Orta məktəbdə oxuyanda

jurnalist olmaq istəyirdim...

 

Orta məktəbin son siniflərində oxuyanda jurnalist olmaq arzusu ilə alışıb yanırdım. Və başqa bir sənət sahibi olacağımı xəyalıma belə gətirmirdim. Hər şeydən əvvəl ona görə ki, bu dünya ilə nə üçün (və nəticəsinin necə olacağını!) dərindən kəsdirə bilməyəcəyim bir davam vardı... Ancaq ADU (indiki BDU)- nun jurnalistika fakültəsinə sənəd vermək istəyəndə iki il iş stajı tələb etdilər. Mətbuatda çap olunmuş yazılarım da köməyə gəlmədi. Və başladım özümə ayrı sənət- ixtisas axtarmağa...

Hüquq fakültəsi. Alınmadı... Tarix. Alınmadı... Hər yerdə iki illik iş stajı... Universitetin geniş idman zalında yuxarısında “Filologiya fakültəsi” yazılmış guşəyə yaxınlaşdım. Sənədlərimi qəbul elədilər.

Və demək olar ki, bütün avqust boyu davam edən, hər saatı həyəcanlarla dolu qəbul imtahanları başladı. İlk imtahanımız ədəbiyyatdan yazılı idi. “Mənim ilk müəllimim” mövzusunda, o zamankı təbirlə, sərbəst mövzuda yazdığım inşadan neçə alacağımı səbirsizliklə gözləyirdim. İlk uğurdan, yaxud uğursuzluqdan çox şey asılı idi.

 ...Sənədlərimi verdiyim guşəyə yaxınlaşanda gözüm “ədəbiyyat yazıdan kəsilənlər”in siyahısına sataşdı. Adlar- soyadlar yazılmamışdı, yalnız imtahan vərəqələrinin nömrələri vardı. Ürək döyüntümün nəfəskəsici sədaları altında nömrələri diqqətlə nəzərdən keçirdim, bildim ki, kəsilməmişəm...

Ən böyük biabırçılıqdan qurtardıq!..

Bütün kənd Bakıya qəbul imtahanı verməyə gedən gənclərin vəziyyətini izləyirdi. Əvvəlki illərin təcrübəsindən bilirdim ki, qəbul olanlar dərhal qəhrəmana çevrilir, konkursa düşənlər günahı ali məktəblərin üstünə yıxa bildiklərinə görə müəyyən qədər sudan quru çıxırdılar. Sonuncu imtahandan kəsilmək də elə böyük biabırçılıq sayılmırdı. Əzazil bir müəllimin qabağına düşdüyün barədə təsirli bir “nağıl” uydurub bir neçə gün ona- buna danışmaqla el töhmətindən canını qurtara bilərdin... Ən böyük biabırçılıq o idi ki, üzünə “eybi yox, gələn il gedərsən”, arxanca isə “elə birinci imtahandaca kəsilib” desinlər...

...Ən böyük biabırçılıqdan qurtarmağın ruhi rahatlığını hiss edəndən sonra istidən təntiyə- təntiyə imtahan vərəqələrini yerbəyer edən laboranta əvvəl nömrəmi, sonra adımı- soyadımı söylədim. Axtarıb tapdı. Gördüm ki, çox maraqla baxır... Başını qaldırıb bir də soruşdu, imtahan vərəqəsinin heç kimə yox, məhz mənə aid olduğuna tam əminləşdikdən sonra:

– Səndən bir xahiş eləsəm, yerinə yetirərsənmi? – deyə soruşdu.

Mənim üçün bu dəqiqə imtahan vərəqəsində hansı qiymətin yazıldığını bilməkdən əhəmiyyətli heç nə yox idi.

– Neçə almışam?

– Yox, əvvəl de görüm yaxınlıqdakı bazardan bizə bir qarpız, iki kilo üzüm ala bilərsənmi?

     ...Mən nə hayda, bu nə hayda?.. Neçə gündü yayın bu cırhacırında boğazımdan su da keçmir. Nə qarpız, nə üzüm?

– Siz allah, əvvəl imtahan vərəqəsini verin...

Halımı bilib, daha israr eləmədi. Dodağının altında:

– “Əla” alıbsan, – deyib vərəqəni mənə uzatdı. Alıb baxdım... Hələ yaşamağa dəyərdi!.. Handan- hana laborantın səsini eşitdim:

– Hə, nə oldu? Gedirsən?

