"
YAQUB ZURUFÇU: "ONUN AZƏRBAYCANLI OLDUĞUNU
EŞİTMƏMİŞƏM"
"ƏGƏR DÜNYADA MƏNİ 20 FAİZ,
QUQUŞU 30 FAİZ TANIYIRLARSA, ARAŞI 70 FAİZ TANIYIRLAR"
"ŞƏNBƏ QONAĞI"mız əslən
Cənubi Azərbaycandan
olan, lakin uzun illərdir ki, Amerikada yaşayan
Yaqub Zurufçu oldu. O, suallarımızı
səmimi şəkildə
cavablandırdi. Dedi ki, artıq Azərbaycanda yaşamaq istəyir. Yaradıcılığına
da burada başlayan müğənni
özünü həmvətənlərinin
arasında daha xoşbəxt hiss edir. Amerikaya yalnız konsert proqramları zaman getdiyini deyən Yaqub bəy, disklərini də orada çıxaracağını
vurğuladı.
- Azərbaycandan
ayrı qala bilmədiyinizi deyirsiniz. Yadıma sizin oxuduğunuz "Ayrılıq"
gəldi...
- Onun həyatımda rolu böyükdür. Burada mənim
vətən həsrətim
var. Keçirdiyim hisslər,
vətəndən uzaq
vətənsiz günlərim
var.
- Elə
buna görə də Vətəndə yaşamağa qərar vermisiniz?
- ABŞ vətəndaşı
olsam da, Bakıda yaşamaq istəyirəm. Azərbaycanda
özümü rahat
hiss edirəm, sanki öz vətənimdəyəm.
Dil öz dilimdir, musiqisi öz musiqimdir. 15 il
fasilədən sonra artıq 3 ildir ki, İrana gedib-gəlirəm, amma oxumağa hələ ki, icazə vermirlər. Bu məni
ağrıdır, ən
böyük arzum orada konsert verməkdir.
Amerikada Bakının həsrəti
ilə yaşamışam,
indi də Bakıda Təbrizin həsrətilə yaşayıram.
Mən Təbrizdə anadan olmuşam, müğənni
kimi ilk addımlarımı
orada atmışam.
Tanrı
mənə imkan versin ki, heç
olmasa, ömrümdə
bircə dəfə Təbrizdə konsert verim.
- Yaqub bəy, ailəniz sizin Bakıda yaşamaq qərarınıza
necə reaksiya verdi, onlar
da buradadır?
- İki
il bundan
əvvəl ailəm də burada idi. Təəssüf ki, onlar burada yasaya bilmədilər.
Hətta
qızımı işlə
də təmin etmişdim, amma iki aydan sonra
Amerikaya qayıtdı.
Onlar qərb mühitində böyüyüblər, onların
mədəniyyətini götürüblər,
ona görə də burada yaşaya bilmədilər.
Oğlum
isə Azərbaycanı
çox sevir. Orada universitetdə oxuduğu üçün birdəfəlik
buraya gələ bilmir.
- Belə
başa düşürəm
ki, övladlarınıza
tam azadlıq vermisiniz?
- Müəyyən
mənada hə. Onların seçiminə hörmətlə
yanaşıram. Düzdür, oradakı ailələrdən
fərqli olaraq bizim ailədə pərakəndəlik yoxdur.
Hamımız bir yerdə
yaşayırıq. Lakin çalışıram
ki, uşaqlarım sərbəst olsunlar.
- Ailədən
kənarda yaşamaq sizi sıxmır?
- Əlbəttə ki, sıxır. Ailəm üçün darıxıram, amma mən də orada qala bilmirəm.
Onsuz da mən tez-tez
Amerikaya gedəcəyəm.
- Dediniz ki, oğlunuz Azərbaycanı sevir. Birdən ali
məktəbi bitirib Azərbaycana gəldikdən
sonra sizin sənətinizi davam etdirmək istədi, razı olacaqsınız?
- Əlbəttə. İnanıram
ki, o, Azərbaycana gələn kimi bu sənətdə olacaq. Əslində ikisinin də
səsi var. Sadəcə
olaraq, Amerikada mənim sənətimə
qarşı hörmət
görmədiklərindən bu sahəni sevmədilər. Oğlumun çox
yaxşı bariton səsi var.
- Azərbaycanın
həsrəti ilə
"Ayrılıq" mahnısını
ifa etdiniz, indi də Təbrizin
həsrəti ilə yaşayırsınız. Bu həsrətə də mahnı həsr edəcəksinizmi?
- Artıq
bu barədə bir mahnı ifa etmişəm. Mahnının müəllifi mənə
zəng elədi ki, belə bir
mahnı var, onu ancaq sən
oxuya bilərsən.
Hətta
bu mahıya Təbrizdə klip də çəkildi.
Bir bənd oxuya bilərəm:
Can Təbrizim,
gülsün üzün,
gəlmişəm
Sürünmüşəm, dizin-dizin
gəlmişəm
Anam-bacım, canım-gözüm,
gəlmişəm,
Təbriz, sənin qonağınam bu axşam.
- Deyirsiniz
3 ildir ki, Təbrizə gedib-gəlirsiniz.
Maraqlıdir, uzun müddət
vətəndən uzaqlarda
yaşayan Yaqub bəy oraya gedərkən hansı hissləri keçirdi?
