv bir məmləkəti bir bayraq altında cəm
elədi, "Dünya birliyi”nə bütövlüyün,
milli birliyin nə olduğunu göstərdilər...
Vətən boyda ürəklərindəki
müqəddəs amal Cəbrayıldan, Füzulidən
başlayıb Şuşaya yol almaqdı ki, o Haqq yolunda şəhadətə
yüksəldilər, döyüş yoldaşlarından qabaq
Şuşaya çatdılar. Zəfər
günü Şuşaya girən təkcə o bizim
gördüyümüz müzəffər ordunun əsgərləri
deyildi, onların başı üstündə
Şuşanın dağlarının başındakı
dumanı dağıdan, Şuşanın azad, aydın səmasında
pərvazlanan məğrur, qalib ruhlar var idi –
yuxarıdan qoruyurdular
döyüş yoldaşlarını, Xudaya yar, Tanrıya
yoldaş olub Haqqın – Xeyirin şər üzərində qələbəsinə
sevinirdilər.
Azər o Haqq savaşın öndə gedən
bayraqdarıydı... ürəyinin üstə əzizlədiyi
şanlı bayraq indi Tanrı qatında ucalırdı...
İlahi ədalət bərqərar
olmuşdu.
Xarıbülbül əsirlikdən azad
olmuşdu, üzü Günəşə doğru
gülümsəyirdi...
Azad Qarabağın aydın səmasında Azərin
nişanəsi olan 26 Bayraq dalğalanırdı...
Vətən Cənnətə
dönmüşdü...
P.S. Fikirlərimi
yekunlaşdırdığım bir məqamda gözüm təqvimə
sataşır... Bu gün Sənin şəhadətə
ucalmağının 3 ayı tamam olur, Qəhrəman
Qardaşım!
Saat 21:00,
21 yanvar 2021-ci il, XXI yüzil. Təqvimdə
belə rəqəmlər min ildə bir olur... Elə Sən
özün də Tarixin yüz ildə, min ildə bir
yetişdirə biləcəyi Oğulsan!
Nur
içində uyu, Azər! Ruhun şad, Tanrı qatında
şəhadətin qutlu olsun!
Xəyalə Zərrabqızı
Üç nöqtə.- 2021.- 28
yanvar.- S.-8-9