Onun cibindən çıxarıb mənə vermək istədiyi pula baxmadan qapıya yönəldim. Dediklərini alıb gətirdim. Yenə pul vermək istədi. Almadım...

İkinci, üçüncü və dördüncü imtahanlara girəndə artıq əvvəlki həyəcan yox idi.

İkinci imtahan ədəbiyyatdan şifahi idi. Bilet çəkib hazırlaşırdım ki, imtahan komissiyasının sədri içəri girib salamlaşdıqdan sonra əlindəki kağıza baxıb “Nizami Cəfərov kimdir?” deyə soruşdu. Ayağa qalxdım.

– Yaxşı yazı yazmışdın. Hamımız oxuduq... İndi vəziyyət necədi?

– Sağ olun, yaxşıdı.

– Haralısan?

– Qazaxlı.

Bizdən imtahan götürən müəllimlərə baxıb gülümsündü.

– İmtahan verəcəyin müəllimlər də Qazaxlıdı... – deyib getdi. Sonra bildim ki, komissiya sədri görkəmli türkoloq Fərhad Zeynalov imiş.

...Qazaxlı müəllimlər mənə o qədər tələbkar yanaşdılar ki, “əla”dan sonra “yaxşı” ilə razılaşmalı oldum. Sonrakı imtahanlardan da “yaxşı” aldım.

Təəccüblənirdim ki, əgər bütün suallara doğru cavab verirəmsə, niyə “əla” yazmırlar?.. Sən demə, müəllimlər “yaxşı” yazırıq deyib mənim münasibətimi gözləyəndə etiraz etməli, komissiya sədrinin gəlməsini tələb eləməliyəmmiş... Universitet müəllimlərini ömründə birinci dəfə görən, onların hər birinə dahi kimi baxan kənd uşağı bunu hardan biləydi?..

“Əla”nın altında yazılmış “yaxşı”lara o qədər də fikir vermirdim, hərdən imtahan vərəqəsini açıb “əla”ya və qarşısındakı imzaya baxır, onun hansı böyük dilçi, yaxud ədəbiyyatçı alim tərəfindən atıldığı barədə düşünürdüm. Hər dəfə də belə xəyal edirdim ki, məndən imtahan götürən bütün dahilər içərisində o, yəqin, ən böyük dahidir. Sonralar öyrəndim ki, bu imza hələ heç doktorluq dissertasiyasını belə müdafiə etməmiş, təvazökar (lakin olduqca istedadlı, hamının hörmətlə yanaşdığı) bir dilçiyə- Samət Əlizadəyə məxsusdur. Bir neçə il sonra o, bizə Azərbaycan dilinin tarixi qrammatikasından dərs dedi. Tənəffüslərin birində ona yaxınlaşıb, gec də olsa, təşəkkür elədim. Gülümsündü... “Yadımdadır” – dedi, – yazını əvvəl mən oxudum, “dörd” yazmağa əlim gəlmədi, xahiş elədim ki, komissiya sədri də baxsın... Üç- dörd müəllimə də oxutduq, “əla” yazdıq... Ancaq mən imzaladım”.

Əgər mən yaxınlaşıb təşəkkür etməsəydim, yada salmasaydım, yəqin ki, Samət müəllim detalına qədər yadında saxladığı bu hadisəni heç zaman nəinki mənə, bəlkə də, heç kimə danışmayacaqdı. Və doktorluq dissertasiyasını təxminən mənimlə eyni vaxtda müdafiə edib eyni vaxtda professor adı alan bu böyük alim- şəxsiyyət, heç bir təzyiq olmadığı halda, tanımadığı birisinin işinin düzgün qiymətləndirilməsi üçün cəhd etməsəydi, boz bir “yaxşı” ilə kifayətlənsəydi, mən Universitetə daxil ola bilməyəcəydim...

 

lll

 

Kənddə məni pis qarşılamadılar... Ən yaxşı anam qarşıladı. Dünyanın ən böyük dilçisi, ədəbiyyatşünası, tarixçisi (və ictimai xadimi!) saydığım, on yaşımda itirdiyim atamı əvəz etməyə çalışan (və əvəz edən!) anam... Kim gəldisə, süfrə açdı... Bir də onda gördüm ki, imtahan verən, Universitetə qəbul olan mən yox anam imiş. Məndən çox onu təbrik edirdilər...