- Sanki yuxu
gördüm, heç
inanmadım ki, Təbrizdəyəm. Elə bildim
ki, tamam başqa yerdir. Xeyli kövrəldim. Çünki hər şey dəyişmişdi. Şəhər, küçələr, evlər
və s. Mənim tanıdığım insanlar
qocalmışdı.
- Vaxtilə
böyük auditoriya qarşısında möhtəşəm
konsertlər vermisiniz.
Lakin ABŞ-a köçəndən
sonra yaradıcılığınızda
durğunluq yarandı.
İndi belə anlamaq olar ki, yaxin
vaxtlarda o möhtəşəm
konsertlərin şahidi
olacağıq?
- Əslində
ABS-da konsert verməsəm də, yaradıcılığımda durğunluq yaransa da, hər il diskim işıq üzü görür. O ki qaldı konkret olaraq buradakı fəaliyyətimə, aprelin
26-da mənim yaradıcılıq
gecəm keçiriləcək.
Azərbaycan müğənniləri arasında yaxın dostlüq münasibətlərində
olduğum xanəndələr
də iştirak edəcək. Eyni zamanda
İrandan bir neçə müğənni
də dəvət etmişəm. Gecədə
mənim də hit mahnılarım və keçmişdə sevilən
və dillər əzbərinə çevrilən
nəğmələrim səslənəcək.
- Bilirsiniz
ki, burada müğənnilər toylardan
gəlir götürür.
Xaricdən fərqli olaraq,
Azərbaycanda müğənnilər
kasetdən, diskdən
gəlir götürə
bilmirlər. Kasetdən, diskdən
gəlir götürə
bilməyəcəyiniz üçün
yəqin siz də toylardan yararlanmağı düşünürsünüz?
- Əlbəttə. Artıq
qarşıda mənim
iki toyum var. Sənətçi insanlar
arasında olmalıdır,
onları şənləndirməlidir. Əslində, toyların səviyyəsini
aşağı salan
"xaltura" xarakterli
mahnılardır. Mən isə
toylarda yalnız öz repertuarımda olan mahnıları ifa edirəm.
- Bizdə
hər müğənninin
öz toy qiyməti var.
Siz necə, öz qiymətinizi müəyyənləşdirmisiniz?
- Yox. Danışıq zamanı əgər
görsəm toy sahibi
imkanlı adamdır, onda orta toy qiyməti
səviyyəsində bir
məbləğ deyirəm.
Əgər görürəm ki, yox, kasıb
adamdır, amma məni toyunda görmək istəyir, pul almıram. Yalnız ansamblın üzvlərinə
100-200 manat verməsini
xahiş edirəm.
- Deyirsiniz
burada şou-biznesdə
biabırçılıqdır. Amma deyəsən, siz də ona doğru
gedirsiniz.
- Düşünürəm
ki, bu insanın
özündən asılıdır.
Əgər mən şou-proqramlara
getməsəm, şou
verilişlərə çıxmasam,
qalmaqallara, ucuz reklamlara baş qoşmasam, yalnız sənətimlə, işimlə
məşğul olsam
bu baş verməz.
- Yəqin
xəbəriniz var, bu il Azərbaycanı "Eurovision"da
Araşın mahnısı
təmsil edəcək.
O, ölkəmizin təmsilçisi
Aysellə bu mahnını duet şəklində
oxuyacaq.
- Araşı
yaxşı tanıyıram.
Bizim əlaqələrimiz var. Mən
Amerikada olarkən onunla danışdıq.
Onun Azərbaycanda konsertini təşkil etmək istədik. Bizdən otel, yemək-içmək
xərcləri də daxil olmaqla 50 min dollar istədi, amma mən bu məbləği
40 min dollara endirdim. Meneceri həmin məbləği
müqavilə imzalanmadan
hesablarına köçürməyi
istədi. Bir az aramızda
söhbət oldu. Axı necə olar ki, müqavilədən öncə hesaba pul köçürülsün?
- "Eurovision"da ölkəmizin
onun mahnısıyla təmsil ediləcəyi məlum olduqdan sonra Araşla bağlı müxtəlif
xəbərlər yayıldi. Onun fars olduğu
da deyilir.
- Onun ata-anasının azərbaycanlı
olduğunu eşitməmişəm.
Azərbaycan dilində danışdığını
da bilmirəm.
- Ümid
etmək olarmı ki, Araşın mahnısı bizə uğur gətirəcək?
- Əgər onun ya ana babası,
ya da ata
babası azərbaycanlıdırsa,
qanında Azərbaycan
qanı varsa, deməli, yüz faiz uğur gətirəcək. "Eurovision"da
səslənəcək mahnıya
qulaq asmışam. Pis deyil.
- Yəni
seçimimiz doğrudur?
- Məncə
hə. Bilirsiniz, o, həm İranda,
həm də dünyada tanınan və sevilən bir sənətçidir.
Belə olan təqdirdə şans böyükdür.
Açıq deyim, əgər məni dünyada 20 faiz, Ququşu 30 faiz tanıyırlarsa, Araşı
70 faiz tanıyırlar.
Simnarə HƏMİDQIZI
Üç nöqtə.- 2009.- 4 aprel.- S. 15.