Bakıda mənim üçün adət etmədiyim, adət edə biləcəyimə də inanmadığım bir həyat başladı. Yaxşı ki, məndən altı yaş böyük bir dayım var imiş... Vaqif dayı... Bir il kirayədə qaldım, bir ildən sonra güc- bəla ilə Universitetin yataqxanasında yer ala bildim...Ümumiyyətlə, yataqxanada yer almaq əzabı hər il takrarlanırdı. İmtahanları kifayət qədər uğurla verib kəndə qayıtdıqdan bir az sonra daha çox onu düşünürdüm ki, yataqxanada yer ala biləcəm ya yox?.. Çünki orderi birillik verirdilər...

Elə tələbələr vardı ki, hətta kənddən gəlsələr belə, məişət işlərini, görürdüm ki, çox münasib bir şəkildə qaydaya salır, özlərini xeyli rahat hiss edirlər. Əlbəttə, burada maddi imkan da az rol oynamırdı, ancaq o qədər imkanı olmayanlar içərisində də məişət bacarığı olanlar vardı ki, özlərinə bir gün ağlayırdılar. Mənimsə Universitetdən kənar həyatım, demək olar ki, yox idi... Məişət qayğılarını bir təhər yola verir, bu barədə heç düşünməməyə çalışırdım.

...Aclıq da olurdu, müxtəlif xarakterli maddi, ya mənəvi gərginlik də... Ancaq oxuduğumuz romanlardan da bilirdik ki, bütün bunlar keçicidir, mübarizə aparmaq, həyatda layiq olduğun yeri tutmaq lazımdır.

...Elə ilk günlərdən adını eşidib özünü görmədiyimiz çox görkəmli müəllim- professorlardan dərs almağa başladıq: Abbas Zamanov, Mir Cəlal,Vaqif Vəliyev, Ağamusa Axundov... Böyük yazıçı, ədəbiyyatşünas Mir Cəlalı, təbii ki, daha yaxşı tanıyırdıq, bədii əsərlərinin çoxunu, elmi əsərlərinin isə bir hissəsini oxumuşdum. “Bir gəncin manifesti”ni bilməyən yox idi... Mir Cəlal müəllim ahıllaşmışdı, bir cümləni demək üçün xeyli fikirləşir, ancaq elə cümlə deyirdi ki, saatlarla fikirləşib o səviyyədə demək çətin idi. Ədəbiyyatşünaslığın ən mürəkkəb məsələlərindən elə sadə bir dildə danışırdı ki, “modern terminologiya”nın əsiri olmağa hazırlaşan bizlər tərəddüd içərisində qalırdıq.

 Auditoriyada asta addımlarla o başa- bu başa gəzinir, mühazirə deyir, hərdən də tələbələrdən birinin qolundan tutub adını soruşur, suallar verirdi. Bir dəfə mənə yaxınlaşdı, ayağa durdum, sual elədi ki, “müsbət qəhrəman nədir?” Cavab verdim ki, “həyatdakı müsbət insanların bədii ədəbiyyatdakı obrazına müsbət qəhrəman deyilir”. Məmnunluqla gülümsəyib “bə müsbət insan nədi?” deyə soruşdu. Bir az fikirləşib dedim ki, “Mir Cəlal müəllim, onu bilmirəm”... Sonuncu sualı bir- iki nəfərə də verdi, ancaq cavab ala bilmədi. Auditoriyanın qarşısına keçib əlini belinə qoydu, ahəstə səslə “Cəmiyyəti irəli aparan, ictimai tərəqqiyə xidmət edən insana müsbət insan deyilir” – dedi.

Tələbələrə kurs işi mövzuları paylamışdı – hər dərsin birinci, ya ikinci hissəsində bir- iki nəfəri qaldırıb soruşurdu ki, “sənin əsərinin mövzusu nədi?” Hamının üzündə təbəssüm əmələ gəlirdi, bizim cızmaqaralarımıza “əsər” deməsi, özü də belə böyük yazıçı- ədəbiyyatşünasın, əlbəttə, gülməli idi.

Bir dəfə də lap arxada əyləşmiş tələbələrdən birinin qolundan tutub asta- asta yazı taxtasının qarşısına gətirdi. Ona bir- iki sual verdi, heç bir suala cavab  verə bilməyən tələbə pərtliyini gizlətmək üçün xəfifcə gülümsəməyə başladı. Mir Cəlal müəllim onu yazı taxtasının yanında qoyub yenidən arxaya getdi, həmin tələbənin parta yoldaşını qaldırıb astadan soruşdu ki, “sənin yoldaşın əvamdı?..” Mir Cəlal müəllim “əvam” tələbənin yanına qayıdana qədər verdiyi ritorik sualı tələbələr bir- birinə ötürə- ötürə həmin tələbənin özünə çatdırmışdılar...

Mir Cəlal müəllim artıq ahıllaşsa da, vaxtilə yetişdirdiyi istedadlı tələbələri – Firidun Hüseynov, Təhsin Mütəllimov, Cəlal Abdullayev, Vaqif Vəliyev, Xalid Əlimirzəyev... bizə dərs dedilər. Onlar, demək olar ki, hər dərsdə Mir Cəlal müəllimdən sitat gətirirdilər... Biz də səhvlərini tuturduq...

“Dilçiliyə giriş” fənnini professor Nəsir Məmmədov dedi. O, bu sahənin Azərbaycanda yaradıcısı, ilk dərsliyin müəllifi idi... Yuxarı kursda isə müasir dilçiliyin banisi Ferdinand de Sössürdən ixtisas kursu apardı. Onun bir sözü indiyə qədər yadımdadır; dedi ki, mən F.de Sössürü neçə illərdi öyrənirəm, ancaq nə dediyini keçən il başa düşmüşəm... “Ümumi dilçilik kursu”nu rus dilindən azərbaycancaya çevirəndə başa düşdüm ki, təvazökar (və möhtərəm) müəllimim nə üçün belə deyirmiş. F.de Sössürü az- çox başa düşmək üçün dilçi doğulmaq, illərlə oxumaq (və düşünmək) tələb olunur... Bizdə elə dilçilər var ki, böyük alimin nəzəriyyəsinin ruhunu anlamaq əvəzinə ayrı- ayrı mülahizələrinə, çox zaman da mexaniki, istinad etməklə özlərini F.de Sössürü bilən kimi göstərirlər...

...Mənim ixtisas olaraq ədəbiyyatşünaslığı, ya dilçiliyi seçmək tərəddüdlərimə son verən, yəqin ki, professor Ağamusa Axundov oldu.

Müasir Azərbaycan dilinin fonetikasından mühazirə gedirdi... Professor Ağamusa Axundov özünəməxsus romantik bir intonasiya ilə auditoriyaya müraciət elədi:

– Sait nəyə deyilir?

Az- çox hazırlığı olan hər bir orta məktəb şagirdinin yaxşı bilməli olduğu bu sualı eşidəndə tələbələr yer- yerdən əllərini qaldırdılar. Və belə məlum oldu ki, auditoriyada bu sualın cavabını bilməyən bircə nəfər də yoxdur... Professor üç- dörd tələbənin verdiyi “ağız boşluğunda heç bir maneəyə rast gəlmədən tələffüz olunan danışıq səslərinə sait deyilir” cavabını təmkinlə dinləyib hər dəfə “daha kim deyər?” deyə soruşdu.

Mən gördüm ki, sualı bildiklərinə tamamilə əmin olan tələbə yoldaşlarımın əvvəlki inamı tədricən azalır, həvəslə əl qaldıranlar əllərini aşağı salırlar... Azərbaycan dilçiliyində xüsusi nüfuzu olan müəllimimizin diqqətini cəlb etmək məqamı çatmışdı. Əlimi qaldırıb:

– Ağız və boğaz boşluğunda heç bir maneəyə rast gəlmədən tələffüz olunan... – demişdim ki, Ağamusa müəllim məni saxladı:

– Tamamilə doğrudur. Çünki “h” səsi ağız boşluğunda yox, boğaz boşluğunda maneə ilə qarşılaşır...- dedi.

Sonra isə aramla saitin “universitet tərifi”ni dedi: “Ağız və boğaz boşluğunda məneəyə rast gəlmədən tələffüz olunan, heca əmələ gətirən, musiqili tona malik danışıq səslərinə sait deyilir”.

Dilçiliyin müxtəlif sahələrini, xüsusilə fonetikanı dərindən bilən (çox gənc yaşlarında Azərbaycan dilinin fonemlər sistemindən doktorluq dissertasiyası müdafiə etmiş) Ağamusa Axundovdan “tamamilə doğrudur” tərifini eşitmək o zaman mənim üçün dünyanın ən böyük mükafatı idi.

Fikirləşdim ki, Ağamusa müəllim mənim adımı soruşacaq, ona görə də hələ ayaq üstə dayanıb bu təntənəli mərasimi gözləyirdim. Ancaq o, laqeydcəsinə “otur” işarəsi verib mühazirəsini davam etdirməyə başladı.

Ağamusa müəllimi bütün tələbələr sevirdilər... Onun danışığında, hərəkətlərində nə isə dünyaya, həyatın gerçəklərinə, sözün böyük mənasında, “yuxarıdan aşağı” baxmaq var idi. Hərdən “aşağı” enirdi, sonra dərhal “yuxarı” qalxırdı...

 Bir dəfə bizə hansısa tədbir üçün dəvətnamələr paylamışdılar. Ağamusa müəllim gördü ki, uşaqların fikri dərsdən çox həmin dəvətnamələrdədi... Müəllimlərimizin çoxu belə hallarda hirslənib mühazirəyə qulaq asmağı tələb edərdi, ancaq Ağamusa müəllim ənənəvi romantik intonasiyasını pozmadan:

– İndi sizdən kimsə bu dəvətnaməni evə göndərib məlumat verəcək ki, görün məni necə mötəbər məclislərə dəvət edirlər... Darıxmayın, belə şeylər hələ çox olacaq...

Hamı qabağındakı dəvətnaməni yığışdırıb mühazirəyə qulaq asmağa başladı. Onun yalnız məntiqində yox, intonasiyasında da hələ o zaman təşkiledici, tərbiyə edici bir qüdrət vardı...

Semestrin sonunda tələbələr müxtəlif ixtisaslara bölünəndə Ağamusa müəllim məni, özümdən belə soruşmadan, dilçiliyə yazdı. Onu da deyim ki, istedadlı tələbələrin çoxu ədəbiyyatşünaslıq, ya da ədəbi tənqid ixtisaslarına düşməyə çalışırdılar, dilçiliyə getmək istəyən az idi. Sözün açığı, tərəddüd edirdim, ancaq Ağamusa müəllimin qəbul etdiyi qərara qarşı çıxmaq da mümkün deyildi... Və mən dilçi olası oldum.

Çox keçmədi ki, Ağamusa Axundov müəyyən fasilədən sonra yenidən filologiya fakültəsinin dekanı seçildi.

...Üçüncü kursda oxuyanda Moskva Dövlət Universitetində təhsil almaq imkanı əmələ gəldi. Mən də istəyirdim ki, Moskvaya gedim. Ərizə də vermişdim... Düzdür, rus dilini yaxşı bilmirdim, ancaq əmin idim ki, bir- iki aya öyrənəcəm.

Ağamusa müəllim bunu biləndə narazılıq elədi: “Əşşi, sənin Moskvada nə işin var?.. Elə bura yaxşıdı. Belə getsə, çox keçməz, professor da olacaqsan. Gedib korlanmaq istəyirsən?..”

Və yenə də böyük alim- müəllimlə razılaşmalı oldum.

Universitetdə yaşlı, orta və gənc nəsildən olan çoxlu sayda dəyərli dilçilərdən dərs almaq, o zaman ardıcıl keçirilən elmi konfranslarda iştirak eləmək, dilçiliyin müxtəlif sahələrini mümkün qədər dərindən öyrənmək mənə zövq verirdi. Muxtar Hüseynzadədən Yusif Seyidova, Əlövsət Abdullayevə, Ağamusa Axundova; Tofiq Hacıyevdən Aydın Məmmədova, Kamil Vəliyevə, Firidun Cəlilova qədər çox məhsuldar dilçilər nə yazdılarsa, demək olar, hamısını oxudum, dərsdə nə dedilərsə, hamısını mənimsəməyə çalışdım.

Və bir də gördüm ki, dilçilik aləmində mənimlə də hesablaşırlar...

 

Nizami CƏFƏROV

 

Üç nöqtə.- 2022.- 21 aprel.- S.7.